İrəvan quberniyasının türk-müsəlman
əhalisinin soyqırımı
(Cənubi Qafqaz Seyminin sənədləri üzərindən
təhlil)
Giriş.
İlk öncə Cənubi Qafqaz Seyminin
yaradılması ərəfədə Cənubi Qafqaz bölgəsinin
siyasi vəziyyətinə nəzər yetirmək zəruridir.
Seymin yarandığı ərəfədə Cənubi
Qafqazda siyasi şəraiti aşağıdakı kimi
sıralamaq olar: 1) Rusiya imperiyasının ərazisində
özbaşınalıqlar hökm sürürdü və vətəndaş
qarşıdurması başlamışdır; 2) Ümumrusiya
Müəssislər Məclisi 1918-ci il yanvar ayında, RSFSR
XKS-nın rəhbəri V.İ.Leninin göstərişi ilə
qovulmuşdur; 3) birinci dünya müharibəsi başa
çatmamış, ilhaqsız və təzminatsız
sülh hələ bağlanmamışdır; 4) milli məsələ
öz aktuallığını saxlayırdı. Erməni
silahlı dəstələri tərəfindən
türk-müsəlman əhaliyə qarşı
soyqırımların həyata keçirilməsi davam edirdi;
5) Diyarın aqrar məsələsi və millətlərin
öz müqəddəratlarını müstəqil və
azad surətdə müəyyən edilməsi məsələsi
həll edilməmişdir.
Cənubi Qafqazda gedən siyasi proseslərə ən
böyük mənfi təsir göstərən amillərdən
biri İrəvan quberniyasında erməni silahlı dəstələrinin
türk-müsəlman əhaliyə qarşı törətdikləri
kütləvi qırğınları qeyd etmək
mümkündür. Digər bir ami isə S.Şaumyanın rəhbərlik
etdiyi Bakı Sovetinin antiAzərbaycan siyasətinin nəticəsində,
Bakı quberniyasının qəzalarında Daşnaksütyun
partiyasına və erməni Milli Şurasına tabe olan
silahlı qüvvələri tərəfindən
türk-müsəlman əhaliyə qarşı həyata
keçirilən soyqırımlar idi.
Məlumdur ki, birinci dünya müharibəsi zamanı
Rusiya ordusunun tərkibində erməni hərbi birləşmələri
fəaliyyət göstərirdilər. Xüsusilə, Qafqaz cəbhəsində
erməni hərbi birləşmələri çoxluq təşkil
edirdilər. Hətta ali hərbi rəhbərliyin rəsmi
bildirdiyinə görə cəbhədə, rus ordusunun tərkibinin
22 faizini ermənilər təşkil etmişdir (Закавказский
сейм. Стенографический отчеть. Сессия первая. Заседание седьмое. 19 февраля
1918 года, с. 37). Əlbəttə, belə olan təqdirdə
Qafqazda, xüsusilə Qafqaz cəbhəsinə yaxın olan ərazilərdə
çoxluq təşkil edən türk-müsəlman əhalisi
daha çox təhlükəyə məruz
qalmışdır. Erməni silahlı dəstələri əllərinə
düşən fürsətdən istifadə edərək,
dinc türk-müsəlman əhaliyə qarşı kütləvi
qırğınlar törətmişdilər.
Bəhs olunan dövrdə Cənubi Qafqazda milli
qarşıdurmalarla bağlı Seymdə ciddi müzakirələr
aparılmışdı. Belə müzakirələrdən
biri də İrəvan quberniyasında erməni silahlı dəstələrinin
türk-müsəlman əhaliyə qarşı törətmiş
olduğu qırğınlarla bağlı idi.
