Yaşıl kitabxana nədir?
Bizi əhatə edən ətraf mühit - təbiət
adlanır. Biz Təbiətin bəxş etdiyi sərvətlərdən
ağılla və düşünülmüş şəkildə,
eyni zamanda qayğıkeşliklə istifadə etsək onlar
tükənməz olaraq qalar. İnsan təbiəti qoruyaraq
öz həyatını, gələcək nəsillərin və
Yer planetinin davamlılığını təmin etmiş
olar. Məşhur Avstrya yazıçısı Frans
Kafkanın da dediyi kimi: “Hər nəsil özündən sonra
yer üzünə, gələcək nəsillərə
yaşamaq üçün bundan daha pis imkanlar
qoymamalıdır”.
Dünyada təbii resursların azalması səbəbindən
artan ekoloji təhlükələr və ekoloji
davamlılıq sahəsində görülən tədbirlər
kitabxanaları da dəyişməyə məcbur etmişdir.
Hər yaşda hər kəsin ömür boyu oxumaq və
öyrənmək üçün istifadə etdiyi
kitabxanaların vəzifəsi yalnız bilik təkilif etmək
deyil, həm də ətraf mühitə qarşı həssaslığı
təbliğ etmək və bu qaydaları özündə tətbiq
edərək örnək göstərməkdir.
Kitabxanaları insanların zamanının böyük bir
qismini qapalı məkan olaraq keçirdiyi yer kimi
düşünsək məsələnin nə qədər
ciddi olduğu ortaya çıxar. Kitabxanalar bu problemlərin həlli
istiqamətində ekoloji savadlılıq nümayiş etdirməli,
müəyyən olunmuş tələblərə uyğun fəaliyyətə
və binaya sahib olmalıdır.
Dünyada enerjinin tükənməsi və iqlim dəyişikliyi
kimi ekoloji problemlər kitabxanaların öz cəmiyyətlərinə
təqdim edəcəyi informasiya resurslarının və
proqramların növünə də təsir edir. Bu gün
dünyanın hər yerində kitabxanalar yaşıl və
davamlı olmaq hərəkatına qoşularaq ekoloji
savadlılıq nümayiş etdirir. Yaşıl kitabxanalar -
kitabxanaların yaşıllaşdırılması və
onların ətraf mühitə mənfi təsirinin
azaldılması ilə məşğul olan
kitabxanaçılar, kitabxanalar, şəhərlər, qəsəbələr,
kollec və universitet şəhərciklərindən ibarət
Yaşıl Kitabxana Hərəkatını yaradan bir
dönüş nöqtəsidir. Hazırda “Yaşıl” və
“davamlı” terminləri tez-tez istifadə olunur və onları
bir-birindən fərqləndirmək lazımdır. Oksford
İngilis dili lüğətində (1989) “yaşıl”
termini “ekologiyaya aid olan və ya onu dəstəkləyən”
kimi müəyyən edilmişdir. Yaşıl olmaq
davamlılığın bir elementidir. Yaşıl olmaq və
davamlı olmaq bəzən eyni mənada işlənsə də,
fərqli anlayışlardır. Yaşıl olmaq ekoloji cəhətdən
təmiz və ekoloji cəhətdən məsuliyyətli təcrübə
və həyat tərzini qəbul etmək və onlara əməl
etmək deməkdir.
Yaşıl kitabxana davamlılığı təşviq
edən, ekoloji cəhətdən təmiz və daha az karbon
izi yaradan şəkildə fəaliyyət göstərən
bir kitabxanadır. Kitabxanaların ətraf mühitə mənfi
təsirini azaltmaq məqsədi daşıyan Yaşıl
Kitabxana Hərəkatı 1990-cı illərin əvvəllərində
başlamışdır. Ekoloji davamlı olaraq bilinən
yaşıl kitabxanalar, ətraf mühitə uyğun və
enerji qənaətli binalara sahib kitabxanalar hesab olunur.
Yaşıl/davamlı olmaq ekoloji cəhətdən təmiz və
məsuliyyətli təcrübə və həyat tərzini qəbul
etmək və onlara əməl etmək deməkdir.
