Azərbaycanda tarixən tolerant mühit hökm sürüb

 

Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.

Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edib.

Azərbaycan bu dəfə də yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gətirib.

Üç gün davam edən Forum çərçivəsində 4 plenar sessiya və 12 panel müzakirə keçirilib. Təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edən müxtəlif mövzular müzakirə olunub.

Forum iştirakçıları Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlər də ediblər.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor Gülzar İbrahimova deyib ki, Azərbaycanda tarixən tolerant mühit hökm sürüb. Bütün dinlərin və xalqların nümayəndələri ölkəmizdə dinc şəraitdə bir ailə kimi yaşayıblar. Azərbaycan hər zaman mədəniyyətlər və dinlərarası dialoqa töhfə verir. Əsrlərdir ölkəmizdə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin vahid bir ailə kimi dinc və sülh şəraitində yaşayırlar. Mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da bu kimi aktual mövzular müzakirə edilib və qarşılıqlı fikir mübadiləsi aparılıb. Forumda bir çox ölkədən xeyli sayda nüfuzlu qonağın, eləcə də BMT və digər beynəlxalq təşkilatların, onların müxtəlif qurumlarının nümayəndələrinin iştirak etməsi tədbirə dünya səviyyəsində marağın göstəricisidir. Bunu Prezident İlham Əliyev Forumun açılış mərasimində xüsusi qeyd edib. Dövlətimizin başçısı nitqində Azərbaycandakı tolerantlıq mühiti haqqında ətraflı danışıb: “Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir”.

Forum iştirakçıları Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərləri təşkili edilib. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaları keçirilib. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir. Hətta Ağdamda tədbirin müsəlman ölkələrindən qatılan bəzi nümayəndələri Cümə məscidində namaz qılıblar. Qeyd edək ki, forum çərçivəsində müxtəlif ölkələrin dini liderlərinin Şuşa bəyannnaməsi qəbul edilib. Sənəddə dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olması, habelə iqlim dəyişikliyi ilə əlaqədar yaranmış problemlərin həllində dinlərin potensialından daha səmərəli şəkildə faydalanmağa çağrış edilib:

“Forumda COP29-la da bağlı önəmli mesajlar verilib. Hazırda COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər Azərbaycanın aidiyyəti qurumları tərəfindən plana uyğun davam etdirilir. Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan beynəlxalq ictimaiyyətlə və təsisatlarla COP29-un substantiv məsələləri üzrə danışıqlar və məsləhətləşmələr aparır. “Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür”, - deyə cənab Prezident forumda vurğulayıb. Azərbaycan tərəfindən bir sıra beynəlxalq təşkilatlar, xüsusən BMT, o cümlədən BMT-nin müxtəlif qurumları arasında səmərəli əməkdaşlıq həyata keçirilir. COP29-ın Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. COP29 çərçivəsində ölkəmiz BMT ilə daha da sıx əməkdaşlıq edir. Tədbirdə dünya liderləri iştirak edəcək. Artıq Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dövlət və hökumət başçılarına ünvanlanmış dəvət məktubları BMT-dəki daimi nümayəndəliklərə çatdırılıb. Ümid edirik ki, BMT Baş katibi də COP29-da iştirak edəcək. Bu, əlbəttə ki, Azərbaycan dövləti və xalqında çox böyük məmnunluq yaradacaq”.

Müxtəlif mədəniyyətlər və dinlərarası əlaqələrin qurulmasında bu forumun xüsusi rolu var. Daha güclü və dayanıqlı gələcək üçün qlobal olaraq strategiyalar dəyişir. İndi hətta çalışılır ki, iqlim dəyişikliyi məsələlərinin həllində mədəniyyət önəmli yer tutsun. Bu forumun da əsas məqsdələrindən biri də elə budur: yeni tendensiya və çağrışlara mədəniyyətlərarası dialoqla nail olmaq. Dövlətimizin başçısının bildirdiyi kimi mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir: “Ölkəmizdə çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlər dinlərarası dialoqla bağlıdır. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdə sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər”. Forum beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır. Artıq VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq dialoq sahəsində mühüm platformalardan birinə çevrilib. Bu tədbirlə Azərbaycan beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi işinə daha bir töhfə vermiş olub.

