Cümhuriyyət dövründə Azərbaycan
tarixinin öyrənilməsinə cəhdlər
1917-ci ilin fevral inqilabı və oktyabr bolşevik
çevrilişindən sonra Rusiya imperiyasının
dağılmasının davam etməsi, dünyada, eləcə
də Güney Qafqazda baş verən çaxnaşmalar fonunda
millətin və vətənin müdafiəsinə qalxan
ziyalılarımız, 1828-ci ildə Guzey Azərbaycanda
itirilmiş dövlətçiliyini bərpa etmək*, torpaq
bütünlüyünü, millətin
varlığını qoruyub saxlamaq üçün çox
ciddi siyasi, sosial-iqtisadi və mədəni işlər
görmüşdülər. Bu işlərdən ən
möhtəşəmi müstəqil və demokratik Azərbaycan
Xalq Cümhuriyyətinin (AXC-nin) qurulması olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti
mövcud olduğu 23 ay ərzində (may 1918 - aprel 1920-ci illər)
təhsil və elm sahəsinə də xüsusi diqqət
vermişdilər.
AXC-nin təhsil sahəsində həyata keçirdiyi
ilk tədbirlərdən biri Hökumətin 1918-ci il 27 iyun
tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət
dili elan edilməsi oldu. Azərbaycan Hökuməti ilk günlərdən
başlayaraq, milli kadrların hazırlanması, bu sahədə
orta, texniki və ali təhsilin yenidən qurulması məsələlərinə
də xüsusi önəm vermişdi.
AXC Hökumətinin 1-3-cü kabinələrində
maarif naziri Nəsib bəy Yusifbəyli olmuşdur. N.Yusifbəylinin
təşkil etdiyi 4-cü Hökumət kabinəsində bu vəzifəyə
Rəşid bəy Qaplanov, 5-ci Hökumət kabinəsində
isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra isə
Nurməmməd bəy Şahsuvarov təyin olunmuşdular.
AXC Hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına
əsasən, bütün ibtidai tədris müəssisələrində
təhsil şagirdlərin ana dilində aparılmalı,
dövlət dili olan Azərbaycan (Türk) dilinin tədrisi isə
məcburi surətdə həyata keçirilməli, ali,
ibtidai və orta tədris müəssisələrində isə
dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan
(Türk) dilini bilməyən şagirdlər üçün
3-cü və 4-cü siniflərdə Azərbaycan dili
şöbələri açılmalı və burada Azərbaycan
dili elə intensiv tədris olunmalı idi ki, iki ildən sonra həmin
şagirdlər artıq bu dildə təhsillərini davam etdirə
bilsinlər.
Cümhuriyyətin Xalq Təhsili sahəsində ən
mühüm tədbirlərində biri də məktəblərin
milliləşdirilməsi, yəni ana dili - türk dilində tədrisə
keçid oldu. AXC Hökumətinin həyata keçirdiyi tədbirlər
nəticəsində artıq 1919-cu ilin əvvəllərində
Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsilli
məktəbi və 637 ibtidai məktəb fəaliyyət
göstərirdi. Müəllimlər seminariyaları istisna
olmaqla, 1919-1920-ci tədris ilində Azərbaycanın orta məktəblərində
9611 şagird təhsil alırdı ki, onların da 3115 nəfəri
azərbaycanlı idi.
1919-cu il dekabr ayının 2-də “Məktəblərin
milliləşdirilməsi ilə bağlı orta məktəblərdə
bəzi fənlərin həcmi və xüsusiyyətlərinin
dəyişdirilməsi haqqında” Xalq Naarif Naziri (XMN) Rəşid
bəy Qaplanovun orta məktəb direktorlarına göndərdiyi
məktubu maraq doğurur. Həmin məktubda qeyd olunurdu ki,
milli müqəddəratın təyinetmə ideyasının
reallığa çevrildiyi, Rusiya dövlətçiliyinin
Azərbaycan dövlətçiliyi ilə əvəz
olunduğu Azərbaycan ərazisində məktəblər
öz köhnəlmiş əvvəlki dövrünü
qoruyub saxlaya bilməz. Məktubda, həmçinin, orta məktəbləri
bu dövlətçilik ruhunda köklü şəkildə
dəyişmək lazım olduğu və buna ancaq məktəbin
milliləşdirilməsi ilə nail olmaq mümkün
olacağı qeyd olunurdu. Bu məktubda tarix fənninin tədrisi
ilə əlaqədar diqqətçəkici bir məqam da
var. Belə ki, məktəblərdə Rusiya tarixi ayrıca fənn
kimi keçilməsi ləğv olunurdu, onun yerinə Türk
tarixi fənni tədris olunmalı idi. Rusiya tarixi ümumi tarix
fənnin tərkibinə daxil edilir və orta məktəblərdə
həmin fənnin mövzusu kimi tədris olunmalı idi.
