Diaspor və lobbi təsisatları
geosiyasi alət kimi
II yazı
Dəyərli oxucular, “Xalq cəbhəsi” qəzetinin
ötən sayında klassik və müasir geosiyasi nəzəriyyələrin
əsas prinsiplərindən söz açmışdım.
Bugünkü yazım isə ən qədim geosiyasi təzyiq
alətlərindən biri olan lobbi və diaspor qurumlarına,
onların geosiyasi proseslərdəki roluna həsr olunub.
Diaspor və lobbi sözləri dilimizə dövlət
müstəqilliyimizin bərpasından sonra daxil olub.
Doğrudur, SSRİ-nin tarixin arxivinə doğru sürətlə
addımladığı zaman kəsiyində də
dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılarla Azərbaycan arasında
körpü yaratmağa çalışan cəmiyyətlər
fəaliyyət göstərirdi. Lakin bu cəmiyyətlərin
fəaliyyəti əsasən kiçik miqyaslı mədəni
tədbirlərin təşkili ilə məhdudlaşır,
siyasi və geosiyasi anlam kəsb etmirdi. Diaspor
anlayışı Azərbaycanda çağdaş geosiyasi
proseslərin mühüm aktorlarından biri kimi 1991-ci il
dekabrın 16-da, həmin dövrdə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri olan ümumilli lider Heydər
Əliyev tərəfindən dekabrın 31-i Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü elan olunduqdan sonra təşəkkül
tapmağa başladı.
Qeyd etdiyim kimi, müasir dünyada diaspor qurumları və
lobbiçiliklə məşğul olan təşkilatlar,
konsaltinq şirkətləri, ayrı-ayrı nüfuzlu şəxslər
nəinki konkret ölkə və yaxud regional, eləcə də
qlobal beynəlxalq təşkilatlar daxilində qəbul olunan
iqtisadi-siyasi qərarlara, hətta qlobal geosiyasi əhəmiyyət
daşıyan proseslərə təsir etmək gücünə
malikdirlər.
Qüds Universitetinin araşdırmalarına görə,
dünyanın ən böyük diasporu sayı 35 milyon nəfərdən
çox olan Çin diasporudur. 2-ci yerdə 9 milyonluq hind,
3-cü yerdə isə 8 milyonluq yəhudi diasporu dayanır.
“Dünya siyasətində diaspor amili” adlı məşhur
elmi-tədqiqat işinin müəllifi professor Qabriel Şefferə
görə, diasporlar formalaşma və fəaliyyət istiqamətlərinə
görə 7 qrupa bölünürlər.
1-ci qrupa dərin tarixi kökləri olan diasporlar
aiddir. Şeffer bu qrupa əsasən yəhudi və çin
diasporlarını aid edir. Amma nəzərə alsaq ki,
dünyanın bir çox ölkələrində, xüsusilə
də qonşu dövlətlərin ərazisinə daxil olan
tarixi vətənlərində kompakt yaşayan azərbaycanlıların
sayı nəinki hind və yəhudi, hətta çin
diasporunun sayından da çoxdur, o zaman bu bölgünün
bir qədər ədalətsiz olduğunu, yaxud aparılan
araşdırmanın klassik nəzəriyyələrə
uyğun olaraq gerçəkləşdirildiyini söyləmək
olar.
Şefferin bölgüsünə görə, 2-ci
qrupa daxil olan diasporlar “yatmış, yaxud hərəkətsiz,
fəaliyyət göstərməyən diasporlardır. Yəni
Avropa və Asiyadakı amerikalılar, Amerikadakı skandinavlar
və sairə...
3-cü qrup isə türklər, yunanlar və
polşalıların daxil edildiyi gənc diasporlar adlanır.
4-cü qrup formalaşmaqda olan, 5-ci qrup “evsiz” - yəni
öz dövləti olmayan etnik qrupların təşkil etdiyi
diasporlar, 6-cı qrup etnomilli – yəni arxasında öz
dövlətinin gücünü hiss edən, 7 qrup isə
dağınıq, yaxud səpələnmiş
diasporlardır.
