Xatırla ki, xatırlanasan
Ziyalılıq, dürüstlük, səmimiyyət
mücəssəməsi olan unudulmaz dostum, iqtisad elmləri
doktoru, professor, şair İsa Hüseynoğlu ilə
bağlı illər öncə
yaradıçılığı haqqında qələmə
aldığım düşüncələrimi ruhuna ehtiramla
paylaşıram. Axirətin abad, ruhun şad olsun, əziz xatirəsi
el yaddaşında abidələşən aydınımız
İsa Alıyev !..
Əzəldən əbədə üz tutub gedən əsrarlı
zaman axarında aqillərin ağıl süzgəcindən
süzülüb gələn müdrik bir kəlamda deyilir:
“Ağac rəsmi çəkəndə, onun necə bitdiyini dərk
elə”. Fikrimi bu deyimə günlükləyib sözün
duyğulu məqamına üz tuturam, könül ziyarəti
olaraq söz demək üçün. O söz ki, “alim də,
şair də ziya yiyəsi” məqamında olan
xalqımızın ziyalı oğlu, dostumuz İsa Hüseyn
oğlu Alıyevə ünvanlanır.
Köksündə döyünür şair ürəyi,
Fikir, düşüncəndə alim idrakı;
Biri duyğuların səsi, özəyi,
Birisə dünyanın elmlə dərki.
Deyirlər şairlər vicdanın səsi,
Alimlər aləmə əvəzsiz nemət.
Alim də, şair də ziya yiyəsi,
Onların əməli bəşərə xidmət.
Heyrətin dil açdı: “Mən də beləyəm”,
Sözün özün kimi, özün də
sözün.
Dindi misraların: “Mən də aşiqəm”,
İşıqlı qayəndən nurlandı
üzün.
Dünyaya gələndən səfərdəyik biz,
Yolunun əzəli Dərələyəzdir.
Orda babalardan qalıb ulu iz,
Əzəl müqəddəsdir, əzəl əzizdir.
O torpağa bağlı neçə zəklar;
Qələm sahibləri, söz sahibləri.
Torpaq da ovladsız- tənha, tək olar,
Dönəcək o yurda söz sahibləri.
İsa Hüseyn oğlu Alıyev 1953-cü ildə Qərbi
Azərbaycanda- Dərələyəz mahalının Qalaser kəndində
dünyaya göz açıb. Keçmiş D.Bünyadzadə
adına Azərbaycan Xalq Təsərrüfatı institutunu
“Siyasi iqtisad” ixtisası üzrə bitirmişdir. 1982-ci ildə
Azərbaycan EA İqtisadiyyat İnstitutunda “Aqrar sənaye
birliklərində iqtisadi mənafelərin əlaqələndirilməsi”
adlı namizədlik dissertasiyası, 2005-ci ildə isə “Azərbaycanda
aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi”
adlı doktorluq dissertasiyası müdafiə etmişdir. (AMEA
İqtisadiyyat İnstitutunun direktoru, AMEA Azad Həmkarlar
İttifaqının sədri, həmin institutun şöbə
müdiri vəzifələrində
çalışmışdır).
İsa müəllimin ədəbi
yaradıcılığına yaxından bələd
olduğumdan (“Mən də beləyəm”, “Mən də
aşiqəm” şeir kitablarının redaktor və ön
söz müəllifi; ”Dərələyəz: Qalasər.”
kitabının redaktoruyam) və onun haqqında elm xadimi olaraq
alimlərimizin fikirlərinin daha önəmli olmasını nəzərə
alaraq düşüncələrimi şair İsa
Hüseynoğlu şəxsində bölüşmək istəyirəm.
Böyük mütəfəkkir Ərəstunun
(Aristotel) “Poetika“ əsərində belə bir fikri var: “Həyacanlanmayan
həyacanlandıra bilməz”. Zaman-zaman öz sanbal və dəyəri
ilə qədimliyi qədərincə müasir səslənən
bu tendensiyanı, iqtisadçı alim kimi
tanıdiğımız İsa Hüseyn oğlu Alıyevin bədii
yaradıcılığı - “Mən də beləyəm”
kitabına daxil edilmiş şeirlərin mabədi, araya-ərsəyə
gəldiyi məqamlara da şamil etmək yerinə düşər.
