Cümhuriyyət dövründə Azərbaycan
tarixinin öyrənilməsinə cəhdlər
(Əvvəli ötən sayımızda)
“İzahat vərəqəsi”ndə səlcuqluların
tarixini araşdırarkən Qərbdəki müxtəlif səlcuq
sülalələrini, xüsusilə də Kiçik Asiyada
osmanlıların yüksəlişinə qədər hakimiyyəti
əlində saxlayan səlcuqluların, həmçinin səlcuqları
əvəz edən azərbaycanlı və digər Atabəylərin
də qeyd olunmasının lazım olduğu göstərilmişdi.
“İzahat vərəqəsi”ndə İranda Ərdəbilli
Şeyx Səfiəddinin üzərində dayanmağı da
tövsiyə olunurdu.
Beləliklə, “Türk xalqları tarixinin sistematik
kursuna izahat vərəqəsi”nin qısa təhlili onu göstərir
ki, həqiqətən də Cümhuriyyət dövründə
“Azərbaycan tarixi”nə, eləcə də ümumtürk
tarixinə diqqət artırılmışdı. Məsələn,
“İzahat vərəqəsi”ndə Azərbaycan haqqında
öyrənilən dövrə aid tədqiq olunanlardan əldə
edilən məlumatlara diqqət yetirilməsinin, Azərbaycanın
orta təhsil müəssisələrinin şagirdlərinə,
milli mənsubiyyətindən asılı olmayaraq,
yaşadıqları regionun tarixini sistemli şəkildə
öyrədilməsinin, eləcə də səlcuqluları əvəz
edən azərbaycanlı və digər Atabəylərin də
qeyd olunmasının vacibliyi göstərilmişdi.
Araşdırılan mövzu ilə əlaqədar digər
bir sənədin – “Türk xalqları tarixinin sistematik kursunun
proqramı”nın da əhəmiyyəti qeyd olunmalıdır.
“Proqram” dördüncü dərəcəli kurslar
üçün nəzərdə tutulmuşdur. “Proqram”da
Makedoniyalı İsgəndərin monarxiyasının
süqutu və VI əsrə qədər olan dövrdən,
Şərqdə müsəlman siyasi sisteminin
parçalanmasına qədərki hadisələri
özündə əks etdirən mövzular yer
almışdır. Burada əsas üstünlük Şərq
tarixinə verilmişdir. “Proqram”da Səfəvilər sülaləsinin
meydana gəlməsi, Şah İsmayı, Şah Təhmasib,
Şah Abbas, XVII əsrin ikinci yarısı XVIII əsrin
birinci yarısı İran tarixi, Əfqanıstanın
qısa tarixi, o cümlədən əfqanların
İranı ələ keçirməsi, Nadir şah və
onun yürüşləri, onun ölümündən sonra
ixtişaşlar dövrü, Qacarlar sülaləsinin
başlanması kimi mövzular öz əksini
tapmışdır.
“Türk xalqları tarixinin sistematik kursunun
proqramı”nı XMN R.X.Qaplanov və Ümumtəhsil məktəbləri
şöbəsinin müdiri A.X.Usubbəyova
imzalamışdılar.
Ümumiyyətlə, 1919-cu ildə Türk
xalqlarının tarixi kursları üzrə izahat vərəqəsinin
və proqramının hazırlanmasını həm Türk
xalqları tarixinin, həm də Azərbaycan tarixinin öyrənilməsi
baxımından müsbət qiymətləndirilməldir.
Burada təkrar da olsa, bir məqamı xüsusi olaraq
vurğulamalıyıq ki, bəhs olunan illərdə Azərbaycan
tarixinin tədrisi Türk xalqları tarixinin içərisində
verilməsi nəzərdə tutulurdu.
