Diplomatiya tariximizin ən mühüm sənədlərindən
biri - Şuşa Bəyannaməsi
2021-ci il iyunun 15-də Şuşa şəhərində
Azərbaycan və Türkiyə arasında müttəfiqlik
münasibətləri haqqında imzalanan bəyannamənin 3
ili tamam olur. Azərbaycan ilə Türkiyə arasında
imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi
siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji
əhəmiyyət kəsb edir. Bəyannamə iki ölkə
arasında əlaqələrin, qardaşlıq və
dostluğun ən yüksək səviyyədə olduğunu
dünyaya nümayiş etdirdi. Şuşa Bəyannaməsi
keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır
və böyük bir tarixə əsaslanır. Təsadüfi
deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşada
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə
bəyannamə imzalayarkən Qars müqaviləsini
xatırlatdı. O, vurğuladı ki, tarixi Qars müqaviləsinin
imzalanmasından düz yüz il sonra azad edilən Şuşa
şəhərində müttəfiqlik haqqında birgə bəyannamənin
rəmzi mənası vardır və bu sənəd bizim gələcək
işbirliyimizin istiqamətini göstərir.
YAP Siyəzən rayon təşkilatının sədri
Samir Baxşiyev “Xalq Cəbhəsi”nə bildirib ki, tarixi
köklərlə bir-birinə bağlı olan Azərbaycanla
Türkiyə arasındakı münasibətlər sevindirici
haldır ki, hazırda dostluq və qardaşlıq səviyyəsinə
qədər yüksəlmişdir. Azərbaycan və
Türkiyə qədər dünyada bir-birinə mənəvi-siyasi
cəhətdən yaxın olan dövlət yoxdur. Ölkələrimiz
arasında mövcud olan birliyimiz - həmrəyliyimiz isə
dünyaya nümunədir: “Qeyd etməliyik ki, hazırda
ölkələrimizi birləşdirən amillər
çoxdur. Ən əsası ortaq tarixi keçmiş və
milli-mənəvi dəyərlər, dostluq, qardaşlıq və
strateji tərəfdaşlıq münasibətlərimizdir.
İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə
qardaşlığının sarsılmaz olduğunu və
möhkəm təməllərə əsaslandığını
bir daha nümayiş etdirdi. Tarix boyu Azərbaycan Türkiyə
qardaşlığı iqtisadi, siyasi və hərbi əməkdaşlıqdan
daha güclü olmuş və hər hansı marağa
söykənməməklə ilk növbədə mənəvi
anlam və bağlılıq kəsb etmişdir. Bu
bağlılıq və birliyi bütün dünyaya olduğu
kimi tanıdansa heç şübhəsiz 44 günlük Vətən
müharibəsi dövründə qardaş Türkiyə
dövlətinin Azərbaycanla həmrəylik nümayiş
etdirməsi oldu. Əslində qardaş Türkiyənin bu
mövqeyi bir çoxları üçün ciddi mesaj
olmuşdu. İki ölkə, sözün əsl mənasında,
yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi
salnamə yaratdı”.
Onun sözlərinə görə, postmüharibə
dövrünün reallıqları da bu gerçəkliyi təsdiqləyir.
Şuşa zirvəsində Azərbaycan ilə Türkiyənin
münasibətlərinin müttəfiqlik səviyyəsinə
yüksəlməsi - Şuşa Bəyannaməsinin
imzalanması isə şanlı tariximizin ən qürurverici
səhifələrindən biridir. Bu, ilk növbədə, iki
qardaş ölkənin əlaqələrinin, birliyinin - həmrəyliyinin
sarsılmaz olduğunu göstərdi. Bir daha bəlli oldu ki,
Azərbaycan-Türkiyə münasibətləri bütün
siyasi hadisələr və proseslərin fövqündədir.
Bundan əlavə “Böyük Qayıdış”ın və
işğaldan azad edilmiş ərazilərdə quruculuq
işlərinin həyata keçirilməsində Türkiyə
dövləti yaxından iştirak etməkdədir: “Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev də
son illər qardaş Türkiyə Cümhuriyyəti ilə
olan ikili münasibətlərin nə qədər tarixi
köklərə bağlı olduğunu qeyd etməklə
yanaşı, iki dövlət arasında 2021-ci ilin 15 iyununda
imzalanmış Şuşa Bəyənnaməsinin əhəmiyyətini
xüsusi olaraq vurğulamışdır. Cənab Prezident qeyd
etmişdir ki, Şuşa Bəyənnaməsi əslində
dünyaya mesajdır. Şuşa Bəyənnaməsini
imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də
əməldə bir olduğumuzu bütün dünyaya bəyan
etdik. Qeyd etməliyik ki, biz Türkiyə ilə onsuzda istənilən
şəkildə müttəfiq idik sadəcə bu Bəyənnamə
əməkdaşlığımızın mahiyyətini rəsmiləşdirmiş
oldu.