Təbii ki, müasir dövrdə mövcud olan diaspor
qruplaşmaları ilə bağlı diqqətinizə çatdırdığım
bölgüdən müəyyən qədər fərqlənən
yanaşmalar da var.
Bəzi tədqiqatçılar diasporların ümumi
tarix və tale, hüquqi status, formalaşma prosesi,
köç, yaxud miqrasiyanın səbəbləri, bu və
ya digər ərazidə məskunlaşmaya zəmin yaradan
amillər, ortaq dil, mədəniyyət və digər
faktorlara görə qruplaşdırılmasına
üstünlük verirlər.
Lakin müasir dünyada baş verən proseslərin
intensivliyi, informasiya, kommunikasiya texnologiyalarının
inkişafı, enerji resursları və digər təbii
ehtiyatlar üzərində nəzarət uğrunda aparılan
geosiyasi mübarizə diaspor qurumlarının
formalaşması prosesində əsas götürülən
amilləri arxa plana keçirir. Və təbii ki, diaspor
qurumlarının mütəşəkkilliyi, onların bu və
ya digər dövlətin iqtisadi-siyasi həyatındakı
rolu, təsir imkanları, geosiyasi maraqlar uğrunda aparılan
mübarizədə qlobal və regional güc mərkəzləri
üçün nə qədər yararlı
olub-olmadıqları ön plana çıxır.
Qlobal iqtisadi və siyasi proseslərdə diaspor təşkilatlarının
dominant rol almağının səbəblərindən biri də
geosiyasi proseslərin bu və ya digər etnosun, xalqın, etnik
qrupun, eləcə də diaspor təşkilatları qrupunun
maraq dairəsinə və təsir imkanlarına malik olduğu
ərazilərdə daha aktiv şəkildə cərəyan
etməsidir.
Təbii ki, bu bağlamda istifadəyə yararlı və
istifadə olunmağa meylli diasporlardan biri və bəlkə də
birincisi erməni diasporu sayıla bilər.
Sirr deyil ki, Qriqoryan kilsəsi və daşnaksyutun kimi
ultramillətçi təşkilatlar tərəfindən ermənilərin
bir araya gətirilməsi, Ermənistanın yerləşdiyi
region dövlətlərinə qarşı əsassız ərazi
iddiaları irəlü sürməsi üçün ideoloji
əsas kimi uydurulan qondarma soyqırımı amilindən həm
də geosiyasi proseslərdə təzyiq vasitəsi kimi istifadə
olunur. Qondarma erməni soyqırımı amili, eyni zamanda erməni
diaspor təşkilatları, erməni lobbisi və bu amildən
istər daxili, istərsə də xarici siyasətdə istifadə
edən siyasətçilər üçün biznes vasitəsidir.
Avropada güclənməkdə olan türk diasporunun fəaliyyətinin
məhdudlaşdırılması, uzlaşma tələb edən
regional məsələlərdə güzəştlərin əldə
olunması üçün qondarma erməni
soyqırımı amilindən necə istifadə olunduğunu
sübuta yetirməyə, zənnimcə ehtiyac yoxdur. Yaxın
tarixdə, gözümüzün önündə baş verən
bu hadisələr geosiyasi proseslərdə diaspor amilindən
istifadənin bariz nümunəsi kimi qəbul oluna bilər.
Bununla yanaşı bir məqama da toxunmağı vacib
hesab edirəm. Erməni diaspor təşkilatları və erməni
lobbisi bir-biri ilə əlaqədə fəaliyyət göstərən,
ortaq korporativ maraqlardan çıxış edən azsaylı
siyasi-iqtisadi təzyiq vasitələrindən biridir. Burada
diaspor və lobbi iç-içədir və yeri gələndə
bir-birini əvəz edir. Yəni ehtiyac duyulduqda diaspor lobbi,
lobbi isə diaspor funksiyasını yerinə yetirir və yaxud
əksinə...
