Dünyanın Azərbaycana
böyük inamı var
Bu ilin noyabrında Azərbaycan dünyada iqlim siyasətinin
mərkəzinə çevriləcək. Belə ki, paytaxt
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Cənubi Qafqaz ölkəsində ilk dəfə iqlim
konfransının keçirilməsi barədə qərar
2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28
plenar iclasında qəbul edilib. Bu tədbir çərçivəsində
Bakının 70-80 minə yaxın xarici qonağı qəbul
edəcəyi gözlənilir.
Bakıda keçirilməsi planlaşdırılan
BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasında (COP29) təkcə iqlim məsələlərini
deyil, həm də Azərbaycanı, mədəniyyətini, təbiətini
tanıtmağa çalışacağıq. Bunu ekologiya və
təbii sərvətlər naziri, COP29-un müəyyən
olunmuş prezidenti Muxtar Babayev jurnalistlərə
açıqlamasında deyib. O, COP29-a hazırlıq işlərinin
davam etdirildiyini də bildirib: "Azərbaycan bu tədbirin də
ən yüksək səviyyədə keçirilməsi
üçün çalışır".
Nazir COP29-un müəyyən olunmuş prezidenti Muxtar
Babayev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun
üzvləri, o cümlədən hərbi attaşelərin
iştirakı ilə Laçında COP29-la əlaqədar təqdimat
mərasimində deyib ki, COP29-un proqramı təkcə maliyyə
məsələləri ilə məhdudlaşmayacaq. Su problemləri,
torpaqların deqradasiyası, yaşıl kənd təsərrüfatı,
ərzaq təhlükəsizliyi, sağlamlıq, gənclər
və s. kimi bir çox digər vacib məsələlər
var. Bakıda bu məsələləri müzakirə edəcəyik.
M.Babayev qeyd edib ki, maliyyə COP üçün əsas
mövzusudur: "Bu, o qədər də asan deyil, sövdələşmə
çətindir, xüsusən də inkişaf etməkdə
olan ölkələrin bu maliyyəyə olan gözləntiləri
çox yüksək olduqda uyğun yol tapmaq lazımdır.
Biz tərəflərin mövqeyini bir-birinə daha da
yaxınlaşdırmaq üçün əlimizdən gələni
etməliyik və düşünürəm ki, tərəflərdən
bəzi müsbət siqnallar var. Bütün ölkələr
indi öz səylərini birləşdirməyin, bir-birini
başa düşməyin nə qədər vacib olduğunu
anlayırlar. 2024-cü ildə Bakıda yaxşı nəticələr
tapmaq üçün bu, vacibdir".
Nazir əlavə edib ki, COP təşəbbüslərini
hazırlamaq üçün hələ vaxt var.
"Ona görə də biz bunu sizinlə müzakirə
etməyə çox açığıq. Eyni zamanda, builki
təqvimimiz haqqında sizə bir qədər məlumat vermək
istərdim. Ən az inkişaf etmiş ölkələrlə,
adalarla görüşmək üçün Antiqua, Barbudaya
getməyi planlaşdırırıq. Düşünürəm
ki, bizim çoxlu suallarımız, onlarla müzakirə edəcəyimiz
mövzular var. Biz orada bir neçə əlavə tədbirlər
təşkil etməyi, həm də ölkəmizi dünyaya
tanıtmağı, bu böyük proqramı, bu böyük
öhdəliyi necə yerinə yetirməyə hazır
olduğumuzu göstərməyi
planlaşdırırıq", - o vurğulayıb.
Onu da qeyd edək ki, artıq bir çox dövlət
başçılarına bu mötəbər tədbirdə
iştirakla bağlı edulən rəsmi dəvətlər qəbul
edilib. Eyni zamanda bir çox xarici ekspert və diplomatlar mövzu
ilə bağlı yüksək fikirlər söyləyiblər.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi
Vladanka Andreeva mayın 27-də Bakıda “Yaşıl artım
gündəliyində təhsil” mövzusunda keçirilən
konfransda çıxışı zamanı deyib ki, Azərbaycan
dayanıqlı və "yaşıl iqtisadiyyat"a
hazır olmalıdır.
