Diaspor və lobbizim geosiyasi maraqlar kontekstində

 

IV yazı

 

Bu günkü yazım lobbizm və diaspor anlayışlarına, onların siyasi texnologiya vasitəsi kimi geosiyasi proseslərdə və beynəlxalq münasibətlərdə oynadıqları rola həsr olunub.

Zənnimcə mövzunu geosiyasi və siyasi reallıqlar müstəvisində şərh etməzdən öncə lobbi, yaxud lobbizm və diaspor anlayışlarının klassik mahiyyətinə və daşıdıqları məna yükünə nəzər salmaq daha məqsədəuyğun olar.

Lobbi sözü ingilis dilindən tərcümədə kuluar, pərdəarxası, yaxud dəhliz anlamını verir. Lobbilər ictimai-siyasi təşkilatların, fərdlərin, yaxud kommersiya qurumlarının dövlət və hakimiyyət orqanlarına öz maraqlarını təmin etmək məqsədilə yaratdıqları təzyiq mexanizmi funksiyasını yerinə yetirirlər.

Lobbilər qlobal maraqları ifadə etdikləri zaman mondeial lobbizm funksiyasını yerinə yetirir, ayrı-ayrı ölkələrin milli maraqlarına zərbə vurmaq yolu ilə qlobal geosiyasi proseslərin vacib elementlərindən birinə çevrilirlər.

Diaspor sözü yunan dilindən tərcümədə dağılmış, səpələnmiş mənasını verir. Siyasi və sosioloji anlamda isə diaspor öz vətənlərinin sərhədlərindən kənarda yaşayan, yaşadıqları ölkələrdə milli kimliklərini, mədəniyyətlərini qorumaq və inkişaf etdirmək üçün sosial institutlar yaradan etnik qruplara, yaxud etnik əsaslarla formalaşan icmalara deyilir.

Diaspor mahiyyət etibarilə transmilli fenomendir. Bu baxımdan, nüfuzlu diaspor təşkilatlarının geosiyasi amilə çevrilməsi də mümkündür. Və yaxud əksinə diaspor qurumları sosial-siyasi və ya sosial-iqtisadi faktor kimi də öz missiyalarını da yerinə yetirə bilərlər.

Daha aydın olsun deyə, konkret nümunələrə müraciət edək: Çin diasporunu təxminən 50 milyon insan təşkil edir. Asiya və Okeaniyada çinlilər bu ölkələrin iqtisadi inkişaf dinamikasına təsir göstərmək imkanına və siyasi çəkiyə malikdirlər. Tailandda taylar orduya, idarəçilik sisteminə və siyasi proseslərə nəzarət etsələr də ölkənin əsas iqtisadi potensialı çinlilərin əlindədir. Lakin bu, hələ geosiyasi təsir gücünə malik olmaq anlamına gəlir.

Başqa bir fakta nəzər salaq: Birinci Dünya Müharibəsində ABŞ-da yaşayan çex və slovak diasporunun nümayəndələri Avstiya-Macarıstan İmperiyasının torpaqlarında hazırda iki ayrı dövlətə - Çexiya və Slovakiyaya çevrilmiş müstəqil Çexslovakiyanın yaradılmasına nail oldular.

Bu bağlamda müasir dövrdə Avropada baş verən bir sıra dəyişikliklərdə də diaspor qurumlarının geosiyasi faktor kimi oynadıqları rolu da qeyd etmək olar. Məsələn, Xorvatiyada baş verən hadisələrdə İtaliya, Almaniya və Amerikadakı xorvat diasporunun nümayəndələri əhəmiyyətli rol oynayıblar. Oxşar fikirləri ABŞ-dakı litva diasporunun eyni adlı ölkədə baş verən proseslərdə oynadığı rol haqqında da demək olar.

Müasir dövrdə lobbiçilik fəaliyyəti ilə məşğul olan peşəkar konsaltinq şirkətlərinin, beyin mərkəzlərinin iştirakı olmadan ciddi siyasi qərarların qəbul edilməsi və həyata keçirilməsi kifayət qədər çətindir.

Amma lobbiçilik konkret qrupun maraqlarının təmin olunması üçün istiqamətləndirici, yönləndirici fəaliyyətlə məhdudlaşmır.

Hazırda dünyada lobbiçiliyin mahiyyətinin anlaşılması və müəyyənləşdirilməsi ilə bağlı 2 əsas yanaşma var.

Bunlardan birincisi lobbiçiliyə bu fəaliyyətlə məşğul olan subyektlərin bu və ya digər qərarın qəbul edilməsi üçün yerli və dövlət qurumlarına, daha geniş miqyasda isə beynəlxalq təşkilatlara təsir etmək imkanı çərçivəsindən yanaşmağı məqbul hesab edir.

Digər yanaşmanın tərəfdarları isə lobbiçiliyə qanunvericilik, məhkəmə və icra orqanlarında qarşılıqlı maraq əsasında fiziki və hüquqi şəxslərin mənafeyinin təmin edilməsi istiqamətində həyata keçirilən peşəkar fəaliyyət kimi yanaşırlar.