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti
olduqca böyükdür. Bəyannamənin məhz
Şuşada imzalanması ilə Azərbaycan öz qələbəsini
bir daha təsdiqləmiş oldu. Eyni zamanda bu bəyənnamə
Ermənistanda mövcud olan bəzi revanşist qüvvələrə
də konkret mesaj verdi ki, yenidən hansısa çirkin niyyətlərə
düşsələr, hansı güclə üz-üzə
qalacaqlar. Əslində, bu mesaj Ermənistanda olan revanşist
qüvvələrlə yanaşı digər düşmən
qüvvələrə də bir işarədir. Belə ki,
hansısa ölkə Azərbaycanın ərazi
bütövlüyünə qarşı çıxarsa,
böyük güclə üz-üzə qalacaqdır. “Bir
millət iki dövlət” olan Azərbaycan və Türkiyə
dövlətləri arasında imzalanmış Şuşa Bəyannaməsinin
əsas müddəası da məhz bundan ibarətdir. Bu, Azərbaycan
və Türkiyənin təhlükəsizliyinin qorunması
istiqamətində imzalanan çox mühüm və tarixi səhifədir.
Tarixi Qars və Moskva müqavilələri qədər
böyük tarixi əhəmiyyətə malik olan Şuşa
Bəyənnaməsinin önəmi qarşıdakı illərdə
daha da aydın olacaqdır”.
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Əlisahib Hüseynov isə deyib ki, “Türk dünyası
böyük bir ailədir» doktrinası ilə siyasət
yürüdən və Azərbaycanın Türk
dünyası ilə daha sıx inteqrasiyası üzrə
davamlı addımlar atan Prezident İlham Əliyevin iyunun 10-da
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər
etməsi Azərbaycanla Türkiyə arasında uğurla
inkişaf edən münasibətlərin yüksək
dinamikasından xəbər verir. Azərbaycan-Türkiyə
münasibətlərinin xarakteri nəinki Cənubi Qafqazda,
bütün Avrasiya məkanında proseslərə ciddi təsir
göstərir və böyük bir coğrafiyada sülh və
sabitliyin, dostluq və əməkdaşlığın
qalıcı dəyərlərə çevrilməsində
olduqca mühüm rol oynayır. Dövlətimizin
başçısı qardaş ölkəyə
işgüzar səfəri zamanı Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanla ilk növbədə Azərbaycan-Türkiyə
əlaqələrinin cari durumu, Azərbaycan-Ermənistan
normallaşma prosesində Türkiyənin rolu, habelə
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində
inteqrasiya prosesinin gücləndirilməsi yönündə
geniş müzakirələr aparıb. Bu da təbiidir.
Çünki hər iki ölkə tarixi "Şuşa Bəyannaməsi"nin
ruhuna uyğun olaraq əksər regional və qlobal məsələlərdə
birgə, koordinasiyalı mövqe ortaya qoyur. Bu isə istər
Cənubi Qaqfazda, istərsə də ətrafımızda və
dünyada cərəyən edən proseslərin liderlər tərəfindən
operativ şəkildə, işgüzar qaydada müzakirə
edilməsini və ortaq qərarların qəbul
olunmasının, birgə hərəkət planının
cızılmasını zəruri edir: “Bir sözlə, bu
cür işgüzar görüşlərin gedişində
Azərbaycan və Türkiyənin hazırkı mənafelərinə
və gələcək hədəflərinə dair
bütün önəmli məsələlər masaya
yatırılır, görüləcək işlər nəzərdən
keçirilir. Strateji müttəfiqlərin bu cür intensiv təmasları
"Şuşa Bəyannaməsi"nin ölkələrimiz
arasındakı münasibətlərin inkişafına
birbaşa yön verməsindən irəli gəlir. Azərbaycan
və Türkiyə liderlərinin bütün önəmli məsələlərdə
belə sıx məsləhətləşmələr
aparması yaxşı ənənədir. İlham Əliyev və
Rəcəb Tayyib Ərdoğanın ənənələrə
sadiqliyi təqdirəlayiq haldır. Böyük Öndərlərimiz
Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın
sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, “Bir
millət, iki dövlət” kimi tarixi əhəmiyyətli
fikirləri münasibətlərimizin bu gününü və
gələcəyini şəkilləndirir. Ümumiyyətlə,
Türk dünyasının gələcəyi Azərbaycan və
Türkiyənin bugünkü addımlarından və qərarlarından
asılıdır. Bu mənada İlham Əliyevin Türkiyəyə
səfərinin nəticələrinin bütün Türk
dünyası üçün xeyirli olacağına
inanırıq”.
