Sabah Ümumdünya Heyvanları Müdafiə Günüdür

 

 

Bu gün hər bir insan “insanların dostları” olan heyvanlar və onların həyatının yaxşılaşdırılması barədə düşünməlidir.

İlk dəfə olaraq 1983-cü ildə fermalarda və sallaqxanalarda öldürülən milyonlarla heyvanın iztirabını insanların nəzərinə çatdırmaq üçün “Ümumdünya heyvanların mühafizəsi günü” keçirilmişdir.

4 oktyabr tarixi təsadüfi olaraq seçilməyib. Bu gün heyvanların müdafiəsinə qalxan ilk kəslərdən olan Mahatma Qandinin ad günüdür. Həmçinin, bu gün müqəddəs Fransisko Assizkonun ölüm günü kimi yad olunur. Orta əsr İtaliyasında yaşamış əfsanəvi zahid nəinki Fransis ordeninin əsasını qoyan, həmçinin heyvanların müdafiəçisi və himayəçisi kimi yad olunur. Buna görə də bir çox rəssamlar öz əsərlərində müqəddəs Fransisi heyvan və quşların əhatəsində təsvir ediblər.

1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilən Təbiət Dəstəkçilərinin Beynəlxalq Konqresində təsis edilib və bəşəriyyətin diqqətini planetin digər canlı sakinlərinin problemlərinə cəlb etmək məqsədi daşıyır. Oktyabrın 4-ü tarixi heyvanların himayəçisi sayılan katolik müqəddəs Assisi Fransiskinin anım günü ilə əlaqədar seçilib.

Heyvanları mühafizə cəmiyyətləri hər il bu günə həsr olunmuş müxtəlif ictimai tədbirlər təşkil edirlər.

Dünyanın 60-dan çox ölkəsində Ümumdünya Heyvanları Müdafiə Günü münasibətilə tədbirlər keçirilir. Könüllülər və ekologiya təşkilatları insanların diqqətini heyvanlara pis münasibət problemlərinə yönəltməyə çalışırlar. Heyvan kəsilməsilə bağlı debatlar təşkil edilir, fəallar fləşmoblar keçirirlər. Ekoloqlar istehsalçıları heyvanlara humanist yanaşmağa çağırırlar. Maarifləndirmə tədbirləri keçirilir, heyvanlar haqqında, kinoloq və baytarların işi barədə filmlər nümayiş etdirilir.

Qərbi Avropa ölkələrinin çoxunda hesab edilir ki, ev heyvanları ailənin bir üzvüdür və onların da hüquqları var. Dünya ulduzlarının çoxu, o cümlədən Bricit Bardo, Leonardo di Kaprio və başqaları heyvanları müdafiə etməyə çağırırlar.

Ümumdünya Təbiət Fondunun (WWF) məlumatına görə, Yer kürəsində hər saatda üç növ heyvan yoxa çıxır, planetin 70 flora və fauna növü hər gün yox olur. Belə getsə, yaxın gələcəkdə bütün flora və fauna növlərinin dörddəbiri yoxa çıxacaq. 1970-2016-cı illər arasında məməlilərin, quşların, suda-quruda yaşayanların, sürünənlərin və balıqların populyasiyaları orta hesabla 68 faiz azalıb.

Üstəlik, bu gün təkcə vəhşi heyvanların deyil, həm də ev heyvanlarının qorunmasına aiddir. Çünki onlara qarşı qəddarlıq nümunələri son illərdə getdikcə çoxalır. Bir çox Qərbi Avropa ölkəsində ev heyvanları ailənin bir hissəsi hesab olunur və digər ailə üzvləri ilə eyni hüquqlara malikdir.

Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatıb.

Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Azərbaycan faunasında 14 min növ həşərat, 104 növ balıq, 11 növ suda-quruda yaşayan, 63 növ sürünən, 405 növ quş, 115 növ məməli qeydə alınıb.

