İqlim dəyişikiliyi: potensial risklər və
çıxış yolları
Son zamanlar dünya gündəminin əsas
mövzularından biri də müharibələrlə
yanaşı iqlim problemləridir. İqlim problemləri bəşəriyyət
üçün müharibələrdən az təhlükə
vəd etmir. Əlbəttə bununla bağlı müxtəlif
iddialar da var. Məsələn problemin şişirdilməsi və
ya süni yaradılması. Amma əks arqumentlə
çıxış edənlər bunu konspirasiya nəzəriyyəsri
kimi xarakterizə edirlər. Real mənzərə ondan ibarətdir
ki, dünyada olduğu kimi Azərbaycanda da iqlim fəsadları-quraqlıq,
su çatışmazlığı və.s hiss olunur və
çıxış yollarının müzakirə edilməsi
vacib amildir.
COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və
təbii sərvətlər naziri Muxtar Babayev "PreCOP"
çərçivəsində "İqlim və
İnkişaf" mövzusunda Nazirlər Konfransında
söyləyib ki, iqlim fəaliyyətinə uyğunlaşma,
uyğunlaşmanın maliyyələşdirilməsi və həyata
keçirilməsində boşluqlar mövcuddur. O, iqlim maliyyələşdirməsini
genişləndirməyə çalışmalı
olduğumuzu deyib.
Ekoloqlar məsələni Xalqcebhesi.az-a şərh
ediblər.
Ekoloq Sevil Yüzbaşeva söyləyib ki, iqlim fəaliyyətinə
uyğunlaşma gözlənilən iqlim dəyişikliyinə
və onun nəticələrinə cavab olaraq görüləcək
tədbirləri həyata keçirmək üçün təbii,
sosial və ya iqtisadi sistemlərin bir-biri ilə əlaqəli
olaraq tənzimlənməsi və əlaqəli fəaliyyət
göstərməsidir”. O bildirib ki, bunlar potensial riskləri
azaltmaq və ya iqlim dəyişikliyi ilə bağlı
fürsətlərdən yararlanmaq üçün edilən
hərəkətlərdir ki, bu isə mövcud
strukturların işinə yeni düzəlişlər, yeni
texnika və texnologiyalar tətbiq etmək deməkdir:
“Başqa sözlə, dövlətlər və icmalar
mövcud iqlim dəyişikliyinə cavab vermək və onun
gözlənilən təsirlərinə hazırlaşmaq
üçün uyğunlaşma tədbirləri
hazırlamalı və həyata keçirməlidir”.
Yeni texnika və texnalogiyaların tətbiqi
S.Yüzbaşeva uyğunlaşma tədbirlərinin
ölkədə və ya regionda yerli vəziyyətdən
asılı olaraq çox fərqli ola biləciyini bildirib:
“Burada hər bölgəyə eyni yanaşmanın tətbiq
edilməsi qeyri-mümkündür. Uyğunlaşma tədbirlərinə
daşqınlardan müdafiə vasitələrinin qurulmasını,
təbii fəlakətlər, siklonlar üçün öncədən
xəbərdarlıq sistemlərinin yaradılmasını,
quraqlığa davamlı kənd təsərrüfatı
bitkilərinin yetişdirilməsi üçün yeni növlərin
tətbiqi, ətraf mühitin mühafizə olunmasında
mövcud yaşıllıqların qorunması və yeni əkinlərlə
artırılması, biznes və hökumət sistemləri
arasında yeni kommunikasiya sistemlərinin, yeni texnika və
texnalogiyaların tətbiq edilməsi kimi fəaliyyətlər
də daxildir. Artıq bir çox ölkələr öz
iqtisadiyyatlarını yenidən qurmaq üçün belə
addımlar atırlar. Bu işə yəni uyğunlaşma tədbirlərinin
həyata keçirilməsi sahəsində, gecikmədən fəaliyyətləri
xeyli artırmaq və daha çox səy göstərmək
lazımdır”.
Vətəndaş cəmiyyəti institutlarının
məsuliyyəti
O əlavə edib ki, uğurlu uyğunlaşma təkcə
dövlət tərəfindən həyata keçirilən
siyasətdən asılı deyil: “Bu həm də prosesə
digər iştirakçıların, o cümlədən
milli, regional, çoxtərəfli və beynəlxalq təşkilatların,
dövlət və özəl sektorun nümayəndələrinin,
vətəndaş cəmiyyətinin fəal və davamlı cəlb
olunmasından ən əsası isə əhalinin maarifləndirilməsindən
də çox asılıdır. Mövcud adaptasiya sahəsində
olan təcrübələrdən, biliklərdən
düzgün istifadə etmək bacarığı da
mühüm rol oynayır. Bu zaman məsuliyyət vətəndaş
cəmiyyəti institutlarının üzərinə
düşür. İqlim dəyişikliyinin təsirlərinə
uyğunlaşma tədbirləri müxtəlif regionlarda,
sektorlar arasında paralel olaraq həyata keçirilə bilər.
