COP29-un yekunu: əldə edilən nəticələr və perspektivlər

 

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyası 11-22 noyabr tarixləri arasında Bakıda keçirildi. Bakı dünya miqyaslı bu tədbirə mükəmməl ev sahibliyi etdi. Tədbirdə hansı qərarlar qəbul olundu, nələr əldə edildi, Azərbaycan və dünya nə qazandı? Bu barədə Milli Məclisin deputatları, siyasi şərhçilər “Xalq Cəbhəsi”nə fikirlərini bölüşüblər.

COP29 Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib ki, 2015-ci ildən sonra ilk dəfədir ki, 6-cı maddədin müddəaları tam şəkildə fəaliyyətə keçirilib: “6-cı maddə ölkələr arasında əməkdaşlığı, xüsusən də bazar mexanizmləri vasitəsilə 1.5 dərəcə iqlim hədəfinə çatmaq məqsədini güdür. Bu maddə üzrə razılıq əldə edilməsi COP29 Sədrliyinin əsas prioritetlərindən biri idi”.

Deputat qeyd edib ki, bu, iştirak edən ölkələrin iqlim dəyişikliyi təşəbbüslərində birgə çalışmaq öhdəliyini vurğulayır: “6-cı maddə ilə bağlı yekdilliklə qəbul olunan qərarlar, ətraf mühitin bütövlüyünü qorumaq, şəffaflığı təmin etmək və karbon bazarlarını gücləndirmək məqsədini güdür. Bu, emissiya azalmalarının real olacağı sistemlərin qurulacağı deməkdir. Həmçinin bu, qlobal miqyasda mitiqasiya strategiyalarını tənzimləməyə kömək edən əməkdaşlığı təşviq edir. Bir ölkədə emissiyaların azaldılması, bir başqa ölkədə yüksək emissiyaların balanslaşdırılmasına imkan tanıyır. Bu, ölkələrin karbon bazarlarını qurmasına, bununla da, emissiya azaldılması hədəflərinə birlikdə nail olmalarına imkan verir”.

P.Vəliyeva əlavə edib ki, Bakıda qəbul edilmiş 6-cı maddə ilə bağlı razılaşma qlobal iqlim investisiyalarını da cəlb etməyə kömək edəcək, çünki bu razılaşma ölkələrdə karbon bazarlarında iştirak etmək və fayda əldə etmək üçün konkret bir çərçivə təmin edir.

“Bu qərarın qəbulu çox uğurlu bir nəticədir”

Milli Məclisin deputatı Naqif Həmzəyev vurğulayıb ki, COP29 tədbirlərinin əsas öhdəliklərindən və qarşısına qoyduğu məqsədlərdən biri də məhz qlobal istiləşməyə qarşı birgə mübarizəni təşkil etmək, eyni zamanda, iqlim dəyişikliklərinə qarşı birgə mübarizəni təşkil etmək üçün maliyyə axtarışının həyata keçirilməsi və maliyyə öhdəliklərinin razılaşdırılması idi. Deputat qeyd edib ki, bütün bunlara yanaşı, havaya zəhərli qazların buraxılmasının qarşısının alınması və ümumilikdə qlobal istiləşməyə töhfə verə bilmək üçün iqtisadiyyatlarında müəyyən keçidlərinə dəyişikliklərin edilməsi vacib idi: “Xüsusilə də inkişaf etmiş və böyük iqtisadiyyata malik olan dövlətlər bu məsələdən daha çox məsuliyyətli olmalıdırlar. Bu baxımdan da bugünədək bu dəyişikliklərə və bu keçidlərə müsbət baxılmırdı. Yaxud məhz iqlim dəyişikliklərinə qarşı birgə mübarizədə havanın çirkləndirilməsinin qarşısını almaq üçün illik öhdəlliklər və həyata keçirilmiş tədbirlərlə bağlı açıq hesabatların verilməsindən də bəzi dövlətlər boyun qaçırırdılar. Bu da müəyyən razılaşmaların əldə olunmasına maneçilik törədirdi”.

N.Həmzəyev əlavə edib ki, məhz COP29-da bu mübahisəli məsələnin də həllinə nail oluna bildi: “Xüsusilə də qlobal istiləşmənin qarşısını almaq üçün böyük dövlətlər öz iqtisadiyyatlarında keçidin alternativin olmadığı qərarına gəlmiş oldular. Biz inanırıq ki, xüsusilə də böyük iqtisadiyyata malik olan dövlətlər bu məsələlərdə aktiv olacaq. Milli səviyyədə müəyyən edilmiş töhfələrin müəyyənləşdirilməsi imkan verəcək ki, ölkələr qlobal olaraq emisiyaların azaldılması tədbirlərini tənzimləsinlər. Bu da nəticə etibarı ilə qlobal istiləşmənin qarşısını alacaq və istiləşmənin 1,5 dərəcə selsi səviyyəsində saxlanılması ümumilikdə böyük təhdidlərə qarşı mübarizəni də bir növ təşviq etmiş olacaq. Azərbaycanda belə bir mühüm qərarın qəbul edilməsi çox uğurlu bir nəticədir və uzun illər məhz bu qərarın qəbul edilməsi, bu razılaşma Azərbaycanla COP29-la bağlı olacaq. Biz inanırıq ki, qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün Azərbaycan bütün öhdəliklərini, o cümlədən həm yaşıl enerjiyə keçidin təmin edilməsi, həm yaşıl iqtisadiyyatın qurulması, həmçinin qlobal istiləşməyə qarşı birgə mübarizədə yaxından iştirak etmək kimi öhdəlikləri də yerinə yetirə biləcək”.

