Ədəbiyyatımızın Naibəsi
Körpə xəyalıma bükmüşəm səni,
Şeirdən atalı, analı ömrüm.
Göylərin köksünə çəkmişəm
səni,
Dodağı dualı, sənalı ömrüm.
Kiçicik boğçamda ətirlənmisən,
Körpə gülüşümdən çətirlənmisən,
Şeirlərə dönüb sətirlənmisən,
Məhəbbət ruhuma qonalı, ömrüm.
Girib ağuşuma dili lal kimi,
Asılıb dilimdən sirr, sual kimi,
Cismimi seyr edib bir xəyal kimi,
Gölləri yaşılbaş sonalı
ömrüm.
Geyinib əyninə lalədən köynək,
Unudulub dərdlər, çəkilib göynək,
Naibə şeirdə çırpınan ürək,
Nəğməsi kəkliktək hənalı,
ömrüm.
Əslində, hər bir şair bu dünyada anadan
olan, amma alayı bir aləmdən göndərilən
elçidir. Bu dünyadan ona qalan ad və təxəllüs,
bu dünyada saxladıqları isə gətirdikləri olur. Bu
gün sizə onlardan biri- şair Naibə Yusubludan söhbət
açmağa səy göstərəcəm...
Deyir ki;-“Arzum dünyada Azərbaycanımızın
xüsusi dəst-xəttini görmək; təhsilimizə ayaq
açan yad ünsürləri aradan qaldırmaqdır. Niyə
gizlədim, sovet dönəmindən qalma pafoslara, mədhiyyəçiliyə
son qoyulmasını, ədəbiyyatımızın bütpərəstlərdən
xilas olmasını istəyirəm...”
Naibə Yusublu Salyan rayonunun Qaraçala qəsəbəsində
dünyaya gəlib. Orta təhsilini Şirvan (Əli
Bayramlı) şəhər 10 nömrəli orta məktəbdə
başa vurub. Sonra ADPU-nun Filologiya fakültəsini bitirib. O
vaxtdan da Şirvan şəhər 20 nömrəli orta məktəbdə
Azərbaycan dili və ədəbiyyatı fənnini tədris
edir...
Qara-qura gecələrdən,
əyri-üyrü küçələrdən,
ilmələri hörülməyən keçələrdən
xoşum gəlmir.
Saxta, iblis gülüşlərdən,
dodaqaltı söyüşlərdən,
bar-bəhərsiz döyüşlərdən
xoşum gəlmir.
Ot-ələfsiz örüşlərdən,
ayaqüstü görüşlərdən,
haqqı danan yürüşlərdən
xoşum gəlmir.
Yad ellərdə rahat yatan
el dərdini başdan atan
halalına haram qatan
vətənsizdən,
ağ rəngi də qara görən
kəfənsizdən
xoşum gəlmir.
Xoşum gəlmir
kölgələnən təpələrdən,
sahilləri xımır-xımır,
asta yeyən ləpələrdən.
Xoşlamıram narın,
sısqa yağışları,
Sis-dumanı,
ağ alnıma damğa olan
qara-qara "naxış"ları,
ellərimə xəyanəti,
məlul, miskin, baxışları,
sərhəd boyu utancından
üz gizləyən barışları...
Xoşlamıram
korun-korun öləziyən ocaqları,
namərdlərə meydan verən
veyl, səfil bucaqları,
hər küncündə ilan yatan
soyuq, mənfur qucaqları.
Dağ çayıyam, himə bəndəm,
Soruşmayın kimə daşqın,
kimə bəndəm.
Kükrəməyə, çağlamağa
nazik, sarı simə bəndəm....
Bu, onun “İlmə” şeiridir. Ümumiyyətlə,
Naibə xanım bədii yaradıcılığa hələ
ədəbiyyatçı olmamışdan çox-çox
qabaq, 5-ci sinifdə oxuyarkən başlayıb. Səkkiz
kitabın müəllifidir. İlk şeirlər kitabı
"Dünya, səndə nəyim qaldı" adlanır.
"Özüm olmaq istəyirəm" şeirlər
kitabı və "Qəzəllər" toplusu da oxucular
arasında maraq doğurub. Nəşr olunası iki şeirlər
kitabı, bir romanı və bir hekayələr kitabı var...
Adətən xanımlar “hamıdan gözəl mənəm
mən” qənaətilə yaşamağı
xoşlayırlar, amma o, yerli-yersiz öyünməkdən
çox uzaqdır. “Hər kəs ədəbiyyatda, eləcə
də həyatda çəkisini- yerini bilməlidir. Sənətə-
sözə qiymət verməyi bacarmalıdır. Söz
adamlarına rütbəsinə görə deyil,
sözünün qüdrətinə görə hörmət
etmək lazımdır. Püxtələşməkdə olan
gənc nəslə təmənnasız dəstək
olmağa çalışmalıyıq”- söyləyir...
Mütaliə etməyi və tarixi filmləri izləməyi
xoşlayır. Yaradıcılıq uğurları isə az
olmayıb. Bir-birinin ardınca yazdığı "Tənha
köç", "Zərbə", "Gülün
yarpıza dönsün", "Gəzən şəhid",
"Yüz on ikinci gün" romanları oxucuların rəğbətini
qazanıb. Şeirləri, qəzəlləri də
oxucuların diqqət mərkəzindədir...
Naibə xanımın yaradıcılığı o
qədər zəngindir ki, onu bir söhbətə
sığışdırmaq çətindir. İnanıram ki,
gələcəkdə Naibə Yusublu imzası Azərbaycanın
ən çox sevilən qadın imzaları sırasında
tez-tez sadalanacaq...
“Yenə lal xatirələr qəm dolu karvana
dönüb,
Nəyə küskün, görəsən, qüssəli
sarvana dönüb?
Dənizin gövhəritək gözdə yatan inci, sədəf,
Axıdır göz yaşı, köksüm dəli
ümmana dönüb.
Aparır, bilməm hara fikrimi bu çərxi-fələk?
Gətirir kimləri gör, yol bizim ünvana
dönüb?
Gecə düşcək yürüyür xatirələr
cana qonaq,
Nə edim, can da bu günlər özü mehmana
dönüb.
Gecənin pəncərəsindən asılıb hər
diləyim,
Uzanan əllərimiz sirr dolu Pünhana dönüb.
Yerə en, Naibə, en xatirələrdən, göyə
bax,
Diləyin sirri- Xudatək Ulu Sübhana dönüb
Elman Eldaroğlu
Xalq Cəbhəsi.- 2024.- 1 avqust.(¹26).- S.15.