Yeri gəlmişkən, onu da qeyd edək ki, mayın 4-5-də Azərbaycanda yaşayan pravoslavlar əsas xristian bayramlarından olan Pasxanı qeyd ediblər.

Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində Pasxa ibadətləri şənbə günündən bazara keçən gecə başlayıb. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, müqəddəs dini nəğmələrə qulaq asıb, şamlar yandırıblar.

“Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsinin baş keşişi, ieromonax Qeorqiy Budaqov şimal bölgəsində yaşayan xristianların Pasxa bayramını hər il yüksək səviyyədə qeyd etdiklərini bildirib. Pasxa bayramı Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində də qeyd edilib. Qərb bölgəsində yaşayan pravoslavlar ötən gecədən başlayaraq məbədə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini qeyd ediblər. İcra olunan mərasimlərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndələri iştirak ediblər. Bayram münasibətilə icra edilən ayinlərdən öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pravoslavlara ünvanladığı təbrik məktubu oxunub. Ölkəmizdə daimi sülh, əmin-amanlıq və xoşbəxtliyin hökm sürməsi arzulanıb, şəhidlərin ruhuna dualar oxunub. Sonra Pasxa bayramında vacib sayılan bir sıra dini ayinlər icra edilib, şamlar yandırılıb, dualar edilib. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Rus Pravoslav Kilsəsinə bayram sovqatı göndərilib.

İsmayıllı rayonunun İvanovka kəndində də Müqəddəs Pasxa bayramı qeyd edilib. "Molokan-ruhani-xristian" dini icmasına məxsus ibadət evində əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pasxa bayramı ilə bağlı təbriki oxunub. Daha sonra dini ayinlər icra edilib və Vətən uğrunda şəhid olanların ruhuna dualar oxunub. Qeyd edək ki, mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyəti və DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları iştirak ediblər.

Bakıda da Müqəddəs Pasxa bayramı qeyd edilib. Məbədlərə gələnlər ibadət edib, şamlar düzüblər. Bayram ərəfəsində pravoslav xristianları icmasına təbrik ünvanlayan Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan müxtəlif dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimad mühitinin, demokratik birgəyaşayış prinsiplərinin mövcud olduğu unikal bir məkandır və dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm töhfələr verir. “Cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin mədəni özünüifadəsi üçün bərabər imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, ölkəmizin bütün etnik və dini azlıqları, o cümlədən xristian vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər”, - deyə dövlətimizin başçısının müraciətində bildirilir. Bayram ibadəti Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində də olub. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi, baş keşiş Konstantin Pominov qeyd edib ki, Azərbaycan ərazisində həmişə çoxsaylı millətlər və xalqlar yaşayıb. Onlar müxtəlif dinə sitayiş ediblər. “Qədim zamanlarda indiki kimi bütün bu xalqlar təkcə dinc yanaşı yaşamırdılar, onlar həm də əməkdaşlıq edir, bir-birinə kömək göstərir, öz övladları və nəvələri naminə bu torpaqda yaşayıb, əkib-becəriblər, ailə qurub, bir-birini seviblər”, - deyə baş keşiş bildirib. O, bu il Pasxanın Azərbaycan üçün ərazi bütövlüyünün bərpa olunduğu mühüm məqamda keçirilməsi faktını əlamətdar adlandıraraq deyib: “Biz təcavüzkarın işğal etdiyi əraziləri geri qaytardıq, Qarabağı azad etdik. Şuşada, Xankəndidə və ölkəmizin işğaldan azad edilən bütün rayonlarında həyat bərpa olunur”.

 

Cavid

Xalq Cəbhəsi- 2024.- 9 may,¹15.-S.9.