Müasir dövrdə lobbiçilik fəaliyyəti
ilə məşğul olan peşəkar konsaltinq şirkətlərinin,
beyin mərkəzlərinin iştirakı olmadan ciddi siyasi qərarların
qəbul edilməsi və həyata keçirilməsi kifayət
qədər çətindir.
Amma lobbiçilik konkret qrupun maraqlarının təmin
olunması üçün istiqamətləndirici, yönləndirici
fəaliyyətlə məhdudlaşmır.
Hazırda dünyada lobbiçiliyin mahiyyətinin
anlaşılması və müəyyənləşdirilməsi
ilə bağlı 2 əsas yanaşma mövcuddur.
Bunlardan birincisi lobbiçiliyə bu fəaliyyətlə
məşğul olan subyektlərin bu və ya digər qərarın
qəbul edilməsi üçün yerli və dövlət
qurumlarına, daha geniş miqyasda isə beynəlxalq təşkilatlara
təsir etmək imkanı çərçivəsindən
yanaşmağı məqbul hesab edir.
Digər yanaşmanın tərəfdarları isə
lobbiçiliyə qanunvericilik, məhkəmə və icra
orqanlarında qarşılıqlı maraq əsasında
fiziki və hüquqi şəxslərin mənafeyinin təmin
edilməsi istiqamətində həyata keçirilən
peşəkar fəaliyyət kimi yanaşırlar.
Əslində hər iki yanaşma doğrudur. Amma təcrübədə
birincilərin, yəni təşkilatlanmış və vahid mərkəzdən
idarə olunan təzyiq qruplarının fəaliyyəti
müasir lobbiçiliyin mahiyyətini daha qabarıq və daha
dəqiq şəkildə ifadə edir.
Bütövlükdə lobbiçiliyin həm neqativ,
həm də pozitiv tərəfləri var. Hər şey bu, fəaliyyətin
necə və kimlər tərəfindən həyata
keçirilməsindən, təzyiq qruplarının hədəflərindən,
lobbi institutlarının cəmiyyətə nə dərəcədə
açıq olmalarından asılıdır. Lobbiçiliyə
pozitiv münasibət bəsləyənlər onu “yumşaq
güc”, neqativ münasibət bəsləyənlər isə
iqtisadiyyatın və ənənəvi beynəlxalq münasibətlər
sisteminin, beynəlxalq hüququn qatili kimi qiymətləndirilər.
Lobbiçiliyi geosiyasi müstəvidə dəyərləndirəndə
şübhəsiz ki, ona beynəlxalq və xarici lobbizm
anlayışları müstəvisindən yanaşmaq
lazım gəlir.
Beynəlxalq lobbiçilik anlayışı bu və
ya digər dövlətin, yaxud transmilli korparasiyanın
maraqlarının hökumətlərarası, eləcə də
regional və qlobal beynəlxalq təşkilatlarda təmin
edilməsi istiqamətində həyata keçirilən fəaliyyəti
nəzərdə tutur.
Xarici lobbiçilik isə hər hansı bir ölkənin,
yaxud transmilli korparasiyanın maraqlarının konkret bir
dövlətin ərazisində təmsil olunmasıdır.
Başqa sözlə desək, xarici lobbiçilik istər
siyasi, istərsə iqtisadi anlamda başqa bir dövlətin,
transmilli şirkətin nüfuz müvəkkili
funksiyasının yerinə yetirilməsidir.