1919-cu il sentyabr ayının 22-də orta məktəb
islahatı komissiyasının iclasında ümumi tarix və
Türk xalqlarının tarixi ilə əlaqədar irəli
sürülən fikirlər daha çox diqqəti cəlb
edir. İclasın protokolunda yazılanlardan belə məlum
olur ki, XMN tərəfindən coğrafiya, ümumi tarix və
Türk tarixi ilə əlaqədar tərtib olunmuş yeni
proqrama bəzi əlavələrin olunmasının vacibliyini
təklif edilmişdir. Həmin təklifə görə
proqrama 2 və 3-cü siniflərdə Türk tarixinin epizodik
kursunun, 4-cü sinifdə isə Zaqafqaziya və Asiyanın,
ona qonşu olan ölkələrin (Kiçik Asiya, İran və
Türküstanın) tarixinin tədrisi nəzərdə
tutulmuşdur. 2-ci siniflər üçün türk tarixi fənnindən
epizodik kursun proqramında Türk boylarının köçəri
həyatı, VI əsrdən başlayaraq qurulmuş Türk
dövlətləri və hökmdarlarının (II
Əbdül Həmiddə daxil olmaqla) tarixinin yer alması da təklif
olunurdu. Həmin təklif olunan mövzuların içərisində
türkmən Qaraqoyunlu və Ağqoyunluların, Şah
Abbasın, Nadir şahın da adları var idi. Əlavə
olaraq, orta məktəb islahat komissiyası Türk tarixi müəllimləri
üçün bələdçi ola biləcək bəzi
kitabları yenidən nəşr edilməsi, Türk tarixinin
epizodik kursunun tərtibi üçün müsabiqə elan
edilməsi, Lev Aleksandroviç Zimin tərəfindən
Türk tarixi üzrə dərsliyin tərtib edilməsi və
sair bu kimi təklifləri irəli
sürülmüşdür.
Türk xalqları tarixinin epizodik kursunun “Proqram”ında
Türküstan hökmdarları – Şeybani xan, Abdulla xan,
Abdulqazi və başqaları, həmçinin Azərbaycan və
Şah Abbas, Nadir şah və Şirvan xanları haqqında
da tarixi məlumatların verilməsi nəzərdə
tutulmuşdur.
Digər bir məqamı da qeyd etmək lazımdır
ki, hələ Bakı Dövlət Universitetində (BDU-da)
“tarix-filologiya” fakültəsinin fəaliyyətə
başlamasına qədər, orta məktəblərdə və
gimnaziyalarda Türk tarix fənni kursunun sistemli tədris edilməsi
ilə yanaşı, tədris proqramında orta məktəblərdə
oxuyan III və daha yuxarı siniflərin şagirdlərinin
tarixi biliklərini inkişaf etdirmək üçün Azərbaycan
haqqında tarixi məlumatların verilməsi bəndi də
öz əksini tapmışdır.
1919-cu il sentyabr ayının 1-də Parlamentin 70-ci
iclasının gündəliyinə salınmış 24 məsələdən
2, 3 və 4-cü məsələlər bilavasitə təhsillə
bağlı olmuşdur. Gündəlikdəki 2-ci məsələ
“Azərbaycan hökumət darülfünunun təşkili
haqqında qanun layihəsi”, 3-cü məsələ “Əcnəbi
məmləkətlərə yüz nəfər tələbənin
hökumət tərəfindən göndərilməsi
haqqında qanun layihəsi; 4-cü məsələ “Xalq
kitabxanaları üçün kitab almaqdan ötəri bir
milyon rüblə buraxılması haqqında qanun layihəsi
idi.
BDU-nun yaradılması ilə əlaqədar Azərbaycan
Parlamentinin qəbul etdiyi Qanunda Universitetin nəzdində
açılması nəzərdə tutulan 4 fakültədən
birinin tarix-filologiya (şərq şöbəsi də daxil
olmaqla) fakültəsinin olması və bu hadisəni gələcəkdə
Türk xalqları tarixinin və Azərbaycan tarixinin dərindən
öyrənilməsi baxımından da yüksək qiymətləndirilməlidir.
Hökumətin qərarına əsasən BDU-nun
rektoru Razumovski Vasili İvanoviç, “tarix-filologiya fakültəsi”nin
dekanı, ümumi tarix kafedrasının dosenti Nikolay
Aleksandroviç Dubrovski təyin olunmuşdur.