Coğrafiya, ümumi tarixi və Türk tarixi ilə əlaqədar
orta məktəblər üçün hazırlanmış
yeni tədris proqramına görə 2-ci sinifdə 2 saat,
3-cü sinifdə 1 saat olmaqla Türk tarixinin epizodik kursu tətbiq
edilməli idi.
Xalq Maarif Nazirliyi tərəfindən məktəbləri
dərs vəsaitləri ilə təmin etmək məqsədilə
xüsusi komissiya da yaradılmışdı. Həmin
komissiyanın fəaliyyətinə o dövrün görkəmli
pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla
Şaiq, Cəmo Cəbrayılbəyli, Səməd bəy
Acalov, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə
və başqaları cəlb edilmişdilər.
XMN-nin yanında komissiyanın aparığı
böyük işin nəticəsi olaraq Türk dilində
aşağıdakı zəruri dərsliklər tərtib
edilmişdir: “Türk əlifbası”, üç hissədən
ibarət “Tazə elmül-hesab”, “İkinci il”, “Ədəbiyyat
dərsləri”, “Müntəxabat”, “Yeni məktəb”, “Müəllimi-sərf”,
“Sərfi-türki”, “Türk cələngi”, “Tarixi-təbiə”,
“Rəhbəri-cəbr”, “iki hissədən ibarət
“Coğrafiya”, “Hikməti-təbiə”. Eyni zamanda Universitetdə
dərs deyəcək müəllimlər üçün də
bəzi kitablar tövsiyə olunurdu.
AXC dövründə təhsillə əlaqədar qəbul
olunmuş dövlət sənədlərinin, “Azərbaycan” qəzetinin
(rus variantı) səhifələrində Şərq
xalqlarının və Azərbaycan xalqının tarixi ilə
əlaqədar işıq üzü görmüş
(1918-1920-ci illər) məqalələrin, eləcə də
“Müsəlman Şərqini öyrənən Cəmiyyət”in
materiallarınin əhəmiyyəti xüsusi olaraq qeyd
olunmalıdır.
Təqdim olunan məqalədə “Cümhuriyyət
dövründə Azərbaycan tarixinin öyrənilməsinə
cəhdlər (1918-1920-ci illər)”ə aydınlıq gətirilməsi
üçün o dövrün dövrü mətbuatında
“Azərbaycan tarixi”, eləcə də “Türk
xalqlarının tarixi” ilə əlaqədar
yazılmış əsərlərin, AXC dövründə qəbul
edilmiş dövlət sənədlərinin (bu sənədlər
içərisində 1919-cu ilin dekabr ayında Azərbaycan
Xalq Maarif Naziriliyi tərəfindən ümumtəhsil məktəbləri
üçün hazırlanmış proqram xarakterli “Orta məktəb
şagirdləri üçün türk xalqları tarixinin
sistematik kursuna izahat vərəqəsi” (Proqramı) və
dördüncü dərəcəli kurslar üçün tərtib
olunmuş “Türk xalqları tarixinin sistematik kursunun
proqramı”nı qeyd etmək olar) və “Müsəlman şərqini
öyrənən cəmiyyət”in materiallarının üzərindən
təhlillər aparılır.
Məqalə hazırlanarkən ilkin olaraq
aşağıdakı bir neçə suala cavab
tapmağın vacibliyi də əsas kimi
götürülüb: birincisi, Cümhuriyyət
dövründə Azərbaycan tarixinin öyrənilməsinə,
ümumiyyətlə cəhdlər olubmu?; ikincisi, “Azərbaycan
tarixi”, eləcə də “Türk xalqlarının tarixi” ilə
əlaqədar o dövrün dövrü mətbuatında
çap olunmuş əsərləri Azərbaycan tarixinin
öyrənilməsi üçün ilkin cəhdlər
sırasına aid etmək olarmı?;
üçüncüsü, XMN xətti ilə “Orta məktəb
şagirdləri üçün Türk xalqları tarixinin
sistematik kursuna izahat vərəqəsi”nin (proqramının) və
“Türk xalqları tarixinin sistematik kursunun proqramı”nın
hazırlanmasını Azərbaycan tarixinin öyrənilməsi
istiqamətində ilkin addımlardan hesab etmək olarmı?;
dördüncüsü, 1919-cu ilin noyabr ayından fəaliyyətə
başlayan Bakı Dövlət Universitetinin nəzdində
tarix-filologiya fakültəsinin açılması və burada
tədris olunan Türk xalqları tarixini Azərbaycan tarixinin
öyrənilməsi istiqamətində görülən
işlər sırasına aid etmək olarmı?
