Sarsılmaz Ruh: məhrumiyyətlər içində şərəfli həyat

 

 

Bu yaxınlarda 105 illik yubileyini qeyd etdiyimiz Dahi Cavidin arzuları çiçək açmadan solan oğlu Ərtoğrol...Həyatın acı üzünü erkən yaşlarda görmüş, taleyin sərt şilləsi ilə qarşılaşmış bu istedadlı, müstəsna savada, bacarığa malik gənc ömrünün baharında solub gedib. Ərtoğrol Cavidin həm həyatını, həm də yaradıcılıq fəaliyyətini yaxından araşdırsaq onun istedadının nə qədər geniş yelpazəyə yayıldığının şahidi olarıq. Bu da təsadüfi deyildi. Dahi mütəfəkkir, filosof şair, dramaturq, böyük əqidə və amal sahibi Hüseyn Cavidin ocağında dünyaya göz açan, bu yaradıcılıq çənbərində yetişən biri başqa cür ola da bilməzdi. Ərtoğrol Hüseyn oğlu Rasizadə 1919-cu il oktyabrın 22-də Bakıda görkəmli Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin evində dünyaya göz açmışdır. 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib, elə həmin il Konservatoriyanın bəstəkarlıq şöbəsinə daxil olub. Konservatoriyanın direktoru, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin sevimli tələbəsi olan Ərtoğrol, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev kimi bəstəkarlarla birlikdə təhsil almışdır. Azərbaycanın bir çox aydın ziyalısını məhv edən, qələm sahibi, əqidə sahibi oğullarını, sayılıb-seçilən igid, mərd, cəsarətli övladlarını gedər-gəlməzə yollayan totalitar Sovet rejiminin qurbanı təkcə onlar olmurdu. Bu əzab-əziyyəti, məşəqqətli taleyi onların ailələri də yaşayırdı. Hətta deyərdim ki, geridə qalanlar acının minbir üzünü görürdülər...

Dahi Cavidin panislamist, pantürkist, milliyyətçi damğası alaraq repressiyaya uğraması təkcə onun faciəsi deyildi, bu ağrıacılı amansız tale onun ailəsinin- həyat yoldaşı “sevgili Mişginazın”, qızı, gözünün nuru Turanın, nəhayət oğlu Ərtoğrolun faciəsi idi. 1937-ci il iyun ayının dördündə NKVD-nin qara maşını Cavidlərin də qapısında dayandı, Cavid əfəndini evindən, ailəsindən, sevimli yazı masasından həmişəlik qoparıb apardı... Beləliklə ailənin faciəsi başladı. Görkəmli şəxsiyyətin ailəsi həm maddi, həm mənəvi məhrumiyyətlərlə üzüzə qaldı. Ərtoğrolun qismətinə Cavid adlı dühanın ocağında dünyaya göz açmaq, onun nurunun zərrəsini daşımaq xoşbəxtliyi yazılmışdısa, eyni zamanda həyatın Cavid əfəndi üçün gətirdiyi keşməkeşli yollarını keçmək də yazılmışdı. Bütün bu çətinliklərə baxmayaraq Ərtoğrolun əzmi qırılmır, yenə eyni həvəslə dərslərinə çalışır, yazıb-yaratmağa, çox sevdiyi musiqi ilə məşğul olmağa davam edirdi. Pedaqoji İnstitutun ədəbiyyat fakültəsini yüksək qiymətlərlə başa vurub konservatoriyaya daxil olmuşdu. 1942-ci ildə II kursda təhsil almasına baxmayaraq hərbi xidmətə çağırılan Ərtoğrol cəbhəyə də göndərilmədi, o, “xalq düşməninin oğlu” damğası ilə arxa cəbhəyə-Tiflisdə yerləşən fəhlə batalyonuna işləməyə aparıldı. Ağır iş rejimi, soyuq hava şəraiti, aclıq çox çətin idi. Lakin ən çətini o idi ki, Ərtoğrol anası və bacısı üçün narahat idi. Onlardan xəbər ala bilməmək, bir oğul, qardaş kimi ailəsinə dəstək ola bilməmək ona əzab verirdi...

