İstiqlaliyyətin möhkəmləndirilməsi
uğrunda mübarizə tarixindən
...“İstiqlalçı”ların əsas məqsədi
Azərbaycanı müstəqil görmək, Bakı şəhərini,
eləcə də Azərbaycanın digər işğal
olunmuş torpaqlarını erməni və rus
işğalçı qüvvələrindən azad etmək
idi. Bunun üçün gənc Cümhuriyyət Hökuməti
siyasi və hərbi yardım üçün Osmanlı
dövlətinə müraciət etmişdir. Bu müraciət
də razılqla qarşılanıb.
Yuxarıda qeyd olunduğu kimi, “ilhaqçılıq”
tərəfdarları 1918-ci ilə birinci yarısında
bölgədə siyasi və hərbi gərginliyin artması
fonunda, xüsusilə erməni silahlı dəstələri tərəfindən
türk-müsəlman əhaliyə qarşı qətl-qarətlərin
törədilməsi, bu faciələrin
qarşısını alan elə bir qüvvənin meydanda
olmaması və başqa səbəblərdən Osmanlı
dövlətinə müraciət etmək məcburiyyətində
qalmışdılar. Onlar yeganə çıxış
yolunu Azərbaycanın Osmanlı dövlətinin himayəsi
altına girməsində görmüşdülər.
“İlhaqçılıq” məsələsinə tam
aydınlıq gətirmək üçün, şübhəsiz,
Cümhuriyyət xadimlərinin müxtəlif illərdə
yazmış olduqları əsərlərə müraciət
etmək olduqca vacibdir. Çünki həmin “acı” və
çətin günləri yaşayan və mübarizə
aparan onlar olmuşdular.
Cümhuriyyət xadimləri öz əsərlərində
“ilhaqçılığı” doğuran səbəbləri
çox düzgün və aydın izah etmişdilər.
Məsələn, M.Ə.Rəsulzadə
“ilhaqçılığın” səbəblərinə toxunarkən,
bolşeviklərin Bakıda törətmiş olduqları qətliamların
“Şamaxı, Salyan, Lənkəran və Nəvahi qəsəbələrində
də təkrar” olunması, hətta az qala Gəncə də
süqut etmək üzrə olmasını misal kimi göstərmişdi.
Daha sonra M.Ə.Rəsulzadə yazırdı: “Bütün
Zaqafqaziya anarşi içində idi. Kişilər
papaqlarını, qadınlar çarşaflarını
başlarında saklaya bilmiyordu. Bütün bu fəlakətlərə
məruz qalan azərbaycanlılar “Seym”dəki numayəndələrini
ittiham ediyordular”. Onlar bu bəlalara çarə tapa bilmədiklərinə
görə belə düşünürdülər. “Boylə
ümidsizlik icində xəlqə öylə fikir gəliyordu
ki, bu haldan kəndilərini qurtaracaq bir quvvət var isə o
da qardaş Türkiyə quvvətidir. Turkiyə quvvətinə
muraciət olunmuş, istimdad edilmişdi. Fəqət onun da vəqti
vardı. Gəlinəcək yollar halbuki uzun idi. Cana doymuş
xəlq bunu dərk edəmiyordu. Zənn ediyordu ki, “Seym”dəki
xainlər istiqlal, muxtariyyət və kəndimizə məxsus
hökumət şüarlarıyla turkləri Qafqasiyaya burakmaq
istəmiyorlar”.
Millət numayəndələri ilə millət
arasında bir yanlışlığın olduğunu qeyd edən
M.Ə.Rəsulzadə, Şərqi Zaqafqasiyada anarxiyadan və
ümidsizlikdən bir qrup macərapərəstlərə
“ilhaqçılıq” cərəyanı meydana gətirmək
imkanı verdiyini qeyd edib.
“Türkiyə naminə hərəkət edən bir
taqım macərapərəstlər, yerli ürəfadan azərbaycanlıların
kəndi istedadlarına imanı zəif olanlarla vəziyyəti-siyasiyyəyi
və Türkiyə əhval və təmayülatım iyicəsinə
bilməyənlər doğrudan doğruya bu cərəyanı
körüklüyürlardi”.
“İlhaqçılar” türklərin Zaqafqasiyaya gəlmələrinin
təxirə salınmasını “Seym”də olan istiqlalçıların
təsiri ilə izah edir və belə güman edirdilər ki, əgər
azərbaycanlılar “istiqlal” degil, “ilhaq” tərəfindən
dursalar, o zaman türklərin də buraya gəlmələri
gercəkləşmiş olar. Əlbəttə,
“ilhaqçılar” həmin dövrün siyasi hadisələrindən
düzgün baş çıxara bilmədiklərinə
görə belə bir yanlış fikrə düşmələrini
də qeyd etmək mümkündür.
