İrəvan quberniyasının türk-müsəlman əhalisinin soyqırımı

 

(Cənubi Qafqaz Seyminin sənədləri üzərində təhlil)

 

(Əvvəli ötən sayımızda)

 

...Seymin 13 mart tarixli iclasında (17-ci iclas), eyni zamanda Yelizavetpol (Gəncə) quberniyasında erməni-tatar (həmin illərdə Azərbaycan türklərinə tatar deyirdilər) əhalisi arasındakı münaqişəni aradan qaldırmaq üçün göndərilən Parlament nümayəndə heyətinin (nümayəndə heyətinə: Gerasim Maxaradze (sədr), üzvləri: Həmidbəy Şaxtaxtinski, Mirhidayət Seyidov, Avetik Saakyan, Xoren Amaspür, Bakı müsəlman və erməni milli komitələrinin nümayəndələri – Behbudağa Cavanşir, Mirzə Asahulayev, Musa Rəfiyev, Ağa Aşurov, Qalibəy Səfərəliyev, Hayk Ter-Mikaelyan, Martin-Şahnəzərov, Yakov Manandyan, Qriqori Yevanqulov və Gerasim Məlik-Şahnəzərov ilə birgə) rəhbəri Gerasim Maxaradzedən alınan teleqramdakı məlumatlar oxunmuşdur. Həmin məlumata görə müəyyən olunmuş nümayəndələrin birgə razılığı ilə, Zaqafqaziya Komissarlığının göstərişinə əsasən ermənilərin yaşadığı hissədə yerləşən 219-cu polkun əmlakı müsəlman milli şurasına verilməsi ilə bağlı yekdil razılığa gəlmişdilər (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание семнадцатое. 13 марта 1918 года, с. 4). Teleqramdan belə məlum olur ki, nümayəndələr Yelizavetpolda tamamilə razılığa gəliblər və ermənilərlə müsəlmanlar arasında narazılıqlar aradan qaldırılıb.

Seymin 17 mart tarixli iclasında (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание восемнадцатое. 17 марта 1918 года, с. 1) birinci olaraq aqrar islahatın müzakirəsi aparılmış, daha sonra isə Sadaxlıda baş vermiş erməni-müsəlman qarşıdurması ilə bağlı uzun-uzadı müzakirələr getmişdir. Bu iclasda Cənubi Qafqazda milli qarşıdurma özünün ən yüksək mərhələsinə çatdığı və bunun regionda millətlərarası münasibətlərin gərginlşməsinə təsir etdiyi qeyd olunmuşdur.

M.Ə.Rəsulzadə, Zaqafqaziyada baş verən milli qarşıdurmalar, eləcə də Zaqafqaziyada qayda-qanunların yaradılması, bölgədə baş verən siyasi hadisələrdə mərkəzi hökumətin, o cümlədən Seymin tutduğu mövqe ilə bağlı geniş çıxış etmişdir. O, demokratiyanın müdafiəçisi yalnız bir fraksiya deyil (burada o, “bir fraksiya” deyəndə gürcü sosial demokratları nəzərdə tuturdu – V.Ş.), bütün fraksiyalar demokratiyanın və kəndlilərin müdafiəçiləri hesab olunduğunu bildirmişdi. Onun fikrincə, Seymdə yalnız menşeviklərin demokratiyanın nümayəndələri hesab olunduğu, digər fraksiyalara isə bütün əhvalatların günahkarı və başqa fraksiyanın qarşısında cavabdehlik daşıdıqları kimi baxılmasının düzgün olmadığını vurğulamışdır. Çünki Seym orada təmsil olunan bütün fraksiyalardan təşkil olunmuşdur. O, Müvəqqəti Zaqafqaziya hökumətinin hər bir addımının fraksiyalar tərəfindən müdafiə edilməsini irəli sürmüşdür. Çünki bu hökumətin təşkil olunmasında fraksiyalar yaxından iştirak etmiş və ona səs vermişdilər. M.Ə.Rəsulzadənin fikrincə, qayda-qanunun yaradılmasında yalnız bir fraksiya çalışır kimi görünməməlidir. Bu, o vaxt ola bilər ki, bir fraksiya hökuməti təşkil edə bilsin və bütün məsuliyyəti öz üzərinə götürmüş olsun.