İrəvan quberniyasında ermənilərin müsəlman
əhaliyə qarşı törətdikləri
qırğınlarla əlaqədar məsələni, Seymin
19 fevral tarixli 1-ci sessiyasının 7-ci iclasında Mir Hidayət
bəy Seyidov tərəfindən
qaldırılmışdı. M.H.b.Seyidov
çıxışında Qəmərli kəndində ermənilərlə
müsəlmanlar arasında döyüşlərin getməsindən
danışmışdır. O, iclasda İrəvandan hərbi
komissar Xosrov bəy Sultanovun verdiyi məlumatı oxumuşdur.
Daha sonra M.H.b.Seyidov, Qəmərlinin yer üzündən
silindiyini, Uluxanlının mühasirəyə
alındığı və Gümrüdə erməni hərbi
hissələrinin müsəlmanların yaşadıqları ərazilərə
hərəkət etmələri barədə məlumatların
daxil olduğunu qeyd etmişdir (Закавказский сейм. Стенографический
отчеть. Сессия первая. Заседание седьмое. 19 февраля 1918 года, с. 39-40). Bu məsələ
ilə bağlı Seymin iclasında çıxış edən
Aslan bəy Səfikürdski (Müsəlman sosialist blokundan) də
Qəmərli kəndinin məhv edilməsi və buradakı
dinc müsəlman əhaliyə qarşı ermənilərin
törətdiyi qırğınlardan bəhs edərkən, bu
hadisəni kütlənin boyununa qoymağın düzgün
olmadığını bildirmişdi. O, doğru olaraq qeyd
etmişdir ki, əgər artileriyanın, pulamyotun tətbiq
olunmasından danışılırsa, onda burada təşkil
olunmuş gücdən söhbət getməlidir. Əlbəttə,
sadə insanlar özbaşına bu qədər
silah-sursatı əldə edə bilməzdi. Burada artıq, bu
hərbi hissələrə rəhbərlik edən rəhbər
var, burada artıq batareya komandir, diviziya komandiri var. O, real hadisələrdən
çıxış edərək Qars vilayətinin müsəlman
əhalisinin müəyyən bir plan əsasında məhv
edildiyini və üç il müddətində bu hadisənin
davam etdiyini Seym üzvlərinin diqqətinə
çatdırmışdı. A.b.Səfikürdski, eyni zamanda
Türk qoşunlarının irəliləməsinin səbəbini
bu hadisələrlə əlaqələndirmişdi
(Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание седьмое.
19 февраля 1918 года, с. 47-49). Daha sonra çıxış edən
N.Jordaniya anarxiyanın milli toqquşma forması
almasının getdikcə güclədiyini etiraf etmişdir.
Lakin o, bu anarxiyanın qarşısının alınması
və günahkarların cəzalandırılması
üçün Komissarlığın gücü və səlahiyyətinin
olmadığını bildirmişdi (Закавказский сейм.
Стенографический отчеть. Сессия первая. Заседание седьмое. 19 февраля 1918
года, с. 50).
Qafqazdakı anarxiya ilə bağlı
çıxış edən CQK-nın sədri
Y.P.Gegeçkori bunun səbəbini bəzi hərbi hissələrin
ayrı-ayrı millətlərin nəzarəti altında
olması ilə əlaqələndirmişdi (Закавказский сейм.
Стенографический отчеть. Сессия первая. Заседание седьмое. 19 февраля 1918
года, с. 52).
Seymdə ticarət və sənaye işləri
üzrə komissar Məmməd Yusif Cəfərov da
çıxışında İrəvan quberniyasında vəziyyətin
faciəli olduğunu qeyd etmiş və quberniyanın müsəlman
əhalisinin ağır günlərini
yaşadığını bildirmişdi [(Закавказский сейм.
Стенографический отчеть. Сессия первая. Заседание седьмое, с. 57].
İrəvan quberniyasında baş verən hadisələrlə
əlaqədar aparılan müzakirələrdən sonra Seym,
fövqəladə səlahiyyətlərə malik olan
Fövqəladə Təhqiqat Komissiyasının
yaradılması ilə bağlı qərar qəbul
etmişdir.