Axı atası gedərkən ailəni Ərtoğrola tapşırmışdı. Hüseyn Cavidin ev muzeyində Ərtoğrolun şəxsi arxivi ondan xəbər verir ki, o, bu məsuliyyətlə əsgərliyə yola düşməzdən əvvəl tez-tələsik sevimli müəllimi Üzeyir Hacıbəyliyə məktub yazmış bacısı və anası üçün iş istəmişdi. Ümumiyyətlə, Ərtoğrol Cavid Gürcüstanda olarkən, gördüyü ağır işlərdən və soyuq hava şəraitindən səhhətində problem yaranıb hərbi qospitalda yatarkən, nəhayət ata yurdu Naxçıvana getməyə icazə verilib ömrünün son günlərini orada yaşayarkən daim öz ailəsinə, qohumlarına, sevimli müəllimlərinə məktub yazırdı. Bu məktublarla tanış olarkən insanı ən çox təsirləndirən məqam Ərtoğrolun ümidini itirməməsi, ağır vərəm xəstəliyinə tutulmasına baxmayaraq nikbinliyini, xəstəliyə qalib gələcəyini və sonda evinə- anası Mişginaz xanımla bacısı Turanın yanına qayıdacağına olan inamı idi. Bu inam insanı sarsıdır, eyni zamanda, həmin dövrün zalımlığını və acizliyini bilavasitə göz önünə sərir. Ərtoğrol Cavid iyirmi dörd yaşında çox erkən vaxtda vəfasız dünyaya gözlərini yumub əbədiyyətə qovuşdu. İnsana elə gəlir ki, yaşadığı qısa, lakin dəyərli (sözün əsl mənasında) ömür yolunda çəkdiyi əzab-əziyyət, hər cür çətinlik bu dünyadan köçdükdən sonra yerini hüzura verdi. Mən inanıram ki, Azərbaycanın görkəmli oğlu Cavid əfəndinin ruhu əziz oğlunun ruhunu yalnız buraxmadı, ata və oğul qovuşdular..

Onların olduğu yerdə nə qorxu, nə aclıq, nə təqib, nə iftira nə də həbs var idi artıq. Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının təşəbbüsü və səyi nəticəsində Ərtoğrol Cavidin bütün əlyazmaları, bəstələdiyi musiqi notları muzeydə qorunub saxlanılır. Ölkəmizin müxtəlif bölgələrindən topladığı folklor nümunələri qruplaşdırılaraq “Azərbaycan Qeyri-Maddi Mədəniyyət Abidələri və Ərtoğrol Cavid” adı ilə kitab halında nəşr olunub. Gülbəniz Babaxanlının Mədəniyyət qəzətinin 23 oktyabr 2024-cü il tarixli ¹76 (2141) saylı nömrəsində dərc edilmiş məqaləsində qeyd edildiyi kimi; Ərtoğrol Cavidin vaxtsız vəfatı istər ədəbiyyatımız, istər musiqi sənətimiz, istərsə də təsviri sənətimiz üçün böyük itki olub. Nazim Paşa Quliyevin müəllifi olduğu 24 dekabr 2019-cu ildə çapdan çıxmış “Hüseyn Cavidin natamam əsəri- Ərtoğrol Cavid” adlı kitabında nəql edilən bir hadisə çox təsirli idi. Başı minbir əziyyət çəkib həyatdan vaxtsız köçən Ərtoğrolun bacısı- bütün ömrünü Cavidlərə, onların ömür və yaradıcılıq yoluna həsr etmiş Turan xanım ömrünün ahıl yaşında ata-baba yurdu Naxçıvana gedir. Vaxtilə ana nənəsinin yaşadığı evə, həyətə baş çəkir. Ən əsası sevimli qardaşı - canından bir parça olan, daim burnunun sızıltısına çevrilən Ərtoğrol ömrünün son dəmlərini bu evdə, bu həyətdə keçirtmişdi. Ona görə də bu məkan bir başqa əziz idi Turan xanım üçün. Ailənin yaxın qohumlarından biri Turan xanıma həyətdəki armud ağacını göstərib Ərtoğrolun onlara yolladığı məktubları bu ağacın altında əyləşərək yazdığını deyir...

Həmin an Turan xanımın yaşadığı hissləri yəqin ki, heç birimiz anlaya bilmərik. Turan xanım ağacın başına fırlanır elə bil onunla söhbət edir, qardaşını soruşurdu. Ürəyinə nəsə dammış kimi ağacla dərdləşir və vidalaşırdı. Qıraqdan baxana elə gələrdi ki, ağaca bu həyatdakı missiyasını tamamladığını, tezliklə öz doğmalarına qovuşacağının müjdəsini verirdi...

Sanki qocaman ağac da bu görüşü gözləmişdi, əyilmədən, qurumadan 60 ildən çox idi ki, gözləyirdi... “Həmin ilin yazında ağac qurudu, payızında isə Turan xanım bu dünyadan köçdü...”.

Beləliklə, Hüseyn Cavidin repressiya dövrünün qurbanı olması Ərtoğrulun gənclik illərini ağır məhrumiyyət içində keçirməyə məcbur edib. Bütün bu maneələrə baxmayaraq, o atasının adını, onun yaradıcılığını yaşatmaq uğrunda yorulmadan çalışıb. Ərtoğrol Cavidin həyat hekayəsi- məğlub olmayan bir ruhun, milli irsə həsr olunmuş bir ömrün hekayəsidir.

 

Nuranə Nərimanova

Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı

Xalq Cəbhəsi .- 2024.- 31 oktyabr(¹39).-S.13.