Yaşıl/davamlı kitabxana nədir sualına Beynəlxalq
Kitabxana Assosiasiyaları və İnstitutları
Federasiyasının (IFLA) 2022-ci il yanvar tarixli sənədində
aşağıdakı kimi cavab verilir: Yaşıl və
davamlı kitabxana ekoloji, iqtisadi və sosial
davamlılığı nəzərə alan bir
kitabxanadır. Yaşıl və davamlı kitabxanalar istənilən
ölçüdə ola bilər, lakin
aşağıdakıları əhatə edən aydın
davamlılıq gündəliyinə malik olmalıdır.1.
Yaşıl binalar və avadanlıqlar: Bina və
avadanlıqların emissiyaları və ya karbon izi aktiv şəkildə
azaldılır. 2. Yaşıl ofis prinsipləri: Əməliyyat
rejimi və proseslər ekoloji cəhətdən davamlı
olmalıdır. 3. Davamlı iqtisadiyyat: İstehlak məhdudlaşdırılır,
dairəvi və paylaşılan iqtisadiyyat proqramları
hazırlanır və bu proqramlar cəmiyyət
üçün əlçatan edilir. Davamlı kitabxana xidmətləri:
Müvafiq və aktual məlumatlar istifadəçilər
üçün asanlıqla əlçatan olmalıdır.
4. Ümumi sahələr, nəqliyyat vasitələri və ətraf
mühitə dair təlimlər təmin edilməli və əməliyyatlar
səmərəli aparılmalıdır. Kitabxanada müsbət
karbon əl izi mövcud olmalıdır. 5. Sosial davamlılıq:
Yaxşı təhsil, savadlılıq, ictimaiyyətin
iştirakı, mədəniyyətlərarası müxtəliflik,
sosial inklüzivlik və ümumi iştirak nəzərə
alınır. Kitabxana bərabərsizliyi azaltmaq
üçün fəal işləyir. 6.Ekoloji biznes/idarəetmə:
Ətraf mühitlə bağlı məqsədlər əlçatandır
- xüsusi, ölçülə bilən, əldə edilə
bilən, realist və zamana uyğundur. 7.Kitabxana ətraf
mühitə mənfi təsirini azaltmaq üçün
çalışır. Kitabxananın ekoloji siyasətinin həyata
keçirilməsi və ekoloji tədqiqatların nəticələri
daha geniş auditoriyaya çatdırılır.
Yaşıl kitabxanalar uzun müddət yaşıl
binaları olan kitabxanalar kimi qəbul edilmişdir.
Yaşıl kitabxana hərəkatı çərçivəsində
kitabxananın yaşıllaşdırılması istiqamətində
görülən fəaliyyətlərdən biri məhz
kitabxana binasının təbiətlə
uyğunlaşdırılması olmuşdur. Lakin yaşıl
kitabxana anlayışı sadəcə bir bina deyil. Əslində,
müvafiq ədəbiyyat araşdırıldığında
yaşıl kitabxana anlayışı binadan xaric müxtəlif
fəaliyyətlərdə əksini tapan bir anlayış
olaraq qarşıya çıxır. Yaşıl kitabxanalar ətraf
mühitin davamlılığına və insan
sağlamlığına töhfə vermək
üçün təbiətə uyğun, daha az kimyəvi tərkibli,
elektrik enerjisi və suyun istifadəsində pula qənaət
edən xüsusi strukturlardır. Yaşıl kitabxana
dizaynına maraq 2007-ci ildə Çikaqoda keçirilən
“Going Green” seminarından sonra artmağa
başlamışdır. Bu tədbirdə memarlar,
inşaatçılar və kitabxanaçılar yaşıl
kitabxana binaları ilə bağlı ən son nailiyyətləri
və həll təkliflərini bölüşmüşlər.
Yaşıl kitabxanalar ətraf mühitin
davamlılığına və insan
sağlamlığına töhfə vermək
üçün təbiətə uyğun, daha az kimyəvi tərkibli,
elektrik enerjisi və suyun istifadəsində pula qənaət
edən xüsusi strukturlardır.
Ekoloji davamlılığın memarlıqdakı əksi
olan yaşıl kitabxana binaları təşkili
baxımından altı kateqoriyaya bölünür:
1.Davamlı mühit - əlçatan məkan;
2.Su dövranı və qənaət;
3.Yaşıl dam tikintisi;
4.Enerji istifadəsi və artımı;
5.İstifadə olunan materiallar\məhsullar;
6.Kimyəvi maddələrdən istifadə;
7.Keyfiyyətli hava.
Bəs davamlı/yaşıl bina tikmək ənənəvi
binadan daha bahadırmı?
