Tovuz döyüşləri qələbəmizin təməli
oldu
Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə
bir döyüş də - Tovuz döyüşləri də
qızıl hərflərlə yazıldı. Bu
döyüşlərdə ordumuzun qələbəsindən
artıq 4 il ötür. Ordumuzun Böyük Qələbəyə
doğru irəliləməsi 2016-cı il şanlı Aprel
döyüşlərindən, 2018-ci il Naxçıvanda
uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz
döyüşlərindən keçdi. Xüsusilə, atəşkəsin
imzalanmasından 22 il sonra başlanan Aprel döyüşlərində
Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı
nəticəsində Ermənistan hərbi birləşmələrinə
ağır zərbələr vuraraq məğlubiyyətə
uğratdı. Bununla da "qüdrətli", "yenilməz"
Ermənistan ordusunun mifi darmadağın oldu.
Xatırladaq ki, 2020-ci il iyulun 12-də günorta
saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin
bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin
Tovuz rayonu istiqamətində mövqeləri ələ
keçirmək məqsədi ilə atəşkəs rejimini
kobud şəkildə pozub, növbəti dəfə hərbi
təxribat törədərək iriçaplı
pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən,
minaatanlardan və digər artilleriya qurğularından istifadə
etməklə mövqelərimizi atəşə tutub,
hücuma keçmək cəhdi edib.
Bir neçə gün davam edən döyüşlər
zamanı hücum cəhdinin qarşısı alınıb,
düşmənə sarsıdıcı zərbələr
endirilib.
İyulun 12-də Ermənistan silahlı qüvvələrinə
aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr
etdiyi müşahidə olunub. Həmin günü düşmən
dövlət sərhədində irimiqyaslı təxribata əl
atıb. Amma düşmənin bu təxribatının
qarşısı alınıb və dayaq nöqtələri,
yüzlərlə hərbi qulluqçusu məhv edilib.
Tovuz döyüşlərinin ilk günündə
düşmən təxribatının qarşısı
alınarkən Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu -
çavuş Vüqar Sadıqov, baş əsgər Elşad
Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhidlik
zirvəsinə yüksəlib, daha 5 nəfər yaralanıb.
Yaralı əsgərlərdən biri daha sonra
aldığı xəsarətlərdən
dünyasını dəyişib. Döyüşlər
zamanı Ermənistan ordusunun şəxsi heyəti
çoxsaylı itki verib.
Tovuz istiqamətində gərginlik iyulun 13-nə
keçən gecə də davam edib. Artilleriya, minaatan və
tankların tətbiqi ilə gedən gecə döyüşlərində
Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin
dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi
hissəsi ərazisində avtomobil texnikası və canlı
qüvvəsi məhv edilib. Amma düşmən öz itkilərini
gizlətməyə cəhd göstərib. Həmin gün
Tovuz istiqamətində ağır artilleriya qurğuları
yenidən işə düşüb. Döyüş
zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar
Quşçu və Ağdam kəndlərini də atəşə
tutub.
Tovuz döyüşləri iyulun 14-də də davam
edib. Belə ki, düşmən iyulun 14-ü səhər
saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli
kəndlərini iriçaplı silahlardan və artilleriya
qurğularından atəşə tutub. Düşmənin təxribat
xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun
general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, həmçinin
hücumun qarşısını alarkən daha 5 hərbi
qulluqçu şəhid olub. Ermənistanın
hücumları nəticəsində rayonun Ağdam kənd
sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirilib.
Həmin gün axşam saatlarında döyüşlər
səngiyib və cəbhədə nisbi sakitlik yaranıb.
İyulun 15-də toqquşmalar səngisə də, iyulun
16-sı səhər saatlarında döyüşlər yenidən
başlayıb. Həmin günü Azərbaycan Ordusunun bir hərbi
qulluqçusu şəhid olub. Düşmənin isə xeyli
sayda hərbçisi və texnikası məhv edilib.
Tovuz döyüşləri iyulun 17-də Azərbaycan
Ordusunun qələbəsi ilə yekunlaşıb və
heç bir ərazi itkisi olmayıb. Döyüşlərdə
Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad
Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov,
mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir
İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş
Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov,
müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçusu, əsgər Elçin Mustafazadə, müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər
Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov
qəhrəmancasına şəhid olub.
Tovuz döyüşləri zamanı böyük insan
izdihamı ilə Azərbaycan Ordusuna dəstək
aksiyaları keçirilib. İyulun 14-də Bakıda
Silahlı Qüvvələrə və Ali Baş Komandana
çoxminlik dəstək yürüşü baş tutub.
