Ədəbi faciə və əbədi komediya
Son günlər
yazıçı Çingiz
Abdullayevin danışdıqlarının
və yazdıqlarının,
eləcə də onun haqqında yazılanların və danışılanların fonunda
maraqlı proseslərə
şahidlik edirəm.
Öncə deyim
ki, istənilən şəxsə, o cümlədən
Çingiz Abdullayevə
qarşı kütləvi
linç kampaniyasını
qətiyyətlə pisləyirəm.
Söyüş, təhqir,
linç acizlərin
“silahıdır”. Çingiz
Abdullayevi müdafiə
edənlərin arasında,
yaradıcılığı üç qəpiyə dəyməyənlərin hikkəli,
etikadan kənar, arqumentsiz, söz yığınından ibarət
mülahizələrini də
linç və təhqir “terminator”larının
davranışlarından fərqləndirmirəm.
Həm hücum, həm də müdafiə ikrah doğurur.
Xüsusilə də tomlarla, yox, “ton”larla
kağız korlayan fikir, söz, ideya oğrularının,
müxtəlif vasitələrlə
özünü zorla Azərbaycan ədəbiyyatına
sırıtdıran özünəvurğun,
istedadsız, prinsiplsiz
“kağız adamları”nın
hikkəli ittiham və iddialarını, qəbul edə bilmirəm. Yaranmış
vəziyyətlə də
barışmaq niyyətim
yoxdur.
...Çingiz Abdullayevin yaradıcılığı
ilə Sankt-Petreburqda təhsil aldığım
illərdən tanışam.
Detektiv sevən bəzi məcaraçı
dostlarımın bər-bəzəkli
təqdimatlarından sonra,
yazıçının “İnsan
ovu” romanını varaqladım və elə oldu ki,
yaşadığım tələbə
yataqxanasındakı tanışlarımdan
biri otağıma gələrək, “Kino evi”ndə, yuxarı
kurs tələbələri
və aspirantlar üşün Pyer Paolo Pozzalinin qadağan olunmuş “Salo, yaxud Sodomun
120 günü” filminin
nümayiş etdiriləcəyini
dedi. Bir neçə saniyə ərzində Abdullayevlə
Pozallini arasında seçim etməyin “götür-qoy”unu yaşadım və təbii ki, ikincini seçdim.
Təxminən bir həftə sonra Abdullayevin “İnsan ovu”na “qayıda bildim”. Elə kitabın 5-6 vərəqini qatlamışdım
ki, Çexov teatrının Sankt-Peterburqda
qastrolda olduğunu və “Böyük teatr”da oynanılacaq
“Albalı bağı”na
dəvət aldığımı
xatırladım. Və
yenə bir neçə saniyə ərzində seçim etməli oldum... Bu dəfə Çexov və baş rolun – Firsin ifaçısı Evgeni Yesteqneyevlə Çingiz Abdullayev arasında... “İnsan ovu”nu qatlayıb qoydum bir kənara...
Və beləcə, tərslikdən hər dəfə Çingiz Abdullayevin romanını oxumağa kimsə mane oldu: Gah
Fyodr Abramov və Lev Dodin,
gah Ernest Hemenquey, Teador Drayzer, İosif Brodski, Marina Svetayeva, Bertold Brext, Leonid Andreyev…,
Lev Qumilyov, Nikolay Berdyayev, Vladimir Solovyov, Jan Pol Sartr,
Alber Kamyu, Erik From, Niçşe, Freyd və saysız-hesabsız
“otaq və yol yoldaşlarım” Çingiz Abdullayevin kiçicik kitabxanamda müvəqqəti yer alan romanını oxumağıma imkan vermədilər. İnsafsızlar!
Bakıya qayıtdıqda
isə artıq ədəbi zövqüm tamamilə formalaşmışdı
və bu baxımdan, çox nadir hallarda və çox nadir kitabları oxumağa üstünlük
verirdim. Sankt-Peterburqdakı
müəllimlərimin, dostlarımızın
mənə, istəyimə
uyğun olaraq, göndərdikləri kitabları
oxuyurdum, şübhəsiz.
Digərlərini isə,
demək olar ki, yox... Təfərrüatına
varmıram, daha doğrusu, varmaq istəmirəm.
...Bütün bunları nə üçün yazdım?
