Qeyri-neft sektorundan vergi yığımları artır
2024-cü ilin yanvar-may ayları ərzində
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
xəttilə dövlət büdcəsinə 7 milyard 499
milyon manat vergi daxil olub. Dövlət büdcəsinə
proqnozdan əlavə 1 milyard manatdan çox vəsait ödənilib.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 5,2 milyard manatdan çox olub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
bu sektordan vergi daxilolmaları 634,7 milyon manat və ya 13,8 faiz
çoxdur. Ödənilən vergilərin 69,9 faizi
qeyri-neft-qaz sektorunun, 30,1 faizi isə neft-qaz sektorunun payına
düşüb.
Qeyri-neft sektorundan vergi yığmlarının
artması diqqət çəkən məqamdır. Bu, məntiqlə
bu sektorda əlavə dəyərin yaranmasında artımla
birbaşa bağlı olmalı, digər tərəfdən
iqtisadiyyatın “ağardılması” siyasəti, kölgə
iqtisadiyyatının şəffaflaşdırılması ilə
əlaqələndirilə bilər. Digər mühüm bir məqam
ondan ibarətdir ki, sahibkarların da sayında artım var.
Ölkədə vergi ödəyicilərinin sayında
artım müşahidə edilir ki, bu da yaxşı tendensiya
hesab oluna bilər. Belə ki, 2024-cü il aprel ayının
1-nə respublika üzrə uçotda olan 1,538 milyon vergi
ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi
hüquqi şəxslər və digər təşkilatlar
olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə
vergi ödəyicilərinin ümumi sayı 7,5 faiz, o cümlədən
fiziki şəxslərin sayı 7,4 faiz (ümumi
artımın 86,5 faizi), hüquqi şəxslərin sayı
isə 8 faiz (ümumi artımın 13,5 faizi) artıb. Vergi
ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin
xüsusi çəkisi 12,7 faiz olub. Kommersiya
qurumlarının sayı 179.026 vahid təşkil edib və
2023-cü ilin müvafiq dövrünə nisbətən 8,7
faiz artıb.
2024-cü ilin yanvar - mart aylarında 2.825 vahid kommersiya
qurumu dövlət qeydiyyatından keçib ki, bunun da
2.544-ü (90,1 faiz) yerli investisiyalı, 281-i (9,9 faiz) xarici
investisiyalı qurumlardır. Dövlət qeydiyyatından
keçmiş kommersiya qurumlarının 2.198-i (77,8 faizi)
elektron qaydada, 627-si (19,3 faizi) kağız
daşıyıcılarda edilmiş müraciətlər əsasında
qeydə alınıb, onların 738-nin (ümumi qeydiyyatın
22,2 faizinin) ƏDV-nin məqsədləri üçün
qeydiyyata alınması təmin edilib. Yanvar - mart ayları ərzində
qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli
cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi
86,8 faiz təşkil edib. Kommersiya qurumlarının 2.198-i
elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 1.892-si Asan imza,
306-sı yeni üsul ilə edilmiş müraciətlər əsasında
qeydə alınıb. Dövlət qeydiyyatında olan
kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin
sayı 36134 vahid təşkil edərək 2023-cü ilin
müvafiq dövrü ilə müqayisədə 14 faiz
artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda
xüsusi çəkisi 31,5 faiz təşkil edib.
Bunlarla yanaşı, Dövlət Vergi Xidməti tərəfindən
ölkədə yeni nəsil nəzarət-kassa
aparatlarının (NKA) tətbiqi istiqamətində işlər
davam etdirilir. İndiyədək ölkə ərazisində
98.346 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə
NKA-lardan istifadə hesablaşmaların daha şəffaf
aparılmasına, malların qanunsuz dövriyyəsinin
qarşısının alınmasına və dövriyyəyə
nəzarətin təmin edilməsinə imkan yaradıb.
2024-cü ilin yanvar-may ayları ərzində yeni nəsil
NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9
milyard 355,6 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin
müvafiq dövrü ilə müqayisədə 864,4 min
manatdan, yaxud 10,2 faizdən çoxdur.
Nağdsız ödəmələrin xüsusi çəkisi
də yüksəlir ki, bu da qeyri-neft sektorundan vegi
yığımlarının artımına təsir edir. Bu
ilin yanvar-may ayları ərzində pərakəndə ticarət
və iaşə obyektlərindən alınmış mallara
(neft və qaz məhsulları, avtomobillər, alkoqollu
içkilər və tütün məmulatları istisna
olmaqla), eləcə də səhiyyə müəssisələri
və özəl tibbi praktika ilə məşğul olan
fiziki şəxslər tərəfindən göstərilən
xidmətlərə görə ödənilmiş ƏDV-nin
74,02 milyon manatı fiziki şəxs olan istehlakçılara
geri qaytarılıb. “ƏDV geri al” layihəsinin
reallaşdırılması nəticəsində pərakəndə
ticarət, iaşə və tibb xidmətləri sahələrində
nağdsız ödəmələrin xüsusi çəkisi
əhəmiyyətli şəkildə yüksəlib. Bundan
başqa, ölkə ərazisində bina tikintisi fəaliyyəti
ilə məşğul olan şəxslərdən
nağdsız qaydada alınmış yaşayış və
qeyri-yaşayış sahələrinə görə ödənilmiş
ƏDV-nin “ƏDV geri al” layihəsi çərcivəsində
qaytarılan həcmi yanvar-may aylarında 8 milyon 169,2 milyon
manat təşkil edib.
