“Erməni məsələsi”, “erməni
soyqırımı” və “erməni
terrorizmi” məsələləri
Mark Mişinin “Qafqazın tarixindən və antitarixindən
biri” adlı əsərinin üzərindən təhlil
...Tarixi faktlar ermənilərin cinayətkarlıq fəaliyyətinin
əhatə dairəsinin daha geniş olduğunu sübut edir.
“Şərq məsələsi”nin bir hissəsi olan
“erməni məsələsi” diplomatik və tarixi ədəbiyyatlarda
XVIII-XIX əsrlərdə beynəlxalq münaqişənin
ifadəsi kimi şərti olaraq qəbul olunmuşdu (Восточный
вопрос. Дипломатический словарь. Том I. М., 1984.c.128, 220).
“Şərq məsələsi” “Osmanlı
imperiyasının mirası” üstündə böyük
dövlətlərin – Avstriya-Macarıstan, Rusiya, Fransa,
Böyük Britaniya, Almaniya və ABŞ-ın rəqabət
aparmaları ilə əlaqədar idi.
“Erməni məsələsi”nin mahiyyəti – “milli
özünütəyinetmə” uğrunda erməni hakim təbəqənin
mübarizəsi, yəni XIV əsrdə Kiçik Asiyada qəti
olaraq itirilmiş “eməni dövləti”nin bərpa
olunmasına cəhd edilməsi idi. Onlar qarşıya
qoyulmuş məqsədlərinə çatmaq
üçün erməni kilsəsinin fəaliyyətini daha
da genişləndirmişdilər. Erməni dövlətiçiliyinin
olmadığı bir vaxtda kilsənin ermənilərə
çox güclü təsiri olmuşdu.
Osmanlı imperiyasına daha dərin nüfuz etməyə
çalışan böyük dövlətlər isə
İstanbula tətbiq edilən kapitulyasiya (qeyri-bərabər
müqavilə) rejimindən başqa, Osmanlı ermənilərinin
yuxarı təbəqəsi arasında özlərinə dayaq
axtarırdılar. Həmin təbəqə türk-müsəlman
dövlətinin ticarət-iqtisadi və siyasi həyatında
mühüm rol oynayırdı. Böyük dövlətlər
Osmanlı imperiyasına qarşı yürütdükləri
siyasətlərində nüfuzlu erməni kilsəsinə də
xüsusi yer ayırmışdılar. Bu kilsə Osmanlı
imperiyasının üç katolikosluğunda – Kilikiya, Yerusəlim
və Konstantinapolda yerləşirdi.
Yerli ermənilərin yuxarı təbəqəsinə
arxalanan böyük dövlətlər Osmanlı
imperiyasının əleyhinə erməni milli hərəkatına
başlamışdılar. Əlbəttə, onlar burada öz
mənafelərini güdürdülər, “erməni məsələsi”
isə böyük dövlətlərin əlində bir alət
hesab olunurdu. Bu özünü Berlin konqresində göstərmiş
oldu. Konqresdə güc dövlətlərinin əsas məqsədi,
1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində
qalib gəlmiş Rusiya imperiyasının İstanbuldan istədiyi
tələbləri məhdudlaşdırmaqdan ibarət
olmuşdur. Sankt-Peterburq isə (burada Rusiya dövləti nəzərdə
tutulur) öz tərəfindən qələbədən
istifadə etməklə yanaşı, onu 1878-ci ildə
Rusiya-Osmanlı dövlətləri arasında
bağlanmış San-Stefano sülhü ilə möhkəmləndirməyə
çalışırdı. Əldə olunmuş
razılığa görə Van, Ərzincan, Bitlis, Hartum, və
Sivas vilayətlərində, yəni Osmanlı dövlətinin
ərazisində yaşayan ermənilərin əsas hissəsinin
yaşadığı Kiçik Asiyanın Şərq hissəsində
onlar üçün muxtariyyət hüququnu özündə
ehtiva edən islahatlar keçirməyi vəd verilmişdi.
Lakin Böyük Britaniya Rusiyanın bu istəyinin əleyhinə
getmiş və Berlin konqresində islahatın böyük
dövlətlərinin himayəsi altında həyata
keçirilməsinə nail olmuşdur. Bununla belə ermənilər
istəyinə çatmamış və onlar məğlub
olmuşdular. Əslində ermənilər Londonu
maraqlandırmırdı. Qərbin böyük dövlətlərinin
məqsədi özlərinin Şərq siyasətlərini həyata
keçirmək üçün “erməni məsələsi”ndən
istifadə etməyə çalışan Rusiyanın
mövqeyini zəiflətməkdən ibarət idi.
