İrəvan quberniyasının türk-müsəlman
əhalisinin soyqırımı
(Cənubi Qafqaz Seyminin sənədləri üzərində
təhlil)
(Əvvəli ötən sayımızda)
Seymin 7 mart tarixli 15-ci iclasında birinci olaraq Aqrar
islahatla bağlı hazırlamış qanun layihəsi
müzakirə olunması, sonra isə İrəvanda və
başqa yerlərdə baş vermiş milli münaqişə
məsələlərini müzakirəyə
çıxarılması qərara alınmışdır.
Qanun layihəsi qəbul olunduqdan sonra Ş.b.Rüstəmbəyov
və Mahmudov milli münaqişələrlə əlaqədar
gündəlikdə olan məsələnin müzakirəsini
təklif etsələr də qəbul olunmamışdır.
Əvəzində, Müsəlman sosialist blokundan A.b.Səfikürdski,
menşeviklər fraksiyasının nümayəndəsi
Xomeriki, Daşnaksütyun fraksiyasından Q.İ.Xatisov İrəvan
quberniyasında baş vermiş milli münaqişə ilə
bağlı müzakirələrin Seymin axşam iclasında
müzakirə olunmasını təklif etmişdilər
(Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание
пятнадцатое. 7 марта 1918 года., с. 48). Nəticədə, həmin təklif
qəbul olunmuş və müzakirə mart ayının 7-də,
axşam saat 8.50-də başlamışdır. Seymin axşam
iclasında İrəvan quberniyasında baş verən hadisələrlə
bağlı, Seymin 19 fevral tarixli iclasında
yaradılmış fövqəladə təhqiqat
komissiyasının üzvü Georgadze (o, həm də həmin
komissiyanın sədri idi), fevralın 17-21-i arasında İrəvan
şəhərində və İrəvan quberniyasında
baş vermiş acınacaqlı və kədərli faciə
ilə bağlı geniş məlumat vermişdir. O,
çıxışının əvvəlində guya “silahlı
azərbaycanlılar cəbhəyə getmək istəyən
gürcü və erməni hərbiçilərini tərksilah
edir və cəbhəyə getmələrinin
qarşısını alırmış” fikrini bildirmişdi.
Georgadze qarşıdurmanın əsas səbəbkarını
azərbaycanlı əhali arasında axtarmağa
çalışmışdı. Lakin o, hesabatında real
faktlardan yayına bilməmiş və müsəlmanların
da kütləvi qırğınlara məruz
qaldıqlarını və onların yaşadıqları kəndlərin
bolşaldığını etiraf etmişdir. Daha sonra 17-21-i
fevralda Qəmərli kəndində baş vermiş
qırğınlar haqqında məlumat verən Georgadze, Qəmərli
kəndinin əhalisinin müsəlman və ermənilərdən
ibarət olduğunu və müsəlmanların
yaşadığı hissənin yox olduğunu, məhv
edildiyini, ermənilərin yaşadığı hissədə
isə hər şey öz yerində olduğunu və
heç kim zərər görmədiyini qeyd etmişdir. O,
Uluxanlı, Dəvəli və başqa kəndlərin də
taleyinin acınacaqlı olduğunu Seym üzvlərinə
çatdırmışdı. Georgadze müsəlmanların
daha çox qətlə yetirilməsinin səbəbini ermənilərin
köməyinə İrəvandan pulemyot və artilleriya ilə
silahlanmış nizamlı erməni hərbi hissələrinin
gəlməsini əsas kimi göstərmişdi. Onun və
nümayəndə heyətinin digər üzvlərinin fikrincə,
günahsız uşaqların, qadınların və
qocaların məhv edilməsində nizami ordunun
iştirakı yolverilməzdir və günahkarlar müvafiq cəzalarını
almalıdırlar (Закавказский сейм. Стенографический отчеть. Сессия
первая. Заседание пятнадцатое. 7 марта 1918 года, с. 5).
Həsən bəy Ağayev də fevralın 17-dən
21-dək İrəvan quberniyasında və İrəvan
şəhərində baş vermiş dəhşətli
hadisələr haqqında geniş məlumat vermişdir. O, 3
min nəfərin yaşadığı 1200 evin yer
üzündən silindiyini və yerlə bir edildiyini, o
cümlədən Uluxanlıda 1200 evin 6 saat ərzində,
bir-birindən müəyyən məsafədə yerləşməsinə
baxmayaraq və gildən tikilmiş bu qədər evin
yandırılması üçün çox intensiv və təcili
iş tələb olunuduğunu qeyd etmişdir (Закавказский сейм.
Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. – Тифлис: 7
марта 1918 года, с. 12). Görünür, ermənilər bu cinayəti
həyata keçirmək üçün qabaqcadan
hazırlıq işləri görmüşdülər.
