Azərbaycan COP29-a hazırdır

 

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) regionda, MDB ölkələri içərisində ilk dəfə Azərbaycanda keçiriləcək.

COP29-un müəyyən olunmuş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib ki, 2024-cü ildə həm də Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"dir: “Biz Azərbaycanın körpü rolu oynadığını görürük. Yəni inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq Azərbaycan üçün böyük nailiyyətdir. Bu il COP29-da əsas mövzu maliyyə mövzusudur".

M.Babayev həmçinin bildirib ki, əsas tədbirin noyabrın 22-də keçirilməsi planlaşdırılır. O, COP29-un komandasının da artıq təsdiqləndiyini vurğulayıb: "Bu işin aparılmasında həm özəl, həm dövlət, həm də vətəndaş cəmiyyətinin aktiv iştirakı önəmlidir. Bununla bağlı vətəndaşlara çağırış edirik".

Konfransa hazırlıq işlərindən danışan Muxtar Babayev bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən, iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. Azərbaycanın dünya ölkələrinin yekdil dəstəyi ito COP29-a sədrliyi üzərinə götürdüyünü deyən M. Babayev qeyd edib ki, ölkəmiz COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət həyata keçirəcək.

O, qeyd edi ki, Azərbaycan neft-qaz istehsal edən ölkə kimi COP29-da digər dövlətlərə örnək ola bilər.

Nazir Azərbaycanın neft-qaz istehsal edən ölkə olması, bunun isə COP prinsiplərinə zidd olduğu ilə bağlı xarici mediada müşahidə edilən tənqidlərə münasibət bildirib:

"Azərbaycanın neft-qaz ölkəsi olaraq böyük tarixi var. Bu gün Azərbaycanın hədəflədiyi yaşıl artım proqramları və icra olunmuş layihələr göstərir ki, ölkə və cəmiyyət olaraq biz bu baxımdan kifayət qədər təcrübəyə sahibik. Bu da təkcə Azərbaycan üçün yox, region ölkələri üçün də örnək ola bilər. Azərbaycanda qəbul olunan proqramları, həm də 2030-cu ilədək hədəflədiyimiz 30 faizədək alternativ enerji mənbələrinin yaradılması, geniş artım strategiyasının qəbul olunmasını digər ölkələrlə bölüşəcəyik. Bu baxımdan COP29 bizim üçün fürsətdir".

COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai sessiyanın baş qərargahında keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ciddi hazırlıq görülür.

"COP29 ən böyük platformalardan biridir, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda keçirilir. Hazırda iqlim dəyişikliyi ilə bağlı məsələlər ölkələrin gündəmindədir", - deyə o qeyd edib.

O, vurğulayıb ki, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) biznesi cəlb etmək ölkə üçün prioritetlərdən biridir.

"Bunun üçün biznes forumlar keçiriləcək. Həm özəl sektora, həm də vətəndaş cəmiyyətinə çağırış edirəm ki, biz sizin təkliflərinizə açığıq. "Ümumiyyətlə, özəl sektor, vətəndaş cəmiyyəti, investorlar bu prosesin parçası olmalıdır. Bizim rolumuz hökumət və və qruplar arasında körpü yaratmaqdır", - deyə o qeyd edib.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev isə vurğulayıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq üzrə görülən işlərin istiqamətləri açıqlanıb.

O bildirib ki, hazırlıq üzrə görülən işlər iki istiqamətdə aparılıb. İlk istiqamət tədbirdə qəbul olunan sənədlər üzrə işlər, həm də Azərbaycanın iqlim mövzusunda təklifləri ilə bağlıdır.

"Eyni zamanda, bir çox dövlətlərə səfərlər edilib, COP29-la bağlı təcrübələr toplanılıb, müzakirələr aparılıb. COP-un Bakı sessiyası ilə bağlı əsas gözlənti tərəflər arasında fikir ayrılıqlarını nəzərə almaqla konsensus yaratmaqdır".

COP29-un baş icraçı direktoru Elnur Soltanov isə deyib ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanlar yaradacaq.

"Azərbaycanın rolu sadəcə ev sahibi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada bu ilin noyabrında bütün dünyanın diqqəti Bakıda olacaq", - deyə o qeyd edib.

E.Soltanov əlavə edib ki, COP29-un Azərbaycanda keçirilməsini ölkəmizin "yaşıl enerji"yə keçid sahəsində atdığı addımların mükafatı kimi dəyərləndirmək olar: "Dünyada əhəmiyyətinə görə COP29-dan böyük tədbir yoxdur. Bu tədbir bütün dünyanın gözünü Azərbaycana çevirəcək, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin üzvlərini bir araya gətirəcək, "yaşıl enerji"yə keçidin sürətləndirilməsi üçün geniş fəaliyyət platforması olacaq".