Qərb dövlətləri tərəfindən
taleyinin ümidinə buraxılan ermənilərin yuxarı təbəqəsi
isə öz həmvətənlərini silahlı mübarizəyə
çağırırdılar. Tezliklə, həmin silahlı
qüvvələrə erməni kilsəsi, “Hnçak”,
“Armenakan”, “Daşnaksütyun” kimi siyasi partiyalar rəhbərlik
etməyə başladılar. Burada qeyd etmək yerinə
düşər ki, 1893-1919-cu illər arasında “Hnçak” və
“Daşnaksütyun” partiyalarını təmsil edən erməni
terrorçuları Osmanlı imperiyasında və Cənubi
Qafqazda, o cümlədən İstanbul, Bakı, Tiflis,
Ərzurum, Aleksandropol, Qars, Naxçıvan, İrəvan,
Şuşa, Gəncə, Qazax, Şəki, Urmiya,
Şamaxı, Quba, Ahalkələki, Kürdəmir, Ahalsixi və
Trabzonda 129 terror aksiyası həyata keçirmişdilər
(Церцвадзе Ф. Лицемерие и ложь армянской пропаганды. Баку, 2007. c. 47-56). Bu
terror zamanı evlərin yandırılması,
dağıdılması və qarət olunması, müxtəlif
millətlərdən olan – Türk-müsəlmanlarlar,
gürcülər, hətta terrorçulara kömək etməkdən
imtina edən ermənilər belə qətlə
yetirilmişdilər. Hesablamalara görə yüz minlərlə
zərərçəkmiş qoca, qadın, uşaq
öldürülmüş və çox böyük
qaçqın kütləsi yaranmışdı.
Tarixi sənəd və materiallardan məlumdur ki, Cənubi
Qafqazda erməni üsyançıları və onların əsas
bazası Rusiyanın himayəsi altında fəaliyyət
göstərmişdi. Sankt-Peterburq özünün “şərq
siyasəti”ndə Eçmiəzdində yerləşən erməni
kotalikosluğundan aktiv istifadə etmişdir. Rusiya həm
Osmanlı imperiyasında Qərb dövlətlərinin gələcək
mövqeylərinin möhkəmlənməsinə
qarşı, həm də öz dövləti maraqlarına
görə Eçmiədzinə və erməni siyasi
partiyalarına, eləcə də burjuaziyaya arxalanmaq fikrində
idilər. “Hnçak”, “Armenakan” və “Daşnaksütyun”
partiyaları erməni diasporlarının pulu ilə silah
alıb, öz emissarları vasitəsi ilə Türkiyədə
yaşayan ermənilərə göndərir, onlardan
üsyançı dəstələr və
döyüşçü qrupları
hazırlayırdılar. Onlar “erməni məsələsi”nə
diqqəti yönəltmək üçün öz nümayəndələrini
Qərbi Avropaya göndərirdilər. Bu dövrdə fəaliyyət
göstərən əsas siyasi qüvvə isə
“Daşnaksütyun” partiyası hesab olunurdu. 1894-cü ildə
Sasundakı üsyanı təşkil edən bu partiyaya erməni
kilsəsi və diasporu da kömək etmişdi.
1917-ci ilin oktyabr ayında Tiflisdə daşnakların
rəhbərlik etdiyi erməni milli konqresi toplantı
keçirmişdi. Onlar mürəkkəb beynəlxalq və hərbi-siyasi
vəziyyətdən istifadə etdərək, artıq bu dəfə
Qafqazda, XIV əsrdə Kiçik Asiyada “itirilmiş dövlətini”
yaratmağa cəhd etməyə başlamışdılar.
Belə çətin bir şəraitdə Qərb
dövlətləri – birinci dünya müharibəsinin qalibləri
– yenə də “erməni məsələsi”ndən, bu dəfə
artıq Qafqazda, istifadə etməyə qərara
almışdılar. Erməni “Daşnaksütyun” partiyası
da Qafqaz regionundakı qarışıq vəziyyətdən
istifadə etməyə çalışırdı. 1918-ci il
mayın 28-də Azərbaycana torpaqlarında Ararat
Respublikası elan etdikdən sonra, bu dövlətə rəhbərlik
edən daşnaklar müstəqil, qonşu Azərbaycan,
Gürcüstan və Türkiyə ilə müharibəyə
başladı. Onlar Ahalkələkini, Borçalını,
Qarabağı, Naxçıvanı, Qarsı işğal etməyə
çalışırdılar. Bu zaman onlar Bakıya doğru
hərəkət edən könüllü rus ordusunun
generalı A.İ.Denikinin köməyinə ümid edirdilər.
