İnsanın əsl ömrü xatırlandığı qədərdir

 

Unudulmaz Turan sevdalısı, ziyalı qayəsi xaliqə məhəbbət, xilqətə mərhəmətdən, Vətən sevgisindən yoğrulmuş dəyərli aydınımız, şair-publisist Şöhlət Əfşarla (Axundov Şöhlət Əşrəf oğlu) bağlı yazmağı özümə borc bildim. Fikrimi iki illik zaman məsafəsindən geriyə - Şöhlət Əfşarlı günlərə günlükləyirəm. 2022-ci ilin 29 yanvar tarixində Dünya Əfşarlar Birliyinin təsis olunmasının 6 illiyi münasibətilə Türkiyəyə yola düşdü... O vaxt fərəhlə, qürurla yazmışdım: Əziz Dünya Əfşarlar Birliyinin təmsilçiləri, əziz Türk sevdalıları, hər birinizi Böyük Türk ruhunun işığında sevgi-sayğılarla salamlayıram.

Ariflərin təfəkkür süzgəcindən keçib-gələn bir el deyimi var: Yol gedənindir. Siz artıq birlik olaraq 6 illik bir yol keçmisiniz. Fərəhli haldır ki, kecilən yol məsuliyyəti qədərincə şərəflidir.

Dünya Əfşarlar Birliyi türkçülük məfkurəsinin təqdiri və təlqini yönündə dəyərli işlər görməkdə, türk törəsinin təbliğində mühüm addımlar atmaqdadır Təbii ki, bu işin uğurlu olmasını şərtləndirən mühüm cəhətlərdən biri möhkəm, dürüst təməldən boy göstərməsidir.

Tarixdə türk-hökmdar imzası olan, təqribən 37 il at belində döyüşlərə qatılan, Əfşar İmperatorluğunun qurucusu Nadir Şah Əfşarın belə bir deyimi var: “Mənim kimliyimi bilmək istəyən mənim həyatımı bilməlidir ki, kimliyimi dərk etsin”.

Bax, bu möhtəşəm fikrin ehtiva etdiyi bir yoldu Dünya Əfşarlar Birliyinin amalı...

Türk məfkurəsi, ağsaqqal düşüncəsi işığında amalınız, amacınız, yönünüz, yolunuzu, 6 illiyinizi qutlayıram.

Vətənə dönməsini səbirsizliklə gözləyirdik, əvəzində hər birimizi sarsıdan bir xəbər aldıq: “Türk Ağsaqqallar Birliyinin Təşkilat Komitəsinin üzvü, Dünya Əfşarlar Birliyinin Azərbaycan təmsilçisi, şair-publisist Şöhlət Əfşar Türkiyənin Adana şəhər xəstəxanasında ürək tutmasından dünyasını dəyişib”.

Əzizimizin vida günündə duyğularıma bülənd olan əbədi ayrılığın acısı, “Səs çəkib söz” göynərtisi ilə Şöhlət Əfşarın da könül verdiyi sözə sığındım:

 

Səs çəkib söz, qara geyib,

Şöhlət Əfşar vidasına...

Qəfil xəbər qəddin əyib,

Yas tutubdur sevdasına.

“Dərdnamə” nin böynu bükük,

Sanki qoyub dərdi dəmə.

Bu ayrılıq, acı böyük...

Misra-misra batdım qəmə.

Bu dünyanın havasına

Oynamadı əzəl-axır.

Bələnib haqq həvəsinə,

Kitablardan sözü baxır...

Söz “Dodaqdan könüllərə”

Səpilibdir narın-narın.

Söz qoşduğu tər güllərə,

Qərq edibdir el məzarın...

Şöhlət Əfşar qürub edib,

Şair nuru günəş sayaq...

Söz qalası qurub-gedib,

Zirvəsində şanlı bayraq...

 

Müdriklərin işıqlı idrakından süzülərək hasil olan qənaətə görə, insanın əsl ömrü xatırlandığı qədərdir. O da ola Söz Adamı...

Bənzərlik məqamında bir müqayisə təsəllimə dönür. İlahi qüdrətlə günəş hər sabah sökülən dan yerindən səhərin şəfəqləri ilə boy göstərir və zamanın axarında, vaxt-vədəsində isə üfüqlərdə qürub edir... Dünyanın bu əzəli-əbədi mənzərəsi yaranışdan beləcə sərgilənib dövr etməkdədir. Günəş doğur və qürüb edir... Düşünürəm ki, işıqlı insanlar da belədir. Həyata vida desələr də, yaddaşlara köçən əməlləri ilə yenidən doğulurlar. Belələri sanki günəştək qürüb edir. Unudulmaz dostumuz Şöhlət Əfşar ədəbi irsi, xeyirxah əməlləri ilə el yaddaşında abidəyə dönüb və əbədiyyət üfüqlərində günəş timsalındadır...Əbədiyyət ünvanın nurlu, ruhun şad olsun, unudulmaz DOST!

 

Tapdıq Əlibəyli

Xalq Cəbhəsi.- 2024.- 6 iyun,¹19.- S.15.