H.b.Ağayev erməni hərbi hissələrinin
müsəlmanların yaşadıqları kəndlərə
hərəkət etmələrinə göstəriş verən
şəxslərdən Dronun və İrəvan
quberniyasının ordu komandanı, polkovnik Pirumovun
adını çəkmişdir. Daha sonra o, “Respublika” qəzetinin
189-cu sayında Andranikin çap olunmuş teleqramından bəhs
etmişdir. Həmin teleqramda göstərilirdi ki, Andranik
ingilis nümayəndəsinə və amerika konsulluğuna
müraciət edərək onu hərbi dəstənin rəisliyindən
azad edilməsi üçün xahiş etmişdir.
H.b.Ağayev, Andranikin bu hərəkətinin iri ordu hissəsinin
komandanının Zaqafqaziya Hökumətini
saymadığı nəticəsinə gəlindiyini qeyd
etmişdir. O, polkovnik Pirumov, komissar Dro (Drastamat Kanayan) və
başqalarının “guya müsəlmanlar komunikasiya xətlərinin
qarşısını kəsirlər” kimi formal
izahlarının doğru olmadığını Seymdə təmsil
olunan fraksiya nümayəndələrinin diqqətinə
çatdırmışdır.
O, Zaqafqaziya Seyminin üzvü Arzumanovun Qars bölgəsinə
hərbi komissar təyin edilməsinin də əleyhinə
getmişdir. Seym üzvünün hər hansı bir inzibati vəzifəyə
təyin olunmasının düzgün
olmadığını əsas kimi göstərən.
H.b.Ağayev, 1918-ci il yanvarın 9-10-da Daşnaksütyun
partiyasının və Seymin üzvü Arzumanovun Şaumyana
“Əziz Stepan” sözləri ilə başlayan məktub
yazdığını bildirmişdi. Məktubda birbaşa qeyd
olunurdu ki, Yelizavetpolda silahlı tatarlar aqrar hərəkatına
başlamışdılar, amma sizin hamınız bilirsiniz ki,
o, hansı formada olmuşdur. Daha sonra H.b.Ağayev, Arzumanovun
Şaumyana yazmış olduğu məktubu Seym üzvlərinin
diqqətinə çatdırmışdı: “Mən əminəm
ki, sən bu hərəkatın inkişafına hərtərəfli
kömək edəcəksən. Bu barədə Hayk Məlikonyans
da bilir. Hayk Məlikonyans da Seymin üzvü və Yelizavetpol
şəhərindəndir. Məktub “Sənin Mişa Arzumanov”
sözləri ilə başa çatır” (Закавказский сейм.
Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. 7 марта 1918
года, с. 14).
H.b.Ağayevdən sonra çıxış edən
Xaçaturyan, İrəvan quberniyasında türk-müsəlman
əhaliyə qarşı erməni hərbi hissələri tərəfindən
törədilən kütləvi qırğınlardan söz
açmamış, əvəzində guya “müsəlmanlar
Dronun fəaliyyətini təqdir etmişdilər” (Закавказский
сейм. Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. 7 марта
1918 года, с. 14-18) kimi yalan ifadələr işlətmişdir.
Seymdə çıxış edən Məhərrəmov isə
İrəvan quberniyasında müsəlman əhaliyə
qarşı törədilən dəhşətli
qırğınların misili görünməmiş bir faciə
adlandırmışdı.
Seymdə çıxış edən Jordaniya, İrəvan
quberniyasında və İrəvan şəhərində
baş vermiş hadisələrə münasibət bildirərəkən,
ortada iki faktın olduğunu və əsas diqqətin həmin
iki fakt üzərinə yönəldilməsinin zəruri
olduğunu vurğulamışdır. Həmin iki faktdan
birincisi ondan ibarətdir ki, erməni nizamlı ordusu dinc
insanları güllələyir və kəndləri
dağıdır. Digər fakt isə odur ki, erməni
eşalonuna keçib getməyə imkan verilməyib və
yolları bağlayıblar. Əsas mübahisə doğuran
fakt ondan ibarətdir ki, bu hərbi hissələr onların
qarşısını kəsən hər hansı maniyəni
dəf edib müəyyən olunmuş yerə getmək əvəzinə,
öz yollarından dönərək kəndlərə girir, əhalini
qırır, hətta evləri yandırırlar. Əgər
dövlət tərəfindən maliyyələşdirilən
və cəbhəyə göndərilən nizamlı ordu tərəfindən
bu cür hadisələr baş verirsə, onda hökumət
günahkarları cəzalandırmaq üçün müəyyən
tədbirlər görməli idi. Lakin hökumət heç
bir tədbir görməmişdir (Закавказский сейм. Стенографический
отчеть. Сессия первая. Заседание пятнадцатое. 7 марта 1918 года, с. 25).
Jordaniyanın fikrincə, satqınlar və xəyanətkarlar
müsəlmanlar arasında olduğu kimi ermənilər və
gürcülər arasında da vardı.