Bu suala mütəxəssislərin verdiyi cavaba görə
8-10 il əvvəl yaşıl tikinti daha bahalı olardı,
amma bu gün yox. Sənaye elə bir nöqtəyə gəlmişdir
ki, bir qərar olaraq davamlı/yaşıl bina tikmək həqiqətən
daha yaxşı seçimdir.
Yaşıl Kitabxana Proqramları kitabxanaların Yer
planetinin və insanların sağlamlığı
üçün edə biləcəyi sadə yaşıl
addım, zəhərli kimyəvi təmizləyicilərdən
istifadəni dayandırmaq və ekoloji saf təmiz məhsullara
keçməkdir.
Dünyada köhnəlmiş və mürəkkəb
çaplı nəşrlərə tələbat son illərdə
azalsa da, kitabxanaların təbii resursların əhəmiyyətli
istehlakçısı olması faktı qüvvədə
qalır. Akademik kitabxanalar haqqında yazan mütəxəssislər
kitabxana kolleksiyalarının daimi artımını
onların davamlılığı üçün təhlükə
kimi qəbul edirlər. Onlar akademik kitabxanaları
kağız, su, elektrik enerjisi və mürəkkəbin əhəmiyyətli
istehlakçıları kimi müəyyən edir və iddia
edirlər ki, kitabxanalar onların ətraf mühitə təsirlərini
nəzərə almasalar, onların fondlara açıq
çıxışın təmin edilməsində rolu təhlükə
altına düşə bilər. ABŞ-lı alim Efraym
“Kitabxanaların yaşıllaşdıırlması” (Eprahim,
2003) adlı məqaləsində yaşıl kitabxana nəzəriyyəsindən
danışarkən yaşıl təmizlik, yaşıl
istifadə və kitabxanalarda yaşıl saxlama elementlərinə
toxunur. Efraym (2003) çap materiallarının təmin edilməsi,
mühafizəsi və məhv edilməsi/çeşidlənməsi
prosesində ətraf mühitə dəyən ziyana diqqət
yetirir və qeyd edir ki, resursların elektron
daşıyıcılara ötürülməsi gələcək
üçün qaçılmaz və ekoloji cəhətdən
təmiz bir yanaşma olacaqdır. Lakin elektron resursların
çap mənbələrindən ekoloji cəhətdən
daha təmiz olduğunu ifadə edən Efrayim elektron
resursların ətraf mühitə vurduğu zərəri nəzərə
almır. Müasir dövrdə dünyada çap və
elektron resursların ətraf mühitə təsiri və
hansının koloji cəhətdən daha etəmiz
olduğuna dair ziddiyyətli fikirlər çoxdur. Alimlər
informasiyaya çıxış sistemlərinin gündəlik
həyatın bir hissəsi olduğunu və buna uyğun olaraq
informasiya və kommunikasiya texnologiyalarının
keçmişə nisbətən daha intensiv istifadə
edildiyinin və texnologiyaların yaratdığı istixana
qazı emissiyalarının daha çox olduğunu irəli
sürürlər.
Beynəlxalq miqyasda kitabxanaların və onların ana
qurumlarının tullantı və enerji istifadəsini azaltmaq
və hələ də rahat və əlçatan mühitlər
təmin etmək üçün xeyli səy göstərdiyinə
dair çoxsaylı nümunələr mövcuddur. Avstraliya və
Yeni Zelandiyada akademik kitabxanalar üzərində aparılan
araşdırmalar göstərir ki, elektron kitabların
artması və çap kitablarının azalması istixana
qazı emissiyalarını və universitetin karbon izini
azaldır. Bununla belə, kağızdan istifadə problem
olaraq qalmaqdadır.
Son onillikdə kitabxanalarda ekoloji davamlılığa
dair tədqiqatlar göstərir ki, ekoloji təhsil müxtəlif
növ kitabxanalar üçün mühüm vəzifə
kimi qəbul edilir. 2014-cü ildə aparılan bir
araşdırmada Şimali Amerika kitabxanaların
davamlılıqla bağlı fəaliyyət və təşəbbüslərdə
iştirakına dair aparılan sorğu
araşdırılıb. Tədqiqat nəticəsində məlum
olub ki, kitabxanaların 26%-i minimum, 49%-i bir qədər
çox bu işlə məşğul olub, 22%-i orta dərəcədə
məşğul olub və yalnız 3%-i yüksək səviyyədə
məşğul olub.