COP29-un Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı direktor Nərmin Carçalova deyib ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ziyarətçiləri qəbul etməyə hazırdır.

"Azərbaycan bu tədbirə ev sahibliyi etmək niyyətini öz potensialını nəzərə alaraq təqdim edib. Fevralda BMT-nin fakt araşdırıcı missiyasını ölkəmizdə qəbul etdik, onlar da hotellərlə, yerləşdirmə imkanları ilə bağlı araşdırmalar apardılar və imkanlarımızı yüksək qiymətləndirdilər. Hazırda təşkilatın komandası analiz aparır", - deyə o qeyd edib.

O, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı Olimpiya Stadionunda keçirilməsinin səbəbi açıqlanıb.

Onun sözlərinə görə, iştirakçı sayına və miqyasına görə COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbir olacaq: "Bu qərar BMT (UNFCCC) ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib".

N.Carçalova bildirib ki, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl zonaların stadion ərazisində kompakt şəkildə yer alması və ətraf mühitə mümkün mənfi təsirini minimuma endirmək məqsədilə ərazinin planı BMT-nin təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır.

N.Carçalova onu da vurğulayıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycana gələn qonaqların yerləşdirilməsi vahid beynəlxalq platforma əsasında təqdim ediləcək. Onun sözlərinə görə, bu praktika COP-la bağlı əvvəlki illərin təcrübəsidir: "Düşünürəm ki, qonaqlar tədbirlə bağlı planlarını rahat şəkildə qura biləcəklər".

N.Carçalova həmçinin qeyd edib ki, COP29-la bağlı yeni vebsayt da istifadəyə veriləcək.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən II Yaşıl Hidrogen Sammitində çıxışı zamanı deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) planlaşdırılan müzakirələr “yaşıl hidrogen” layihələrinin təşviqində mühüm rol oynaya bilər.

“Azərbaycan tezliklə COP29-a sədrlik edəcək. Mən əminəm ki, biz ən mühüm mövzuları müzakirə etməyə davam edəcəyik. Bunlardan biri tamamilə vacib olan iqlim maliyyələşdirməsi məsələsidir. Yeni Kollektiv Kəmiyyət Məqsədinin [NCQG] müəyyən edilməsi də son dərəcə vacib olacaq”, - P. Şahbazov vurğulayıb.

Energetika naziri əlavə edib ki, ötən il BƏƏ-də COP28 iştirakçılarının üzərinə götürdükləri öhdəliklər yerinə yetiriləcək: "Biz COP30 üçün hədəflər qoyacağıq ki, bu da “yaşıl hidrogen”in inkişafı üçün mühüm vasitə olacaq.

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov yerli "Bernama" agentliyinə məlumat verib ki, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkənin iqlim dəyişikliyi ilə mübarizəyə təkcə milli deyil, həm də regional və qlobal səviyyədə möhkəm bağlılığını əks etdirir.

Onun sözlərinə görə, Azərbaycan bu gün beynəlxalq ictimaiyyəti iqlim dəyişikliyinin mənfi nəticələri ilə mübarizəyə yönəlmiş gələcəyə aparmağa görə məsuliyyət daşıyır:

“COP29 Azərbaycanda indiyə qədər təşkil edilən ən böyük beynəlxalq tədbir olacaq. Ölkə bu imkanı həm də Azərbaycanın neft və qaz ixrac edən ölkə olmasına baxmayaraq, “yaşıl keçid” üçün müxtəlif təşəbbüslər irəli sürən Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində əldə edib”.

İ.Davudov həmçinin Azərbaycan hökumətinin qlobal iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini, buna misal olaraq, ölkənin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsini qeyd edib:

“Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltmağı öhdəsinə götürüb və 2050-ci ilə qədər bu rəqəmi 40 faizə çatdırmağı planlaşdırır. Bundan əlavə, Azərbaycan 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı qarşısına məqsəd qoyub”.

Diplomat vurğulayıb ki, maliyyələşdirmə Bakıda keçiriləcək COP29-un əsas mövzularından biri olacaq.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin mənfi təsirlərini yumşaltmaq, uyğunlaşma, itki və zərərin kompensasiyası üçün maliyyə resurslarının səfərbər edilməsi vacibdir: “Biz qlobal istiləşmənin qarşısını almaq, səyləri inkişaf etdirmək üçün beynəlxalq ictimaiyyəti birləşdirmək niyyətindəyik”.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Cavid

Xalq Cəbhəsi.-  2024.- 18 aprel, ¹12.- S.13.