Ona görə ki, Çingiz Abdullayevin yaradıcılığı
ilə mənim ədəbi zövqüm arasındakı uçurumun
üzərində bundan
sonra, dünyanın ən yaxşı mütəxəssilərinin belə
“körpü” inşa
edə biləcəklərinə
inanmıram. Və təbii ki, hörmətli Çingiz Abdullayev haqqında aparılan müzakirələrin
fonunda “Biləcəridən
o yana keçən, yaxud keçməyən ədəbiyyat” nümunələri
haqqında iddiaları
də ikrah hissi ilə qarşılayıram. Hər
gün “Biləcəridən
o yana” çoxsaylı
yük qatarları keçir. İçərisində
neft, yaxud sıxılmış təbii
qaz olanları da var, daş-çınqıl
daşıyanları da...
Önəmli olan “Biləcəridən o yana”
keçmək deyil, nəyin və necə keçməyidir.
Çingiz Abdullayev
və daha bir neçə nəfər istisna olmaqla, “Biləcəridən
o yana” keçən “əsər”lərin hansı kriteriyalara cavab verdiyini və ölkə sərhədlərindən kənara
necə “qanadlanıb uçduqlarını” çox
gözəl bilirəm.
Təxminən 11 ildir ki, bir
kitabı ərsəyə
gətirə bilmirəm.
Hər dəfə
bir problem çıxır
ortalığa. Oxucu problemindən başqa nə desən varımdı...
Ölkənin sərhədləri daxilində
gün işığına
çıxara bilmədiyim
bir kitabı ölkədən kənara
kim çıxaracaq? Kimin nəyinə lazımdır? Kimlərisə
özümlə bərabər
təqdimat mərasimlərinə
aparmaq, ziyafətlər
vermək, təqdimatlar
keçirmək imkanım
yoxdur. Mənim kimi onlarla yaradıcı
şəxs var Azərbaycan
ədəbiyyatında. Mübaliğəsiz
deyirəm, keyfiyyətli
tərcümə ilə
əsərləri dünyanın
əksər ölkələrində
ədəbi hadisəyə
çevrilə bilər.
Çəkilib dayanmışıq bir
küncdə... Qısılıb
qalmışıq. Küncdən
baxırıq məmləkətə
də, dünyaya da...
...Zənnimcə bu ölkədə, mütləq
əksəriyyətin, bütövlükdə
Azərbaycan ədəbiyyatı
adına dünyada uğur qazanmaq kimi bir niyyəti
yoxdur. Hər kəs özünü, yaxud özünə bab bildiyini “dartıb” aparmaq istəyir haralarasa. Azərbaycanda bir çox sahələrdə
olduğu kimi ədəbiyyatda da forma var, məzmun
isə çoxdan itirilib! Vaxtını itirən adamlar və adamlarını itirən vaxt kimi...
Beynindən və ağzından
horra tökülən “tədqiqatçılar”ın, feodal təfəkkürlü
“dilçi” və “ədəbiyyatçı”ların, ideya və fikir
oğrularının, ədəbi
və ədəbi dələduzların əlində
qalmışıq. Xəzərin
sahilləri necə hasarlanıbsa, ədəbiyyatın
sərhədlərində də
eləcə və bəlkə də daha hündür istehkamlar qurulub. “Bacarırsan”, keç...
Ədəbi ölçü vahidi
yoxdur bu məmləkətdə, şou
var, dekorasiya var, fon
var, görüntü var! Mənim
gördüyüm mənzərə
budur. Ola bilsin ki, üslubuma uyğun bir az kəskin
ifadələrlə “bəzəyirəm”
bu mənzərəni...
...Qayıdaq “Biləcəri”
məsələsinə. Vallah,
billah mən “Qırmızı körpü”yə qədər
gedib çıxmışam.
Amma ordan o yana, hələ də bitmək bilməyən “karantin” səbəbindən
keçə bilməmişəm.
“Uçmağı” isə
çoxdan yadırğamışam.
AZAL-ın qiymətlərini
nəzərdə tutmuram,
“ədəbi uçuş”u deyirəm.
Hər gün üfürülüb göyə
buraxılan “söz yığını” şarlarının
arasından uçub keçmək olmur. Göy üzündə də “tıxac” var. “Lələk”lərini yolub uraxacaqlar üzüaşağı...
Bu qədər...
Qadasını aldığım məmləkətdə,
baş verənlərə
küncdən baxan
ƏDƏBİYYAT və göz
önündəki, ortaqlıdakı
iki janr - ədəbi faciə və əbədi komediya arasında var-gəl edən, “Ağıdan bəla” çəkənlərə ikrah
hissi ilə baxan “farmazon”lar
var. Ona görə
də FORMAmız UZUN,
məzmunumuz isə qısadır.
Elçin Mirzəbəyli
Xalq Cəbhəsi.- 2023.- 7 sentyabr.- S.3.