Poeziyaya yeni nəfəs gətirməyi bacaran gənc
şair
Öz aramızdır, sən demə, Səlim
Babullaoğlu necə deyərlər, az aşın duzu
deyilmiş, əsl insan sərrafıymış. Harada bir zəkalı,
zirək adam varsa, məlum olur ki, onun dostudur. Onlardan biri də
Fərid Hüseyndir. Zarafat deyil, Fərid 2021-ci ildə Serbiya
Respublikasının Semska Mitrovika- İmperatorluq şəhərinin
fəxri vətəndaşı seçilib və adı
Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki
şairlər məhəlləsinin girişində yerləşən
bulağın yanındakı daş lövhəyə vurulub.
Elə həmin ildə də AYB-nin katibliyinin və
Üzvlüyə Qəbul Komissiyasının, həmçinin,
"Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin
üzvüdür. Şeirləri Türkiyə, qazax, özbək,
qırğız türkcəsinə və ingilis, rus, belarus,
ukrayna, serb, gürcü, rumun dillərinə tərcümə
edilərək dünyanın müxtəlif ölkələrinin
mətbuat orqanlarında çap olunub. Məşhur filmdə
deyildiyi kimi; "Sən bundakı fərasətə bax, gedib
gör haralara çıxıb."
Əlbəttə ki, bu bir bahar zrafatıdır. Fərid
Hüseyn sözün əsl mənasında parlaq istedadlı,
itizəkalı gəncdir. Bu gün məhz, elə ondan
söhbət açmağa səy göstərəcəm...
Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir
şəhərində dünyaya gəlib. 2006-cı ildə
M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı
tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə
Azərbaycan Mədəniyyət və İncəsənət
Universitetinin Sənətşünaslıq fakültəsinin
"Nəşriyyat işi və redaktəetmə"
ixtisasına, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin
iki illik "Yaradıcılıq" fakültəsinin
"Poeziya" bölümünə daxil olub. Hər iki
universiteti 2010-cu ildə bitirib. Sonra ADMİU-nun
"Kultralogiya" fakültəsinin "Mədəniyyətşünaslıq"
ixtisası üzrə magistr təhsili alıb...
Şeir yazmağa orta məktəbdə oxuyanda start
verib. On-on iki şeir yazandan sonra həvəsdən
düşüb və şairlik fəaliyyətini
dayandırıb. Bir də universitetə qəbul olunandan bir qədər
sonra, özündə daxili ehtiyac duyaraq, yenidən şeir
yazmağa başlayıb. Əvvəl elə bilib ki, hisləri,
duyğuları özünəməxsusdur, ancaq oxşar
şeirlər ortaya çıxanda anlayıb ki, bu
yamsılamaya oxşayır. Sonra ədəbi mühitlə
tanış olmağa başlayıb. Görüb ki, ədəbi
mühitə qoşulmağın da, öz mənfi tərəfləri
var. Burada meyar başqalarının zövqü olur...
Deyir ki, “indiki ağlımla düşünürəm
ki, şair üçün meyar daha çox onun öz
zövqü olmalıdır. O da ancaq şair öz səsini
tanıyandan sonra başlayır. Şair kimi öz səsini
tanıyanda artıq təsirlə yazmırsan, heç kimi
yamsılamırsan. Yamsılayan şairlər qədimlərdə
də olub, indi də var. Nizami Gəncəvi yazırdı ki,
yamsılamaqla şair olunsaydı, onda meymun hamıdan
böyük şair idi. Çünki meymunun hərəkətlərinin
90 faizi təqliddir.”
2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə
(AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində
faəliyyət göstərən "Gənc ədiblər məktəbi"ni
bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin dissertantıdır və "Azərbaycan
ədiblərinin ev muzeylərindəki şəxsi
fondların tədqiqi və nəşri prinsipləri"
mövzusunda elmi iş üzərində
çalışır. Serbiya Yazıçılar Birliyinin
üzvüdür. 2019-cu ildə AYB-nin Gənclər
Şurasının sədri seçilib. İki dəfə-
2010 və 2021-ci illərdə Prezident təqaüdünə
layiq görülüb. On beşə yaxın kitabın müəllifidir...
Şeirlərində mövzu rəngarəngliyi var.
Mütaliəni xoşlayır, adətən şeir oxumaqdan
zövq alır. Yazılarının böyük əksəriyyəti
də poeziya haqqındadır...
“Qəribədir, bizim ədəbiyyatda bir sıra
şairlər ayrılıq haqqında şeiri 40
yaşında da, 50 yaşında da, 20 yaşında da eyni
cür ifadə edir. Demək, o sevgiyə münasibətini mərhələ-mərhələ
ötürür, içində dövr dəyişimi
yaşamır. Son kitabımda – “Bir də heç vaxt”da
minimalist şeir nümunələri, haykular, “Şəhərlər
və şeirlər” bölməsi, dini-fəlsəfi şeirlər,
sevgi şeirləri var. Artıq bir mövzunu yazıb
qapadıram, mümkün qədər təkrar mövzularda
yazmamağa üstünlük verirəm. Məni indi iki
mövzuda şeirlər düşündürür. Biri
açarlardır. Bəli. Açarların həyatımızda
özünə xas fəlsəfəsi var. Biz nə qədər
kirayə evlər, iş yeri dəyişirik. Həyat hər dəfə
hansısa qapını üzümüzə bağlayır,
hansınısa açır. Bunun fəlsəfəsini, insan
taleyindəki rolunu açarların timsalında poeziyada
canlandırmaq istəyirəm.”- söyləyir.