Beləliklə, “Türk xalqları tarixinin sistematik
kursuna izahat vərəqəsi” və Türk xalqları
tarixinin sistematik kursunun dördüncü dərəcəli
kursları üçün yazılmış proqramı
üzərindən aparılmış təhlillər, eləcə
də BDU-nun nəzdində “tarix-filologiya fakültəsi”nin fəaliyyətə
başlaması 1918-1920-ci illərdə orta, texniki və ali məktəblərdə
“Türk xalqlarının tarixi”nin (“Azərbaycan tarixi” daha
çox “Türk xalqlarının tarixi” proqramı çərçivəsində
öyrənilməsi nəzərdə tutulmuşdur) vahid və
sistemli proqram çərçivəsində tədris
olunmasına başlandığını deməyə imkan
verir.
1918-1920-ci illərdə aparıcı mövqe tutan “Azərbaycan”
qəzetinin səhifələrində Azərbaycan və Şərq
xalqlarının, xüsusi ilə Türk xalqlarının
tarixi ilə əlaqədar maraqlı məqalələr
çap olunmuşdur. Həmin məqalələrdən Şəfi
bəy Rüstəmbəyovun “Azərbaycan
Respublikasının yaranma tarixi”, S.M.Mixaylovun “Türk
xalqlarının tarixi oçerkləri”, İ.Seqalın “Azərbaycan
Respublikasının meydana gəlmə tarixi”, A.Şepotevin “Azərbaycan:
onun keçmişi və bu günü ilə”, Adil xan
Ziyadxanın “Azərbaycanın siyasəti, ədəbiyyatı
və tarixinin oçerkləri”, L.Ziminin “Şərq məsələsi:
keçmişdə və indi”, “İran və Azərbaycan”
adı ilə çap olunmuş məqalələri misal
göstərmək olar. Yuxarıda adları qeyd olunan məqalələrdən
bəziləri problemin araşdırılması zamanı təhlil
olunub.
1918-1920-ci illərdə “Azərbaycan” qəzetinin səhifələrində
Azərbaycan tarixi ilə əlaqədar 5 məqalə
çap olunmuşdur. Həmin məqalələrdən
yalnız üçündə - “Azərbaycan: onun
keçmişi və bu günü ilə”, “Azərbaycanın
siyasəti, ədəbiyyatı və tarixinin oçerkləri”,
“İran və Azərbaycan” adlı məqalələrdə
Azərbaycan tarixi ilə əlaqədar geniş və müəyyən
qədər sistemli məlumatlar öz əksini
tapmışdır. Şəfi bəy Rüstəmbəyovun
“Azərbaycan Respublikasının yaranma tarixi”, İ.Seqalın
“Azərbaycan Respublikasının meydana gəlmə tarixi”
adlı məqalələri yalnız qısa bir dövrü əhatə
edir.
Şəfi bəy Rüstəmbəyovun “Azərbaycan
Respublikasının yaranma tarixi” adlı məqaləsində
AXC-nin yaranmasına qədər və ondan sonrakı vəziyyətlə
əlaqədar bəzi məlumatları əldə etmək
mümkündür. Məsələn, məqalədə
bolşeviklərin Petroqrad və Moskvada siyasi hakimiyyəti ələ
keçirməsindən sonra Güney Qafqazda yaranmış vəziyyətlə
əlaqədar qısa bir məlumat verilmişdi. Ş.Rüstəmbəyov,
Rusiyanın mərkəzində bolşeviklərin hakimiyyəti
qurulduqdan sonra regionda həmin hakimiyyəti tanımayan bir
Zaqafqaziya komissarlığının
yaradıldığını və həmin iclasda Ümumrusiya
Müəssislər Məclisinin çağrılmasına qədər
Zaqafqaziya Seyminin çağrılması qərara
alındığını qeyd etmişdir. O, Seymin birinci
iclasını fevral ayının 14-ü göstərmişdi.
Lakin Ş.Rüstəmbəyovun Zaqafqaziya Seyminin yaranma səbəbini
və tarixini düzgün qeyd etməmişdir. Əldə
olunan sənədlərdə Seymin yaranma səbəbi
Ümumrusiya Müəssislər Məclisinin
buraxılmasından sonra (yanvar 1918-ci il) Güney Qafqazda
qanunvericilik səlahiyyətlərinə malik Seymin
yaradılmasına qərar verildiyi və onun yaranma tarixi fevral
ayının 10-na (yeni təqvimlə fevralın 23-nə) təsadüf
edildiyi göstərilmişdi.