Nadir və nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsində “Qırmızı kitab”ın rolu böyükdür. Çap olunan “Qırmızı kitab”ın üçüncü nəşrinə 241 fauna növü daxil edilib. Həmin rəqəm birinci nəşrdə 108, ikinci nəşrdə isə 223-ə bərabər idi. Təəssüf ki, “Qırmızı kitab”a düşən növlərin sayında artım var. Buna səbəb antropogen təsirlərlə yanaşı, iqlim dəyişiklikləri və fauna növləri haqqında məlumatın kitab çap olunana qədər kifayət qədər olmamasıdır. Sonuncu nəşrə 60 yeni fauna növü daxil edilib, onlardan 35 növü onurğasızlar, 25 növü isə onurğalılardır. Əvvəlkilərdən fərqli olaraq çəhrayı siyahı da tərtib edilib. Çəhrayı siyahı o deməkdir ki, həmin növ yenə də dövlət tərəfindən qorunur və onu ovlamaq və ya qırmaq olmaz. Lakin görülən tədbirlər nəticəsində həmin növlərin sayında artım var. Buna baxmayaraq, çəhrayı siyahıdakı növlər həmişə nəzarət altında olmalıdır, əks halda yenidən məhvolma təhlükəsi ilə üzləşə bilərlər. 42 fauna növü çəhrayı siyahıya salınıb. Üçüncü nəşrə 35 həşərat növü daxil edilib, ikinci nəşrdən 25 növ həşərat isə çəhrayı siyahıya keçirilib. Suda-quruda yaşayanlarda dəyişiklik edilməyib, 6 növ olduğu kimi qalıb. Sürünənlərdən isə dörd növ əlavə olunaraq ümumiyyətlə 18 növ daxil edilib. Quşlardan 10 növ çəhrayı siyahıya keçirilib, 10 yeni növ son nəşrə daxil edilib. Məməlilərdən isə 6 növ çəhrayı siyahıya əlavə edilib, üç yeni növ isə sonuncu nəşrə salınıb.

“Qırmızı kitab”ın üçüncü nəşrinin ən mühüm tərəflərindən biri də həmin nəşrdə azad edilmiş ərazilərin də nadir fauna və flora növləri haqqında məlumatın yer almasıdır. İşğaldan azad edilmiş ərazilərin fauna və flora növləri uzun illərdən sonra tədqiq olunsa da, minalanmış sahələrin çoxluğundan geniş araşdırmalar aparmaq mümkün olmadı. Gələcəkdə ərazilər minalardan təmizləndikdən sonra Qarabağ və Şərqi Zəngəzurun “Qırmızı kitab”ının hazırlanması planlaşdırılır. Hazırlanacaq kitabda həmin ərazilərə xas olan endemik növlər də yer alacaq. Son nəşrin daha bir özəlliyi Naxçıvanın flora və faunasının daha geniş təsvir edilməsi ilə bağlıdır.

Azərbaycanda 2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin dəstəyi ilə ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması ilə bağlı layihə həyata keçirilir. Ölkəmizdə ceyranların, zubrların reintroduksiyası, bəbirlərin populyasiyasının bərpası ilə əlaqədar layihələr icra olunub. Nəcib maral, bezoar keçiləri, tirəndaz, Şərqi Qafqaz turu, köpgərin də təbii areallarının bərpası istiqamətində işlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi, ölkənin ekoloji problemlərinin həllinə yönəlmiş fəaliyyətində bioloji müxtəlifliyin qorunub saxlanılması, xüsusən heyvan və quş növlərinin mühafizəsi və öyrənilməsi xüsusi yer tutur.

Bu məqsədlə Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikası yaradılıb. Mərkəzin əsas məqsədi qeyri”“qanuni əldə edilmiş heyvan və quş növlərinin reabilitasiya edilərək vəhşi təbiətə uyğunlaşdırıldıqdan sonra təbiətə buraxılması, nadir və sayı azalmaqda olan heyvan növlərinin süni və yarımqapalı şəraitdə saxlanılmasının təşkili, sayının artırılması, bərpası və təbiətə qaytarılması işlərinin aparılmasından ibarətdir. Keçən müddət ərzində Mərkəzdə reabilitasiyasını başa vuran onlarla canlı dəfələrlə ictimaiyyətin iştirakı ilə vəhşi təbiətə buraxılıb.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və inkişaf etdirilməsi vəhşi heyvanların mühafizəsi və öyrənilməsində mühüm rol oynayır. Bu ərazilər vəhşi heyvan növlərinin təhlükəsiz şəraitdə yaşamasına, onların sayının qısa müddət ərzində təbii yollarla artmasına, nadir heyvan növlərinin populyasiyasının bərpa olunmasına şərait yaradır.

Son illər Nazirlik tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hazırda ölkəmizdə ümumi sahəsi 890 min hektaradək Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri, o cümlədən, 8 Milli Park, 12 Dövlət Təbiət Qoruğu və 23 Dövlət Təbiət Yasaqlığı mövcuddur və onların sahəsi ölkə ərazisinin təqribən 10,3 faizini təşkil edir.

Heyvan və quş növlərinin öyrənilməsi və mühafizəsi ilə əlaqədar hər il olduğu kimi bu il də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra mütəxəssisləri və QHT nümayəndələri, o cümlədən alimlərin iştirakı ilə Şirvan Milli Parkında seminar keçirilib.

 

Cavid

Xalq Cəbhəsi.- 2024.- 4 oktyabr(¹35).- S.9.