Olduğu kimi
görünən insan - Cəlal Məmmədov
Biz Cəlal Bəydilli ilə bir neçə ildir ki,
qonşuyuq- eyni binada yaşayırıq. Yüz səksənə
yaxın ailənin yaşadığı bu binanın cəmi
bir giriş-çıxışı olduğu
üçün onunla tez-tez üz-üzə gəlirik. Sadə,
mehriban adamdır. O qədər təvazökardır ki,
yaxından tanımasan, nə elmlər doktoru, nə də ki,
məsul vəzifədə
çalışdığını hiss etməzsən. Adama
elə gəlir ki, haradasa müəssisələrin birində
çalışan sadə peşə sahibidir...
İnsanları yaxşı tanıyır.
Qayğıkeş olduğundan son tikəsini bölüşməyə
hazırdır. Səbirli və təmkinlidir. Bu illər ərzində
onun kiminləsə, nəyə görəsə mübahisə
etdiyinin şahidi olmamışam. Ən gözəl
xüsusiyyəti isə odur ki, insanlarda mənfi yox, müsbət
xüsusiyyətlərə önəm verir...
Deyir ki:- “Şairlər böyük şəhərlərin
“cəhənnəmindən” yetəcək qədər
danışıblar. Bodler iri şəhərə
“ölümün kölgələr ölkəsi” deyirdi...
Doğrudan, gün keçdikcə böyük şəhərlər
üzərində daha az ulduz görünür. Günəşi
belə unutmaqda olan şəhər insanının ulduzlara
tamaşa etmək heç ağlına gəlməz. Hərçənd
ulduzlar öz varlığının fərqinə varanlar
üçün ümid işığıdı - insana daim
var olduğunu xatırladar. Ancaq ulduzların səpələndiyi
göylər aləmiylə əhatəli kənd adamından
fərqli olaraq şəhər adamı ulduzlu səmanı
seyr edə bilmir. Yəqin bu üzdəndi, artıq sevməyi
də bacarmır... Günəşin, Ayın, ulduzların...
Allaha səcdə etdiyini görmədən necə sevsin?..”
Onun üçün tarazlıq çox böyük əhəmiyyət
kəsb edir. Həyatda nəyinsə həddən artıq
olmasını xoşlamır. Tarazlığın,
ölçünün pozuiduğu yerdə harmoniya və
mütənasibliyi bərpa etməyə can atır. Çox həssas
insandır. Özündən əvvəl
başqalarının reaksiyalarına diqqət yetirməyə
meyllidir. Estetik hisslərinin inkişaf etdirilməsi, ictimai sahədə
fəal olması onu sevilən, hörmətli insan kimi
tanıtdırır...
“C.Meriç deyir ki, “renessansdan bu günəcən
ötən tarix antik çağların yabançısı
olduğu bir dərd aşıladı insanlığa”.
Kökü “fabriklərin uğultusunun İsrafilin suru kimi
insanlığın yuxusunu qaçırdığı” sənaye
inqilabları dövrünəcən uzanan bir dərd:
“angoisse”... bir inamsızlıq duyğusu olaraq özünü
göstərir. “Angoisse” hiss edən fərd
sıxıntısının qaynağını bilməz...
Cismani baxımdan nəfəs darlığı ilə bəlli
edər o özünü, döş qəfəsində bir
sıxıntı hiss edər, tərləyərsən, nəbzin
daha sürətlə vurar. Çox vaxt əllərin-ayaqların
titrər və canına ümumi bir halsızlıq gələr...”
Və başqalarından daha çox seçilmək istədikcə,
o boğuntu qarşısında bir elə çox çarəsiz
qalarsan.”- söyləyir...
Cazibədarlığı ilə münasibətlərdə
son dərəcə təsiredici ola bilir. Dərin hisslərə
qapılmamağa üstünlük verir. Azadlığına
önəm verməyi, müstəqilliyini qoruyub
saxlamağı bacarır. Amma tənhalıqdan da zəhləsi
gedir. Komandada çalışmağı xoşlayır...
Bir vaxtlar eyni elmi kollektivdə
çalışdığı, filologiya elmləri doktoru Seyfəddin
Rzasoy onun barəsində söyləyir:- “Cəlal Bəydili
(Məmmədov) müasir Azərbaycan
filoloji-folklorşünaslıq fikir məkanında xüsusi məna
sahəsi, daha doğrusu fikir paradiqması yaratmış
alimdir. Akademik fəaliyyətinə “Dədə Qorqud”
obrazının təhlili ilə başlamışdır. Bu
obrazı türk etnik-mədəni ənənəsinin məna
qatları boyunca araşdırmaq gənc alimə türk
eposuna çox geniş prizmadan baxmağa imkan vermişdir. Bu cəhətdən,
müəllifin namizədlik dissertasiyası Dədə Qorqud
obrazı ilə bağlı ciddi elmi qənaətlərlə
zəngin olub, bu gün də qorqudşünaslığın
əsas qaynaqlarından hesab olunur.
Cəlal müəllimin müəllifi olduğu
“Türk mifoloji sözlüyü” adlı izahlı lüğət
həm həcmi, həm terminoloji tutumu, həm də elmi səviyyəsi
baxımından Azərbaycan humanitar-filoloji fikir məkanında
xüsusi hadisədir.
