Şirməmməd Hüseynov- 100  

 

 

Deyirdi ki, “mənim dünyagörüşüm, həyata baxışım iki zəmində formalaşıb. Biri məktəb mühiti, digəri ailə. Məktəb, istər şagirdkən, istər tələbə ikən kommunist ideallarına sədaqət ruhunda tərbiyələndirirdi. Ailəmizdə isə bəzəksiz, hay-küysüz mühit hökm sürürdü. Dayılarım cəmiyyətin iyrəncliyini bütün çılpaqlığı ilə söyləyir, nifrətlərini gizlətmirdilər. Onların sualları təbii ki, məni də düşündürürdü: Namuslu filankəsi gecə ikən niyə apardılar? Namussuz filankəs isə öz keyfindədir, niyə? Bir sözlə, ailəmiz qapalı, məhdud çərçivədə cəmiyyətin müxalif qüvvəsi idi. Bax, özüm də müəllim ikən çalışmışam ki, tələbələrim sərbəst düşünsün, ətrafda baş verən hadisələri açıq gözlə götür-qoy etsinlər, özləri düzgün nəticə çıxarsınlar.”

1924-cü ildə Şəkidə anadan olmuşdu. 3 yaşında ikən atasını itirmişdi. Bakı Dövlət Universitetinin Jurnalistika şöbəsini bitirdikdən sonra Moskvada aspiranturaya daxil olmuş, 1954 –cü ildə “1917-1918-ci illərdə Azərbaycan mətbuatı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdi. Elə həmin ildən də Bakı Dövlət Universitetində pedaqoji və elmi fəaliyyətlə məşğul idi. Jurnalistika fakültəsində təhsil alan tələbələr üçün yazdığı dərsliklərə, çoxillik elmi-pedaqoji fəaliyyəti üçün, o professor adına layiq görülmüşdü. Xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunmuşdu...

94 il ömür sürdü. Ömrünün son illərində:

“Azərbaycan tarixi hələ sovet dövrünün təsiri altından çıxmayıb. Bizim tarixçilərin başı sovet ideologiyası ilə yoğrulub. İstəsələr də istəməsələr də, adların nə qoysalar da aldıqları təhsil, düşüncə tərzi Müsavat düşmənçiliyində bu özünü göstərir. Vaxtilə Çingiz Aytmatovla söhbətimiz olmuşdu ki, bizdə həqiqi müstəqillik dövrü vətəndaşının yetişməsi üçün bir neçə nəsil dəyişməlidir. Bunu bilirsənmi, oğul?! İndi bu kitabı da işləyəcəyəm. 128 səhifəlik bir kitabdır. Elə də böyük bir problem deyil. Dil ayrıdır, sadəcə çevirmək qalır. Bir başqa fəaliyyətim də var. Rəsulzadə parlamentdə Müsavat fraksiyasının rəhbəri olub. Bizim parlamentdə 1918-ci il dekabr 7-dən 1920-ci il aprelin 27-dək 143 iclas olub. Bunların əksəriyyətində Rəsulzadənin çıxışları, replikaları olub. Onu yığıb bir kitab şəklində türklər buraxıblar, amma biz buraxmamışıq. O kitab parlamentin iki cildlik stenoqramı əsasındadır. Mən indi o stenoqramı orijinalla yoxlayıram. Görürəm ki, çox ciddi səhvlər var. Sağ olsunlar çap ediblər, əməklərini qiymətləndirmək lazımdı, amma gərək orijinalla da yoxlanıla. Onu vaxtilə riyaziyyat müəllimi Səhənd İbrahimov köçürüb. Mən yenidən yoxlayıram və görürəm ki, yenidən çap etmək lazımdı. Mən təxminən 40 iclasın protokolunu orijinalla yoxlayıb hazırlamışam. İlk parlamentimizin sənədləri 3 cilddə çap olunacaq. Bilirsiz, yaşıma görə bu gün mən çox tələsirəm. Ayrı vaxtlar 6 saat işləyirdimsə bu gün 10 saat işləyirəm.”- söyləyirdi...

Çox baməzə insan idi. Dərs zamanı auditoriyada adətən müəllim masasında əyləşməzdi, tələbələrin arasında olardı. Soruşanda ki, niyə müəllim masasında əyləşmirsiniz, cavabı məzəli olurdu. Yaşım çoxdur, gənclərin arasında oluram ki, Əzrail məni tapa bilməsin...

Bir dəfə də mərhumlrdan kiminsə dəfn mərasimində niyə iştirak etmədiyini ondan soruşanda- “Bu yaşımda qəbirsitanlığa gedib geri dönmək mənim üçün çox ağırdır.”- :deyə cavab vermişdi...

Dekabrın 17-si haqqında söhbət açdığım professor Şirməmməd Hüseynovun anadan olmasının 00 illi tamam oldu.

Bəli, Azərbaycan Demokratik Respublikasının, eləcə də qurucu babalarımızın fəaliyyətinin, o cümlədən milli mətbuat tariximizin araşdırılmasında onun misilsiz xidmətləri olub. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, hər dəfə cümhuriyyət tariximizdən söhbət düşəndə Şirməmməd Hüseynovun adı ehtiramla yad olunacaq və onun ölməz əsərlərinə istinad ediləcək...

Ruhu şad olsun!

 

Elman Eldaroğlu

Xalq Cəbhəsi .- 2024.- 19 dekabr(¹45).- S.15.