Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması ali dəyər hesab edilir

 

Hər il dekabrın 10-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunması İnsan Hüquqları Günü kimi qeyd edilir. Bu gündə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi müntəzəm olaraq mədəni tədbirlər, ictimai görüşlər, seminarlar və insan hüquqlarının təşviqi ilə bağlı digər maarifləndirici fəaliyyətlərin həyata keçirilməsində böyük rol oynayır. Bundan əlavə, ənənəvi olaraq dekabrın 10-da İnsan Hüquqları sahəsində BMT-nin beş illik mükafatı və Nobel Sülh Mükafatı təqdim olunur. Həmçinin İnsan hüquqları sahəsində fəaliyyət göstərən bir çox hökumət və qeyri-hökumət təşkilatları, bir çox vətəndaş və ictimai təşkilatlar kimi, günü qeyd etmək üçün xüsusi tədbirlər planlaşdırırlar.

1950-ci il dekabrın 4-də keçirilən plenar iclasda BMT Baş Assambleyası BMT-nin bütün üzv dövlətlərini və hər hansı digər maraqlı təşkilatları 10 dekabr 1948-ci ildə ÜİHB-nin elan edilməsini illik bir tədbirlə qeyd etməyə dəvət edən qətnamə qəbul etdi. Bəyannamə Baş Assambleyada 48 dövlətin lehinə və səkkiz dövlətin bitərəf səsi ilə qəbul edildi. Hər il insan hüquqlarının müdafiəsinin müəyyən bir tərəfinə diqqəti cəlb etmək üçün xüsusi bir mövzu seçilir. 2022-ci il İnsan Hüquqları Gününün mövzusu “Ləyaqət, Azadlıq və Hamı üçün Ədalət” adlanır.

Dövlətlər müxtəlif insan hüquqları standartlarını müzakirə etmək və müəyyən etmək üçün Birləşmiş Millətlər Təşkilatında bir araya gəlirlər. Məsələn, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bizim bütün insan hüquqlarımızın əsasını müəyyən edir – o vaxtdan bəri qüvvədə olan bütün beynəlxalq insan hüquqları qanunları və müqavilələri üçün əsas yaradır. İnsan hüquqlarını kimin müdafiə etməsi ilə bağlı məsuliyyət müxtəlif orqanlar üzərində cəmləşib. Bunlara daxildir: Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi, Avropa İnsan Hüquqları Məhkəməsi, “Amnesty İnternational” , “Human Rights Watch” və digər agentliklər və təşkilatlar.

Ölkəmizdə də İnsan Hüquqları günü yüksək səviyyədə konfranslar və görüşlər, həm də insan hüquqları məsələlərinə həsr olunmuş mədəni tədbirlər və sərgilərlə qeyd olunur. Əlavə olaraq, 18 iyun da Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib. Bu hadisə özü də onu göstərir ki, ölkəmizdə insan hüquqları dövlət tərəfindən qorunur və xüsusi diqqət edilir.

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması ali dəyər hesab edilir. 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Belə ki, dövlət başçısı İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib. Qeyd edək ki, insan hüquqları məsələsi ümummilli lider Heydər Əliyevin fəaliyyətində əsas amillərdən biri olub. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycanın ilk milli Konstitusiyasının üçdə ikisi insan hüquq və azadlıqlarına həsr edilib.

Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.

Ölkəmizdə aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb, bu müddət ərzində ölkəmiz bir çox hüquqi akta qoşulub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum imzalanıb. 2012-ci ilin dekabrında təsdiq olunmuş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açmışdır.

Yeni əsrin ilk illərindən Azərbaycan dövləti tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycan "İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına" qoşuldu. Bu zaman o, öz üzərinə milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürdü. Bu istiqamətdə atılan addımlardan ən mühümü Ombudsman təsisatının yaradılması idi. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olundu.

Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. Bu yerdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamını qeyd etmək yerinə düşər. Məhz bu sahədə əsaslı islahatların və proqram xarakterli fərman və sərəncamların imzalanmasının nəticəsidir ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

İnsan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıcà meyarı sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar müstəqil Azərbaycanın ictimai-siyasi həyatında da özünə möhkəm yer tapmışdır.

Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda, bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib.

Müasir mərhələdə Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin üstünlüklərindən bəhs edərkən mütləq şəkildə iki sənədin əhəmiyyəti qeyd olunmalıdır. Bunlar ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixində imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci il dekabrın 27-də imzalanmış “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”dır. Əgər Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edirdisə, Milli Fəaliyyət Proqramı müasir dövrün çağırışları və cəmiyyətin inkişafından irəli gələn tələblər nəzərə alınmaqla insan hüquqlarının təmin olunması üzrə görülən tədbirlərin genişləndirilməsinə, hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasının gücləndirilməsinə mühüm töhfə oldu. Bu proqramın qəbulu Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin ardıcıllığının təmin olunması baxımından da böyük önəmə malikdir.

Bunu da qeyd etməyə bilmərik ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə apardığı silahlı təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuşdu, adi insan hüquqlarından məhrum olan bir milyondan çox soydaşımız evlərindən didərgin salınmış, hüquqları pozulmuşdu. İnsanlarımız illərlə və min bir əziyyətlə tikib qurduqları evlərindən, xoş güzəranlarından məhrum edilmişdilər. Xocalı, Malıbəyli, Qarakənd, Başlıbel faciələri və digər qətliamlar Ermənistanın insan hüquq və azadlıqlarını heçə saymasının bariz nümunəsidir. Uşaqlar, qadınlar qətlə yetirildi, əsir və girov götürüldü. Dünya ictimaiyyəti isə bu faciələri görməzdən gəldi və heç bir münasibət bildirmədi, insan hüquqlarını heçə sayan Ermənistana təzyiq göstərmədi…

 

Cavid

Xalq Cəbhəsi.- 2024.- 12 dekabr(¹44).-S.9.