Əgər insanda
istedad varsa...
Bu gün sizə bir məşhurun qızından
söhbət açmaq istəyirəm. Bülbül adına
orta ixtisas musiqi məktəbini bitirib. Sonra Bakı Dövlət
Universitetinin şərqşünaslıq fakültəsində
ali təhsilə yiyələnib. 2002-ci ildə mtbuatda jurnalist
kimi fəaliyyətə başlayıb. Bir müddət sonra
"Pəncərə", "Ölkəm",
"Azercell" jurnallarının baş redaktoru olub. 2018-ci
ildən isə Bakı Kitab Mərkəzinin direktorudur. Həm
də yazıçıdır və bir neçə
kitabın müəllifidir. Yazıçı olmaqla
yanaşı, o, eyni zamanda gözəl publisistdir. Xeyli
müsahibə və məqalələri var...
Deyir ki, “bəli, hər bir qələm sahibi ilk
növbədə insandır. O da musiqidən, kinodan, kitabdan təsirlənə
bilir. Əgər robot olsaydı, deyə bilərdim ki, qələm
adamı heç nədən təsirlənmir, bu hiss ona
yaddır. Əlbəttə ki, mən də bütün
bunlardan təsirlənmişəm. Qəribədir, atamla mənim
oxşar cəhətlərimiz çoxdur. Yəqin ki, hər
ikimiz də ədəbiyyatçı ailəsində
doğulmuşuq, ondandır. Bizim tərbiyəmizdə,
formalaşmağımızda kitabların rolu
danılmazdır. Ancaq bu, o demək deyil ki, yalnız
hansısa əsərdən təsirlənib yazıram. Əgər
insanda istedad varsa, bu, mütləq üzə çıxacaq.
Əgər atam yalnız kiminsə əsərindən təsirlənib
yazsaydı, o, heç vaxt Xalq yazıçısı
olmazdı. Hətta mən atamın əsərlərinin
oxucusu olsam da, ondan təsirlənməmişəm. Tənqidçilər
də deyir ki, biz tamamilə müxtəlif üslublarda
yazırıq. Doğrudur, “Altıncı” povestim var ki, onu
atamın “Beş mərtəbəli evin altıncı mərtəbəsi”
əsərinin davamı hesab edirəm, amma əslində
üslubumuz çox fərqlənir.
Çalışmışam ki, bu povestdə obrazlar da,
üslub da olduğu kimi qalsın. Bunlar hamısı olan
şeylərdir. Dünya da bunu qəbul edir. Ancaq, əgər
sən kiminsə əsərini götürüb mənimsəsən,
bu artıq plagiat olar. Mənim vicdanım heç vaxt buna yol
verməz...”
Əla! Düz tapdınız, söhbətimin qəhrəmanı
Günel Anarqızıdır. 1972-ci ildə Bakıda
dünyaya gəlib. Ağlı kəsəndən, evdə
yüzlərlə kitab görüb. Əvvəlcə
onları vərəqləyib şəkillərinə
tamaşa etsə də, əlifbanı öyrənəndən
sonra oxumağa başlayıb. Beləcə, oxuya-oxuya
böyüyüb, böyüyə-böyüyə də
oxuyub...
“Bizim ailə haqsız tənqidlərə çox məruz
qalıb, artıq vərdiş etmişik. Babamdan tutmuş mənədək
hamımız zaman-zaman bu “tənqidlərin” mərkəzində
olmuşuq. Mənim demək istədiyim başqadır. Həm
Yazıçılar Birliyinin üzvü kimi, həm də
yazıçı kimi deyə bilərəm ki, Anarın
xalqı qarşısında həm yazıçı, həm
də ictimai xadim kimi xidmətləri danılmazdır. Bunu
atam olduğu üçün demirəm. Həqiqəti belə
düşündüyüm üçün deyirəm. Tənqidlər
onsuz da həmişə olur. Bir də ki, tənqid edən
adamın gərək özü də ortaya nəsə qoysun
və kimisə tənqid etməyə haqqı çatsın.
Özündən qat-qat böyük olan, millətə daha
çox xidmət etmiş adamı tənqid etməyin də
bir səviyyəsi olmalıdır. Səviyyəsizin,
özünün heç bir xidməti olmayan adamın durub nəsə
deməyi çox gülməli görünür.”- söyləyir.
Kübar xanımdır. Bu ona
daşıdığı gendən bir ərmağandır. Elə
düşünməyin ki, qazandığı uğurlarda
atasının əməyi var, əsla. Bütün nailiyyətlərə
öz istedadı, işgüzarlığı ilə nail olub.
Çox mədəni və intizamlıdır. Əgər
yazıçılıq istedadı ona atasından
ötürülübsə, bu xüsusiyyətləri isə
anası, akademik Zemfira Səfərova ona aşılayıb...