Mifoloji lüğət – “mifin dili” deməkdir. Bu dili
öyrənmək, onun kodlarını, şifrələrini,
semiotik məna çalarlarını öyrənmək və
sistemləşdirmək ömürdən illər və
ağır zəhmət tələb edən hadisədir. Cəlal
Bəydili (Məmmədov) ömrünün bir çox qiymətli
illərini bu möhtəşəm abidənin
yazılmasına sərf etdi və Azərbaycandilli elmi məkanı
son dərəcə qiymətli abidə ilə zənginləşdirdi.
Cəlal müəllimin elmlər doktorluğu
dissertasiyası da fundamental elm hadisəsidir. Bu iş türk
mifoloji obrazlarının strukturu və funksiyası probleminə
həsr olunmuşdur. Bu sahə ilə məşğul olan
insan kimi deyə bilərəm ki, türk mifoloji obrazlarına
bu kontekstdə yanaşma bütün dünya
türkologiyasında ilk dəfə Cəlal Bəydili (Məmmədov)
tərəfindən həyata keçirilmişdir.
Cəlal məndən bir neçə yaş
kiçikdir. Müxtəlif ali məktəblərin filologiya
fakültələrinə eyni vaxtda daxil olmuşuq. Tələbəlik
illəri də gözümün qabağında keçib.
Onun tələbəliyi kitabla keçdi. Kitab onun
dünyası idi və indi də elədir. Miflərin, əfsanələrin,
hikmətli sözlərin vurğunudur.
Biləsuvar rayonunda bir neçə il müəllim
işlədi. Şagirdləri indi də öz sevimli müəllimi
ilə əlaqə saxlayırlar.
O, çox prinsipial insandır. Elmin mənafeyinə
çox ciddi yanaşır və bu məsələlərdə
nadir hallarda güzəştə gedir. Buna görə də
bir qədər “soyuq adam” təsiri bağışlayır.
Əslində isə Cəlal müəllim sadə qəlbə,
düzgün dəyərlərə əsaslanan prinsipial
xarakterə malik insandır və bir alim kimi həmişə
elmi həqiqət daşıyıcılarının
yanında durur.
Cəlal müəllimə, onun ailəsinə, sevdiklərinə
və onu sevənlərə can sağlığı
arzulayıram.”
Deyir ki:- “...İnsanların bir-birilə
bağlanmamağı, ünsiyyət saxlamamağı, təmas
qurmamağı və könüldaş olmamağı əslində
əsrarəngiz tərzdə “Tanrıdan uzaq”
olmaqlığın özüdür. Şəhərə təbiətin
ahəngini qatmayan, əksinə, bu ahəngi
büsbütün özündən qovan meqapolis artıq
içərisində Allahın yer almadığı bir məkandır.
Şəhərlər böyüdükcə
dindarlığın azalmağı yəqin bu üzdəndi...
Amma modern “həyatın sıxıntı və fəlakətlərinə
də ancaq din ilə müqavimət göstərmək”
olardı.
“Dövrümüzün ən mühüm
icadını soruşsaydınız, tərəddüd etmədən
deyərdim: individ”. İri şəhərin tənha
insanının varlığını təhdid edən,
yaşamağı gözündə mənasızlaşdıran
sıxıntı məhz “individ” olmağı üzündən
meydana çıxıbdır. Bu ifrat fərdiyyətçiliyi
onu inancdan məhrum qoydu, mənəvi dünyasını viranəyə
çevirdi. Çəkdiyi sıxıntı,
yaşadığı üzüntü bu üzdəndir. Fərqinə
varmadı ki, “Tanrısı olan birini sıxıntı əsla
ələ keçirə bilməz”. Bax, mənəviyyatı
belə zəif olan, könül dünyalarında dərin
boşluq yaranan və kim olduğunu unudanlardı o məşum
dərin tənhalıq duyğusuna qapılanlar. Vəhdaniyyət
hissindən məhrumiyyətin,
parçalanmışlığın gətirdiyi qorxu
içində isə heç hansı dəyərə
bağlı qalmadan, həyata məna vermədən çox
da uzun yaşamaq olmur. Müasir şəhərlərin
dayanılmaz sıx informasiya məkanı tənhalığı
ən şiddətli dərəcəyə
çatdırdı. Meqapolislərdə yaşayanların
çoxunun özünəməxsus qəribə psixi xassəli
olmağı həm də ona görədir... Bu gedişlə
günümüzün nəhəng şəhərləri
bir neçə nəsil sonra həyat üçün
yararlı olmaqdan çıxıb yaşanılmaz hala gələcək...”
Bəli, haqqında söhbət
açdığım Cəlal Bəydilli maraqlı və məzmunlu
insandır. Onu tanımaq, ünsiyyətdə olmaq
böyük şərəfdir. İnsanlara sevgin, məhəbbətin,
ehtiramın artır...
Oktyabrın 9-u Cəlal müəllimin 60 yaşı
tamam olur. Ona möhkəm can sağlığı, fəaliyyətində
uğurlar arzulayıram...
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu
Xalq Cəbhəsi.- 2024.- 4 oktyabr(¹35).- S.14.