“Əldə olunan nəticələr çoxşaxəlidir”

Politoloq İlyas Hüseynov COP29-un Azərbaycanda böyük uğur və tarixi nailiyyətlə yekunlaşdığını və əldə olunan nəticələrin çoxşaxəli olduğunu vurğulayb.

O əlavə edib ki, hər bir nəticə ilə öyünmək mümkündür: “Xüsusilə vurğulamaq lazımdır ki, iqlim maliyyəsi ilə bağlı əldə olunan nəticə həddindən artıq böyük müzakirələrdən, gərgin danışıqlardan sonra mümkün oldu. İllik 300 milyard ABŞ dolları həcmində iqlim hədəflərinin müəyyənləşdirilməsi və 2035-ci ildə 1,3 trilyon iqlim hədəfləri kifayət qədər ambisiyalı nəticədir. Bugünədək olan nəticəni biz 3 dəfə artırmış olduq. Bu, kifayət qədər mühüm göstərici hesab oluna bilər. Bundan başqa, 2015-ci ildən bəri müzakirə olunan Paris Sazişinin 6-cı maddəsinin razılaşdırılması kifayət qədər ciddi irəliləyiş deməkdir. Bu gün dünyada da müxtəlif mütəxəssislər, ekoloqlar, ətraf mühitin qorunması üzrə mütəxəssislər Bakıda keçirilən iqlim sammitinin böyük dönüş nöqtəsi olduğunu, böyük bir presedent formalaşdırdığını və bununla bu nəticələrin daha da yaxşılaşdırılması və geniş müzakirələrə, tədbirlər təşkil edilməsinə əsas verdiyini qeyd edirlər. 6-cı maddənin razılaşdırılması həm də karbon emisiyasının həcminin azalmasını nəzərdə tutur. Bu da iqlimə dair investisiyaların cəlb olunmasına, inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında bərabərliyi, konsensusu, həmrəyliyi ehtiva edir. Bu, nəticə ilə həqiqətən də öyünmək mümkündür”.

“COP29 bəzi dövlətlərin riyakar siyasətini ifşa etdi”

Siyasi şərhçi Zaur Məmmədov diqqətə çatdırıb ki, Bakıda baş tutan tədbir COP tarixində ilk dəfə olaraq dünyadakı bəzi dövlətlərin riyakar siyasətini tam çılpaqlığı ilə ifşa etdi: “Bu da təsadüfi deyil. Çünki Qərbin, xüsusilə Kanada, Fransa, Avropa İttifaqının tutduğu mövqe uzun illərdir ki, qlobal çağırışların həll edilməsinə ən böyük maneədir. COP29 onları ifşa etdi və planetin aparıcı dövlətlərinin destruktiv siyasətini bir daha hər kəsə sübut etdi. Təəssüflər olsun ki, Paris danışıqlarından bu tərəfə bütün COP tədbirlərində maliyə yardımının ayrılması ilə bağlı iştirakçı ölkələr arasında yekun məxrəcə gəlmək mümkün olmur. Daha doğrusu, Qərbin bəzi aktorlarının destruktiv fəaliyyəti ucbatından qlobal güclər üçün böyük rəqəm sayılmayacaq vəsaitinın inkişafda olan və geridə qalmış dövlətlərə ayrılması mümkün olmayıb. Bu dəfə də, COP29 ərəfəsində və tədbirlər zamanı bəzi iştirakçı dövlətlərin tutduğu mövqe qlobal çağırışlarla bağlı onların məsuliyyətsiz və riyakar olduğunu göstərdi. Xüsusən rəsmi Parisin atdığı addımlar XXI əsrdə hələ də neomüstəmləkəçi siyasəti aparan dövlətin imicinə böyük bir zərbədir. COP29-da bəşəriyyət qarşısında duran problemlərin həll edilməməsi üçün bəzi mərkəzlər tərəfindən əvvəlcədən nəticələrin əldə edilməməsi üçün sistematik iş aparılıb. Intelligence Online kəşfiyyat agentliyinin məlumatına görə Fransanın Havas lobbi təşkilatı COP29-u gözdən salmaq üçün müxtəlif istiqamətlərdə çoxgedişli addımlar atıb”.