M.Ə.Rəsulzadə müsəlmanların ittiham olunmasının əleyhinə getmiş və müsəlmanların yaşadığı bölgələrdə qayda-qanunun qorunması üçün milis təşkilatının yaradılması və onların silahla təmin olunması ilə bağlı mərkəzi hökumətə dəfələrlə edilən müraciətlərin cavabsız qaldığını bildirmişdi (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание восемнадцатое.17 марта 1918 года, с. 31).

Bakıda türk-müsəlman əhaliyə qarşı soyqırımı

Seymin 1918-ci il 20 mart tarixli iclasında (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание девятнадцатое. 20 марта 1918 года, с. 1) Bakıda baş vermiş hadisələri yerində araşdırmaq üçün Heydərov, Tiqranyan, Oniaşvili, Mahmudov və Məlik-Yeqanovdan ibarət nümayəndə heyəti göndərməyi qərara almışdır. Bu iclasda, eyni zamanda İrəvan quberniyasında nizam-intizam yaratmaq üçün “Müsavat” və “Daşnaksütyun” partiyalarının hər birindən iki nəfər, bir nəfər menşeviklərdən olmaqla nümayəndə heyəti təşkil etməyi qərara alınmışdır.

Seymin iclasında “Qafqaz teleqraf agentliyinin Əsasnaməsi haqqında” məsələnin müzakirəsi zamanı Məmməd Yusif Cəfərov müzakirənin dayandırılmasını və Bakıda baş vermiş hadisələrlə əlaqədar hökumətin aldığı həyacanlı məlumatların verilməsini xahiş etmişdir. Hökumətin üzvü, Cənubi Qafqaz Seyminin Yollar Naziri Məlik-Aslanov Bakıda baş vermiş hadisələrlə bağlı iki məlumatın daxil olduğunu qeyd etmişdir.

Bakıda bolşeviklərin çıxışının qabaqcadan düşünlmüş plan olduğunu qeyd edən Seymin daxili işlər naziri is, Bakıda qarşıdurmanın bolşeviklərlə müsəlmanlar arasında olduğunu bildirmişdir.

Bakı hadisələri ilə əlaqədar Seymdə ciddi müzakirələr getmiş və A.b.Səfikürdski, M.Ə.Rəsulzadə, M.Mahmudov, M.Y.Cəfərov, hökumət nümayəmdəsi Noy Ramişvili çıxış etmişdilər. A.b.Səfikürdski bolşeviklərin beynəlmiləlçi olmadıqlarını, bolşevizm maskası altında tamamilə velikorusiya partiyası olduğunu bildirmişdir.

Seymin 24 mart tarixli iclasında çıxış edən Lordkipanidze martın 18, 19 və 20-də Bakı şəhərində baş vermiş dəhşətli hadisələrdən bəhs edərkən, müsəlman əhalisinin zərər gördüyünü bildirmişdi (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание двадцатое. 24 марта 1918 года, с. 1). Lakin o, çıxışında dinc müsəlman əhalisinə qarşı qırğınlar törətmiş erməni silahlı dəstələrindən və onların hansı təşkilata məxsus olmasından bəhs etməmişdir.

M.Ə.Rəsulzadə isə çıxışında mart soyqırımından danışarkən Bakıda baş vermiş toqquşmalarda bolşeviklərin hərbi hissələrinin erməni hissələri, erməni əsgərləri olduğunu göstərmişdi. Həmin hərbi hissələrə Daşnaksütyun partiyasının çox böyük təsiri olduğunu qeyd edən M.Ə.Rəsulzadə haqlı olaraq bildirirdi ki, əgər onlar bolşeviklərlə bir yerdə Zaqafqaziya Seyminə və Zaqafqaziya Komissarlığına müharibə elan edirsə, onda həmin qüvvələrin qarşısını necə almaq olar. O, Zaqafqaziyanın müstəqilliyinə həm şimaldan, həm də cənubdan təhlükənin olduğunu bildirsədə, Zaqafqaziya üçün daha çox təhlükənin, bilavasitə şimaldan olduğunu, oradan bizim üzərimizə atəş və qılıncla gəldiklərini Seym üzvlərinin diqqətinə çatdırmışdı. M.Ə.Rəsulzadə, əgər Zaqafqaziya hökuməti və Zaqafqaziya Seymi müsəlman sosialistlər blokunun tələbinə uyğun olaraq qəti addımlar atmasa, onda burada oturaraq bir yerdə işləməyin mümkün olmayacağını vurğulamışdır. O, “şimaldan gələn hücum bizim müstəqilliyimizə, həmrəyliyimizə təhlükə yaratdığına görə bütün vasitələrlə bolşeviklərə qarşı durmağın vacibliyini” qeyd etmişdir (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание девятнадцатое. 20 марта 1918 года, с. 39). Seymin həmin iclasında çıxış edən M.Mahmudov isə Bakıya nümayəndə heyətinin əvəzinə qüvvə göndərməyin lazım olduğunu bildirmişdi.