Deyir ki, “hazırda rəhbərlik etdiyim Bakı Kitab Mərkəzinin
yaranma ideyasını Heydər Əliyev Fondu irəli
sürüb. Əslində, Fondun rəhbəri Mehriban
xanım Əliyevanın ideyası idi. Kitab mərkəzinin
yaranması zərurətdən doğan bir təşəbbüsdür.
Bilirsiniz ki, son zamanlar mütaliəyə maraq azalıb, bu
haqda dəfələrlə danışmışıq, ədəbiyyatçılar,
yazıçılar narahatlığını bildiriblər.
Hazırda Azərbaycanda və paytaxtda bir çox kitab
dükanları və şəbəkələri fəaliyyət
göstərsə də, belə bir mərkəzin yaranması
vacib idi. Buna görə də, təşəbbüs irəli
sürüldüyü gündən bu istiqamətdə
işlər tükənmədən irəliləyirdi.
Qısa müddət ərzində Bakının mərkəzində,
gözəl guşədə, ən çox ziyarət olunan
yerlərin birində belə bir mərkəz inşa edildi. Onu
da qeyd edim ki, əslində Mehriban xanım qədim
binaların mühafizəsi, onların
görünüşü ilə bağlı çox diqqətlidir
və buna çox önəm verir. Deyir ki, memarlıq abidələri
bizim tariximizdir...”.
Erkən gəncliyində ailə həyatı
qurduğu üçün, ona nənə olmaq sevincini
yaşamaq orta yaşlarından nəsib olub. İki
qızı, bir neçə nəvəsi var. İşləri
nə qədər çox olsa da, övladlarına qulluq etməyi
çox sevir...
“Sözsüz ki, mənim dincəldiyim yer evimdir. Evimi
istədiyim kimi qurmuşam, ona görə də burada
rahatlıq tapıram. Yay aylarında bağa köçəndə,
əlbəttə, orada da dincəlirəm, amma yenə də
şəhər evimi daha çox istəyirəm və buraya hər
zaman tələsirəm. Qəribə səslənsə də
evdə olan vaxtımın çox hissəsini mətbəxdə
keçirirəm. Ona görə yox ki, biş-düşlə
məşğulam. Səbəbi odur ki, mətbəx mənə
daha rahatdır. Mətbəxdə yığcam bir televizorum
var, səhərlər ona baxıram. Evdəkilər narahat
olmasınlar deyə qapını bağlayıram və səhər
saatlarını orada keçirirəm. Adətən hamıdan
tez oyanıram, ətirli çay dəmləyib onun keyfini
yaşayıram. Qonaq otağında isə axşam vaxtı
daha çox oluram, evimə gələnləri orada
qarşılayıram. Uşaqlarım bişirdiyim yeməkləri
çox sevir, məndən bəzən xüsusi bir şey
hazırlamağı xahiş edirlər. Bir müddət əvvəl
nəvəmin ad günü idi. Qızım istədi ki, nəvəmin
ad gününə şah plovu bişirim. İnandırım
sizi, hələ belə sürətlə yemək bişirməmişdim.
Çünki hərdən vaxt məhdudiyyəti də olur.
Tez-tez yorğunluq da...
Elə xanımlar var ki, yemək bişirməklə
arası yaxşıdır, evə nə qədər
yorğun gəlsələr belə, yeməyi həvəslə
hazırlayırlar. Mən təəssüf ki, o qadınlardan
deyiləm. Ona görə də çalışıram bu
işləri səhər görüm, axşam isə dincəlməyə
üstünlük verirəm.”- söyləyir.
Heç vaxt xüsusi pəhriz saxlamır. Necə deyərlər,
nənə olsa da hələ ki, gözəlliyini, təravətini
itirməyib. Yağlı, qızardılmış yeməkləri
xoşlamır. Az kalorili, xeyirli qidaya üstünlük veririr
və ən əsası da idmanla məşğul olur.
Düşünür ki, fiziki aktivlik çox şeyin dərmanıdır.
Xəstələnməmək üçün idmanla məşğul
olmaq zəruridir. Həm də idman insanın ovqatını
yaxşılaşdırır, sağlamlığını
gücləndirir və artıq çəkinin qarşısını
alır...
Martın 6-sı yazıçı, jurnalist, publisist
Günel xanımın növbəti doğum günü idi.
Ona yaradıcılıq uğurları arzulamaqla yanaşı,
möhkəm can sağlığı, eləcə də nəvələrinin
xeyir işlərini görməyi diləyirəm...
Yeni yaşınız mübarək, Günel xanım!
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2024.- 7 mart(¹8).- S.15.