Kitabxanalarda davamlı fəaliyyət ekoloji maarifləndirmə
məqsədi ilə “yaşıl müəllimlər” ekoloji
maarifləndirmə, təbii mühit haqqında bilikləri
yaymaq, həssaslığı inkişaf etdirmək və ətraf
mühitə qarşı münasibət və
davranışları təşviq etməkdir. Bu mənda
kitabxanaların yaşıl/davamlı fəaliyyətə dair
yanaşmaları müxtəlifdir. Məsələn, Kalqari
İctimai Kitabxanası “Eko-Fəaliyyət Planı”, ekoloji təhsilə
yönəlmiş və “ətraf mühit obyektivindən”
istifadə etməklə ətraf mühitin mühafizəsi
üzrə fəaliyyət planı hazırlamaq
üçün bir komanda formalaşdırmışdır.
Onlar müəyyən etmişlər ki, kitabxanada surətçıxarma
demək olar ki, yarıya qədər azalsa da, onlar hələ
də hər il 1.000.000-dan çox kağız alırlar (Yale
Universiteti, 2021). Eynilə, Denver Xalq Kitabxanası Denverdəki
təhsillə əlaqəli digər qruplarla əməkdaşlıq
vasitəsilə ictimaiyyəti davamlı həyat haqqında
maarifləndirməyə böyük maraq göstərir. Yale
Universiteti tələbələri və işçiləri
üçün kağızdan ağılla istifadə etmək
məqsədilə bələdçi
hazırlamışdır və s.
Bu gün dünyada kitabxana mütəxəssisləri
yaşıl informasiya savadlılığının və
informasiya savadlılığının
yaşıllaşdırılmasının Yaşıl
Kitabxana Hərəkatının mühüm komponentini təşkil
etdiyini və daha yaşıl icmanın yaradılmasına
müxtəlif yollarla töhfə verə biləcəyini
müzakirə edirlər.
2024-cü il Birləşmiş Millətlər Təşkilatının
İqlim Dəyişikliyi Konfransı və ya daha çox COP
29 kimi tanınan BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyası Tərəflərinin
Konfransı, Birləşmiş Millətlər Təşkilatının
İqlim Dəyişikliyi üzrə 29-cu konfransının Azərbaycanda
keçirilməsi bu sahədə ölkəmizdə
aparılan uğurlu siyasətin nəticəsidir. Eyni zamanda Azərbaycan
Respublikasında 2024-cü ilin Prezident İlham Əliyevin sərəncamı
ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan
edilməsi çərçivəsində ölkəmizdə
aparılan islahatlar, həyata keçirilən tədbirlər
bir-birini tamamlayır. Ölkəmizdə zəngin biomüxtəlifliyin
qorunması üçün tədbirlər həyata
keçirilməkdədir. Bundan əlavə Azərbaycanda
emissiyaların azaldılması və davamlı
inkişafı üçün xüsusi hədəfləri
özündə əks etdirən milli iqlim fəaliyyət
planları hazırlanıb. Bu planlar beynəlxalq müqavilələrlə
uyğundur və ölkənin iqlim dəyişikliyi ilə
mübarizəyə sadiqliyini nümayiş etdirir. Azərbaycan
Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə
həmrəylik ili” elan edilməsi ilə əlaqədar
görülən tədbirlər kitabxanaların da
qarşısında müəyyən tələblər qoyur.
Ölkəmizdə dünya kitabxanalarında ekoloji
davamlılıq və yaşıl olmaq hərəkatı ilə
əlaqədar, yaşıl kitabxana, kitabxanalarda ekoloji
savadlılıq və s. kimi mövzularda maarifləndirmə məqsədilə
bir sıra tədbirlərin təşkilinə ehtiyac
duyulmaqdadır. Kitabxana binalarına yaşıl/davamlı
yanaşma hava və işıqlandırma keyfiyyəti, həmçinin
binanın fiziki xüsusiyyətləri və sistemləri kimi
amilləri nəzərə alaraq bina sakinlərinin
sağlamlığının və rahatlığının
qorunması kritik əhəmiyyətli hesab edilir.
Səyyarə Məmmədova
Azərbaycan Milli Elmlər Akademiyası
Mərkəzi Elmi Kitabxana
Xalq Cəbhəsi .- 2024.- 24 oktyabr(¹38).-S.15.