Z.Məmmədov həmçinin deyib ki, COP29-un yekun plenar iclasında 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar ayırmaq öhdəliyi də daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizə üzrə sazişin yekun variantı təsdiq edildi: “Bu, əvvəlki 100 milyard dollarlıq hədəfdən əhəmiyyətli dərəcədə çoxdur. Zal razılaşmanın elanını alqışlarla qarşıladı. Danışıqlar gərgin atmosferdə keçdi və son ana qədər konsensusun əldə olunmasının mümkün olub-olmayacağı bəlli deyildi. Bir sıra ölkələr maliyyələşdirmənin daha da artırılmasına israr edirdilər, lakin sonda öhdəliyin 300 milyard dollar səviyyəsində müəyyən edilməsi qərara alındı ki, bu da iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm addım sayıla bilər. COP29-un yekun plenar iclasında həmçinin Paris İqlim Sazişinin 6.2 və 6.4-cü maddələri təsdiq edildi, Zərər və İtkilər Fondunun tam fəaliyyətə başlaması ilə bağlı tarixi qərar qəbul edildi. Fondun məqsədi iqlim dəyişikliyinin təsirlərinə ən həssas olan ölkələrə maliyyə yardımı göstərməkdir. Hazırda Fondun dəstəyi 750 milyon dollardır. O cümlədən “COP29-un gözəl təşkilinə görə Azərbaycan hökumətinə və Azərbaycan xalqına təşəkkür” adlı qətnamə layihəsi qəbul edildi. Bundan başqa, Bakıda 30 illik zidiyyətə son qoyuldu. Belə ki, COP tarixində ilk dəfə Azərbaycanda keçirilmiş COP29-da əldə edilən tarixi uğur İqlim üzrə Paris sazişinin 6-cı maddəsinin tam razılaşdırılması oldu”.

“Etimadı qazanmaq azdır, onu doğrultmaq lazımdır”

Z.Məmmədov həmçinin vurğulayıb ki, COP29 Sədrliyinin əsas prioritetlərindən olan yüksək effektiv karbon bazarları üzrə nəticənin əldə edilməsi mühümdür: “6-cı maddədə iqlim məqsədlərinə nail olmaq istiqamətində əməkdaşlıq edən ölkələr üçün möhkəm və şəffaf karbon bazarlarının yaradılmasını nəzərdə tutulur. Bu ölkələrin milli iqlim planlarının (MDM) həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir”.

Siyasi şərhçi Azərbaycan dövlətinin daha bir qlobal tədbiri yüksək səviyyədə keçirməyə müyəssər olduğunu vurğulayıb: “Xarici qonaqların qarşılanmasından ev və otellərdə yaşamalarına qədər, nəqliyyat və təhlükəsizlikdən tədbirin baş tutduğu zallardakı rahatlığa qədər hər şey çox böyük peşakarlıqla həyata keçirildi. Azərbaycan həm tədbirin təşkilatçısı, həm də, başçısı kimi qlobal cənub ilə şimalı bir yerə gətirməyi bacardı, planetar miqyaslı problemlərin effektiv şəkildə müzakirəsinə ev sahibliyini böyük əzmkarlıq və professionallıqla keçirməyə qadir oldu”.

O, bu tədbir ilə ölkəmizin imicini daha çox coğrafiyalarda genişləndirdiyini diqqətə çatdıraraq konfransın təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi platforması kimi yox, həm də ölkələrin haqq səslərinin eşidilməsi, onların birgə əməkdaşlıq şəbəkələri qurması baxımından da əhəmiyyətli olduğunu vurğulayıb: “COP 29-da Azərbaycan qlobal problemlərin həllində sözdə deyil, əməldə də fəal iştirakçı olduğunu sübut etdi və ölkəmizin əksər dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha onlar tərəfindən təsdiqləndi. Beləcə, Azərbaycanı istəməyən qüvvələrin və bəşəriyyət qarşısında duran problemlərin həllini istəməyənlərin səylərinə baxmayaq Bakıda keçirilən COP29 tədbirində COP tarixində ilk dəfə olaraq mühüm razılıqlar əldə edildi. Bu uğurlara rəsmi Bakının sərf etdiyi böyük əmək nəticəsində nail olundu. Azərbaycan bu kimi tədbirləri keçirən və keçirmək istəyən dövlətlər üçün nümunə rolunu oynadı. Göstərmiş oldu ki, etimadı qazanmaq azdır, onu doğrultmaq lazımdır. Eləcə də tədbirin təşkil edilməsindən başlayaraq tədbirdə yekun nəticə əldə edilməsinə qədər yorulmadan işləmək lazımdır”.

 

Röya İsrafilova

Xalq Cəbhəsi .- 2024.- 28 noyabr(¹42).-S.7.