Azərbaycan dövlətinin yaranmasını
xalqın iradəsi və siyasi vəziyyətin tələb
etdiyini qeyd edən Ş.Rüstəmbəyov, Azərbaycanda
yaşayan xalqlar arasında həmrəyliyin
yaradılmasını, qonşu dövlətlərlə
mübahisəli məsələlərin sülh yolu ilə həlli
və davamlı ittifaqın yaradılmasını Azərbaycan
hökumətinin uca prinsipləri hesab etmişdir.
A.Şepotevin “Azərbaycan: onun keçmişi və
bu günü ilə” adlı məqaləsində tariximizlə
əlaqədar daha geniş və maraqlı məlumatlar
verilmişdir. Müəllif, məqalənin əvvəlində
Azərbaycanın adını “Odlar yurdu” kimi qeyd etmiş, millətin
adını isə doğru olaraq Türk
adlandırmışdı.
Qafqazda türkləri yanlış olaraq “tatarlar”
adlandırmasının əleyhinə gedən A.Şepotev,
türk mənşəli xalqın Şərqi
Zaqafqaziyanın bütün bölgələrini əhatə
etdiyini yazmışdır. Onun məqaləsində Şirvan,
Quba, Qarabağ, İrəvan, Gəncə, Bakı və Lənkəran
xanlıqlarının adları qeyd olunur.
A.Şepotev məqaləsinin sonunda türk
qoşunlarının Azərbaycandan getməsi (1918-ci ilin
oktyabrın 30-da imzalanmış Mudros sazişindən sonra),
ingilislərin gəlməsi (17 noyabr 1918-ci il), parlamentin
açılışı (7 dekabr 1918-cil), Xan Xoyskinin
başçılığı altında
üçüncü hökumət kabinetinin koalision əsaslarla
yenidən qurulması (26 dekabr 1918-ci il), Avropaya nümayəndə
heyətinin göndərilməsi (sentyabr 1918-ci il) və sair
tarixi hadisələr haqqında da qısa məlumatlar
vermişdir.
Bir müddət AXC Hökumətində xarici işlər
nazirinin birinci müavini vəzifəsində
çalışmış, bəzi hallarda nazir vəzifəsini
icra etmiş, daha sonra Guzey Azərbaycanın İran Qacarlar
dövlətində ilk səfiri kimi fəaliyyət göstərmiş
Adil xan Ziyadxanın “Azərbaycanın siyasəti, ədəbiyyatı
və tarixinin oçerkləri” adlı məqaləsi “Azərbaycan”
qəzetinin 23, 25, 27, 29 mart və 6, 12 aprel 1919-cu il tarixli
saylarında çap olunmuşdur. Birinci məqalənin (“Azərbaycan”
qəzetinin 23 mart tarixli sayı) “Ön söz” hissəsində
məqalənin yazılmasının səbəblərinə
aydınlıq gətirən Adil xan Ziyadxanın
yazdıqlarından belə məlum olur ki, o, oktyabr
ayının 30-da (1918-ci il) Xarici İşlər Nazirliyində
işə başlayan kimi ölkədəki hazırkı
siyasi vəziyyətlə bağlı məruzə
hazırlamalı idi. Amma onun hazırladığı məruzə
“oçerk” formasını almışdır. “Oçerk”də
siyasətlə yanaşı, Azərbaycanın tarixi və ədəbiyyatı
ilə əlaqədar məsələlər də şərh
olunmuşdur. O, məqaləsində yazırdı ki, bu
ağır dönəmdə hər bir vətəndaş bir
damla da olsa öz xalqına xeyir gətirməyə
çalışmalıdır.
VAQİF ŞİRİNOĞLU
Tarix elmləri doktoru
(Ardı növbəti sayımızda)
Xalq Cəbhəsi .- 2024.- 7 noyabr(¹40).-S.14.