Nəsib bəy Yusifbəyli Milli Şuraya göndərdiyi
raportunda qeyd edirdi ki, istiqlaliyyətimizin qızğın tərəfdarı
olmaqla bərabər mən, bu məsələ haqqında
birinci olaraq danışmaq məcburiyyətindəyəm. Fəlakətin
üzünə cəsarətlə baxmaq lazımdır.
Çox fərəhli haldır ki, bizim işlərə
müdaxilə edəcək xarici qüvvə bizimlə dost və
qardaş olan Türkiyədir.
Xəlil bəyin də 1918-ci il mayın 26-da Zaqafqaziya
sülh heyəti adına göndərdiyi memorandumda Qafqazda
baş alıb gedən anarxiyadan, Osmanlı xalqı ilə
eyni irqə, dinə mənsub olan xalqın təhlükəsizliyindən,
Bakı və civarında yüz minlərlə türk,
müsəlman özlərini inqilabçı adlandıran
vicdansız quldurların qanlı pəncəsində inildəmələrindən
və sair məsələlərdən bəhs etmişdir. Xəlil
bəyin memorandumu mayın 26-da Zaqafqaziya sülh heyətinin rəhbərinə
verilən gün Zaqafqaziya Seymi istefa verib və
dağılıb.
H.Baykara haqlı olaraq qeyd edirdi ki, “Müsavat”
partiyasının liderlərindən olan Nəsib bəy Yusifbəylinin
nitqi və Xəlil bəyin memorandumu tarixi sənəd kimi
öz dəyərini mühafizə etməkdədir.
Həmin vaxt Gəncədəki Milli Komitənin rəhbəri
Nəsib bəy Yusifbəyli Nağı bəy
Şeyzamanlını tezliklə Hüsamənddin bəylə
İstanbula yola düşməyə
tapşırmışdı. N.Şeyxzamanlı Gəncə
Milli Komitəsinin rəsmi möhürlü etimadnaməsini
aldıqdan sonra yolla düşüb. Nağı bəyi yola
salarkən Nəsib bəyin ona dediyi sözlər də maraq
doğurur: “Nağı bəy sən İstiqlal Komitəsinin
üzvüsən. Olub-keçənləri Osmanlı dövlətinə
anlat və de ki: Millətimiz müstəqil yaşamağı
qarşısına məqsəd qoymuşdur və bu yolda hər
cür fədakarlığı etmişdir. Ancaq bizi özlərinə
ilhaq etmək istəsələr gəlməsinlər. Biz
öz düşmənlərimizlə birtəhər
hesablaşıb başımıza çarə
qılarıq”.
İstanbulda çox yüksək səviyyədə
qarşılandığını yazan N.Şeyxzamanlı
sonralar öz xatirəsində qeyd edirdi ki, mən etimadnaməmi
çıxarıb Tələt Paşaya verdim. Aldı oxudu və
möhürdəki ay-ulduzun gözəlliyindən çox məmnun
qalaraq etimadnaməni Ənvər paşaya və Xəlil bəyə
göstərərək “möhürdəki ay-ulduzun gözəlliyinə
baxın” dedi. N.Şeyxzamanlı Tələt Paşaya
müraciətində bildirdi ki, Azərbaycan xalqı sizdən
yardım gözləyir. Siz qardaş əlinizi bizə uzadaraq
yardım edin. Müstəqil olaq. Siz bizi çəkib
özünüzə qatmaq istəsəniz biz buna razı ola
bilmərik. (Bu zaman mərhum Tələt paşa
salondakılara “baxın ilhakı nə gözəl Türkcə
anladır” dedi.) Tələt paşa Xəlil bəyə
baxaraq “bravo Xəlil bəy” dedi və bizə tərəf
dönərək “Əfəndim dünən firqə mərkəzində
bu məsələni müzakirə edirdik”. Xəlil bəy nəyin
bahasına olursa olsun hər fədakarlığa
qatlaşıb Qafqazda bir İslam dövləti qurmamız
fikrini müdafiə edirdi. (Mən dərhal sözə
qarışdım: “Bəli, biz islamıq, ancaq Türk
olduğumuzdan Milli Türk hökuməti qurulmasını
düşünürük və istəyirik” dedim). Bu vəziyyətə
çox məmnun olduq və “inşallah edəcəyik” dedi.
Nağı bəyin İstanbulda Osmanlı dövlətinin
sultanı Mehmet Rəşad və paşalarla (Ənvər, Tələt,
Camal, Xəlil) görüşündə “İlhaq”la
bağlı xüsusi olaraq söhbət getməmişdi.