Komandanlıq ermənilərin onlara kömək etməsinin əvəzi
olaraq Azərbaycanın ərazisinin müəyyən hissəsinin
ermənilərə verəcəyini vəd etmişdi. Lakin
RSFSR-in XI Qırmızı ordusu 1920-1921-ci illərdə Cənubi
Qafqazı işğal etdikdən sonra Qərb dövlətləri
– Britaniya, Fransa, ABŞ – yenidən “erməni məsələsi”ndə
həvəsdən düşdülər, artıq
bütün Qafqaz regionu sovet Rusiyasının bir hissəsinə
çevrilmiş oldu. Bununla da “erməni məsələsi”
avtomatik olaraq həmişəlik qüvvədən
düşdü.
Bununla belə, 1920-ci ildən sonra SSRİ-də
qadağan olunmuş və mühacirətdə olan
“Daşnaksütyun” partiyası dəfələrlə Qərbin
diqqətini “erməni məsələsi”nə və “erməni
soyqırımı”na yönəltməyə
çalışmışdılar. Bu məsələdə
daşnaklar Eçmiədzinin, sonralar həm də sovet Ermənistanın
rəhbərliyinin simasında özünə müttəfiqlər
tapmışdılar. Onlar dəfələrlə
Dağlıq Qarabağın və Naxçıvanın Ermənistan
SSR-yə verilməsi barəsində Moskva qarşısında
məsələ qaldırmışdılar.
1988-1994-cü illərdə sovet-postsovet Ermənistanın
hərbi təcavüzü nəticəsində Azərbaycanın
keçmiş Dağlıq Qarabağ torpağı
işğal edilmiş və tanınmayan “Dağlıq
Qarabağ respublikası” elan edilmişdi. Ermənistan, eyni
zamanda Azərbaycanın yeddi rayonunu: Laçını, Kəlbəcəri,
Ağdamı, Qubadlını, Cəbrayılı, Fizulini, Zəngilanı
işğal etmişdi. Ümumilikdə isə, Ermənistan
silahlı qüvvələri tərəfindən Azərbaycan
Respublikasının ərazisinin 20%-i işğal
olunmuşdur. Azərbaycanlılar Ermənistandan və Azərbaycanın
işğal olunmuş ərazilərindən - öz doğma
torpaqlarından tamamilə qovulmuş və qaçqın və
köçkün vəziyyətinə düşmüşdülər.
Beləliklə, əsərin qısa təhlili onu
sübut edir: birincisi, “erməni məsələsi”
dünyanın güc dövlətlərinin, əvvəlcə
Osmanlı imperiyasına, sonra isə Türkiyə
Respublikasına qarşı məkrli siyasəti olmuş və
vaxtaşırı bu siyasət davam etdirilmişdi; ikincisi, erməni
üçlüyünün – kilsə-partiya-diaspor –un ortaya
atdığı və tarixi həqiqətlərə söykənməyən
qondarma “erməni soyqırımı”, sonradan Qərb dövlətlərinin
və Rusiyanın, əvvəlcə Osmanlı imperiyasına,
sonra isə Türkiyə Respublikasına qarşı bir siyasi
təzyiq vasitəsi olmuş və bu siyasət bu gün də
davam etməkdədir; üçüncüsü, müxtəlif
ölkələrdə rəsmi akkreditə olunmuş
Türkiyənin diplomatik nümayəndələrinə
qarşı terror əməllərini həyata keçirən
ermənilərin əsas ilhamvericisi, təşkilatçısı
və ideya rəhbəri erməni üçlüyü - kilsə,
partiya və diasporu olmuşdur.
P.S. Ermənistanin hərbi təcavüzü nəticəsində
30 il işğal altında qalan Qarabağ torpağımız
2020-ci ilin sentyabr ayında Müzəffər Azərbaycan
Ordusunun 44 günlük Zəfər yürüşü
zamanı azad edildi. 2023-cü il sentyabrın 19-20 tarixlərində
isə həyata keçirilən anti-terror əməliyyatı
zamanı Azərbaycanın Qarabağ torpaqları erməni
işğalçılarından tamamilə təmizləndi.
İndi Azərbaycanın Qarabağ torpağında dinc
quruculuq işləri aparılır və əhali
öz-doğma yurd-yuvalarına qayıdırlar.
Vaqif Şirinoğlu
Tarix elmləri doktoru
Xalq Cəbhəsi $g 2024.- 26 dekabr(№46).- S.14.