İstiqlaliyyətin möhkəmləndirilməsi
uğrunda mübarizə tarixindən
Məqalənin yazılmasında əsas məqsəd,
1918-ci ilin əvvəllərində Azərbaycanda
“istiqlalçılıqla” “ilhaqçılıq” tərəfdarları
arasında gedən “mübarizəni”, onu doğuran səbəbləri
və bu mübarizənin nəticələrini, eləcə də
“problem”in Azərbaycan tarixində yerinin müəyyənləşdirilməsini
təhlil etməkdən ibarətdir.
Problem araşdırılarkən, Azərbaycan
Respublikası Dövlət Arxivində saxlanan sənədlərdən,
eləcə də Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin
əsərlərindən istifadə olunub.
Problemlə bağlı tarixçi alim Vasif Qafarovun
“1918-ci ilin yazında Azərbaycandan Osmanlı dövlətinə
göndərilən ilhaqnamələr və ilhaq heyətləri”
adlı məqaləsi çap olunub. Həmin məqalə
Osmanlı dövlətinə aid arxiv sənədlərindən,
eləcə də Türkiyə
tarixşünaslığından istifadə edilərək
yazılıb. Oxuculara həmin məqaləyə də
baxmağı tövsiyə edirəm.
“İstiqlalçılarla” “ilhaqçılar”
arasındakı problemə yanaşmada fikir
ayrılıqların, baxışlardakı fərqliliyin XX əsrin
əvvəllərində özünü müəyən qədər
qabarıq göstərməsi bəhs olunan dövrün siyasi
və hərbi vəziyytindən doğan bir məsələ
olduğu qeyd olunmalıdır. Fikrimcə,
“istiqlalçılıq” və “ilhaqçılıq” məsələsi
bu günə qədər çağdaş Vətən
tarixşünaslığında elə də ciddi mübahisə
doğuran tarixi bir məsələ olmayıb.
Hər şeydən öncə, problemə qiymət
verərkən bu gününün düşüncəsi ilə
deyil, o dövrün (1918-ci il) sosial-siyasi və hərbi şəraitin
döğurduğu tarixi reallıqların nəzərə
alınması mütləqdir. Əlbəttə, bunsuz baş
vermiş hər hansı bir tarixi hadisəni düzgün dəyərləndirmək,
təhlil etmək mümkün deyil.
Tarixi qaynaqlardan məlumdur ki, 1918-ci ilin birinci
yarısında Cənubi Qafqazdakı ictimai-siyasi və hərbi
vəziyyət olduqca gərgin olub. Bu gərginliyi yaradan səbəblər
sırasına, birinci dünya müharibəsinin davam etməsini,
Rusiya imperiyasında 1917-ci il 27 fevral inqilabı nəticəsində
romanovlar sülaləsinin taxtdan salınmasını, həmin
ilin oktyabr ayının 25-də bolşeviklərin Petroqrad və
Moskvada silahlı çevriliş etmələrini və nəhayət,
erməni silahlı dəstələrinin Azərbaycanın
İrəvan, Yelizavetpol (Gəncə) və Bakı
quberniyalarının ayrı-ayrı qəzalarında
yaşayan türk-müsəlman əhaliyə qarşı
soyqırımı və etnik təmizləmə
aktlarını həyata keçirmələrini aid etmək
olar.
Bu dövrdə qanunvericilik funksiyasını öz
üzərinə götürmüş Cənubi Qafqaz Seymi
(CQS), eləcə də Hökuməti Diyarı idarə etmək
üçün real gücə malik deyildilər. Yəni
Seym, Cənubi Qafqazda milli-etnik zəmində baş verən
qarşıdurmaların və anarxiyanın
qarşısını almaq üçün güclü
qanunverici, icraedici və məhkəmə orqanları yarada
bilməmişdir. Eyni zamanda Seym vahid və güclü ordu
quruculuğunu da həyata keçirə bilməyib.
Qeyd olunmalıdır ki, erməni silahlı dəstələrinin
törətmiş olduqları çoxsaylı qətl-qarətlərlə
əlaqədar Seymin iclaslarında dəfələrlə
müzakirələr aparılıb. Məsələn, Seymin
19, 20, 22 fevral, 7, 13, 17, 20, 24 mart, 2 may tarixli iclaslarında
İrəvan, Yelizavetpol (Gəncə) və Bakı
quberniyalarında erməni silahlı dəstələri tərəfindən
türk-müsəlman əhaliyə qarşı həyata
keçirilmiş kütləvi soyqırımlarla
bağlı ciddi müzakirələr
aparılmışdı. Bu fikri təsdiqləmək
üçün, ən azından Cənubi Qafqaz Seyminin
stenoqrafik protokollarına baxmaq kifayətdir.
Cənubi Qafqaz Seymi öz siyasi və hərbi
imkanlarından istifadə edərək erməni silahlı dəstələrinin
özbaşınalıqlarının qarşısını
qismən də olsa ala bilərdi. Bu işlərə ən
çox mane olan amillərdən biri, bəlkə də ən
birincisi Seymdə erməni deputatlarının pozuculuq fəaliyyəti
olub. Digər tərəfdən isə, ermənilərin
birinci dünya müharibəsində (1914-1918-ci illər)
Rusiya ordusunun tərkibində Türkiyə ordusuna
qarşı döyüşlərdə aktiv iştirak
etmiş təcrübəli silahlı dəstələri var
idi.