Seymin sonrakı yığıncaqlarının birində
Diyarın ayrı-ayrı yerlərində baş vermiş
qarşıdurmaları tədqiq edən və fövqəladə
xarakter daşıyan 5 nəfərdən ibarət Parlament
Komissiyasının yaradılmasına razılıq
verilmişdir. Komissiyanın tərkibinə Müsavat
fraksiyasından Xan Xoyski, sosialist-inqilabçılar
fraksiyasından Atabəyov, sosialistlər fraksiyasından Səfikürdski,
menşeviklərdən Georqadze, Daşnaksütyun
fraksiyasından Xaçaturyans daxil edilmişdilər
(Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание восьмое.
20 февраля 1918 года, с. 36).
Komissiyanın yaradılmasına baxmayaraq, yenə də
İrəvan quberniyasında dinc türk-müsəlman əhaliyə
qarşı erməni silahlı dəstələrinin
özbaşınalıqları ilə bağlı məlumatlar
gəlməkdə davam edirdi. Ona görə də Seymin
iclaslarında İrəvan quberniyasında erməni silahlı
dəstələrinin dinc türk-müsəlman əhaliyə
qarşı törətmiş olduğu qətliamlarla
bağlı müzakirələr davam etdirilmişdi. Hətta
İrəvan quberniyasında baş verən hadisələrlə
əlaqədar olaraq Seymin 19 fevral tarixli iclasında fövqəladə
səlahiyyətlərə malik olan Fövqəladə Təhqiqat
Komissiyasının yaradılması ilə bağlı qərar
da qəbul edilmişdir. Buna baxmayaraq, İrəvan
quberniyasında erməni silahlı dəstələrinin
özbaşınalıqları davam etmək idi. Ona görə
də Seymin 22 fevral tarixli iclasında İrəvan
quberniyasının türk-müsəlman əhalinin
yaşadığı kəndlərdə ermənilərin
törətmiş olduqları kütləvi qətliamlar yenidən
müzakirəyə çıxarılmışdı.
Komissarlığın sədri Gegeçkori söz alaraq
İrəvan quberniyasından çox böyük hadisələrlə
bağlı məlumatlar daxil olduğunu bildirmişdi. Onun
fikrincə, Seym həmin kədərli və qanlı hadisələrə
biganə qala bilməz. Gegeçkori, Seymin Rəyasət Heyətinin
bu qanlı qırğınların qarşısını
almaq üçün həm müsəlman, həm də erməni
milli şuralarına müraciət göndərməsini məqsədəuyğun
hesab etmişdir (Закавказский сейм. Стенографический отчеть. Сессия первая.
Заседание девятое. 22 февраля 1918 года, с. 51-52).
Daha sonra Seyidov İrəvan hadisələri ilə
bağlı çıxış etmişdir. O, İrəvan
şəhərində baş vermiş hadisələrlə
bağlı milis rəisi və milli komitə
üzvünün məlumatını Seym üzvlərinə
çatdırmışdı. Həmin məlumatda deyilirdi ki,
şəhərdə nisbətən sakitlikdir, lakin müsəlmanlar
və ermənilər hələ də evlərindədir və
bazara çıxmırlar. Dünəndən şəhərdə
hərbi vəziyyət tətbiq edilib. İnqilab məhkəməsinin
üzvləri küçələrdə gəzir, sülh
yolu ilə məsələnin həllinə ümid var.
Dünən xəbər verildiyi kimi, bazarda bir çox müsəlman
dükanları yandırılaraq qarət edilib. Ermənilər
İrəvan hadisələrindən iki gün əvvəl
Uluxanlı hadisələrinin onları çox əsəbiləşdirdiyini
və ora dinc nümayəndə heyətinin göndərilməsinin
lazım olduğunu bildirdilər. Amma dinc nümayəndə
heyəti əvəzinə Uluxanlını atəşə və
qılınca tutan hərbi qüvvə göndərildi.
Dünən keçirilən iclasda polkovnik Pirumov Uluxanlı
artıq mövcud olmadığını demiºdir”
(Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание девятое.
