Oxuyur Azərbaycanın
əməkdar artisti FİRUZƏ İBADOVA...
Birdən elə bilərsiniz ki, düz
danışmıram, vallah yox, bir kəlmə də olsun belə
yalan söyləmirəm. Kimin ki, uşaqlıq illəri Leonid
İliç Brejnevin SSRİ-yə rəhbərlik etdiyi
dövrə düşüb, inanıram ki, bu söhbətimi
inkar etməz.
Sən demə, o dövrün uşaqları
dünyanın ən bəxtəvər uşaqları olublar.
Bu gün altmış yaşa çatsalar da, hələ də
həmin illərin şirinliyindən danışırlar.
İndi bilmirəm, sovet hökuməti yaxşı olub, yoxsa
uşaqlıq illəri gözəl olur?
Nə isə, bu gün sizə, biz sovet
uşaqlarının sevimli müğənnisi, əməkdar
artist Firuzə İbadovadan söhbət açmaq istəyirəm.
Amma etiraz etməsəydiniz, əvvəlcə onun tərcümeyi
halına işıq tutardım...
Firuzə
Böyükağa qızı İbadova 1954-cü ildə
Bakıda dünyaya gəlib. 173 saylı məktəbdə
orta təhsilə yiyələnib. Sonra Azərbaycan
Respublikası Dövlət Teleradio Verilişləri Şirkətində
Əfsər Cavanşirovun uşaq xorunun solisti olub. 1972-ci ildən
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasının "Lalə" qızlar ansamblında,
1976-cı ildən isə Gülarə Əliyeva adına
"Dan ulduzu" ansamblında solistlik edib. 1979-cu ildə Rəşid
Behbudovun mahnı teatrına dəvət olunub. 1980-ci ildə
Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. Görkəmli
sənətkar Şövkət Ələkbərovanın tələbəsi
kimi də tanınır...
Azərbaycan Dövlət
Qastrol-Konsert Birliyinin xətti ilə Azərbaycanın müxtəlif
şəhər və rayonlarında konsert proqramları ilə
çıxış edib. Bundan əlavə, dünyanın
30-dan artıq dövlətində qastrol səfərlərində
olub və Azərbaycan xalq mahnılarının, o cümlədən
Azərbaycan bəstəkarlarının vokal əsərlərini
səsləndirib. 2006-cı ildən respublikanın əməkdar
artistidir...
“Düşünəndə ki, mən də bu
günün “ulduzlarından” olsaydım, həyat tərzim bu
gün onlarınkı kimi olardı, inanın, vicdanım
sızlayır. Yaxşı ki, bu günün “ulduzlarından”
deyiləm. Adıma ləkə yaxılmasını qəbul
edə bilmərəm. Mənim alnım açıqdır. Mən
də bu günün “ulduzlarından” olsaydım, heç bir
çətinliyim olmazdı. Hamı bilir ki, mən ailəmi
necə dolandırıram. Çox çətindir mənim
üçün. Gəlir yerim ancaq toydan aldığım
qonarardır.”- söyləyir…
Comərd insandır, adamlara qarşı çox həssas
və diqqətlidir. Yumşaq təbiəti var. Nəzakətli,
nəcib və xeyirxahdır. İnsanlara etibar etmək, dostlara
inanmaq xüsusiyyəti bəzən onun yanılmasına səbəb
olur və bundan əzab çəkir. Heç kimi təhdid
etmir, çalışır ki, hamı haqqında
yaxşı danışsın, xoş sözlər desin.
Başqalarının problemləri onu, öz çətinliklərindən
daha çox duyğulandırır. Və hər kəsi
olduğu kimi qəbul etməyi bacarır...
Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan
Dövlət Televiziyasının sifarişi ilə 20 Yanvar
şəhidlərinin xatirəsinə yazılmış və
hər il “qara yanvarda” səslənən "Şəhidlər
ağısı" mahnısının
ifaçısıdır. Həmin mahnı AZTV-nin
qızıl fondunda saxlanılır. O, həm də Azərbaycan
klassik bəstəkarlarının yaratdıqları əsərlərin
də ifaçısıdır. Mütəmadi olaraq kütləvi
dövlət tədbirlərinin
iştirakçısıdır. 2016-cı ildən Abdulla
Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının
"Oyuq" studiyasının musiqi rəhbəridir…
Deyir ki,- “Deməzdim, sənət əlimdən nəyisə
alıb. Sadəcə, cılız müğənniciklərə
güzəştə gedib onlara şans verdiyimdən, indi
çətinlik çəkirəm. Amma bu sənət mənə
hörmət bəxş eləyib, sevənlərimin
auditoriyasını yaradıb. Tamaşaçı rəğbəti
qazandırıb. Biz sənət adamları diqqət mərkəzində
olduğumuzdan çalışırıq ki, daxili əzablarımız
pərdə arxasında qalsın, səhnəyə
çıxarkən üzümüz gülsün. Axı
tamaşaçı şux mahnılar dinləmək istəyir.
