Müstəqillik Günü tariximizdə müstəsna
rola malikdir
Mayın 28-də ölkəmizdə Müstəqillik
Günü qeyd olundu. Müsəlman Şərqində və
Türk dünyasında ilk dünyəvi, demokratik dövlət
olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından
106 il ötür.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması 28 may
1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli
Şurası tərəfindən bəyan edilib. Azərbaycan
Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə
həmin vaxt Azərbaycanın müstəqilliyi ilə
bağlı Batumidə Osmanlı sultanının nümayəndələri
ilə danışıqlar apardığına görə
İstiqlal Bəyannaməsinin elan olunduğu bu ilk iclasa Azərbaycan
Milli Şurasının sədr müavini Həsən bəy
Ağayev sədrlik edib. Fətəli Xan Xoyski, Xəlil bəy
Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət
Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli,
Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov,
Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər
Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd
Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy
Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy
Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy
Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər
Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov
və Hacı Molla Səlim Axundzadə iclasa qatılıblar.
Azərbaycan Milli Şurasının tarixi iclasında bitərəf
Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk
müvəqqəti hökumətinin tərkibi təsdiqlənib.
Cümhuriyyətimizin yaradılması olduqca mürəkkəb,
çətin şəraitdə baş tutub. Belə ki, AXC
elan olunarkən Bakı şəhəri bolşevik-daşnak
köpəyi Stepan Şaumyanın başçılıq
etdiyi işğalçı dəstələrin nəzarəti
altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti
olaraq Gəncə şəhərində fəaliyyət
göstərib. 1918-ci il sentyabrın 15-də ağır
döyüşlərdən sonra AXC milli ordusunun və Nuru
Paşanın başçılıq etdiyi Qafqaz İslam
Ordusunun hissələri Bakını bolşevik-daşnak və
ingilis hərbi dəstələrinin əsarətindən azad
edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya
köçüb. AXC cəmi 23 ay yaşasa da və 1920-ci il
aprelin 28-də bolşevik Rusiyasının işğalı nəticəsində
devrilsə də, lakin Ulu Öndər Heydər Əliyevin
vurğuladığı kimi biz bu gün demokratik Azərbaycan
dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu
Xalq Cümhuriyyətinə borcluyuq. Ona görə də 28 May
– Müstəqillik Günü hər il ölkəmizdə rəsmi
dövlət səviyyəsində yüksək ehtiram və təntənə
ilə qeyd edilir.
Ulu Öndər Heydər Əliyev
çıxışlarının birində milli dövlətçilik
şüurunun formalaşması kontekstində tarixi məsələlərə
öz konseptual baxışını belə ifadə edir:
"Bizim xalqımızın böyük, möhtəşəm
tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim
xalqımızın böyük dövlətçilik tarixi
olubdur. Ən qədim dövrlərdən Azərbaycan
torpağında əzəmətli dövlətlər
olmuşdur. Orta əsrlər Azərbaycan dövlətçiliyi
tariximizə gözəl nümunələr vermişdir.
Şirvanşahlar dövləti, Atabəylər dövləti,
Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər
dövləti - bunlar hamısı Azərbaycan xalqının
dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan
xanlıqlar da dövlətçilik xarakteri
daşımışdır. XX əsrin əvvəlində,
1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası
yaranmışdır. Ondan sonrakı dövr, 1920-ci ildən
1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında
xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil
dövlət olmamışdır, ancaq Azərbaycan xalqı
böyük bir inkişaf dövrü keçmişdir. Beləliklə,
Azərbaycan torpağında ən qədim zamanlardan indiyə
qədər müstəqil dövlətlər olmuşdur. Biz
bununla fəxr edirik və fəxr edə bilərik".
Heydər Əliyev müstəqilliyin ali məqsədi
kimi milli-mədəni və mənəvi dəyərlərin
bərpa olunmasına, xalqımızın özünü dərk
etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla,
vətəndaş hünəri ilə
çalışırdı. O, yalnız siyasi və iqtisadi
deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda
da əzmkar mübarizə aparırdı.
Bu tarixi nailiyyəti yüksək qiymətləndirən
Heydər Əliyev qeyd edirdi: "XIX əsrdən başlanan
mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan
cəmiyyətində əsaslı dəyişikliklərə
gətirib çıxardı, yeni mühitdə formalaşan
görkəmli ictimai və siyasi xadimlərimiz əsrin
çağırış və tələblərinə
layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması üçün münbit zəmin
yarandı".