Çünki İsa Hüseynoğlunun şeirlərini
oxuduqca, onun misra -misra durul duğu, durula-durula sözün
işığında bir ömür yaşadığı bəlli
olur. Özünü alim kimi təsdiqləyən İsa
müəllim həm də dünyanın gözəlliklərini
gözünə-könlünə köçürə-köçürə,
cəmiyyətdəki eybəcərliklərin
kökünü araya-araya, ağlı-qaralı
dünyanın təzadlarını yaşaya-yaşaya öz
sözünü nizamlı - şeirlə deməyi də
bacarıb.
Hələ erkən yaşlarından şeirə,
poeziyaya olan həvəs tələbəlik illərində də
onu tərk etməyib. Özünün duyğularını vərəqlərə
köçürüb, lakin uzun müddət, necə deyərlər,
“sandıq ədəbiyyatı”na çevirib. Fikirləşib
ki, onun məşğul olduğu sahə tamam başqa bir
yoldur. Lakin poeziyaya könül verən, o ab-havada nəfəs
dərən kəs bu əsrarəngiz dünyanın sehrindən
təbii ki, ayrıla bilməzdi. Necə ki ayrıla bilməyib
də.
“Mən də beləyəm” kitabında
toplanmış şeirlər müxtəlif illərdə qələmə
alındığı kimi, təbii kı, ovqat
baxımından da çeşidlidir. Bu palitraya şeirlərin
şəkil əlvanlığı da daxildir. Zamanın
havasına köklənən bədii söz müəllifin təmas,
müşahidə və dərkindən keçən məqamlrın
təzahürü, bədii təxəyyülün rənginə
boyanan gerçəkliyin inikasıdır. “Mən də beləyəm”
şeirindəki “Mən”in inikası bunun bariz nümunəsidir.
Mən də beləyəm,
Bir az sizin kimi,
Bir az özüm kimi ;
Əslim-köküm kimi,
Nəslim, zatım kimi.
Deyilməmiş söz kimi…
Əslində “Mən” fərd yox, fərddən
başlayıb ictimailəşən, ictimainin “hamılıq”
prinsipinə söykənən qayədir. Yəni
kökümüzə, soyumuza bağlılıq millətin
özünüdərkidir. Bu məfkurə isə
çağdaş dönəmdə zəruri haldır.
Çünki “deyilməmiş sözümüz” var. Yəni
işğal altında olan yurd yerlərimizin azad edilməsi hər
kəsin vətəndaşlıq borcudur. Şeirdən hasil
olan ideya da məhz bu qənaətdir.
Qəlbində yurd ağrısı köklənmiş
İsa Hüseynoğlu doğulduğu Dərələyəz
mahalı, neçə-neçə yurd yerlərinin xiffətini,
həsrətini bayatı sığalına çəkir:
Əzizim Qara Şuma,
Dirəndim qara şuma.
Vətən əldən gedibdi,
Həsrətəm Qara Şuma.
İsa Hüseynoğlu bu ayrılığın
hicrindən yanıb-yaxılsa da, nikbindir. Nikbindir ona görə
ki, bu müqəddəs dərdlə barışmır, boyun əymir,
və “çıxış” tapır.
Vətən dərdi dərdlərimin dərdidir,
Sağalmaz qürbətdə onun yarası.
Beyt, yağı tapdağında qalmış ata-baba
torpaqlarımızın azadlığına səfərbər
olmaq çağırışını özündə
ehtiva edir.
Bu fikir məntiqi olaraq başqa bir şeirdə öz əksini
belə tapır:
Vətən həsrətli,
Ürəyi qübarlı,
Bütövkən yarı,
Yarıykən bütöv…
Bütöv Azərbaycan məfkurəsi
düşündürür şairi. Düşünə-düşünə
oxucunu da düşünməyə sövq edir. Bu müqəddəs
amal isə İsa Hüseynoğlunun
yaradıcılığından önəmli xətt kimi
keçir.
“Səssizlik” şeirində ilk baxışda mücərrədlik
görüntüsü olsa da, əslində isə
ünvanlıdır, fikir sözün qatlarına keçir və
mahiyyət yozuma söykənir. Bu cəhət şeirin bədii
təsir gücünü qüvvətləndirməyə xidmət
edir.
