İstiqlaliyyətin möhkəmləndirilməsi
uğrunda mübarizə tarixindən
...Nağı bəy qeyd edirdi ki, axşam Məmmədəmin
və Nəsib bəylərlə görüşüb Xəlil
bəylə ilhaqçıların arasında olan söhbətin
nəticəsini bildirdim. Onlar vəziyyətin belə nəticə
ilə qurtarmasından çox razı qaldılar.
Hüseyn Baykara isə Azərbaycanın siyasi xadimlərinin
əsl istiqlalçı olduqlarını və onların
istiqlalçılıq xəttini müdafiə etməklə
uzaqgörənliyini belə ifadə edib: “Azərbaycan
xalqının ruhundan doğan bu istiqlal hadisəsi tarixin
axarı içində öz yerini tapmış və Azərbaycan
siyasi tarixinin taleyini əllərində tutanlar, tam zamanında
siyasət adamı olduqlarını sübut edərək
istiqlal hərəkatına yerində və vaxtında
lazımi qiymət vermişlər”.
“İlhaqçılıq” məsələsinə
münasibət bildirən H.Baykara yazırdı ki, Azərbaycanda
olan və Azərbaycan tarixinin hər dövründə
mürtəce qüvvə kimi tanınan bir zümrə -
“geriçi-mürtəce” ortaya “İlhaqçılıq” məsələsi
atmışdı. Yəni Azərbaycan Osmanlı dövlətinə
birləşdirilərək bu dövlətin bir vilayəti
kimi idarə olunmalıdır. Azərbaycanda islam ordusunun
komandiri olan Nuru Paşa ağıllı bir general olsa da siyasi
görüşü o qədər də yetkin deyildi. Mürtəce
ilhaqçılar Nuru paşanın bu vəziyyətindən
istifadə etmək istəyirdilər.
M.Ə.Rəsulzadə də baş verən hadisəni
“demokratiyanın geriləməsi, geriçi güclərin
uğuru” kimi qiymətləndirmişdi.
Tarixi sənədlərdən məlumdur ki, 1918-ci il
iyun ayının 16-da Tiflisdən Gəncəyə
köçən Azərbaycan hökuməti çox ciddi
daxili və xarici problemlərlə üzləşmişdir.
Bu vaxt artıq Nuru paşanın rəhbərlik etdiyi türk
hərbi mütəxəssislərdən ibarət 300 nəfərlik
qrup Gəncədə idi.
Gəncədə Milli Şuraya qarşı çox
güclü müxalifətin olduğu aşkara
çıxdı. Azərbaycan burjuaziyası və mülkədarlarının
müəyyən dairələrinin fikrincə, Milli Şura və
onun yaratdığı hökumət həddən artıq sol
və inqilabi mövqelərdə dururdu. “İlhaq” - Azərbaycanın
Türkiyəyə birləşdirilməsinin tərəfdarı
olan bu dairələr Nuru paşanı da öz tərəflərinə
çəkərək onun nüfuzundan Milli Şuraya
qarşı mübarizədə fəal istifadə edirdilər.
Məhz onların təkidi ilə Nuru paşa Milli Şura
üzvlərini qəbul etməkdən imtina etdi. Milli
Şuraya etimadsızlıq aktı olan bu hərəkət
ciddi siyasi böhrana gətirib çıxardı. Həmin
günlərdə əslində Azərbaycan istiqlaliyyətinin
müqəddəratı həll olunurdu, çünki
“ilhaqçı”lar ictimaiyyət arasında da müəyyən
nüfuza malik idilər. Yalnız M.Ə.Rəsulzadənin
başçılıq etdiyi Milli Şuranın qətiyyətli
mövqeyi kompromis əldə etməyə imkan verdi.
M.Ə.Rəsulzadə həmin vaxtlar yaranmış
çətin vəziyyəti və bu çətin vəziyyətdən
çıxış yolunu bu cür göstərmişdi: “Hər
yandan yağı güclərlə çevrələnən
ölkədə bu kimi çəkişmələri bir ara
qırağa qoymaq gərəkirdi. Bu gərəklik geniş
yetkiləri olan bir Hökumətin qurulması ilə əldə
edilə bilmişdi”.
1918-ci il iyunun 17-də toplanmış Milli Şura
qızğın mübahisələrdən sonra iki qətnamə
qəbul etdi: 1. “Müvəqqəti hökumətin hüquq və
vəzifələri haqqında” – “Müvəqqəti hökumət
dövlət müstəqilliyini və mövcud siyasi
azadlıqları ləğv etmək, aqrar islahat və digər
mühüm məsələlər barəsində
qanunları dəyişmək səlahiyyətinə malik deyildir
və yaxın altı ay ərzində Ümumazərbaycan
Müəssislər Məclisinin
çağırılmasını təmin etməlidir.