Müzəffər Ali Baş Komandan İlham Əliyev
isə bu müstəqilliyin gələcək nəsillərə
ötürülməsi üçün daha böyük
tarixi missiyanı yerinə yetirmişdir. Tarixi varislik məslələrinə
daima həssaslıqla yanaşan Prezident İlham Əliyev
tarixi və siaysi baxımdan mühüm əhəmiyyət
daşıyan 15 oktyabr 2021-ci il tarixində Müstəqillik
Günü haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq
etmişdir. Qanunda deyilir: “1918-ci il mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini
imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan
etmiş, xalqımızın çoxəsrlik dövlətçilik
ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində
Azərbaycanın ilk parlamenti, hökuməti
yaradılmış, dövlət atributları təsis olunmuş,
sərhədləri müəyyən edilmiş, dövlət
quruculuğu sahəsində mühüm tədbirlər həyata
keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər
sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə
milli maraqların qorunması istiqamətində mühüm
addımlar atılmışdır. Yeni fəaliyyətə
başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin
möhkəmləndirilməsində, ölkədə siyasi,
iqtisadi və mədəni inkişafın təmin
olunmasında, demokratik prinsiplərin təsbit edilməsində
əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində
demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli
təsir göstərmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya
Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə
və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini
bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali
Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad
olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq
Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə,
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan
xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini
bərpa etmişdir”.
Beləliklə adıçəkilən qanunla tarixi
hadisələrə bir daha düzgün siyasi qiymət və
doğru farmirovka verilmişdir. Azərbaycanın müstəllik
savaşının ən uca zirvəsi Azərbaycanın ərazi
bütövlüyünün suverenliyinin tam bərpa edilməsidir
ki, bunun da şəriksiz lideri Müzəffər Ali Baş
Komandan İlham Əliyevdir. Bölgədə yaranmış
yeni reallıqlar Azərbaycan xalqının tarixi torpaqları
olan Qərbi Azərbaycan qayıdış üçün
münbit şərait yaradır. Bu mənada məhz Heydər
Əliyevin irəli sürdüyü tarixi varislik
konsepsiyası bizim bu platformada perspektivlərimiz gücləndirən
ən güclü amilə çevrilir. 1918-ci ildə
mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi
kimi biz tarixi torpaqlarımıza qayıtmaq hüququmuzu
özümüzdə saxlayırıq. Azərbaycan
xalqının buistəyini Prezident İlham Əliyev
özünəməxsus formada dəyərləndirərək
erməniləri yersiz yerə təşviş keçirməməyi
tövsiyyə edərək deyir: “Bizim başqa ölkələrin
torpağında gözümüz yoxdur, ancaq öz
torpağımızı biz heç kimə verən də
deyilik!”. Tarixi yaradan və yaşadan Azərbaycan
sevdalısı liderimiz bizi tarixi torpaqlarımıza
qaytmağımıza nail olacağımız gün uzaqda
deyil! Müstəqlliyimiz dönməz və əbədi olsun!
Tanrı Azərbaycanı qorusun!
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Əlisahib Hüseynov “Xalq Cəbhəsi”nə verdiyi
açıqlamada deyib ki, bu gün varlığı və qüdrəti
ilə qürur duyduğumuz Qalib Azərbaycan dövləti
1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin
tamhüquqlu varisi sayılır. Xalq Cümhuriyyətinin
tariximizdəki yerini həmişə yüksək dəyərləndirən
və müsəlman Şərqində ilk demokratik
respublikanın məhz Azərbaycan xalqı tərəfindən
yaradıldığını vurğulayan Ulu Öndər Heydər
Əliyevin bu fikirləri həqiqətən də tarixi fikirlərdir:
"Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin
məhz Azərbaycan torpağında yaranması
xalqımızın o dövrdə və o illər ərəfəsində
- XIX əsrin sonunda və XX əsrin əvvəllərində
milli müstəqillik, azadlıq duyğuları ilə
yaşaması ilə bağlıdır. O illərdə
xalqımızın qabaqcıl şəxsiyyətləri,
mütəfəkkir adamları, ziyalıları
xalqımızda milli azadlıq, milli müstəqillik
duyğularını gücləndirmiş, milli dirçəliş,
milli oyanış əhval-ruhiyyəsi yaymış və
bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasına gətirib
çıxarmışdır". Məhz buna görə də
biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü
əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi
günü – Respublika Günü elan etmişik və bu
gün bizim milli bayramımızdır.