Yürüşdə xalq Azərbaycan Ordusunun və Ali Baş
Komandanının yanında olduğunu, onu dəstəklədiyini
yüksək səviyyədə bəyan edib. Prezident İlham
Əliyevin çağırışına səs verən on
minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
qeydiyyatda olduqları şöbələrinə müraciət
edərək könüllü olaraq döyüşlərdə
iştirak etmək arzularını bildiriblər.
Beləliklə, qələbə ilə yekunlaşan 5
günlük Tovuz döyüşləri Azərbaycanın
uzun illər işğal altında olan torpaqlarının azad
edilməsinə yol açıb. Avqust ayında isə Ermənistan
silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun
komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen
Alaverdiyan Azərbaycan Ordusu tərəfindən həyata
keçirilmiş tədbirlər nəticəsində müəyyən
edilərək saxlanılıb.
2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycan
Ordusu tərəfindən düşmənin təxribatlarına
qarşı əks-hücum əməliyyatlarına
başlanılıb. 44 gün davam edən Vətən
müharibəsi nəticəsində Azərbaycanın 30 ilə
yaxın işğal altında olan torpaqları azad edilib.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da
imzaladığı sərəncamlarla Polad Həşimov və
İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı
adı verilib.
Ermənistan silahlı qüvvələrinin intensiv atəşə
tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar
Quşçu, Vahidli, Əlibəyli, Yuxarı
Öysüzlü və Aşağı Öysüzlü kəndlərində
mülki əhaliyə dəymiş ziyanın aradan
qaldırılması məqsədi ilə Azərbaycanın
2020-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar
Nazirliyinə 1 milyon manat vəsait ayrılıb. Düşmənin
Tovuzda dağıtdığı evlər və digər
obyektlər bərpa edilib.
Hərbi ekspert Şair Ramaldanov bildirib ki, 12 iyul 2020-ci
ildə Tovuz rayonunun Ermənistanla sərhədində
düşmən tərəfindən yaradılan gərginlik və
Azərbaycan ordusunun buna adekvat cavab verməsi artıq Vətən
müharibəsinə və qələbəmizə gedən yolun
başlanğıc rolunu oynayırdı.
Onun sözlərinə görə, artıq Tovuz
döyüşləri zamanı hamıya aydın olmuşdu
ki, Ordumuz tez bir zamanda hərbi güc tətbiq etməklə
torpaqlarımızı işğaldan azad edəcək: “Yəni
xalqın içində belə ab-hava var idi. Mən deyərdim,
hələ Tovuz döyüşlərinə qədər də
xalqda belə bir düşüncə var idi. Çünki
Tovuz döyüşləri kimi hadisələr 30 illik
işğal dövründə də olub. Ancaq xalqın müəyyən
proseslərə dözümsüzlüyünün bir pik həddi
olur. Bu özünü məhz Tovuz döyüşlərində
göstərdi. Artıq xalq bundan o tərəfə yolun
qalmadığını düşündü. Tovuz
döyüşlərindən sonra Azərbaycan Prezidenti də
bildirdi ki, artıq diplomatiya bitib".
"Güc tətbiq etmək üçün ilk
növbədə siyasi arenada əlverişli geosiyasi şəraitə
nail olmaq lazımdır. Çünki Azərbaycan kiçik
dövlətdir. Buna görə də, böyük dövlətlər
və oradakı erməni diasporunun təsirini minimuma endirmək
üçün ilk növbədə diplomatik sahədə qələbə
qazanmaq lazımdır. Mən deyərdim, cənab Prezident ilk qələbəni
məhz diplomatiya sahəsində əldə etdi. Tovuz hadisələri
zamanı biz böyük dövlətlərin yanımızda
olmağını da gördük. Qardaş ölkə
Türkiyə açıq-aydın dedi ki, "mən Azərbaycanın
yanındayam". Türkiyə qeyd edirdi ki, "bu məsələni
Azərbaycan-Ermənistan təkbətək həll etməlidir.
Ancaq nə zaman Azərbaycanın haqq işinə kənardan
müdaxilə edilsə, Türkiyə Azərbaycanın
yanında olacaq". Bu olduqca mühüm mesaj idi. Eyni zamanda,
nüvə silahına sahib böyük islam dövləti olan
Pakistan Azərbaycanın yanında oldu. Artıq geosiyasi arenada
müharibəyə hazırlaşan Azərbaycan
özünü tək yox, arxalı hiss etdi. Bu həm də
risklərin minimuma enməsinə kömək etdi. Biz bilirdik
ki, arxamızda böyük dövlətlər var”,- deyə
Ş.Ramaldanov vurğulayıb.
Tovuz döyüşləri ölkəmizdə xalq və
Prezident, xalq və ordu birliyinin yenidən təcəssümünə
çevrildi. Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan
ordusu onun gücü qarşısında aciz və zəifdir.
Cavid
Xalq Cəbhəsi .- 2024.- 11 iyul, №(23).- S.9.