Onun sözlərinə görə, iqlimlə
bağlı bilik və bacarıqlar, qabiliyyət erkən
yaşlardan başlamalıdır: "Eyni zamanda dəqiq elmlərin
daha da gücləndirilməsi, STEAM təhsilinə gənc
qızların cəlbini istəyirik. Özəl sektorla hər
zaman əməkdaşlığa hazırıq. Çünki
təhsil sahəsində əməkdaşlıq güclənməlidir.
Özəl sektor çevik yanaşma nümayiş etdirməlidir.
Gənclər öz ali təhsilini başa vurduqdan sonra
hazır olmalı, əmək bazarının tələblərinə
cavab verməlidir".
BMT rəsmisi həmçinin qeyd edib ki, Azərbaycanın
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) hazırlığı yüksək səviyyədə
gedir: "Bütün mühüm təməl bloklarla
bağlı işlər görülüb".
Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı
direktoru Fatih Birol isə deyib ki, BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) öncəsi qlobal
danışıqlar, son 10 ildə dəyişməz qalan
inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında “təmiz”
enerji investisiyalarının payını artırmaq
üçün bir yol tapmalıdır.
O vurğulayıb ki, yoxsul ölkələrə qlobal
istiləşmə ilə mübarizə aparmaq
üçün maliyyələşdirmənin
artırılması və bu vəsaitlərin onlar arasında
necə bölüşdürüləcəyi ilə
bağlı müzakirələr hələ də davam edir:
“Noyabr ayında Bakıda keçiriləcək COP29
konfransı ərəfəsində ölkələr iqlim
proqramlarının illik maliyyələşdirilməsinin yeni
məqsədinin təfərrüatlarını
hazırlayırlar. Bu da ehtimal edilir ki, ən azı yüz
milyard dollar təşkil edəcək. Mövzu BMT sammitlərində
mübahisələrə səbəb oldu, çünki
2009-cu ildə yoxsul ölkələrə 2020-ci ilə qədər
ildə 100 milyard ABŞ dolları ayırmaq üçün
təyin edilmiş əvvəlki iqlim maliyyəsi hədəfi
yalnız bir dəfə, 2022-ci ildə yerinə yetirilib”.
F.Birol qeyd edib ki, "təmiz" enerjiyə ümumi
qlobal sərmayə əhəmiyyətli dərəcədə
artmaqdadır, lakin inkişaf etməkdə olan bazarlara və
ölkələrə ayrılan vəsaitin həcmi 2015-ci ildən
bəri ümumi məbləğin 15 %-ni təşkil edərək
“dəyişməz qalıb”. Onun sözlərinə görə,
hazırda bu, təxminən 250 milyard ABŞ dolları təşkil
edir: “Beləliklə, mənim fikrimcə, bu, iqlim hədəfimizə
çatmaq yolumuzdakı qüsur xəttidir. Bu, Azərbaycandan
və digər ölkələrdən olan həmkarlarımızla
yüksək səviyyəli dialoqlarımız
üçün əsas mövzu olacaq”.
Belçikanın Xarici İşlər, Xarici Ticarət
və İnkişaf üzrə Federal Dövlət Xidmətinin
ətraf mühit, iqlim siyasəti və əməkdaşlıq
üzrə direktor müavini Ulrix Lenarts isə deyib ki, COP29 sədrliyi
ilə fikir mübadiləsi çox müsbət keçib.
Bu 6 ayda Avropa İttifaqına sədrlik etdiyimiz
üçün qəbul etdiyimiz ilk qərarlardan biri COP29
komandası ilə görüşmək üçün
Bakıya səfər etmək idi. Tədbirə sürətli
hazırlıq prosesi bizdə dərin təəssürat
yaradıb. Çünki faktiki qərarın verilməsindən
çox az vaxt keçib. Yəni 2023-cü ilin dekabrında
COP29-un Azərbaycanda keçirilməsinə qərar verilib və
komanda ilə görüşümüz isə fevralın
sonu-martın əvvəlində baş tutub.
Söhbət etdiyimiz hər kəs mövzular, məsələlər
və COP sədrliyinin rolu haqqında çox məlumatlı
idi. Buna görə də bizim COP29-a ev sahibliyi edən və sədrlik
edən ölkə kimi Azərbaycana böyük
inamımız var.