Hazırkı Azərbaycan Respublikası Azərbaycan
Xalq Cümhuriyyətinin tarixi mirasına ləyaqətlə
sahib çıxaraq Cümhuriyyətin rəmzlərini və ənənələrini
yaşadır, Azərbaycanın müstəqilliyini qoruyub
saxlayır və onu daha da möhkəmləndirir. Prezident
İlham Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasını tarixi hadisə kimi dəyərləndirərək
bildirib: "Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan
xalqı müsəlman aləmində ilk demokratik
respublikanın yaradılmasının müəllifi
olmuşdur". Azərbaycan Xalq Cümhuriyyətinin
yaradıcıları tərəfindən əsası
qoyulmuş, lakin 70 illik bolşevik-sovet işğalı nəticəsində
qarşısı alınmış ideyaları bu gün
möhkəmləndirilir, qurucu babalarımızın bizə
miras qoyub getdiyi dövlət göz bəbəyimiz kimi qorunur,
inkişaf etdirilir. Dövlətimizin
başçısının sərəncamı ilə 2018-ci
il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti
İli” elan olunub və Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Bu da Cümhuriyyət ənənələrinə ehtiramın
göstəricisidir: “Dövlət qurmaq nə qədər
çətindirsə, onu qoruyub ayaqda saxlamaq və gücləndirmək
də bir o qədər məsuliyyətli və şərəfli
işdir. Prezident İlham Əliyev bu gün məhz bu
missiyanı uğurla həyata keçirir. Bu mənada qurucu
babaların mirası olan Azərbaycan dövləti etibarlı
əllərdədir. Bu gün Azərbaycan xalqı öz
tarixinin ən parlaq və qürurlu mərhələlərindən
birini yaşayır. 44 günlük Vətən müharibəsində
tarixi Qələbəmizin əldə edilməsi, ərazi
bütövlüyü və suverenliyimizin tam bərpa
olunması bu gün həqiqətən də güclü
dövlətə sahib olmağımızın göstəricisidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə qalib Azərbaycan Respublikası Birinci
Respublikamızın - Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağını Şuşada, Xankəndidə
qaldırmaqla “Bir kərə yüksələn bayraq bir daha
enməz” deyiminin gerçəkliyini əməli olaraq təsdiqlədi.
İndi əziz şəhidlərimizin də ruhları
şaddır. Çünki bu bayram artıq 4-cü ildir ki,
işğaldan azad edilmiş torpaqlarımızda da qürurla
qeyd olunur. Biz Müstəqillik Gününü qalib ölkənin
vətəndaşları kimi qeyd edirik.
Bu mənada indi tam əminliklə deyə bilərik
ki, Cümhuriyyət ənənələri müasir Azərbaycan
dövləti tərəfindən uğurla davam etdirilir. Bu
gün beynəlxalq siyasətdə özünəməxsus
yeri və rolu olan Azərbaycan Respublikası varislik
missiyasının öhdəsindən layiqincə gəlir, Azərbaycan
Xalq Cümhuriyyətinin azadlıq və müstəqillik
ideallarını inamla yaşatmaqda davam edir. Müstəqil və
qalib dövlətimiz bütün sahələrdə
böyük uğurlar qazanır. İndi hər birimiz
böyük quruculuq dövrünə şahidlik edirik.
Dövlətimiz hər an ayaqdadır, “Böyük
Qayıdış” Proqramı uğurla həyata keçirilir,
keçmiş məcburi köçkün
soydaşlarımız 30 illik həsrətə son qoyub azad
Qarabağa, Şərqi Zəngəzura qayıdırlar. Bəli,
bu, böyük xoşbəxtlikdir. Biz dövlətimizə əbədi
müstəqillik, xalqımıza isə həmişə həmrəylikdən
doğan böyük uğurlar arzulayırıq. Müstəqillik
Günümüz mübarək olsun! Yaşasın Qalib Azərbaycan!”.
Cavid
Xalq Cəbhəsi- 2024.- 30 may,¹18.-S.9.