22 февраля 1918 года, с. 52). Məlumatda, eyni zamanda Hacı
İlyas, Arbat, Qəmərli və digər yaşayış
məskənlərində müsəlmanlara qarşı erməni
əsgərlərinin törətmiş olduqları vəhşiliklər
haqqında da bəhs olunurdu.
Daşnaksütyun partiyasının üzvü
Amaspüre də İrəvan quberniyasında vəziyyətin
yaxşı olmadığı mübahisə
doğurmadığını etiraf etmişdir. Onun fikrincə,
yaradılmış parlament komissiyası bütün məsələlərlə,
o cümlədən İrəvan quberniyasındakı məsələ
ilə də məşğul olmalı idi. Lakin Amaspüre
çıxışında İrəvan quberniyasında
müsəlman əhaliyə qarşı törədilən qətliamlarla
bağlı konkret bir fikir söyləməmiş, yalnız
ümumi sözlərlə kifayətlənmişdir. O, İrəvan
quberniyasındakı hadisələrdən diqqəti
yayındırmaq üçün, Yelizavetpol
quberniyasındakı hadisələrə də diqqət verilməsini
bildirmişdi (Закавказский сейм. Стенографический отчеть. Сессия первая.
Заседание девятое. 22 февраля 1918 года, с. 53-54).
İrəvan quberniyasının komissarı Saak
Torosyanın Seymə ünvanladığı teleqramda isə
hadisələr tamam “yumşaq” formada şərh olunmuşdur.
Onun məlumatından belə bir fikir hasil olur ki, guya müsəlman
milli şurası quberniyanın ayrı-ayrı məntəqəsində
tatar “quldur dəstələri”ni cilovlaya bilmirlər, ona
görə də erməni hərbi hissəsindən kömək
istəyiblər. Saak Torosyanın məlumatında erməni
silahlı dəstələrinin türk-müsəlman əhaliyə
qarşı törətmiş olduqları
qırğınlardan bir cümlə belə
yazılmamışdır. Əksinə o, teleqramın sonunda
yazırdı ki, guya gecələr ermənilər, şəhərin
onlara məxsus hissələrdə qalan müsəlmanların
şəxsi təhlükəsizliyinin keşiyində
durmuş, müsəlmanlar da ermənilərlə eyni şeyi
etmiş, səhər isə onları salamat olaraq bir-birlərinə
qaytarmışlar. Ümid edirik ki, bu yolla məsələ
müsbət mənada həllini tapacaq (Закавказский сейм.
Стенографический отчеть. Сессия первая. Заседание девятое. 22 февраля 1918
года, с. 54-55). Lakin Torosyanın bu riyakar məlumatına
baxmayaraq, Seymin sonrakı iclaslarında da erməni vəşilkiləri
haqqında müzakirələr aparılmışdı.
Cənub Qafqaz Diyarında baş verən milli
münaqişələrlə bağlı Seymin 7 mart tarixli
iclasında da müzakirə olunmuşdur. Əslində, Seymin
bu iclasında Aqrar məsələ ilə bağlı qanun
layihəsi müzakirə olmalı idi. Lakin Şəfi bəy
Rüstəmbəyov aqrar islahatla bağlı qanun layihəsinin
fraksiyalarda çox diqqətlə təhlil olunduqdan sonra
müzakirəyə çıxarılmasının tərəfdarı
olduğunu bildirmişdi. Bunun əvəzində, o, birinci
olaraq İrəvan məsələsi ilə bağlı
yaradılmış nümayəndə heyətinin məlumatının
hərtərəfli müzakirəsinin keçirilməsinin
vacibliyini irəli sürmüşdür (Закавказский сейм.
Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. 7 марта 1918
года, с. 2).
Vaqif Abışov
Tarix üzrə elmlər doktoru
(Ardı növbəti sayımızda)
Xalq Cəbhəsi .-2024.- 10 oktyabr (№36).- S.14.