Bir səssizlik içimdədir,
Heç dinməyir ömür boyu.
Hay vuraram dillənsin o,
Susacaqmı ömür boyu ?
Burada haqqı tapdanan bir millətin zaman-zaman
unutqanlığı, bu unutqanlığın acı nəticələri
bədii boyalarla rənglənir. Bədii sual şəklində
işlənən sonuncu misra əslində cavabdır. Bu
cür maraqlı deyimlər, ritorik suallar İsa
Hüseynoğlunun yaradıcılığına xas olan səciyyəvi
xüsusiyyətlərdəndir.
İsa Hüseynoğlu gözəlliyi məftunluq dərəcəsində
tərənnüm edir:
Gülüşündən ürək açdı,
Baxışından şəfəq saçdı.
İctimai eybəcərliyi görəndə isə
ovqat dəyişir. Belə neqativ hallara qarşı öz
etiraz səsini ucaldır. “Demokratiya ” adlı şeirindəki
kimi:
Hörmətsizin adını hörmət qoydular,
Gözü olmayanın gözün oydular,
Dərisizlərin dərisini soydular,
Qoydular, nə qoydular…
Əlinin papağını
Artıq Vəlinin yox,
Bir dəlinin başına qoydular.
Bu oyunun adını
Demokratiya qoydular.
Məlumdur ki, məzmun özünə uyğun forma
doğurur, forma isə məzmunun təzahür şəkli
kimi ortaya çıxır. Bu müstəvidə
İ.Hüseynoğlunun yaracıliğındakı təfsilata
var arkən bu vəhdətin “Deyimlər”də uğurlu həllini
görürük. “Gülmə”, ”Tələsmə”, “Tələs”
və “Əl çək” -sərlövhəli deyimlər
öz məna yükü ilə diqqət çəkir.
“Oxu “ kəlam-nəsihətinə nəzər yetirək:
Öz qəlbini,
Müqəddəs kitabları
Qəbrə qədər…
Duyğuları,
Baxışalrı,
Qəlbləri…
İnsanlıq elmini
Oxu!
“Mən də beləyəm” kitabının leytmotivini
müəy yənləşdirən, duyum və müşahidələrdən
hasil olan poetik ovqatın aşıladığı fəzil
aura nikbinliyə söykənir ki, bu da müəllifin həyata
baxışında ruh yüksəkliyinin olması ilə
şərtlənir.Ən “dar çərçviədə”
belə ümid işığının sozalmaması fikrin
sadəcə olaraq pafos tərzi deyil, ağılla hissin vəhdət
süzgəcindən keçən təmas və
yaşantıları “hər gecənin bir açılan səhəri
var” deyim yozumunda dəyərləndirmək təzhürüdür.
Digər önəmli cəhətlərdən biri də
şeirlərin təmayülünü təyin edən əhvali-ruhiyyə
surətidir.
Salam verdim dan yerinə,
Duyğulandım səhər-səhər.
Bu qoşa misranı İsa Hüseynoğlu şeirinin
bədii-fəlsəfi formulasıtək qəbul etmək olar.
Dan yerinə salam verən şairin duyğulanmağı
durulmaqdan saflaşmaqdan keçir, Yaradana şükranlıq
ehtiva edir. İsa Hüseynoğlu bu gözəlliyi öz
könlünə köçürüb, duyğulanıb və
bu duyğular misra-misra yarpaqlanıb. Bu poetik ovqatın məntiqi
davamı olaraq şair yazır:
Allahıma güvənib,
Sınaqlardan çıxmalı…
İsa Hüseynoğlu “Mən də aşiqəm” lə
bir daha “həya canlanaraq həyacanlandırıb” bizləri ,
öz “aşiqliyi”, “bəyanları” ilə:
Mən də aşiqəm!
Aşiqəm Yardana,
Atama, Anama, Vətənimə,
Sevdiyim insana.
Mən də aşiqəm:
Haqq yolundan dönməyənlərə,
Ədaləti öyənlərə,
Bir də düz sözə.
Gözəllik sevən gözə,
əsil gözələ,ər igidə,
xoş sifətə, şirin sözə, gülər
üzə,
sədaqətə, səxavətə,
şəhadətə, ülviyyətə…
İnsaniyyətə aşiqəm!
