Bakı COP29-a tam hazırdır

 

 

Bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Bak möhtəşəm tədbirə hazırlıq işlərini davam etdirir. Artıq dünyanın diqqəti noyabrda Bakıda keçiriləcək beynəlxalq tədbirə yönəlib.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının bütün dünyanı Cənubi Qafqaza gətirdiyi üçün qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcəyini bildirib.

Bu barədə o, sosial şəbəkədə yazıb.

"COP29-un davamı olaraq Azərbaycan 2026-cı ildə UNEP (BMT-nin Ətraf Mühit Proqramı – red.) ilə birlikdə Ümumdünya Ətraf Mühit Gününə, BMT-nin Məskunlaşma Proqramı ilə Ümumdünya Şəhər Forumuna ev sahibliyi edəcək. Azərbaycan münaqişənin başa çatmasından sonra daha qlobal xarici siyasətə keçdiyi və bütün dünyanı Cənubi Qafqaza gətirdiyi üçün qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək", – o qeyd edib.

Onu da qeyd edək ki, COP29-da iştirak etmək üçün bir çox dövlət və hökumət başçılarına dəvətlər göndərilib. Bu tədbir beynəlxalq təşkilat və qurumların da marağına səbəb olub və rəsmi Bakının hazırlığını diqqətlə izləyirlər.

Hətta BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak etmək üçün Bakıya səfər etməyi planlaşdırır.

O, TASS-a verdiyi müsahibəsində bildirib: “Mən hər zaman COP konfranslarında iştirak edirəm, bu tədbirlərin əvvəlinə və sonuna gəlirəm”, - o vurğulayıb.

O, qeyd edib ki, Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmaqla iqlim sahəsi istiqamətində ədalətli qərarların verilməsi üçün ciddi tədbirlər görülməlidir.

Onun sözlərinə görə, alimlər ilk dəfədir ki, yaxın bir neçə il ərzində qlobal istiləşmənin 1,5 dərəcədən çox olacağını müşahidə ediləcəyini söyləyiblər: "Amma bu o demək deyil ki, bu istiqamətdə dəyişikliyə nail ola bilmərik”.

O, insanlığın tarixin çox dramatik anında olduğunu bildirib: “Mən bu konfransda bəzi ciddi tədbirlərin görülməsini istərdim. Lakin bundan çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmaqla iqlim sahəsi istiqamətində ədalətli qərarların verilməsi üçün ciddi tədbirlər görülməlidir. Bu, həm dəniz səviyyəsinin yüksəlməsinin təsir göstərdiyi kiçik adalara, həm də quraqlığın əhaliyə dağıdıcı təsir göstərdiyi Afrika ölkələrinə aiddir”.

A.Quterreş qeyd edib ki, inkişaf etmiş ölkələr öhdəliklər götürməli və iqlim dəyişikliyinin təzyiqi altındakı inkişaf etməkdə olan dövlətlərin üzləşdiyi problemlərin həllinə daha səmərəli töhfə verməlidirlər.

Bir çox dövlətlər kimi ABŞ da Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu keçirilməsində dəstəkləyir.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlərə açıqlamasında deyib: “ABŞ Azərbaycanın bu razılaşmada oynadığı rolu qətiyyətlə dəstəkləyib. İmkanlarımız daxilində konsultasiya və texniki dəstək verdik. Hesab edirik ki, iqlim dəyişikliyi dünya üçün əsas problemdir. COP29 isə bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi və iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması üçün vacib olan bəzi məsələlər üzrə real irəliləyiş əldə etmək imkanı verir. Buna görə də Azərbaycanın bu istiqamətdə irəliləməsi bizi ruhlandırır”, - o vurğulayıb.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson isə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə birgə mətbuat konfransı zamanı deyib ki, noyabrda Bakıda təşkil olunacaq COP29-un uğurla keçirilməsi üçün Azərbaycan çox böyük hazırlıq işləri görür.

“UNEP Bakıda COP29-un uğurla keçirilməsini təmin etmək üçün bütün imkanlarından istifadə edəcək”, - o vurğulayıb.

İ.Andersen qeyd edib ki, ölkə iqlim böhranını aradan qaldırmaq üçün çox çalışır: “Azərbaycan bu məsələdə çox işlər görür. Mən Azərbaycanın təbiətini, sərvətlərini, biomüxtəlifliyini qorumaq üçün hansı addımlar atdığını gözlərimlə gördüm. Buna görə də biz bu liderliyə görə Azərbaycana minnətdarıq və bütün dünya sizin gözəl şəhərinizə toplaşdığı zaman COP29-u səbirsizliklə gözləyirik”.

İcraçı direktor vurğulayıb ki, BMT-nin Ətraf Mühit Proqramının əməkdaşları bu layihənin uğurunu təmin etmək üçün mümkün olan hər şeyi edəcək: “Biz danışıqlara hazırlaşmaq üçün 80-dən çox ölkə ilə çalışırıq. Biz bir çox ölkələrdə geniş layihələr portfeli ilə işləyirik. Təbii ki, biz burada - Bakıda qəbul edilməsi planlaşdırılan maliyyə paketinin qəbul edilməsini və ədalətli olmasını təmin etmək əzmindəyik”.