Bəli, xalq üçün çalışan hər bir sənətkar
tamşaçının arzusunu yerinə yetirməlidir.
Yorğun olsa da, ağrısa da, bunu gizlətmək məcburiyyətindir.
Necə deyərlər, sevincim tamaşaçıların, kədərim
mənimkidir...”
Bəzən romantik duyğuları ona güc gəlir,
özünə qapılıb hey düşünür. Digər
tərəfdən özünü məhdudlaşdırmaqdan
xoşlanmır. Çox çalışqan və
yaradıcıdır. Tez anlama qabiliyyəti var, yaxşı
dinləyicidir. Həmsöhbətini rahat hiss edir.
Düzgün seçim səriştəsinə yiyələnib,
necə deyərlər, dumanın o biri üzünü də
görə bilir. Gözəlliyə qarşı həssasdır,
rahatlığı, lüksü xoşlayır. Məcaraya,
ekzotik yerlərə meyillidir. Bu xüsusiyyətləri onu
sıxıntılardan xilas edir...
“Tanrıma şükürlər olsun! Hərdən
düşünürəm ki, övladlarım çox
olsaydı, nə edərdim. Necə böyüdərdim
onları? Hansı çətinliklərlə üzləşərdim?
Ömür-gün yoldaşın yoxdursa, deməli
dayağın da yoxdur. Xanım müğənni diqqət mərkəzində
olduğundan, ilk növbədə təmiz adını
qorumalıdır. Hər zaman da bunları nəzərə
almışam. İstər mənəvi, istər maddi, istərsə
də psixoloji cəhətdən çox çətindir. Bu
gün şou-biznesdə çox ləkəli insanlar, bu sənəti
ifrat dərəcəyə gətirən qadınlar var. Belə
qadınlara görə çox utanıram. Utanıram ki,
ekrana çıxıb iç dünyalarını, şəxsi
həyatlarını nümayiş etdirirlər. Başa
düşmürlər ki, xalq bizi qınayır. Bizim sənətimiz
çox müqəddəsdir. Səhnə elə-belə
şey deyil. Efir vasitəsi ilə, tamaşaçıdan icazəsiz,
evlərinə girəndə, gərək ağsaqqalı,
ağbirçəyi, uşaqları düşünəsən.
Bizi zirvəyə yüksəldən xalqdır. Adətən
bizi alqışlayan tamaşaçıların
qarşısında minnətdarlıq əlaməti olaraq
baş əyib səhnəni tərk edirik.
Tamaşaçıya baş əymək lazımdır, təhqir
etmək olmaz. Səhnəyə moda göstərmək
üçün deyil, sənət nümayiş etdirmək
üçün çıxarlar.”- söyləyir…
Bəli, uşaqlıq illərim Brejnevin sovet hökumətinə
rəhbərlik etdiyi illərə düşüb. O
dövrün uşaqları üçün,
yaşamağın alayı ləzzəti var idi. Elə ki,
“sehirli qutuda” Rübabə Muradovanın, Şövkət
Ələkbərovanın, Zeynəb Xanlarovanın, Nəzakət
Məmmədovanın konsertləri başlayırdı,
hamımız evə tələsirdik, dinləyib zövq
alırdıq. Və ifasından zövq
aldığımız müğənnilərdən biri də,
Azərbaycan Respublikasının əməkdar artisti Firuzə
İbadova olub...
Fevralın 18-i Firuzə xanımın 70 yaşı
tamam olur. Buna baxmayaraq, hələ də səsinin məlahətini,
çöhrəsinin təravətini itirməyib.
Bu gün mənə, eləcə də həmyaşıdlarıma
yuxu kimi gələn uşaqlıq dövrümüzdə,
gözəlliyi və ifası ilə zövqümüzə
sığal çəkən, bu xanımı yubileyi
münasibətilə təbrik edir, möhkəm can
sağlığı arzulayıram...
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2024.-22 fevral(¹6).- S.15.