Bu gün Füzuli Şəhəri Günüdür

 

17 Oktyabr Füzuli rayonunun işğaldan azad edilməsinin dördüncü ildönümüdür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib. Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunub. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb.

Prezident müraciətində həmin gün Füzuli şəhəri ilə yanaşı, Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğalından azad olunduğunu elan edib.

Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olub. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.

Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

Rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılacaqdır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – yüz mindən çox mina basdırılıb.

Xatırladaq ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.

Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla, rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib. Füzuli uğrunda aparılan döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olub. Çünki, 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta, ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi.

K.Bayramov qeyd edib ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində, həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilib. Bununla da Vətən həsrətinə son qoyulub. 17 oktyabr günü nəinki füzulililərin xatirəsində, həmçinin,Azərbaycan dövlətinin tarixində əbədi olaraq qalacaq. Bu tarixdə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Füzuliyə də qısa müddətdə həyat qayıdıb. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. Ötən il “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə dövlət başçısı görülən işlərin uğurla davam etməsindən bəhs edərək bildirib: "Mənim yadımdadır, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır. Onu da bildirməliyəm ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir.

Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və orada bizim bütün layihələrimiz təqdim edilmişdir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var".

K.Bayramov vurğulayıb ki, böyük Zəfərlə yekunlaşan Vətən müharibəsindən ötən vaxt ərzində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğuna başlanılması və bu işlərin sürətlə, eyni zamanda, keyfiyyətlə davam etdirilməsi Azərbaycan dövlətinin gücünün, iqtisadi potensialının göstəricisidir. Artıq işğaldan azad edilən torpaqların bərpası və inkişafı ilə bağlı strategiyanın icrası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanıb. Bərpa və yenidənqurma işlərinin sürəti soydaşlarımızın tezliklə doğma yurdlarına qayıdışını gerçəkləşdirir. Dövlət başçımız qeyd edib ki, Füzuli indi tamamilə yenidən qurulur. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin yekununda,yəni,2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda məskunlaşacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir.

Deputat əlavə edib ki, Qarabağla bağlı ilahi ədalət 100 il sonra öz yerini tapdı. Azərbaycan torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildə yaradılmışdı. Düz 100 il sonra bu tarixi ədalətsizliyə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən son qoyuldu.

Tam əminliklə demək olar ki, tezliklə Füzuli rayonu da ən qısa müddətdə bərpa ediləcək və öz sakinləri ilə firavan günlərinə qovuşacaq.

Millət vəkili qeyd edib ki, Füzuli rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Artıq Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur. Burada hələ 2022-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Bundan əlavə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir neçə dəfə Füzuliyə səfər ediblər. Füzulidə, Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərimizin şərəfinə abidə - 27 sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsi ucaldılıb. 2022-ci ilin sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna növbəti dəfə səfəri zamanı həmin xatirə lövhəsini ziyarət ediblər.

Ötən ilin oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Füzuli rayonuna səfər edib. Dövlət başçısı səfər çərçivəsində rayonun Cuvarlı, Qoçəhmədli kəndlərinin, şəhərdəki idman kompleksinin, ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının və inzibati binanın təməlini qoyub.

 

Cavid

Xalq Cəbhəsi .- 2024.- 17 oktyabr(¹37).-S.9.