Fərid Hüseyn "Eşq" kitab
seriyasını da təsis edib. Onun rəhbərlik etdiyi kitab seriyasından
Məmməd Orucun "Oyun havası", Eldar
Baxışın "Sərçə balası", İsi
Məlikzadənin "Qırmızı yağış",
Asif Atanın "İnam və şübhə",
Serkanın "İtkin gül", Tuğrul Tanyolun "Sən
əlimdən tutanda", Adnan Özerin "Kasıbın
eşq nəğməsi", Gjeke Marinajın "Sevginin 24
saat", Koman Şovanın "Sevginin izi ilə" əsərləri
işıq üzü görüb..
Necə deyərlər, gəncliyinin pik nöqtəsinə
gəlib çatıb. Gələn ildən ona gənc yox,
“cavan oğlan” da demək olar. Şuşaya- M.P.Vaqiflə
bağlı tədbirə gedəndə AYB-nin katibi Səlim
Babullaoğlu onu təqdim edib haqqında xeyli
danışdı. Doğrusunu deyim ki, ilk baxışda gənclik
məğrurluğu ilə seçilən, cəldliyi ilə
fərqlənən bu insanın haqqında elə o vaxtdan
maraqlanmağa başladım. Yazılarını, bir neçə
şeirini oxudum. Bu şeirlərdə lirika zəif olsa da, amma
fəlsəfi baxımdan göəl poeziya nümunələridir.
“Baqi bədəl” şeirində yazır;
Açarlar verir hesabat
kilidləri kiridikcə.
Şam boynudur miskin həyat
qalınlaşır əridikcə.
Qaliblərsə sıralanıb
bir ağ yaylığın fonunda.
Təcrübələr xırdalanır
sınıq ayna şablonunda.
Quş sükutu dimdikləyir
yorğun heykəl kölgəsində.
Hamı bir dəfə səsləyir,
Azan isə sonsuz dəfə.
Onun publisistika dilinə isə söz ola bilməz.
Özünəməxsus üslubu var. Təhliletmə qabiliyyəti,
hadisələri düzgün dəyərləndirmə
bacarığı, "obyektə" yanaşma tərzi fərqlidir.
Elə poeziyaya da fərqli yanaşır. Ənənəvi
şeirdən, necə deyərlər, yan qaçmağa
üstünlük verir...
Deyir ki, “adətən şairlər
yaradıcılığında ədəbi normaları
qorumağa çalışırlar. Hansı şair ki, o normaları
pozur, yaxşı şeirlər yaza bilir. Peterburqda Anna
Axmatovanın ev muzeyində olanda bələdçi bir
qadın maraqlı bir hadisə haqqında məlumat verdi. Deməli,
Rusiyanın baş senzorlarından biri, Ştuçka ləqəbli
erməni varmış. Senzura vaxtı Axmatovanın
kitabının çapına icazə verməyib. Bir dəfə
Axmatova ilə yolda qarşılaşır. Deyir, sizi təbrik
edirəm, şeirlərinizi oxudum, çox xoşuma gəldi.
Axmatova sevinir ki, şeirlər bəyənilibsə kitabı
çap olunacaq. Senzor isə deyir: “Sizin şeirləriniz
çox gözəldir, amma kitabınız çap
olunmayacaq”. Şeirlərin bəyənilməsi o dövr
üçün əslində, sən deyən də xoşagələn
məsələ deyilmiş. Bertolt Brextin “Kitablar
yandırılır” adlı şeiri var. Hitlerə müraciətlə
yazılıb. Məzmunu belədir: bir şair
yandırılacaq kitabların siyahısını
görür və qəzəblənir ki, niyə mənim
kitabım yoxdur o siyahıda, axı mən də həqiqətləri
demişəm. Səlahiyyətli adamlara məktub yazıb
xahiş edir ki, kitablarımı yandırın. Senzuranın
mövcud olduğu ölkələrdə belə faciələr
yaşanıb. Sovet dövründə şairlər istər-istəməz
senzura ilə hesablaşırdılar. Növbəti bir problem
isə bu günün özündə də var- şair
gündəmə uyğun populyar şeiri ilə şöhrət
qazanır və həmin mövzuların içində
itib-batır, bədbəxt olur. Sənə deyəndə ki,
bu mövzuda yazdıqların yaxşıdır, sən
artıq köklənirsən başqalarının
zövqünə. Başqasının zövqü də onun
düşüncəsini qəbul etməkdir. Ancaq sənin həyatın,
yaşantıların birə-bir başqalarının
düşüncəsidirmi? Əsla. Belə olanda sən
başqasının düşüncəsini ifadə etməyə
başlayırsan və nəhayət öz ürəyinin səsini
qapı dalından eşdirsən.”
Bəli, Səlim Babullaoğlunun mənimlə
tanış etdiyi, bu gənc şairin
yaradıcılığa fərqli yanaşması təbiidir.
Çünki bu qədər şairin arasında seçilmək
üçün poeziyaya yeni nəfəs gətirməyi
yalnız gənclər bacara bilər...
Yəqin ki, onun yaradıcılığı haqqında
daha ətraflı söhbət açacaqlar. Mənim bu
söhbətim isə bu estafetə bir başlanğıc
olsun!
Elman Eldaroğlu
Xalq Cəbhəsi- 2024.- 30 may,¹18.-S.15.