Böyük İnsan
Deyir ki,- “Yevlaxda
böyümüşəm, səmimi sözümdür,
uşaqlıq illərindən populyar olmuşam. Dərnəklərə
gedirdim, o qədər sevilirdim ki, hətta mənə məxsusi
çıxışlar yazırdılar. Bütün dövlət
tədbirlərinə mütləq dəvət edirdilər. Hətta
tamaşaçılarımın çox olduğunu
görüb, mənim üçün pullu tamaşalar təşkil
etmək istədilər, sonra dedilər, “bu, uşaqdır,
olmaz, istismar sayılar.” Sovet dönəmi idi. Orta məktəbi
bitirəndə raykom qəbuluna çağırıb, mənimlə
söhbət etdi, dedi, sən incəsənət sahəsinə
getməlisən, göndəriş verdi, gəldim İncəsənət
Universitetinə. Riyaziyyatı yaxşı bilirdim, əslində,
riyaziyyatçı, ixtiraçı olmaq istəyirdim. Əvvəl
qəbul eləmək istəmirdilər. Axı aktyor
boylu-buxunlu, yaraşıqlı olmalıdı. Məndə isə
boy yox idi. Kurs rəhbərim vardı, Möhsün Mürsəlov,
rejissor idi. O, məni teatra gətirdi, amma işdən
çıxan kimi məni də uzaqlaşdırdılar. Teatr
sehrli dünyadır, bir dəfə qədəm basdınsa,
daha ayrıla bilmirsən. Elə bil, narkoman kimi
alışırsan ona, unutmaq olmur. Uzun müddət bu səbəblə
iş tapmaqda çətinlik çəkmişəm. Hətta
qəzetlərin birində məsul katib işlədim.
Depressiyadaydım. Bir il sonra mərhum rejissor Hüseynağa
Atakişiyev məni işə dəvət etdi və burada
işə başladım. Mənim üçün xüsusi
rollar yazılırdı. Rəhmətlik məktəb idi.
Neçə-neçə sənətkarın yetişməsində
rolu olub. Ruhu şad olsun!..”
Boyunun ölçüsü əvvəllər onu
çox narahat edib. Tələbə vaxtı günlərlə
otaqdan çölə çıxmırdı,
düşünürdü ki, barmaqla göstərib güləcəklər,
tay-tuşları nəsə xoşagəlməz söz deyəcəklər.
Və bu hisləri yaşaya-yaşaya bacardıqca cəmiyyətdən
uzaq dolanırdı. Sonra taleyi ilə barışıb, ailə
qurdu, oğul-uşaq sahibi oldu. Oğlu orta məktəbdə
oxuyanda bir gün görür ki, anası ilə nəsə
danışır. Həm də məktəbdən
üstü-başı cırılmış halda gəlib.
Kiminləsə dalaşıb. Səbəb isə, hansısa
uşağın ona atasının boyu ilə bağlı
acı sözlər deməsi olub. Səhəri gün
oğlunun əlindən tutaraq məktəbə yollanıb.
Oğlunun dalaşdığı uşağın valideynlərini
də çağırtdırıb. Sinifə girəndə
bütün uşaqlar onu tanıyıb, sevgi ilə
qarşılayıblar. Üzünü uşağın
valideyninə tutaraq deyib,- “Gördünüzmü, sizin
hörmətiniz böyükdür, ya mənim?..”
Elə vaxtlar da olub ki, küçədə
valideyninin əlindən tutub gedən uşaq onu göstərərək
“liliput” deyə çığırıb, valideyni də
baxıb gülüb. Bu istehzalı gülüşə
dözə bilməyib. Həmin valideynə yaxınlaşaraq
deyib ki,- “Sonda kimin necə olacağını Allahdan başqa
kimsə bilməz. Mən bu görünüşü
özüm seçməmişəm. Allah məni belə
yaradıb...”
“Mən bacımla əkiz doğulmuşam. Onun boyu 1 metr
90 sm olar. Görünür, mənim payımı o alıb.
Əkizliyin gətirdiyi defektdir. Səkkiz yaşımda
güclü sarılıq keçirmişəm. Həkim də
səhv müalicə yazıb. Hətta bu səbəblə az
qala həbs olunurmuş, valideynlərim
bağışlayıblar. Ondan sonra boyumun inkişafı lap
dayandı. Bir metr idi boyum. Dəfələrlə Moskvaya
müalicəyə apardılar. Müalicələrdən
sonra bir qədər boyum uzandı. Amma 145 santimetrdən o yana
inkişaf getmədi. Əvvəllər çox narahat olsam da,
artıq buna alışmışam.”- söyləyir.
Həyatı maraqlı hadisələrlə zəngindir.
Orta məktəbdə oxuyarkən bir qıza aşiq olub.
Qız da bu sevgiyə biganə deyilmiş. Tez-tez qızın
yaşadığı Yevlaxın Ermənikənd deyilən qəsəbəsinə
gedib, qızgilin evlərinin həndəvərində gəzib
dolaşırmış. Bir gün axşamüstü ona bir nəfər
yaxınlaşaraq soruşub ki, sən kimsən, bura toyuq,
hindquşu oğurlamağa gəlmisən? O da, cavabında
deyib ki, yox e, mən filankəsin oğluyam, burada adam gözləyirəm.
Həmin adam ona inanmayıb, cibindən bıçaq
çıxararaq böyrünə dirəyib. Vurmaq istəyəndə-
yaxında bir tanış yaşayır, gedək onlara, mənim
kim olduğumu sənə desin- söyləyib. O da,
palçıqda onu sürüyə-sürüyə,
darta-darta aparıb dediyi ünvana. Üst-başı it
günündəimiş. Ev sahibi onu tanıyandan sonra, o adam,
heç nə demədən çıxıb gedib...
Haqqında söhbət açdığım Natiq Fərzəliyev
1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olub. 1987-ci ildə
M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif
fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət
Gənclər Teatrının aktyorudur. Bu teatr 2009-cu il may
ayının 1-dən Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı adlanır. Ona yaxın filmdə
çəkilib, iyirmidən çox tamaşada əsas
rolları ifa edib...
Arzuları çoxdur, bitib-tükənməz. Həm
sənəti ilə bağlıdır və həm də
şəxsi həyatı ilə.
Deyir ki,- “Tay-tuşlarım çoxdan baba olublar. Bir həmyaşıd
dostumun artıq 10 nəvəsi var. Hamıya hüzur, sevinc,
ailə xoşbəxtliyi, oğul-uşaq toyu arzu edirəm, mən
də onların içində...”
Bu gün- fevralın 1-də Natiq Fərzəliyevin 61
yaşı tamam olur. Ona möhkəm cansağlığı,
yaradıcılıq uğurları, ən başlıcası
baba olmağı arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2024.-1 fevral(¹4).- S.15.