Eşq sözünün faili olan aşiqlik şairin məslək
meyarını təyin edir.
İsa Hüseynoğlunun könül
dünyasından süzülüb gələn şeirlər,
belə demək mümkünsə, ikinci bir nəfəsdir.
İsa Hüseynoğlunun şeirlərində poetik
baxışın əhatə dairəsi geniş və rəngarəngdir.
Bu poeziya milli və bəşəri də yərləri tarixi
və çağdaş kontekstində assosiasiya aparmaqla təqdim
edir. Şübhəsiz ki, bu cəhət şairdən məharət
və təcrübə tələb edir.
Bu məqamla bağlı, türk dünyasının
məşhur söz sənətkarlarından olan Çingiz
Aytmatovun bir fikrini yada salmaq yerinə düşər. Görkəmli
ədib yazır ki, şeir sənəti barədə
mühakimə yürudərkən, biz tez-tez “ poeziyanın
sehri”, “poeziyanın sirri”, “poeziyanın musiqisi” ifadələrini
işlədir, bununla adətən anlaşılması asan
olmayan, predmeti dəqiq müəyyənləşməyən
qeyri-adi məfhumları, duyğuları açmağa
çalışırıq.
Şeirlərin fövqəltəbii stixiyası ilham pərisinin
qüd rətindədir və bu da gözəldir ki, hər kəs,
hər bir qabiliyyətli adam onları oxuyanda həyacanlanır…
Poeziyanın “sehrli atributları” o zaman intəhasız kamilliyə
qadir olu ki, şeir yardanın fitri istedadı, mənəvi təcrübəsi
başlıca rol oynasın.
İqtibas etdiyim fikir fonunda İsa Hü seynoğlu nun
poeziyası sənətkar məharətini özündə
ehtiva edir. Qnun qələmə aldığı mövzunun
yazı tərzi, deyimi, üslübu özünəməxsusluğu
ilə seçilir.
Kaş kimlikdə yazılaydı:
Bu - Allah adamıdır!
(Bəndə yox ha, adam)
Bu isə - adam olmağa namizəd!
Bu- adam olan deyil…
Bu isə - insan yox, adına ləkədir.
Bu - xəbəri yox, lap elə təkədir.
Bu isə - haram yeyib bayılan.
Bu - indicə özünə cəlib ayılan.
Bu isə - cəzasını çəkib,
Insanlıq bostanına nə əkib?
Bu - öz aşına su qatan,
Hamı oyaqkən o, yatan.
Bu isə - namusunu atan,
Vicdanını satan…
Bu-əməkçi, halal çörək yeyən,
Ehtiyaca dözən, həqiqəti sevən,
Allahını sevən bir kimsə.
İsa Hüseynoğlunun
yaradıcılığı bədii və poetik vüsəti
ilə qüdrətli olduğu kimi, elmi-fəlsəfi əsası
ilə də sanballıdır. Poetik və elmi
düşüncələrin vəhdətində yüksələn
bu yaradıcılıqda söz rəngarəng libasdadır, məna
yükü çeşidlidir.
Kim nə bilir içimdə nə?
Çölümdə nə?
Şələlənib yol gedirəm,
Yüküm də nə?
Sənətkarlıq axtarışları ilə
cilalanmış bu şeirlər zəngin poetik təfəkkürün,
intellektual düşüncənin bədii sənət
müstəvisində uğurlu təzahürüdür. Həm
də sonsuz dünyamızın təzadları fonunda şair
ovqatı.
Bu sonsuz dünyamızın
Sonuncusu deyiləm.
Sınaqlarda sınmadım,
Nə gərək ki, əyiləm?
Sınaqlarda sınmadan qəlbə hərarət,
düşüncəyə parlaqlıq gətirmək
iqtidarında olan İsa Hüseynoğlu şeiriyyəti poetik
fikrimizin, bədii fəlsəfi düşüncəmizin
işığını daha da gurlaşdıracaq və
poeziyasevərlərə xoş duyğular bəxş edəcək.
Tapdıq Əlibəyli
Xalq Cəbhəsi $g 2024.- 5 sentyabr.(¹31).- S.15.