Bir sözlə, bu sahədə uyğunlaşma tədbirlərinin
planlaşdırılması lazımdır.
Planlaşdırmada isə tələb olunan xərclərin və
potensial faydaların araşdırılması da daxil olmaqla,
lazımi uyğunlaşma tədbirləri işlənib
hazırlanmalı və qiymətləndirilərək dəyərləndirilməlir
ki, mövcud variantlardan ən yaxşısını seçmək
mümkün olsun”.
İqlim dəyişikliyi ilə mübarizə tədbirləri
Ekoloq həmçinin qeyd edib ki, planetimizdə
artıq qlobal temperatur dəyişikliklərinin
yaratdığı fəsadları, fəsillərin dəyişməsi,
ekstremal hava hadisələrinin artması, iqlim dəyişikliyinin
hansı nəticələri yarada biləcəyi, hansı
hadisələrin baş verə biləcəyini müşahidə
edə bilirik və bu hadisələri bu gün
yaşayırıq. O, bu səbəbdən də bu hadisələrlə
mübarizə aparmaq üçün ən yaxşı
metodun uyğunlaşma tədbirləri olduğunu
vurğulayıb: “İqlim dəyişikliklərinə nə
qədər tez uyğunlaşma tədbirləri həyata
keçirilsə bir o qədər yaxşı olar. Biz nə qədər
geciksək, iqlim dəyişikliyinə adekvat reaksiya vermək
bir o qədər çətin olacaq və bunun
üçün bir o qədər çox maliyyə
resursları tələb olunacaq. Təbii ki, hörmətli
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
doğru qeyd edir”.
“Okean suyunun buxarlanması 60% aşağı
düşüb”
S.Yüzbaşeva ətraf mühitin çirklənməsi
probleminin mürəkkəb olduğu qədər həm də
çox ciddi olduğunu bildirərək əlavə edib ki,
uzun illər gələcəkdə nəticəsinin nə
olacağını düşünmədən, təbiətə
qarşı apardığımız bu məhvedici müharibə,
bütövlükdə canlı aləmin gələcək
varlığını şübhə altına qoyub. Ekoloq təbiətə
qarşı olan bu sonsuz təzyiqlərin bioloji müxtəlifliyin
itirilməsinə, ətraf mühitin çirklənməsinə
gətirib çıxardığını da söyləyib:
“Sputnik və aeroçəkilişlərdən aparılan
müşahidələr nəticəsində əldə edilən
məlumatlara əsaslanaraq, alimlər deyir ki, dəniz və
okeanların 1/3 hissəsinin səthi nazik əlvan örtük
ilə örtülüb. Bu örtük nəticəsində
okean suyunun buxarlanması 60% aşağı düşüb”.
“Şəhər mühitində insanların səhhətində
fəsadlar yaranır”
Ekoloq Ənvər Əliyev isə söyləyib ki,
Atlantik okeandan gələn hava axınları, Afrikadan, Cənub
Şərqi Asiyadan gələn istilər bizə daha çox
təsir göstərir. O əlavə edib ki, bununla
bağlı çətinliklər olur: “Bəzən
görürük ki, bu amillər şəhər mühitində
insanların səhhətində fəsadlar yaradır,
sağlamlığımıza mənfi təsir göstərir.
Ölkənin təbii mühiti nə qədər çətin
olsa, ağırlaşsa da ondan mümkün qədər az
itki ilə çıxmağa çalışmaq
lazımdır”.
“Quraqlığın fəsadlarının
qarşısını ala bilərik”
Ə.Əliyev həmçinin insanın təbiətə
münasibəti ilə bağlı durumun o qədər də
yaxşı olmadığını bildirib. Ekoloq qeyd edib ki,
biz hələ ki təbiətin şıltaqlığına,
təbii coğrafi mühitin qanunauyğunluqlarının nisbətən
pis variantına o qədər də hazır deyilik:
“Quraqlıq olan kimi təsərrüfat sistemimiz ziyana
düşür. Amma əslində belə olmalı deyil. Biz, əgər
kənd təsərrüfat sistemimizi düzgün qursaq
quraqlığın fəsadlarının
qarşısını ala bilərik”.
Ə.Əliyev onu da deyib ki, bizim təsərrüfat,
meilorasiya sistemimiz fəsadlara o qədər də uyğunlaşmayıb:
“Nəticəsi də odur ki, külli miqdarda su məsrəf
olunur. Ona görə də su təsərrüfat sistemimizi
yenidən qurmaq vacibdir”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2024.- 17 oktyabr(¹37).-S.13.