O, qeyd edib ki, biz UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq. Hər COP konfransının özünəməxsus xarakteri var.

“İqlim məsələsinə gəldikdə isə Azərbaycan lider ölkə sayıla bilər. Azərbaycan COP29 konfransına ev sahibliyi etmək üçün könüllü təşəbbüs göstərdi. Bu tədbirə ev sahibliyi edən hər bir ölkə öz səxavətliliyini, xeyirxahlığını və liderliyini nümayiş etdirir. Bu COP konfransında biz Azərbaycanın ruhunu və mədəniyyətini hiss edirik. Biz bilirik ki, Bakı Olimpiya Stadionu COP tədbiri çərçivəsində möhtəşəm bir məkana çevriləcək. Həmçinin başa düşürük ki, Azərbaycan öz tarixini, ənənələrini və milli təamlarını nümayiş etdirmək niyyətindədir. Bütün dünya ictimaiyyəti bunu səbirsizliklə gözləyir”, - İ.Andersen bildirib.

UNEP-in icraçı direktoru Azərbaycanın yaşıl enerjiyə 2 milyard dollar sərmayə yatırdığını, neft ölkəsi olaraq ətraf mühitin mühafizəsi sahəsində böyük addımlar atmaqda olduğunu qeyd edib.

İnger Anderson “X” sosial şəbəkəsindəki hesabında yazıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iqlim fəaliyyəti istiqamətində böyük hədəfləri var.

“Yeni maliyyə hədəfləri: Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC), metanla mübarizə, şəffaflıq və s. üçün təkan yaratmaq. COP29-un iqlim fəaliyyəti istiqamətində böyük hədəfləri var. Əməkdaşlığın təfərrüatlarını müzakirə etmək üçün COP29-un prezidenti, nazir Muxtar Babayevlə görüşməyimə şadam”, - o qeyd edib.

İ.Andersen vurğulayıb ki, UNEP Tərəflər Konfransının uğurlu keçirilməsini dəstəkləmək üçün COP29 komandası ilə çalışacaq: Ümumdünya Ətraf Mühit Gününün Azərbaycanda qeyd olunması UNEP-in alqışladığı böyük təşəbbüsdür. 2026-cı il iyunun 5-də bütün dünya nəzərlərini Azərbaycana çevirəcək, çünki həmin gün ölkədə Ümumdünya Ətraf Mühit Günü qeyd olunacaq. Biz həmçinin elektromobillik məsələləri üzərində işləyirik və ölkəni iqlimlə bağlı işlərində dəstəkləyirik. Təbii ki, biz indi iqlimlə bağlı hava hadisələri üçün erkən xəbərdarlıq sistemləri ilə əlaqədar proqrama, eləcə də uyğunlaşma və maliyyələşdirmə ilə bağlı daha geniş proqrama böyük maraqla nəzər yetiririk”, - o vurğulayıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan bu tədbirin bütün dünya üçün çox əhəmiyyətli fəaliyyət olduğunu bilir və hazırda bu istiqamətdə atdığı addımlar çox təqdirəlayiqdir.

Bunu isə Kanadanın Türkiyə, Gürcüstan və Azərbaycan üzrə səfiri olan (iqamətgahı Ankarada yerləşir) Kevin Hamilton bildirib.

"Bu baxımdan, əminəm ki, Bakı dünyanın böyük dövlətlərinin də iştirak etdiyi bu möhtəşəm tədbirin öhdəsindən uğurla gələcək. Kanadanın nümayəndə heyəti də COP29-da təmsil olunacaq", - səfir vurğulayıb.

K.Hamilton əlavə edib ki, etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmək üçün gələn həftə Bakıya səfər edəcək.

Yeri gəlmişkən, COP29 Məlumat Mərkəzi fəaliyyət göstərəcək. COP29 Məlumat Mərkəzinin açılışında iştirak edən COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə müsahibəsində deyib ki, mərkəzdə könüllülər və mütəxəssislər çalışacaq, ziyarətçilərə Azərbaycanda keçiriləcək həmin mötəbər tədbirlə bağlı məlumat verəcəklər.

"COP29 Məlumat Mərkəzi Bakıda ilk tanıtım mərkəzidir. Hesab edirəm ki, bu, həm öz vətəndaşlarımızın, həm də ölkəmizin hər bir qonağının COP tarixi, eləcə də COP29-la bağlı ətraflı məlumat alması və proseslərdən məlumatlı olması üçün yaxşı imkandır", - nazir bildirib.

M.Babayevin sözlərinə görə, qonaqlar Azərbaycanın təbiəti, ictimai həyatı, ölkəmizdə həyata keçirilən dövlət proqramları barədə informasiya əldə edə biləcəklər.

 

Cavid

Xalq Cəbhəsi.-  2024.-4 iyul,¹22.- S.13.