Siyəzən şəhər 2 saylı tam orta məktəbin
direktoru Rəşad Rəhmanovun fikrincə, Azərbaycanın
etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə
münasibətlərin möhkəmləndirilib daha da
genişləndirilməsi dövlətimizin xarici siyasətinin
prioritet istiqamətini təşkil edir. Bu gün biz əminliklə
deyə bilərik ki, xalqlarımız və dövlətlərimiz
arasında mövcud olan və qardaşlıq səviyyəsinə
qədər yüksəlmiş münasibətlər səviyyəsində
dünyada ikinci belə bir nümunə yoxdur. Ümummilli lider
Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi
ilə əsaslı təmələ sahib olan ölkələrimizin
əlaqələri bu gün daha da inkişaf etməkdədir.
Müasir dövrdə etibarlı strateji tərəfdaş
olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib
və daha da genişləndirilməsi istiqamətində
önəmli addımlar atılmaqdadır: “Tarixi köklərə
və qardaşlığa söykənən Azərbaycan-Türkiyə
münasibətləri son dövrlərdə özünün
ən yüksək səviyyəsini yaşamaqdadır.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulmuş bu dostluq və qardaşlıq münasibətlərinin
daha da inkişafında hər iki dövlət
başçısının böyük xidmətləri
vardır. Dövlət rəhbərlərinin nümayiş
etdirdiyi səmimi qardaşlıq münasibətləri ölkələrimiz
arasında bütün sahələrdə əməkdaşlığın
inkişafında əhəmiyyətli rol oynamaqla müsbət
nəticələr verməkdədir. Mütəmadi olaraq
dövlət başçıları arasında
aparılmış danışıqlar ölkələrimiz və
xalqlarımız arasındakı mövcud əlaqələrin
daha da möhkəmləndirilməsinə xidmət etməkdədir.
Ölkələrimiz arasında bütün sahələrdə
sıx əməkdaşlıq, qlobal səciyyə
daşıyan iri layihələrin həyata keçirilməsi
xalqlarımızn rifahını daha da
yaxşılaşdırmaqla yanaşı regionda dövlətlərimizin
əsas söz sahibinə və güc mərkəzinə
çevrilməsi ilə nəticələnmişdir.
Azərbaycan-Türkiyə
qardaşlığının necə möhkəm təməllər
üzərində qurulduğu 44 günlük Vətən
müharibəsi dövründə bütün dünyaya bir
daha nümayiş etdirilmiş oldu. Tarixi Zəfərimizin
qazanılmasında qardaş dövlətin mənəvi dəstəyi
xüsusi rol oynamışdır. Postmüharibə
dövründə Azərbaycanımızın siyasi və mədəniyyət
beşiyi olan Şuşa şəhərində iki dövlət
arasında 2021-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyənnaməsi
isə mühüm tarixi hadisə kimi yaddaşlarımıza əbədi
olaraq həkk olundu. Azərbaycan və Türkiyə
arasında imzalanmış Şuşa Bəyannaməsi iki
ölkə arasında münasibətlərdə inqilabi
gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Azərbaycan
və Türkiyə hərbi-siyasi, iqtisadi sahələrdə
müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə
diqqəti çəkən ən vacib məqamlardan biri hərbi
sahədə əməkdaşlıq və müttəfiqliklə
bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi
bütövlüyünə, suverenliyinə
üçüncü dövlət və ya dövlətlər
tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə,
hər iki dövlət bir-birini qoruyacaqdır.
Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan xalqı
üçün mühüm əhəmiyyət kəsb edən
Milli Qurtuluş Günündə iki qardaş dövlət
arasında imzalanmış Şuşa Bəyənnaməsi əslində
bütün dünyaya verilən mühüm mesajdır. Məhz
bütün bunlar Bəyənnamənin beynəlxalq əhəmiyyətini
şərtləndirən mühüm amillərdəndir.
Şuşa Bəyənnaməsini imzalamaqla biz Türkiyə
ilə həm sözdə, həm də əməldə bir
olduğumuzu bütün dünyaya bəyan etdik. Azərbaycan
və Türkiyə arasında tarixi münasibətlərə
əsaslanan Şuşa Bəyənnaməsi ölkələrimiz
arasındakı münasibətləri strateji müttəfiqlik
səviyyəsinə yüksəltməklə yanaşı Azərbaycanla
Türkiyə arasındakı dostluq və
qardaşlığı bütün dünyaya nümayiş
etdirmiş oldu. Bir daha əminliklə deyə bilərik ki,
bütün bunlar xalqlarımız arasındakı dostluq,
qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən,
onun sarsılmazlığından xəbər verir”.
Cavid
Xalq Cəbhəsi.- 2024.- 13 iyun, ¹ 20.- S.10.