Barmaqlarına borclu olan adam

Ənvər Sadıqov-58

 

 

 

Sadıqov soyadlı mahir ifaçılar çox olub:- pianoçu Çingiz Sadıqov, opera sənətçisi Rəsmiyyə Sadıqova, qarmonçalan Abutalıb Sadıqov, milli nəfəs və simli alətlər ifaçıları Həsənağa Sadıqov, Çoşqun Sadıqov, tarzən Elman Sadıqov, cazmen Vaqif Sadıqov və s..

Bu gün sizə onlardan biri- virtuoz qarmon ifaçısı Ənvər Sadıqov barədə söhbət açmaq istəyirəm...

Deyir ki,- “Valideynlərimin söylədiyinə görə uşaqlıqda musiqiyə çox diqqətli olmuşam. Baxmayaraq ki, indiyədək rəqs edə bilmirəm, amma ritmi tutmağı bacarırdım. Böyük bacılarım musiqi məktəbinə gedirdilər, onlar məşğul olanda mən harada səhv etdiklərini hiss edirdim, pianoya yaxınlaşıb lazımi notu basırdım. Bir qədər böyüdükdən sonra mağazada qarmon gördüm və özümü saxlaya bilməyib valideynlərimdən tələb etdim ki, mənə qarmon alsınlar, vəssəlam! Valideynlərim bunun qəti əleyhinə idilər, gəl bir olmasınlar- hər ikisi riyaziyyatçıdır, atam MDU-da oxuyub, təbii ki, öz yeganə oğlunun da taleyini başqa cür görmək istəyərdi. Ümumiyyətlə məni ciddi nizam-intizamla böyüdürdülər, indi belə tərbiyənin bütün müsbət cəhətlərini aydın görürəm, yeri gəlmişkən, öz övladlarıma da tətbiq edirəm, əlbəttə ki, başqa nəsil olduğuna görə bir qədər fərqli.”

 Məktəbdə pis oxumayıb. Yaddaşı yaxşı olduğundan dərslərə elə tənəffüslərdə hazırlaşıb girirdi. Amma musiqiyə olan həvəsi onu rahat buraxmırdı. Bir tərəfdən valideynlərinin verdiyi tərbiyə, digər tərəfdən musiqiyə aludə olmağı onu küçənin mənfi təsirindən mümkün qədər təcrid edirdi. Baxmayaraq ki, uşaqlarla futbol da, bilyard da oynayıb, lakin ziyanlı şeylərdən uzaq olub. Onu yalnız musiqi maraqlandırırdı...

“Həmyaşıdlarım məndən fərqli olaraq çox dəcəl idilər və mən özümü məhlə uşaqlarının yanında rahat hiss etmirdim. Tədricən onlardan uzaqlaşıb həyat baxışlarımız oxşar olan insanlarla dostluq etməyə başladım. Yeri gəlmişkən, onların da çoxuna yolunu azmağa imkan vermədim. Məsələn, yaşıdlarımın saatlarla blokun qarşısında çöməlib oturduğunu görürdüm, yaxınlaşıb klubda mənimlə birgə məşq etməyi təklif edirdim. Beləliklə, tədricən öz əhatə dairəm yaranırdı və musiqini onlara aşılaya bildim. Musiqi narkotik kimidir, amma xeyirli narkotik. Aludə oldunsa geriyə yol yoxdur.”- söyləyir...

Xalq musiqisi ifaçı sənətinin əsasıdır, onu mənimsəmədən uğurlu musiqiçi olmaq mümkün deyil. Prinsipcə, incəsənətdə qəbul olunmuş standartlar var, qalan hər şey törəmədir. Buna görə də, ifaçıdan ilk növbədə xalq musiqisinə əsaslanan xətti və orijinallığı qoruyub saxlamaq tələb olunur...

Deyir ki,- Ümumiyyətlə, hesab edirəm ki, istənilən ailədə ən azı bir xalq aləti olmalıdır ki, uşaq onu görsün, daha yaxşısı isə eşitsin. Qarmon muğam ahəngi ilə həm diapazonuna, həm də səslənməsinə görə yaxşı uzlaşır. Və konkret olaraq bu, mənim üçün az oldu, nə isə daha çox şey istəyirdim, daim axtarışda idim. Paralel olaraq "Eagles", "ABBA", "Imagination", "Shakatak", Vaqif Mustafazadənin musiqisini dinləyirdim. Sonuncu məni valeh edirdi, həmişə düşünürdüm ki, onun erkən ölümü təbiidir, çünki o, mümkün olan hər şeyi edib. İmprovizasiya- ayrıca bir incəsənətdir, uzaqlara aparan, düşünməyə vadar edən bir incəsənət.