Əslində hər iki yanaşma doğrudur. Amma təcrübədə birincilərin, yəni təşkilatlanmış və vahid mərkəzdən idarə olunan təzyiq qruplarının fəaliyyəti müasir lobbiçiliyin mahiyyətini daha qabarıq və daha dəqiq şəkildə ifadə edir.

Bütövlükdə lobbiçiliyin həm neqativ, həm də pozitiv tərəfləri var.

Hər şey bu, fəaliyyətin necə və kimlər tərəfindən həyata keçirilməsindən, təzyiq qruplarının hədəflərindən, lobbi institutlarının cəmiyyətə nə dərəcədə açıq olmalarından asılıdır. Lobbiçiliyə pozitiv münasibət bəsləyənlər onu “yumşaq güc”, neqativ münasibət bəsləyənlər isə iqtisadiyyatın və ənənəvi beynəlxalq münasibətlər sisteminin, beynəlxalq hüququn qatili kimi qiymətləndirilər.

Lobbiçiliyi geosiyasi müstəvidə dəyərləndirəndə şübhəsiz ki, ona beynəlxalq və xarici lobbizm anlayışları müstəvisindən yanaşmaq da lazım gəlir.

Beynəlxalq lobbiçilik anlayışı bu və ya digər dövlətin, yaxud transmilli korparasiyanın maraqlarının hökumətlərarası, eləcə də regional və qlobal beynəlxalq təşkilatlarda təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyəti nəzərdə tutur.

Xarici lobbiçilik isə hər hansı bir ölkənin, yaxud transmilli korparasiyanın maraqlarının konkret bir dövlətin ərazisində təmsil olunmasıdır. Başqa sözlə desək, xarici lobbiçilik istər siyasi, istərsə iqtisadi anlamda başqa bir dövlətin, transmilli şirkətin nüfuz müvəkkili funksiyasının yerinə yetirilməsidir.

Beynəlxalq lobbiçilik fəaliyyəti beynəlxalq müqavilələrin, hökumətlər arası sazişlərin imzalanması, beynəlxalq təşkilatlarda qərarların qəbul edilməsi zamanı maraqların uzlaşdırılması prosesinə paralel olaraq həyata keçirilir. Bu baxımdan, beynəlxalq lobbiçiliyi beynəlxalq mübahisə və münaqişələrin tənzimlənməsi zamanı istifadə olunan hüquqi mexanizmlərlə əlaqələndirmək tamamilə yanlış olardı. Beynəlxalq lobbizmi diplomatiya ilə əlaqələndirmək də doğru deyil. Diplomatlar konkret şəxslərin və dövlətlərin maraqlarının lobbiçiliyi ilə məşğul olmurlar. Hərçənd ki, təcrübədə belə hallara da rast gəlinir. Amma bu halda həmin diplomatların fəaliyyəti vətənə xəyanət və yaxud korrupsiya əməli sayılır.

Beynəlxalq lobbizm rəsmi hüquqi statusa malik deyil, o, transhökumət şəbəkələri vasitəsilə inkişaf edir. Belə şəbəkələr isə şəxsi münasibətlər və maraqlar müstəvisində formalaşır. Müasir dövrdə transhökumət şəbəkələri beynəlxalq əməkdaşlığın əhəmiyyətli hissəsini təşkil edirlər. Onlar bu və ya digər beynəlxalq və yaxud korporativ idarəçilik sistemləri ilə əlaqədə olsalar da, müstəqil şəkildə hərəkət edir, fəaliyyətlərində milli qanunvericiliyin tələblərini demək olar ki, nəzərə almırlar.

Beynəlxalq lobbizmin subyekti kimi təkcə transmilli korparasiyalar deyil, milli dövlətlər və peşəkar lobbiçilər də çıxış edirlər. Daha doğrusu, peşəkar lobbiçilər və onların təşkilatları maraqlarını ifadə etdikləri qrup, mərkəz və yaxud hakimiyyət təmsilçiləri, yəni lobbizmin subyektləri ilə lobbizmin obyektləri - qərar qəbul edən tərəflər arasında vasitəçilik missiyasını həyata keçirirlər.

Diaspor qurumlarının geosiyasi proseslərdəki aktiv roluna nadir hallarda rast gəlinsə də onların beynəlxalq münasibətlərdə həyata keçirdikləri vacib missiyanı inkar etmək mümkün deyil.

“Dünya siyasətində diaspor amili” adlı məşhur elmi-tədqiqat işinin müəllifi professor Qabriel Şefferə görə, diasporlar formalaşma və fəaliyyət istiqamətlərinə görə 7 qrupa bölünürlər.

1-ci qrupa dərin tarixi kökləri olan diasporlar aiddir.

