Mahir aktyor
Əgər “istedad” sözü “fitri qabiliyyət” mənasını
özündə ehtiva edirsə, bu kəlmənin heç bir
peşəyə aidiyyətı yoxdur. Məsələn,
“istedadlı insan” deyiləndə şair, yazıçı,
rəssam və s. fitri qabiliyyətli adamlar yada düşməlidir.
Aktyorluq istedadın məhsulu deyil, daha doğrusu,
aktyorların istedadlısı olmur, mahiri olur. O da Azərbaycanın
mahir aktyorlarından biridir. Yazıçıların
yaratdıqları obrazları məharətlə
canlandırmağı bacarır...
Uşaqlıq illərində aktyor olmağı
ağlından belə keçirməyib. Arzusu ingilis dili tərcüməçisi
olmaq idi. Məktəbdə oxuyarkən ingilis dili müəllimi
ona deyib ki, tərcüməçi qadın peşəsidir, sən
aktyor olmalısan. Və dərs dediyi müddətdə müəllimi
ona yavaş-yavaş aktyor olmağı aşılayıb. Nəhayət
inandırıb ki, ondan yaxşı aktyor alınar. O da orta təhsilini
bitirəndən sonra bu inamla sənədlərini incəsənət
universitetinə verib və iki il dalbadal qəbul
imtahanlarından kəsilib. Üçüncü il
imtahanları verərək nəticədə universitetə
daxil ola bilib. Beləliklə, 1994-cü ildə universitetin
teatr-kollektivinin rejissoru fakültəsini başa vuraraq ali təhsilə
yiyələnib...
Deyir ki,- “Universitetə imtahan verən zaman məni
aktyorluq imtahanından kəsən müəllim
tamaşaların birində ayağımın altına gül
qoyanda təəccüblənmədim. Bilirdim ki, imtahandan kəsəndə,
o, məni tanımırdı. Əslində, məni imtahandan
kəsməklə böyük kömək etmişdi. Daha da
püxtələşmişdim, daha çox şeyləri
öyrənmişdim. Ömrüm boyu ona minnətdaram.”
Haqqında söhbət açdığım Pərviz
Məmmədrzayev əvvəlcə Azərbaycan Dövlət
Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət
göstərən, 2000-ci ildən dövlət statusu alan
Pantomima teatr-studiyasında çalışıb. 2001-ci ildən
həm də ADMİU-nun “Xoreoqrafiya sənəti və səhnə
plastikası” kafedrasında (Səhnə hərəkəti, səhnə
döyüşü, qılınc təlimi, plastika və
pantomima fənnləri üzrə) və həmçinin
"Musiqili teatr aktyoru" kafedrasında müəllim kimi fəaliyyət
göstərir. 2010-cu ildən müstəqil fəaliyyətə
başlayaraq "Simsar" teatr-studiyasını yaradıb.
Teatr-studiya "Vaqa" adli ilk tamaşasını 2011-ci il
yanvar ayında nümayiş etdirib. 2013-2016-cı illərdə
Akademik Milli Dram teatrının studiyasında ritm və plastika
üzrə müəllim və eyni zamanda həmin teatrın
aktyoru kimi çalışıb. 2017-ci ildən Azərbaycan
Dövlət Muisiqili teatrında aktyor kimi fəaliyyət
göstərir. 2006-cı ildən əməkdar artist, 2018-ci
ildən isə xalq artistidir...
Gənclik dövründə idmanın taekvando
növü ilə də məşğul olub. Bu məşğuliyyət
onu cəngavər kimi yetişdirib. Necə deyərlər,
çevik adamdır. Bu çeviklik onun düşünmə
tərzinə, hadisələri təhlil etmək qabiliyyətinə
də sirayət edib...
“Bir gün zalda məşq edirdim. Bəxtiyar
Xanızadə içəri daxil oldu və mən məşqi
dayandırdım. Bəxtiyar müəllim xahiş etdi ki, məşqi
davam edim. Mən də dayanmadan öz
çıxışımı bitirdim. Sonra o, məni
yanına çağırıb
çıxışımı çox bəyəndiyini dedi:
"Səni indiyə kimi idmançı kimi
tanımışam, bu gün səndə əsl aktyorluq
gördüm". Ardınca da soruşdu ki, nə vaxtsa teatr
yaratsa, məni dəvət etsə gedərəmmi? Təbii
ki, böyük məmnuniyyətlə təklifini qəbul
etdim. Beləliklə, bir müddət sonra Pantomima Teatrı
yarandı və biz orada çıxışlara
başladıq.”- söyləyir...
Güclü improvizə bacarığına, yüksək
səhnə mədəniyyətinə, rolu məharətlə
ifa etmək səriştəsinə malikdir. Geniş
dünyagörüşü var. Məzmunlu və maraqlı
adamdır...
Deyir ki,- “Sənət mənim yaşam tərzimdir. Hər
dəfə səhnəyə çıxanda sevgilimlə
görüşə çıxırmış kimi qəribə
bir həyəcan və həzlə çıxıram. Səhnə
mənim üçün başqa meydandır. Səhnəyə-
içimdəki o sevgiyə, o sevgiliyə heç vaxt xəyanət
etmərəm. Özünə, sənətinə xəyanət
edən adam heç zaman yüksələ bilməz. Teatr ailəmdən
sonra mənim rahat nəfəs aldığım, bütün
gözəl hisslərimin, duyğularımın
yaşandığı bir məkandır. Teatr mənim
üçün həqiqətləri demək,
ağrı-acılarımı dilə gətirmək və ən
əsası sevgimi göstərmək üçün mükəmməl
yerdir...”
Xalq artistinin 53 yaşı tamam oldu. Onu bu münasibətlə
təbrik edir, möhkəm can sağlığı, işlərində
müvəffəqiyyətlər arzulayıram...
Bəli, yalnız mahir aktyorlar istedadın
yaratdığı obrazları məharətlə
canlandıra bilirlər...
Yeni yaşınız mübarək, Pərviz bəy!
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2024.-15 fevral(¹5).- S.15.