Baxmayaraq ki, “qarmon” “harmoniya” sözündən əmələ gəlib, mənə elə gəlir ki, harmoniyanı bu alətdə ilk olaraq məhz mən tətbiq etmişəm, nə qədər təvazökarlıqdan uzaq olsa da. Harmoniya mənim nail ola bildiyim bir şeydir, musiqiyə mənim öz yanaşmamdır. Gündüz başqa musiqini dinləyirdim, axşam toylarda çalırdım, hər dəfə hiss edirdim ki, mənim çalğım ümumi fonda fərqlənir. Mənə qulaq asmağa başladılar…

Valeri Koftunu dinləyirdim və ciddi-cəhdlə akkordeon ifasını qarmona keçirməyi bacarırdım, bu isə kifayət qədər çətindir. Nəticədə o, təsadüfən mənim ifamı dinlədi və 2001-ci ildə “Exo Moskvı” radiosunda bir saatlıq verilişi mənim yaradıcılığıma həsr etdi...”

Burada yadıma ABŞ-da yaşadığım illər düşdü. Və mən Ənvərlə bağlı o hadisəni belə xatırlayıram...

Bəli, do, re, mi, fa, sol, lya, si- ilk baxışdan adi görünən bu sıralama səsə çevriləndə ilahi möcüzə yaradır. Yeməkxanada əyləşib nahar etməyə hazırlaşırdım. Telefonumu əlimə götürüb, "YouTube"də Ənvər Sadıqovun "Təəssürat" adlı konsertinin videosunu seçdim. Düyməni basıb videonu hərəkətə gətirdim. Qulaqcıqdan istifadə etməyi xoşlamadığımdan ecazkar musiqi sədası altında qarşımda olan təamlardan dadmağa başladım. Yaxınlıqdakı masada 7-8 gənc amerikalı əyləşmişdi. Gənclər deyib gülə-gülə nahar edirdilər. Birdən həmin masaya qəribə bir sükut çökdü. Hiss etdim ki, onlar musiqiyə diqqət kəsiliblər. Bir qədər sonra gənclərdən biri mənə yaxınlaşıb xahiş etdi ki, telefonun səsini ucaldım. Səsin zəif olduğunu görüb, başqa birisi bel çantasından çox da böyük olmayan səsgücləndiricini çıxarıb, telefonu "Bluetooth" vasitəsi ilə ona qoşmağı xahiş etdi. Və musiqi sədaları yeməkxananın salonuna yayıldı. Hamı Ənvərin barmaqlarının yaratdığı səsin sehrinə düşmüşdü. Arada məndən soruşdular ki, bu hansı ölkənin musiqisidir, ifaçı kimdir?

Birtəhər anlatdım ki, Azərbaycan adlı keçmiş sovet ölkələrindən birinin musiqisidir, ifaçı da Ənvər Sadıqovdur. Sən demə, həmin gənclər Miçiqan Dövlət Universitetinin musiqi fakultəsinin tələbələri imiş. 1 saat 45 dəqiqəlik konserti böyük həvəslə dinləyib, sonda hamısı, yəni yeməkxananın həmin hissəsində olan 20-30 adam ayağa qalxaraq, ölkəmizin adını yarıdüz, yarısəhv- "Long live Azerbaijan!"- deyə, alqışlamağa başladılar. Kaş o mənzərəni siz də görəydiz, qürur hissi qəhərə dönüb necə boğazımda ilişib qalmışdı. Sevincdən gözlərim yaşarmışdı. Amerkalıların Azərbaycan musiqisinə verdikləri bu dəyər və yaşadığım bu hadisə iki gün idi ki, məni rahat buraxmırdı. Ənvərə təşəkkürümü bildirmək, ona- var ol, qardaş, barmaqların var olsun!- deməyə tələsirdim. Nə yaxşı ki, belə sənətkarlarımız var, onlar öz ifaları ilə möcüzə yaradıb Azərbaycan musiqisinin nə qədər gözəl olduğunu dünyaya çatdıra bilirlər. Musiqisi gözəl olan xalqın mənəviyyatı da gözəldir. Bəli, yaşasın, var olsun, Azərbaycan!..

Azərbaycan Respublikasının xalq artisti, "Qaytağı" instrumental ansamblının bədii rəhbəri, ustad musiqiçi Ənvər Sadıqov  dünən növbəti ad gününü qeyd etdi. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq.

 

Çox yaşa, Ənvər!

 

Elman Eldaroğlu

Xalq Cəbhəsi- 2024.- 2 may,¹14.-S.15.