Beynəlxalq lobbiçilik fəaliyyəti beynəlxalq
müqavilələrin, hökumətlərarası sazişlərin
imzalanması, beynəlxalq təşkilatlarda qərarların
qəbul edilməsi zamanı maraqların
uzlaşdırılması prosesinə paralel olaraq həyata
keçirilir. Bu baxımdan, beynəlxalq lobbiçiliyi beynəlxalq
mübahisə və münaqişələrin tənzimlənməsi
zamanı istifadə olunan hüquqi mexanizmlərlə əlaqələndirmək
tamamilə yanlış olardı. Beynəlxalq lobbizmi
diplomatiya ilə əlaqələndirmək də doğru
deyil. Diplomatlar konkret şəxslərin və dövlətlərin
maraqlarının lobbiçiliyi ilə məşğul
olmurlar. Hərçənd ki, təcrübədə belə
hallara da rast gəlinir. Amma bu halda həmin diplomatların fəaliyyəti
vətənə xəyanət və yaxud korrupsiya əməli
kimi qiymətləndirlir.
Beynəlxalq lobbizm rəsmi hüquqi statusa malik deyil,
o, transhökumət şəbəkələri vasitəsilə
inkişaf edir. Belə şəbəkələr isə şəxsi
münasibətlər və maraqlar müstəvisində
formalaşır. Müasir dövrdə transhökumət
şəbəkələri beynəlxalq əməkdaşlığın
əhəmiyyətli hissəsini təşkil edirlər. Onlar
bu və ya digər beynəlxalq və yaxud korporativ idarəçilik
sistemləri ilə əlaqədə olsalar da, müstəqil
şəkildə hərəkət edir, fəaliyyətlərində
milli qanunvericiliyin tələblərini demək olar ki, nəzərə
almırlar.
Qeyd edim ki, beynəlxalq lobbizmin subyekti kimi təkcə
transmilli korparasiyalar deyil, milli dövlətlər və
peşəkar oyunçular da çıxış edirlər.
Daha doğrusu peşəkar lobbiçilər və onların
təşkilatları maraqlarını ifadə etdikləri
qrup, mərkəz və yaxud hakimiyyət təmsilçiləri,
yəni lobbizmin subyektləri ilə lobbizmin obyektləri - qərar
qəbul edən tərəflər arasında vasitəçilik
missiyasını həyata keçirirlər. Bu gün qlobal
miqyasda belə vasitəçilik missiyasını gerçəkləşdirən
peşəkar lobbiçilərın sırasında “Omnikum”
qrupun tərkibində fəaliyyət göstərən
“Keçum”, “Flaişmən hillar”, “Bursin Marsteller”,
“Şendvek” və digərlərini nümunə gətirmək
olar.
Diaspor və lobbiçiliyin geosiyasi proseslərdəki
rolu və əhəmiyyəti barədə bir yazı çərçivəsində
məlumat vermək, bu mühüm geosiyasi aktorların
çoxşahəli fəaliyyət istiqamətlərini şərh
etmək, şübhəsiz ki, mümkün deyil.
Çünki bəzən iç-içə olan bu 2 önəmli
geosiyasi oyunçunun varlığı daxili və beynəlxalq
geosiyasi, geoiqtisadi proseslərin hər addımında nəzərə
çarpır. Lobbizmin əhatə dairəsi, fəaliyyət
istiqamətləri, etnosiyasi, etnomədəni və
etnokonfessional amillərə söykənən şəbəkələşmə
mexanizmləri kifayət qədər genişdir.
Reallıq isə ondan ibarətdir ki, müasir
dünyada baş verən heç bir prosesi lobbizm və
diaspora anlayışlarından kənarda təsəvvür
etmək mümkün deyil. Dünya durduqca maraqlar da olacaq və
təbii ki, bu maraqlar ətrafında birləşmələr
də...
Güclülər bu maraqların
daşıyıcısı kimi proseslərin içində və
mümkün olduğu qədər ön cərgələrdə
yer almağa çalışacaq, zəiflər isə
kütləvi səhnələrin iştirakçısı,
yaxud müşahidəçi funksiyasını yerinə
yetirməklə kifayətlənəcəklər.
Elçin Mirzəbəyli
Xalq Cəbhəsi- 2024.- 16 may,¹16.-S.5.