S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetin erməni silahlı dəstələrinin Şamaxı və Bakı qəzalarında türk-müsəlman əhaliyə qarşı törətmiş olduqları soyqırımı hadisələri bütün Cənubi Qafqazda siyasi hadisələrin gərginləşməsinə təsir göstərmişdir. Hətta, Cənubi Qafqazın hökumət nümayəndəsi Noy Ramişvili öz çıxışında hökumət tərəfindən çox ciddi tədbirlər görüldüyünü diqqətə çatdırmışdı.

Qaçqınlara yardım məsələsi

Seymin 2 may tarixli sessiyasında qaçqınlar məsələsi müzakirə olunarkən M.H.b.Seyidov çıxış edərək qaçqınlara ayrılan vəsaitin düzgün bölüşdürlmədiyinə görə öz etirazını bildirmişdi. O, büdcə komisssiyasının qanun layihəsində Batum və Qars qaçqınları (erməni və gürcü qaçqınları nəzərdə tutulur – V.Ş.) üçün 10 milyon rubl vəsaitin ayrılmasını alqışlamış, amma qeyd etmişdir ki, nəyə görə komissiya Bakı, İrəvan quberniyalarını və Şamaxı qəzasını (bu bölgənin qaçqınları türk-müsəlman əhalisindən ibarət idi – V.Ş.) nəzərdən qaçırmışdır (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание двадцать шестое. 2 мая 1918 года, с. 14).

O, İrəvan quberniyasında evlərin dağıdılmasının davam etdiyini, 130 kəndin qarət olunduğunu, qaçqınların sayı isə 100.000 olduğunu bildirmişdir. M.H.b.Seyidov Yelizavetpol (Gəncə) və Şamaxı qaçqınlarından bəhs edərkən, Zaqafqaziya hökuməti tərəfindən ayrılmış 1.000.000 rubulun indiyə kimi almaq mümkün olmadığını da Seym üzvlərinin diqqətinə çatdırmışdı (Закавказский сейм. Стенографический отчеть. Сессия первая. Заседание двадцать шестое. 2 мая 1918 года, с. 14).

Yuxarıda qeyd olunan faktlardan da bəlli olduğu kimi, Cənubi Qafqaz Seymi və hökuməti qaçqınlara ögey-doğmalıq münasibətləri göstərmişdir. Yəni, Qars və Batumdan olan erməni və gürcü qaçqınlarına 10 milyon rubl ayrılmış, İrəvan, Yelizavetpol quberniyalarından və Şamaxı qəzasından olan türk-müsəlman qaçqınlarına isə cəmi 1 milyon rubl ayrılmasına rəğmən, həmin vəsait verilməmişdir.

Nəticə.

Beləliklə, “İrəvan quberniyasında türk-müsəlman əhalisinin soyqırımı (Cənubi Qafqaz Seyminin sənədləri üzərindən təhlil)” adlı mövzunun təhlili aşağıdakı nəticəyə gəlməyə imkan verir: 1) birinci dünya müharibəsi, Rusiyada baş vermiş fevral inqilabı və oktyabr silahlı çevrilişi böyük çaxnaşmalara yol açmış və bundan erməni silahlı dəstələri yararlanaraq türk-müsəlman əhaliyə qarşı kütləvi soyqırımlar törətmişdilər; 2) Cənubi Qafqaz Seymi (10 fevral-26 may 1918-ci il) Cənubi Qafqazdakı milli qarşıdurmaların və anarxiyanın qarşısını ala bilməmişdi.

Erməni silahlı dəstələrinin İrəvan və Bakı quberniyalarında türk-müsəlman əhaliyə qarşı kütləvi soyqırımların qarşısının alınması və bu işdə əli olan erməni hərbiçilərinin cəzalandırılması ilə əlaqədar Seymdə müzakirələr aparılsa da, sonda erməni və gürcü nümayəndələrinin mane olması səbəbindən elə bir təsirli tədbirlər görülməmişdir.

 

Vaqif Abışov

Tarix elmləri doktoru

Xalq Cəbhəsi .- 2024.- 24 oktyabr(№38).-S.14.