Şefferin bölgüsünə görə, 2-ci qrupa daxil olan diasporlar “yatmış, yaxud hərəkətsiz, fəaliyyət göstərməyən diasporlardır. Yəni Avropa və Asiyadakı amerikalılar, Amerikadakı skandinavlar və sairə...

3-cü qrup isə türklər, yunanlar və polşalıların daxil edildiyi gənc diasporlar adlanır.

4-cü qrup formalaşmaqda olan, 5-ci qrup “evsiz” - yəni öz dövləti olmayan etnik qrupların təşkil etdiyi diasporlar, 6-cı qrup etnomilli – yəni arxasında öz dövlətinin gücünü hiss edən, 7 qrup isə dağınıq, yaxud səpələnmiş diasporlardır.

Qeyd edim ki, Şefferin təsnifat bölgüsünü nəzərə alsaq Azərbaycan diasporunu həm birinci qrupa, yəni yaşadıqları torpaqlarda dərin tarixi kökləri olanlara, həm də 6-cı qrupa, yəni arxasında öz dövlətinin gücünü hiss edən diaspor qrupuna aid etmək doğru olar.

Təbii ki, müasir dövrdə mövcud olan diaspor qruplaşmaları ilə bağlı diqqətinizə çatdırdığım bölgüdən müəyyən qədər fərqlənən yanaşmalar da var.

Bəzi tədqiqatçılar diasporların ümumi tarix və tale, hüquqi status, formalaşma prosesi, köç, yaxud miqrasiyanın səbəbləri, bu və ya digər ərazidə məskunlaşmaya zəmin yaradan amillər, ortaq dil, mədəniyyət və digər faktorlara görə qruplaşdırılmasına üstünlük verirlər.

Lakin müasir dünyada baş verən proseslərin intensivliyi, informasiya, kommunikasiya texnologiyalarının inkişafı, enerji resursları və digər təbii ehtiyatlar üzərində nəzarət uğrunda aparılan geosiyasi mübarizə diaspor qurumlarının formalaşması prosesində əsas götürülən amilləri arxa plana keçirir. Və təbii ki, diaspor qurumlarının mütəşəkkilliyi, onların bu və ya digər dövlətin iqtisadi-siyasi həyatındakı rolu, təsir imkanları, geosiyasi maraqlar uğrunda aparılan mübarizədə qlobal və regional güc mərkəzləri üçün nə qədər yararlı olub-olmadıqları ön plana çıxır.

Qlobal iqtisadi və siyasi proseslərdə diaspor təşkilatlarının dominant rol almağının səbəblərindən biri də geosiyasi proseslərin bu və ya digər etnosun, xalqın, etnik qrupun, eləcə də diaspor təşkilatları qrupunun maraq dairəsinə və təsir imkanlarına malik olduğu ərazilərdə daha aktiv şəkildə cərəyan etməsidir.

Diaspor və lobbiçiliyin geosiyasi proseslərdəki rolu və əhəmiyyəti barədə qısa bir zaman kəsiyində məlumat vermək, bu mühüm aktorların çoxşahəli fəaliyyət istiqamətlərini şərh etmək, şübhəsiz ki, mümkün deyil. Çünki bəzən iç-içə olan bu iki önəmli oyunçunun varlığı beynəlxalq geosiyasi, geoiqtisadi proseslərin hər addımında nəzərə çarpır. Lobbizmin əhatə dairəsi, fəaliyyət istiqamətləri, etnosiyasi, etnomədəni və etnokonfessional amillərə söykənən şəbəkələşmə mexanizmləri kifayət qədər genişdir.

Bu bağlamda olduqca həssas bir məqamda da toxunmaq istəyirəm: Bu gün dünyanın bir çox ölkələrində yaranan və yaradılmasına cəhd göstərilən problemlərin bir hissəsi klassik olduğu qədər də müasir olan etnokonfessial, yəni dini lobbizm amillərindən qaynaqlanır. Etnokonfessial lobbizm bu gün dünyada ən təhlükəli, ən dağıdıcı faəliyyət istiqamətlərindən biridir. Çünki ayrı-ayrı ölkələrin himayəsi ilə yaradılan və dəstəklənən, ideoloji mübarizə vasitələri ilə silahlanan cərəyanlar, onların xidmətlərinə ehtiyac duyulduğu məqamlarda radikallaşır və dağıdıcı faktora çevrilirlər.

Reallıq isə ondan ibarətdir ki, müasir dünyada baş verən heç bir prosesi lobbizm anlayışından kənarda təsəvvür etmək mümkün deyil. Dünya durduqca maraqlar da olacaq və təbii ki, bu maraqlar ətrafında birləşmələr də...

Güclülər bu maraqların daşıyıcısı kimi proseslərin içində və mümkün olduğu qədər ön cərgəsində yer almağa çalışacaq, zəiflər isə kütləvi səhnələrin iştirakçısı, yaxud müşahidəçi funksiyasını yerinə yetirməklə kifayətlənəcəklər.

 

Elçin Mirzəbəyli

Xalq Cəbhəsi.- 2024.-26 iyun ¹21.- S.5.