İrəvan quberniyasında erməni hərbiçiləri
tərəfindən türk-müsəlman əhaliyə
qarşı törətdilmiş dəhşətli
qırğınlarla bağlı Seymin üzvü
F.Köçərli baş vermiş hadisələrə
tarixi reallıqlardan yanaşaraq bildirmişdir ki, əgər dəmir
yolu ətrafında yaşayan müsəlman əhalisi cəbhəyə
getmək istəyən hərbi eşalonun hərəkətinə
mane olduğuna görə hadisələr baş vermişdirsə,
bəs onda həmin dəmir yolu xəttindən 20-40 verstlikdə
yerləşən və dinc həyatlarını yaşayan kəndlərin
günahı nə idi. Bu hadisələrə heç bir
aidiyyatı olmayan İrəvan şəhərinin
günahı nə idi (Закавказский сейм. Стенографический отчеть.
Сессия первая. Заседание пятнадцатое. 7 марта 1918 года, с. 27).
F.Köçərli də İrəvan şəhərində
müsəlmanlara qarşı törədilmiş
qırğınlarda erməni hərbi hissələrinə rəhbərlik
etmiş Dronu günahkar bilmişdir.
“Müsavat” partiyasının adından
çıxış edən Ş.Rüstəmbəyov İrəvan
quberniyasında türk-müsəlman əhaliyə
qarşı törədilmiş qanlı cinayətlərin
Daşnaksütyun partiyasına tabe olan hərbi hissələrin
törətdiyini və bu ordunun başında hərbi komissar
Dronun və polkovnik Pirumovun durduğunu qeyd etmişdir.
Ş.Rüstəmbəyov Daşnaksütyun partiyası tərəfindən
hərtərəfli izahatın verilməsini tələb
etmişdir (Закавказский сейм. Стенографический отчеть. Сессия первая.
Заседание пятнадцатое. 7 марта 1918 года, с. 29).
Daha sonra Seym İrəvan hadisələri haqqında
nümayəndə heyətinin məlumatını dinləyərək
7 bənddən ibarət qərar qəbul etmişdir. Həmin
qərar aşağıdakı bəndlərdən ibarət
idi:
1) Sərhədlərin mühafizəsini təşkil
etmək üçün eşalonların maneəsiz getməsi
üçün tədbirlər görülsün.
2) Hərbi hissələrdən yaradılmış
(qarışıq hərbi dəstə) qarışıq
eskadron İrəvana göndərilsin.
3) Qaçqınlara yardım edilsin və onları
öz kəndlərində yerləşdirilsin.
4) Sərhədləri kürdlərdən qorumaq
üçün tədbirlər görülsün (bu bənd
belə formalaşdırılmışdı: Sərhədin
mühafizəsi üçün tədbirlər
görülsün – V.Ş.).
5) Zaqafqaziya Hökumətinin razılığı
olmadan cəza dəstələrinin göndərilməsi
qadağan edilsin.
6) Milli ordular Diyarın ümumi hakimiyyəti
altında mərkəzləşdirilsin.
7) İrəvan hadisələri ilə əlaqədar
istintaqın başlamasını fövqəladə təhqiqat
komissiyasına tapşırılsın (Закавказский сейм.
Стенографический отчеть. Сессия первая. Заседание пятнадцатое. 7 марта 1918
года, с. 37).
Həmin müzakilərin birində Seymdə təmsil
olunan gürcü menşevik fraksiyasının üzvü
N.Jordaniya çıxışı zamanı, Zaqafqaziyada
baş verən milli münaqişələrə görə
hökumətin deyil, iki partiyanın – Daşnaksütyun və
Müsavat partiyalarının cavabdeh olduqlarını qeyd
etmişdir (Закавказский сейм. Стенографический отчеть. Сессия первая.
Заседание пятнадцатое. 7 марта 1918 года, с. 46-47).
Seymin iclasında milli münaqişələrlə
bağlı müzakirələr aparılarkən rus əhalisinin
də təqib və təziqlərə məruz
qaldıqları haqqında məlumatlar verilmişdi. Məsələn,
Seymin 17-ci iclasında Rus Milli Şurasının Müvəqqəti
Zaqafqaziya Bürosunun adından Seymin katibliyinə verilmiş ərizədə
rus kəndlilərinə qarşı mənəvi təzyiqlərin,
qırğınların olduğu qeyd edilmiş və rus kəndlərinin
qarət olunmasının dayandırılması, dəymiş
zərərin ödənilməsi və günahkarların cəzalandırılması
tələb olunmuşdur (Закавказский сейм. Стенографический отчеть.
Сессия первая. Заседание семнадцатое. 13 марта 1918 года, с. 2).
Vaqif Abışov
Tarix üzrə elmlər doktoru
(Ardı növbəti sayımızda)
Xalq Cəbhəsi .- 2024.- 17 oktyabr(№37).-S.14.