İdarəetmənin digər məsələlərində
hökumət tam sərbəstdir”. 2. “Milli Şuranın
buraxılması haqqında”- “Azərbaycanın ağır
daxili və xarici vəziyyətini nəzərə alaraq
bütün hakimiyyət Fətəli xan Xoyskinin
başçılığı ilə yeni
yaradılmış hökumətə verilir, sonuncu isə
hakimiyyəti ən qısa müddətdə
çağırılmalı olan Ümumazərbaycan Müəssislər
Məclisindən başqa heç kəsə təhvil verə
bilməz”.
Milli Şuranın iclasında yekun sözü ilə
çıxış edən M.Ə.Rəsulzadə
Şuranın buraxılmasını demokratiyanın geri
çəkilməsi və irticanın müvəffəqiyyəti
kimi qiymətləndirdi. O, öz
çıxışını aşağıdakı
sözlərlə bitirdi: “Lakin cənablar, gəlin ruhdan
düşməyək və ümid edək ki, lap tezliklə
Azərbaycanın paytaxtı Bakıda Müəssislər Məclisində
görüşəcəyik. Yaşasın Azərbaycan!
Yaşasın türk xalqı”.
M.Ə.Rəsulzadə Azərbaycan Milli
Şurasının bu yolla buraxılmasını, o dövrdə
Gəncədə ortaya çıxan bir sıra siyasi çəkişmələrdən
yarandığını göstərmişdi.
Azərbaycanın hər yerindən Gəncəyə
axışan burjua-mülkədar və klerikal dairələrdən
olan nümayəndələrin məhdud
dünyagörüşlü mürtəce hissəsi Milli
Şura və hökumətin demokratik, inqilabi əhvali ruhiyyəli
şəxslərdən təşkil olunmasını istəmirdi.
Azərbaycanın Türkiyəyə ilhaq edilməsinin tərəfdarı
olan bu dairələr Milli Şuraya qarşı fəal
kampaniya aparırdı.
Türkiyə qoşunları
komandanlığının hərəkətləri Milli
Şuranın radikal cinahının üzvləri N.Yusifbəyli,
M.Y.Cəfərov və D.Vəkilovun etırazlarına səbəb
oldu. Bu məsələdə onları sosialistlər dəstəklədi.
İttihadçılar isə türkiyəpərəst
mövqe tutmuşdu.
Milli Şuranın buraxılması ərəfəsində
“Hümmət” fraksiyası etiraz əlaməti olaraq onun tərkibindən
çıxdığını elan etdi. Siyasi vəziyyət
daha da gərginləşdi.
“Müsavat” partiyasının lideri M.Ə.Rəsulzadə
yaranmış bu vəziyyəti qiymətləndirərək
yazırdı ki, “...Azərbaycanın müvəqqəti paytaxtı
olan Gəncədə naqis də olsa milli hakimiyyəti təmsil
edən bir qurumun bu şəkildə meydandan çəkilmək
məcburiyyətində qalması, heç şübhəsiz,
demokratiyanın “bir rişəti və qəvayi-mürtəcenin
bir müvəffəqiyyətidir”.
“İyun böhranı” hadisələrinin
başlıca yekunu isə bundan ibarət oldu ki, “irtica” Milli
Şuranın buraxılmasına nail olsa da, demokratik qüvvələr
Azərbaycanın dövlət müstəqilliyini qoruyub
saxlaya bildilər.
F.X.Xoyskinin başçılığı ilə
yaradılmış yeni hökumət kabinetində bir
çox demokratik ruhlu siyasi xadimlər təmsil
olunmamışdılar. Bu hadisədən sonra sol partiyalar, o
cümlədən “Müsavat” öz fəaliyyətlərini
faktiki olaraq dayandırmalı oldular. Azərbaycanın mütərəqqi
ruhlu siyasi xadimləri – M.Ə.Rəsulzadə, X.Xasməmmədov,
A.Səfikürdski və b. aktiv siyasi fəaliyyətdən
uzaqlaşdırılaraq danışıqlar aparmaq bəhanəsi
ilə İstanbula göndərildilər. Lakin yuxarıda qeyd
olunan “M.Ə.Rəsulzadə, X.Xasməmmədov, A.Səfikürdski
və b. aktiv siyasi fəaliyyətdən
uzaqlaşdırılaraq danışıqlar aparmaq bəhanəsi
ilə İstanbula göndərildilər” fikri ilə
razılaşmaq olmaz. Çünki Cümhuriyyət xadimlərinin,
xüsusən M.Ə.Rəsulzadənin uzaq görənliyi sayəsində
“17 iyun” böhranının daha da dərinləşməsinə
və ziddiyyətlərin kəskinləşməsinə imkan
verilmədi. Digər tərəfdən, Ə.Rəsulzadə,
X.Xasməmmədov və A.Səfikürdskiyə Azərbaycan
hökuməti tərəfindən, 17 iyunda xüsusi etimadnamə
ilə İstanbulada keçirilməsi nəzərdə
tutulan beynəlxaql konfransada iştirak etmək, eləcə də
Türkiyənin dövlət adamları ilə
danışıqlar aparmaq üçün geniş səlahiyyətlər
verilmişdi. Həmin konfransda Azərbaycanla yanaşı,
Türkiyə dövləti ilə müttəfiq olan Almaniya,
Avstriya, Bolqarıstan, Qafqaz nümayəndə heyəti, o
cümlədən Gürcüstan və Ermənistan nümayəndə
heyətləri iştirak etməli idilər.