Bakı quberniyasında vəziyyətə gəldikdə
isə, qeyd olunmalıdır ki, bu quberniyanın
ayrı-ayrı qəzalarında da, S.Şaumyanın rəhbərlik
etdiyi Bakı Sovetinin himayəsi altında erməni silahlı
quldur dəstələri tərəfindən türk-müsəlman
əhaliyə qarşı soyqırımları törədilmiş,
əhalinin mal-mülkü talan edilmiş, evləri isə
yandırılmışdı. Azərbaycanın tarixi şəhəri,
döyünən qəlbi və mərkəzi Bakı şəhəri
də düşmən qüvvələrin - bolşevik, eser,
menşevik və daşnaksütyun partiyalarına tabe olan silahlı
dəstələrin nəzarəti altında idi.
1918-ci ildə baş vermiş ictimai-siyasi hadisələrin
nəticəsi olaraq, bölgənin türk-müsəlman əhalisinin
böyük bir qismi qaçqın və köçkün vəziyyətinə
düşmüşdür. Bütün bu müsibətləri
görən əhalinin böyük çoxluğu özlərini
köməksiz hiss edirdilər. Onların yeganə ümidi
Türkiyə dövləti idi. Şimali Azərbaycanın isə
hələ nə elə bir güclü dövləti, nə
də ki, ordusu var idi.
Bu baxımdan təkrarlanmasında fayda var
düşüncəsi ilə, qeyd olunmalıdır ki,
Şimali Azərbaycanın türk-müsəlman əhalisinin
müəyyən bir qisminin Osmanlı dövlətinin himayəsinə
sığınmaq, onun tərkibinə daxil olmaq və bununla
da əzab-əziyyətlərdən xilas olmaq istəyi təbii
qarşılanmalıdır. Bəhs olunan dövrdə
xalqın bu istəyini böyük bir faciə kimi qiymətləndirmək
doğru olmazdı. Çünki o dövrün ictimai-siyasi vəziyyəti
əhalinin müəyyən qisminin yuxarıda qeyd olunan fikirə
düşməsində əsas səbəblərdən hesab
etmək olar.
Digər tərəfdən, düşmən
işğalı altında olan əraziləri, o cümlədən
Bakını azad etmək üçün Azərbaycanın
siyasi və hərbi köməyə ehtiyacı var idi. Belə
bir köməyi yalnız qardaş Osmanlı dövləti edə
bilərdi. Çünki Azərbaycan xalqı öz etnik və
dil köklərinə görə Osmanlı türklərinə
daha yaxın idi. Ona görə də müəyyən çətinliklər
olanda və tarixin müəyyən dönəmlərində
Azərbaycan xalqı Osmanlı dövləti ilə
yaxınlaşmaq və çox vaxt da birləşmək
fikrində olub.
Lakin “İstiqlal”çı xadimlərinin XX əsrin əvvəllərində
Rusiya imperiyasında, eləcə də Cənubi Qafqazda
baş vermiş ictimai-siyasi proseslərdə aktiv iştirak
etmələri, türk-müsəlman əhalinsinin arzu və
istəkləri uğrunda apardıqları ardıcıl
mübarizə, onların öz fikir və məqsədlərini
Osmanlı dövlətinin rəhbərlərinə
doğru-düzgün izah etmələri, eləcə də
dünyada və regionda siyasi hadisələrin gedişi sonda
“istiqlalçı”ların gələbəsini təmin edən
əsas səbəblərdən hesab etmək olar.
İndisə “problem”in gedişini bir qədər dərindən
izləyək.
1918-ci ilin may ayında Gəncədə toplanan Milli
Komitə ilk dəfə olaraq, yüksək səviyyədə
Osmanlı dövlətindən hərbi kömək almaq
üçün bir rəsmi nümayəndə heyəti
(müstəqilliyin tərəfdarları-istiqlalçılar)
göndərməyi qərara alıb. Digər bir nümayəndə
heyəti isə, rəsmi olmayan və qəzalardan göndərilən
nümayəndə heyəti (ilhaqçılar ) idi. Bu ikinci
nümayəndə heyəti Osmanlı nümayəndə heyətinin
Batuma və Gəncəyə gələrkən daha aktiv fəaliyyət
göstərib.
Milli Komitə tərəfindən göndərilən
nümayəndə heyətinin, yəni
“istiqlalçı”ların əsas məqsədi Azərbaycanı
müstəqil görmək, Bakı şəhərini, eləcə
də Azərbaycanın digər işğal olunmuş
torpaqlarını erməni və rus işğalçı
qüvvələrindən azad etmək idi. Bunun
üçün gənc Cümhuriyyət Hökuməti siyasi
və hərbi yardım üçün Osmanlı dövlətinə
müraciət etmişdir. Bu müraciət də razılqla
qarşılanıb.
Yuxarıda qeyd olunduğu kimi, “ilhaqçılıq”
tərəfdarları 1918-ci ilə birinci yarısında
bölgədə siyasi və hərbi gərginliyin artması
fonunda, xüsusilə erməni silahlı dəstələri tərəfindən
türk-müsəlman əhaliyə qarşı qətl-qarətlərin
törədilməsi, bu faciələrin
qarşısını alan elə bir qüvvənin meydanda
olmaması və başqa səbəblərdən Osmanlı
dövlətinə müraciət etmək məcburiyyətində
qalmışdılar. Onlar yeganə çıxış
yolunu Azərbaycanın Osmanlı dövlətinin himayəsi
altına girməsində görmüşdülər.
“İlhaqçılıq” məsələsinə tam
aydınlıq gətirmək üçün, şübhəsiz,
Cümhuriyyət xadimlərinin müxtəlif illərdə
yazmış olduqları əsərlərə müraciət
etmək olduqca vacibdir. Çünki həmin “acı” və
çətin günləri yaşayan və mübarizə
aparan onlar olmuşdular...
Vaqif Şirinoğlu, tarix elmləri doktoru
Xalq Cəbhəsi .- 2024.- 28 noyabr(¹42).-S.14.