Şəxsiyyətini qoruyub saxlayan Miraslan ağa...

 

Bəlkə də iyirmi ilin söhbətidir, o vaxtlar mən “Yardımlı Seyidləri” silsiləsindən kitabçalar nəşr etdirib el-oba adamlarına təmənnasız paylayırdım. Bu ideya təsadüfdən yox, zəruriyyətdən yaranmışdı. “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin insan bankını yaratmaqdan ötrü Sumqayıtda yaşayan yardımlıları siyahıya alırdım, həm də bu işi ona görə edirdim ki, acınacaqlı vəziyyətdə yaşayanlardan, xəstəlikdən əziyyət çəkənlərdən xəbərimiz olsun. Odur ki, bir-bir yurddaşlarımın evinə gedib onları qeydiyyata götürürdüm. Həmin vaxtlar yardımlıların evlərində gördüyüm müxtəlif bögələrdən olan seyidlərin şəkilləri mənə anlatdı ki, bu sahədə qəribə bir boşluq yaranıb. Axı Yardımlının özündə də kəramətli seyidlər çox olub və həmişə də ata-babalarımız onlardan ilham alıblar, yol-yolağlarını gözləyiblər. Beləliklə, kimlərəsə qəribə görünsə də, kəramətli seydlərimizin hər birinin şəklini və haqqında məlumat daşıyan silsilə kitabçalar nəşr etdirmək qərarına gəldim. Və bu kitapçalar ərsəyə gəldikcə yardımlılar arasında təmənnasız paylanırdı. O vaxt haqqında yazdığım seyidlərdən biri də kəramət sahibi Mir Əzizxan ağa oldu...

Onunla ilk dəfə el ağsaqqalı, unudulmaz Nərçə Ağayevin mərhum qızının yas məclisində görüşdük. Məclisin sonunda ağadan xahiş etdim ki, mənə vaxt ayırsın. Əvvəlcə fotostudiyaya gedib iki cür şəkil çəkdirdik. Biri birlikdə, biri isə ağanın tək şəkili. Aşağıda gördüyünüz şəkil birlikdə çəkdirdiyimizdir...

Mir Əzizxan ağa elə bir ruhani idi ki, o, söhbət edən zaman məclis donurdu, zərrəcə başqa bir səs eşidilməzdi. Adamlar onu çox sevirdilər, hörmətini saxlayıb etiram göstərirdilər. Bəli, o vaxt onun da şəklini çoxaldıb, haqqında kitabça ərsəyə gətirdim və tez bir zamanda yas məclislərində yurddaşlarım arasında paylanıldı...

Sonralar insult keçirdiyindən, ağa əziyyət çəkirdi. O zamanlar Mirmahmud ağayla onu yaşadığı Cəlilabad rayonunda ziyarət də etmişdik. Artıq bir neçə ildir ki, sevimli ağamız aramızda yoxdur. Allah rəhmət eləsin!

Nə isə, söhbətimə belə uzaqdan başlamağımın səbəbi var. Əslində, Mir Əzizxan ağanın ocağında böyüyən oğlu Miraslan Əzizxanoğludan danışmaq istəyirəm. Miraslan ağa çox nəcib, nəzakətli, mehriban adamdır. İnanmıram ki, onun əməllərində hər hansı bir naqislik olsun. Nəinki iştirakçısı ola bilər, hətta haradasa Allahın xoşuna gəlməyən bir hadisə olsa, inanın ki, o tərəfə gözucu da baxmaz. Əsl seyidlərə xas olan ağayanəliyini, mehribanlığını, müdrikliyini hər zaman nümayiş etdirir. Şəxsiyyətini qoruyub saxlamağı bacarır. Necə deyərlər, əsl İmam övladıdır...

 Uzun müddətdir ki, mətbuatda çalışır, hazırda Moderator.az saytının admin-redaktorudur. İnanıram ki, işlədiyi kollektivdə onu sevməyən, hörmətini saxlamayan adam tapılmaz...

 Fevralın 15-i Miraslan ağanın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram.

 

Çox yaşa, ağa!

 

Hörmətlə,

Elman Eldaroğlu

Xalq Cəbhəsi .- 2024.-15 fevral(¹5).- S.15.