2024-cü il iyunun 1-nə aktiv vergi ödəyicilərinin
sayı ilin əvvəli ilə müqayisədə 1,7 faiz
artaraq 775 min, aktiv ƏDV ödəyicilərinin sayı 6,7
faiz artaraq 48,8 min təşkil edib. Aktiv təsərrüfat
subyektlərinin (obyektlərinin) sayı isə 1,4 faiz artıb
və 207,4 min olub. Yanvar-may aylarında 250 mindən çox
Asan İmza sertifikatı verilib. Vergi ödəyicilərinə
xidmət mərkəzlərində ümumilikdə 289.929
şəxs qəbul edilib və onlara 437.692 sayda xidmət
göstərilib. Göstərilən xidmətlərin 164 mindən
çoxu şifahi (vergi qanunvericiliyi və
inzibatçılığı ilə əlaqədar
sualların cavablandırılması), 96 mindən çoxu isə
elektron xidmətlərə (bəyannamələrin və
hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına
və elektron formada göndərilməsinə köməklik
göstərilməsi) aiddir. Ümumi elektron xidmətlərin
89,1 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin
verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil
edib: bəyannamələrin (hesabatların), habelə cari vergi
ödəmələrinin hesablanması barədə
arayışın vergi orqanlarına təqdim edilməsi; vergi
ödəyicisinin fəaliyyətinin dayandırılması;
sadələşdirilmiş vergi üzrə sabit məbləğin,
məcburi dövlət sosial sığorta və icbari tibbi
sığorta haqqının ödənilməsi haqqında qəbzin
verilməsi; asan İmza sertifikatlarının verilməsi;
fiziki şəxsin uçota alınması və yenidən
uçota alınması; vergi ödəyicisinin uçot məlumatlarının
dəyişdirilməsi; vergi ödəyicisinə
arayışların verilməsi; vergi ödəyicisinin fəaliyyətinin
bərpası; fiziki şəxsin uçotdan
çıxarılması. Vergi ödəyicilərindən
daxil olmuş 15 mindən çox yazılı müraciət
cavablandırılıb, onlara 5 milyondan çox məlumatlandırma
xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
2598 vergi ödəyicisinin iştirakı ilə 143
görüş keçirilib, 2.371 vergi ödəyicisinə
ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin
məlumatlandırılması məqsədilə onların
mobil nömrələrinə 1 milyon 257 mindən çox SMS
göndərilib.
Bunlarla yanaşı, 5 ilə yaxın bir müddətdə
həyata keçirilən təşviq əsaslı vergi siyasəti
əmək bazarında əhəmiyyətli dəyişikliklərə
səbəb olub. Dövlət Vergi Xidməti tərəfindən
iş yerlərinin rəsmiləşdirilməsi, əmək
haqqı fondunun “ağardılması” və şəffaflılığın
təmin edilməsi istiqamətində həyata keçirilən
tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək
müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə
müqayisədə 437.194 vahid artıb və 2024-cü il
aprelin 1-nə 1.839.109-a çatıb. Qeyri-neft sektorunun özəl
bölməsində isə həmin göstərici 386.253 vahid
artaraq 926.175 olub. 2024-cü ilin birinci rübü ərzində
qeyri-neft sektorunun özəl bölməsində 28.231 yeni əmək
müqaviləsi bağlanıb.
Diqqət çəkən məqamlardan biri də
ondan ibarətdir ki, məlum islahatlardan sonra Naxçıvanda
da aktiv vergi ödəyicilərinin sayı çoxalır.
Naxçıvan Muxtar Respublikasında 1 iyun 2024-cü il tarixinə
aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə
müqayisədə 17,8 faiz artaraq 18.258 olub. Hesabat
dövründə aktiv ƏDV ödəyicilərinin sayı
18,2 faiz artıb və 506 təşkil edib. Aktiv obyektlərin
(təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli
ilə müqayisədə 7,2 faiz artaraq 5709-a çatıb.
Bu ilin əvvəlindən Naxçıvan Muxtar
Respublikasında 2926 yeni vergi ödəyicisi qeydiyyata
alınıb. Bunların 2.790-ı fiziki şəxslər,
136-sı isə hüquqi şəxslər və digər təşkilatlar
olub. Ötən ilin eyni dövrü ilə müqayisədə
qeydiyyata alınmış vergi ödəyicilərinin sayı
19,1 faiz artıb. Cari ilin birinci 5 ayında kommersiya
qurumlarının 72,3 faizi elektron qaydada, 27,7 faizi isə
kağız daşıyıcılar vasitəsilə
müraciətlər əsasında uçota alınıb.
Naxçıvanda vergi xidmətlərindən istifadə
səviyyəsi də yüksəlir. Bu ilin yanvar-may
aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə
xidmət strukturlarında ümumilikdə 16.518 şəxs qəbul
edilib. Vergi qanunvericiliyi və inzibatçılığı
ilə əlaqədar sualların cavablandırılması,
vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri
və s. məsələlərlə bağlı 21.395 xidmət
göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 1,3 dəfə çoxdur. Vergi ödəyiciləri
ilə 42 görüş keçirilib, 305 sayda ünvanlı
xidmət göstərilib, 4098 Asan İmza sertifikatı verilib.
Bu ilin 5 ayında Naxçıvan, Şərur və Ordubad
şəhərlərində fəaliyyət göstərən
Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən
ümumilikdə 15.345 şəxs qəbul edilib və onlara
20.046 xidmət göstərilib ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 1,5 dəfə
çoxdur.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi.- 2024.- 13 iyun, ¹ 20.- S.12.