Belə bir ağır və gərgin günlərdə
rus-erməni hərbi birləşmələri Şərqdən
– Bakı istiqamətindən Gəncəyə döğru
yürüşə başlamışdır. Həmin
hücumun qarşı alınmalı, işğal olunmuş
Azərbaycan torpaqları, o cümlədən Bakı şəhəri
işğaldan azad edilməli idi. Əlbəttə,
yuxarıda qeyd olunan məsələlərin taleyi tək Nuru
Paşadan asılı deyildi. Əsas məsələlər
İstanbulda həll olunurdu. Ona görə də təcrübəli
siyasətçilərin Osmanlı dövlətinin rəhbərləri
ilə danışıqlar aparmaları olduqca vacib idi.
Dövrün arxiv sənədləri ilə yaxından
tanışlıq sübut edir ki, M.Ə.Rəsulzadənin rəhbərlik
etdiyi nümayəndə heyəti Osmanlı dövlətinin
paytaxtı İstanbulda, istər dövlət rəhbərləri
ilə, istərsə də İstanbulda yerləşən
başqa dövlətlərin səlahiyyətli nümayəndələri
ilə çox səmərəli danışıqlar
aparmışdılar.
Nəhayət, “istiqlaçılıq” və “ilhaqçılıq”
tərəfdarları arasındakı mübarizənin yekunu
olaraq M.Ə.Rəsulzadənin parlamentdəki
çıxışı diqqəti cəlb edir. Belə ki,
1918-ci il dekabr ayının 10-da parlamentin ikinci iclasında
milli dövlətçilik məsələsi ilə
bağlı çıxış edərkən M.Ə.Rəsulzadə,
Azərbaycan muxtariyyəti şüarını ilk dəfə
ortaya atan Türk ədəmi-mərkəziyyət “Müsavat”
firqəsi olduğunu qeyd etmişdir.
“Müsavat” firqəsi “əksər zehinləri tutan bir
növ ruh xəstəliyi kimi şiddətli surətdə
sirayət edən “İlhaqçılıq” mərkəzində
mübtəla olmadı. ... artıq gərək sağlar, gərəksə
sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə
isbat edirlər. Çünki, artıq Azərbaycan fikri üzərinə
müsəlman firqələri arasında ixtilafi-nəzər
yoxdur. Çünki, artıq cəmatimizin zehnində Azərbaycan
istiqlalının fikri yer tutmuş, yerləşmişdir.
Çünki üç rəngli o məğrur bayraq
artıq siyasətən həpimizi birləşdirmişdir.
Beləliklə, 1918-ci ilin bütün dövrü ərzində
istiqlal tərəfdarlarının və təbliğatçılarının
öz istiqlalçılıq fikirlərinə dərindən
inamı və bu məqsədə çatmaq
üçün ardıcıl və dönməz mübarizə
aparmaları sonda istiqlalçıların istədikləri
kimi oldu, yəni Azərbaycanın müstəqilliyi qorunub
saxlanıldı.
Qısa bir zaman kəsiyində dünyada və regionda
baş verən siyasi hadisələri düzgün qiymətləndirilməsinin
nəticəsi olaraq, Azərbaycan Xalq Cümhuriyyəti Paris
sülh konfransında dünyanın aparıcı dövlətləri
tətərəfindən de-fakto tanındı. Bununla da
müstəqil Azərbaycan dövləti Dünya dövlətləri
sırasında öz yerini tapmış oldu.
Vaqif Şirinoğlu
AMEA A.A.Bakıxanov adına
Tarix və Etnologiya İnstitutu
Tarix elmləri doktoru
Xalq Cəbhəsi.- 2024.- 12 dekabr(¹44).-S.14.