Yuxarıda qeyd olunan suallara müəyyən
aydınlıq gətirmək üçün, təqdim olunan
məqalədə (məqalənin həcmi nəzərə
alınmaqla) ilk olaraq o dövrün dövlət sənədləri
və “Azərbaycan” qəzetinin materialları üzərindən
təhlillərə üstünlük verilib.
AXC-nin hakimiyyəti dövründə Tarix elminin,
xüsusilə Türk xalqları tarixinin sistemli şəkildə
öyrənilməsi üçün orta, texniki və ali məktəblərdə
tarix fənninin tədrisi ilə bağlı çox
mühüm qərarlar qəbul edilmiş, xüsusi izahat vərəqələri
və proqramlar hazırlanmışdır.
“Cümhuriyyət dövründə Azərbaycan
tarixinin öyrənilməsinə cəhdlər”in ilk rəsmi
işartılarını 1919-cu ilin dekabr ayında Orta məktəb
şagirdləri üçün tərtib olunmuş “Türk
xalqları tarixinin sistematik kursuna izahat vərəqəsi”
(bundan sonra qısaldılmış formada “İzahat vərəqəsi”
yazılacaq. “İzahat vərəqəsi”ni, həm də
“Proqram” kimi də qəbul etmək olar. Burada üç
bölmə var idi: “ümumi hissə”, “fərdi qeydlər.
4-cü sinif kursu”, “digər siniflər üçün”) və
Türk xalqları tarixinin sistematik kursunun dördüncü dərəcəli
kursları üçün yazılmış proqramı
(bundan sonra qısaldılmış formada “Proqram” yazılacaq)
üzərindən izləmək mümkündür.
Yuxarıda qeyd olunan birinci sənədin, yəni
“İzahat vərəqəsi”nin maraq doğuran əsas tərəfi,
ilk dəfə olaraq Türk xalqları tarixinin tədrisi ilə
əlaqədar sistematik izahat vərəqəsinin
hazırlandığını (proqram xarakterli) qeyd etmək
olar. İkinci sənədin əsas cəhəti isə
Türk xalqları tarixinin sistematik kursunun dördüncü dərəcəli
kursları üçün “Proqram”ın hazırlanması
idi.
İlkin olaraq orta məktəb şagirdləri
üçün tərtib olunmuş “Türk xalqları
tarixinin sistematik kursuna izahat vərəqəsi”ni qısa təhlil
etməyə çalışaq. “İzahat vərəqəsi”nin
“ümumi hissəs”i adlanan bölməsində Türk
xalqları tarixinin tədrisi yeni olduğu, amma bu təlimin
çətinliyi təkcə məsələnin yeniliyi ilə
əlaqədar olmadığı qeyd olunmuşdur. Burada
çətinliklər bir neçə amillə əlaqələndirilmişdir
ki, onlardan da əsas olanlardan biri təlimin yeni olması;
ikincisi, ümumilikdə Şərqin, xüsusən də
türk xalqları tarixinin tədqiq edilməməsi;
üçüncüsü isə, tədris üçün
lazım olan çap dərsliklərinin tam olmaması və
cari tədris ilinin əvvəlində onların
yaradılmasının mümkünsüzlüyü idi.
“İzahat vərəqəsi”ndə Şərq
tarixinin bütün mərhələləri
araşdırılarkən, mümkün qədər, öyrənilən
hadisələrdə türk xalqlarının roluna və Azərbaycan
haqqında öyrənilən dövrə aid tədqiq
olunanlardan əldə edilən məlumatlara diqqət yetirilməsinin
vacibliyi göstərilmişdi.
“İzahat vərəqəsi”nin “Fərdi qeydlər.
4-cü sinif” adlı növbəti bölməsində bu
kursun ilkin olaraq giriş xarakteri daşıdığı və
türklərin geniş məkanda göründüyü zaman
Asiyada mövcud vəziyyətlə tələbələri
tanış etməyi qarşıya məqsəd kimi
qoyulduğu qeyd olunmuşdur. Burada 4-cü kursda tədris
olunacaq tarix fənni iki hissəyə
bölünmüşdür: Qərb tarixi və ya Ön Asiya
tarixi və Mərkəzi Asiya tarixi.
VAQİF ŞİRİNOĞLU
Tarix elmləri doktoru
(Ardı növbəti sayımızda)
Xalq Cəbhəsi .- 2024.- 31 oktyabr(¹39).-S.14.