Əgər Nağı bəyin Tələt paşaya dediyi
sözləri nəzərə almasaq, onda tam yəqinliklə
deyə bilərik ki, bu məsələ əsas müzakirə
məsələsi olmayıb. Bunu ən azından
N.Şeyxzamanlının xatirəsində və əlimizdə
olan başqa sənədlərdə (ola bilsin kimsə bu
görüş zamanı “ilhaqçılıq”la
bağlı müzakirənin olması ilə bağlı bir
sənəd tapıb, məlumatımız yoxdur) rast gəlinmir.
Lakin bununla belə, Batumda Nuru paşanı
qarşılayan azərbaycanlılar Nağı bəylə
söhbətlərində bildirdilər ki, Seymin üzvləri
istiqlal istəyirlər. Biz isə Azərbaycanın Türkiyəyə
ilhaqını istəyirik deyirlər. Nağı bəy
yazır ki, onlara əsl həqiqətin nə olduğunu
anlatmaq imkansız olduğunu hiss edib bir şey söyləmədim.
Onlar “fəaliyyətimizin hədəfinin istiqlal olduğunu
bilməmiş deyildilər. Əgər mən də
istiqlalçıyam desəm əleyhinə gedəcəklərinə
əmin idim”.
Daha sonra N.Şeyxzamanlı yazırdı ki,
ilhaqçılarla mübahisə etmək mənə
çox çətin idi. Ruslarla mübarizəmizdə bu qədər
güc sərf etməmişdim. Bu məsələni həll
edə bildikdən sonra dərin nəfəs aldım.
Nağı bəy “ilhaqçı”ların nümayəndələri
ilə görəşkən İstanbulada Tələt və
Ənvər Paşa ilə görüşdüyünü və
istiqlalı müdafiə etdiklərini onlara bildirmişdi.
Növbəti gün Nağı bəy onları Xəlil bəylə
görüşdürdü. “Tanışlıqdan sonra
onların hər biri minlərlə imza atılmış
kağızları Xəlil bəylə göstərdilər
və hamısı birdən “Möhtərəm bəyimiz
xalqımız istiqlal istəmir, biz də istəmirik.
Osmanlı dövlətinin bir parçası olmaq istəyirik”
dedilər. Xəlil bəy gözəl söhbəti ilə
bunları razı sala bildi. Bizim birləşməmizi nə
düşmən, nə də dost dövlətlər qəbul
edər. Biz sizə yardım edirik və edəcəyik.
İstiqlaliyyət qurub müstəqil yaşamanız
üçün lazımi qədər əsgərimizi
göndərəcəyik. Hər cəhətdən yardım
edəcəyik. Öz vətənimiz kimi sizin vətəninizi
də qoruyacağıq. Evlərinizə dönün və
qurulacaq istiqlaliyyəti dəstəkləyin” dedi.
Nağı bəy qeyd edirdi ki, axşam Məmmədəmin
və Nəsib bəylərlə görüşüb Xəlil
bəylə ilhaqçıların arasında olan söhbətin
nəticəsini bildirdim. Onlar vəziyyətin belə nəticə
ilə qurtarmasından çox razı qaldılar.
Hüseyn Baykara isə Azərbaycanın siyasi xadimlərinin
əsl istiqlalçı olduqlarını və onların
istiqlalçılıq xəttini müdafiə etməklə
uzaqgörənliyini belə ifadə edib: “Azərbaycan
xalqının ruhundan doğan bu istiqlal hadisəsi tarixin
axarı içində öz yerini tapmış və Azərbaycan
siyasi tarixinin taleyini əllərində tutanlar, tam zamanında
siyasət adamı olduqlarını sübut edərək
istiqlal hərəkatına yerində və vaxtında
lazımi qiymət vermişlər”.
“İlhaqçılıq” məsələsinə
münasibət bildirən H.Baykara yazırdı ki, Azərbaycanda
olan və Azərbaycan tarixinin hər dövründə
mürtəce qüvvə kimi tanınan bir zümrə -
“geriçi-mürtəce” ortaya “İlhaqçılıq” məsələsi
atmışdı. Yəni Azərbaycan Osmanlı dövlətinə
birləşdirilərək bu dövlətin bir vilayəti
kimi idarə olunmalıdır. Azərbaycanda islam ordusunun
komandiri olan Nuru Paşa ağıllı bir general olsa da siyasi
görüşü o qədər də yetkin deyildi. Mürtəce
ilhaqçılar Nuru paşanın bu vəziyyətindən
istifadə etmək istəyirdilər...
Vaqif Şirinoğlu, tarix elmləri doktoru
Ardı var
Xalq Cəbhəsi .- 2024.- 5 dekabr (¹43).- S.14.