İqlim maliyyəsi ilə bağlı nəticə əldə
ediləcəyinə ümid edirik və digər nəticələrinin
də əldə olunacağına inanırıq. Biz həmçinin
iqlim ambisiyalarını dəstəkləyən bazar mexanizmi
baxımından bu nəticəyə nail olacağımıza
ümid bəsləyirik. Gender məsələləri üzrə
fəaliyyət planının icmalı təqdim olunub.
Ümid edirik ki, bu məsələ də həllini tapacaq.
Energetika nazirinin müavini, COP29-un baş
icraçı direktoru Elnur Soltanov Azərbaycanda akkreditə
olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi
attaşelərin iştirakı ilə Laçında COP29-la əlaqədar
təqdimat mərasimində deyib ki, COP29-un Azərbaycanda
keçirilməsi qərarının verilməsi bütün
beynəlxalq ictimaiyyətin dəstəyi ilə mümkün
oldu:
"Hazırda dünyada iqlim dəyişikliyi, iqlim
böhranı ilə bağlı baş verən ən
mühüm danışıqlara COP29-un ev sahibi olaraq rəhbərlik
etmək çox məsuliyyətli bir vəzifədir. Biz
qlobal iqlim böhranı ilə mübarizə aparmaq
üçün tədbirlər görməliyik. Amma bunun
üçün bizə icra vasitələri lazımdır.
Əsas həyatakeçirmə vasitəsi isə maliyyədir.
Beləliklə, biz iddialı fəaliyyət gündəliyi,
NGC ilə gündəmə gəlməliyik və bu yolda
işlərə başlamışıq. Bu yolla dünya
ictimaiyyətini ruhlandıracağıq və
canlandıracağıq".
Nazir müavini bildirib ki, hazırda Qarabağ və
Şərqi Zəngəzur "yaşıl enerji
zonası" elan edilib:
"Beləliklə, Qarabağ və Şərqi Zəngəzur
Azərbaycanın "yaşıl" texnologiyası və
"yaşıl enerji"si üçün sınaq
meydanına çevrilir. Deməli, bu bölgənin əhəmiyyəti
öhdəmizə götürdüyümüz böyük vəzifə
ilə üst-üstə düşür. Çünki
Qarabağ və Şərqi Zəngəzur
"yaşıl" dünya üçün ən
yaxşı texnologiyaları sınaqdan keçirdiyimiz yerdir.
Əgər uğurlu olarsa, Azərbaycanın digər bölgələrində
də tətbiq edəcəyik. Bu regionda istehlak ediləndən
daha çox "yaşıl enerji" istehsal edəcəyik
və müəyyən mənada Azərbaycanın digər
bölgələrinə də ixrac ediləcək".
Yeri gəlmişkən, Azərbaycanın
Niderlanddakı səfiri Rəhman Mustafayev Niderlandın
ingilisdilli “Holland Times” qəzetinə müsahibəsində bu
ilin noyabarında Azərbaycanın paytaxtı Bakıda
keçiriləcək BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) gündəliyi
və əsas məqsədləri barədə
danışıb. R.Mustafayev Azərbaycanın müxtəlif
beynəlxalq təşkilatlar çərçivəsində
sənayenin inkişaf etdiyi Şimal ilə inkişaf etməkdə
olan Cənub arasında dialoq və əməkdaşlığın
aktivləşdirilməsi istiqamətində atdığı
konkret addımlar barədə oxuculara məlumat verib. Onun
sözlərinə görə, son illərdə Azərbaycan
çox böyük təcrübə, nüfuz qazanıb və
diplomatik potensial əldə edib: “Bu da ona COP29-un gündəliyində
duran məsələləri uğurla həll etməyə
imkan verəcək”. Bundan başqa, səfir Bakı ilə
İrəvan arasında sülh prosesinin gedişindən, sərhədlərin
delimitasiyası və demarkasiyası prosesinin
başlanılmasından, Azərbaycanın ərazilərin
minalardan təmizlənməsi və azad edilmiş
torpaqların bərpası istiqamətində səylərindən
danışıb. O qeyd edib ki, mina probleminin
aktuallığını və minalanmış sahələrin
ətraf mühitə mənfi təsirini nəzərə
alaraq, dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb
etmək üçün COP29 çərçivəsində
xüsusi tədbirin keçirilməsi nəzərdə
tutulur.
Cavid
Xalq Cəbhəsi- 2024.- 30 may,¹18.-S.13.