Yüzdən
çox kitabın 75 yaşlı müəllifi…
...Kənardan tələskən adam təəssüratı
yaratsa da, əslində çox təmkinli və səbrlidir.
İnsanlara dəyər verməyi bacarır. Kiməsə
yuxarıdan aşağı baxmır, bu onun ruhuna, əxlaqına
ziddir. Sadəliyini, təvazökarlığını həmişə
qoruyub saxlaya bilir. Savadlı, məlumatlı, dünya
görüşlü adamdır. Güclü düşnmə
qabiliyyəti var. Çox zəhmətkeş və məhsuldardır.
Səhnə sənətinə, kinoya, təsviri incəsənətə,
dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin
müxtəlif problemlərinə aid minə yaxın məqalə
yazıb. Sənətkarlara həsr olunmuş, onların
ömür və yaradıcılıq yollarını əks
etdirən müxtəlif kitablar ərsəyə gətirib, Azərbaycan
teatrlarının tarixi haqda sanballı əsərlərin
müəllifidir...
Deyir ki, “mən rəssam olmaq istəyirdim. Bu sənətə
təsadüf və şans nəticəsində gəlmişəm.
Bəlkə indi çoxlarına inanılmaz
görünür, amma həqiqətən belə olub. O vaxt Azərbaycan
Dövlət Teatr İnstitutunun Rəssamlıq fakültəsinə
daxil olmaq istəyirdim. Amma sənədlərimi verəndə
heç götürmədilər də, dedilər, əvvəlcə
rəssamlıq məktəbini bitir sonra gəl. Qanım elə
qaralmışdı ki, heç rayona qayıtmaq da istəmədim,
birinci mərtəbəyə enib divardakı elanlara baxdım,
“şünas” sözü xoşuma gəldi.
Teatrşünaslıq barədə elə ordakılardan
soruşdum, nəsə dedilər anlamadım, axırı birtəhər
başa saldılar ki, dramaturgiya ilə bağlı olacaq fəaliyyətim.
Nə isə sənədlərimi verdim və qəbul olundum.
Amma zamanla teatr mühitinə alışsam da,
teatrşünas olacağıma, bu sahədə uğur
qazanacağıma elə də inamım yox idi...”.
Haqqında söhbət açdığım
İlham Rəhimli 1949-cu ildə Yevlax rayonunun Malbinəsi kəndində
dünyaya göz açıb. 1989-cu ildən əməkdar
incəsənət xadimi fəxri adını
daşıyır. 2019-cu ildə Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünə layiq
görülüb...
Düzə düz, əyriyə əyri deməyi
bacarır. Tənqiddən çəkinmir. Klassiklərin, eləcə
də müasir yazarların yaradıcılığına
subyektiv deyil, obyektiv yanaşma tərzi var.
“Elçinin, Əli Əmirlinin əsərləri
teatrlarda tez-tez oynanılır. İlqar Fəhminin, Firuz
Mustafanın, Elçin Hüseynbəylinin, Afaq Məsudun
yaxşı pyesləri var. Kamal Abdulla çox maraqlı
dramaturqdur, tamamilə fərqli üslubda yazır. Məsələ
nədir: Azərbaycanda rejissor və dramaturqun birgə işləmək
səriştəsi çox zəifləyib. Səməd
Vurğunun qələmindən dürr
tökülürdü, amma "Vaqif”i həddindən
artıq uzun yazmışdı. Yazdığı da poetik cəhətdən
nə qədər füsunkar olsa da, dramaturji baxımdan əsaslı
işlənməyə ehtiyacı vardı. Ədil İsgəndərov
o əsəri dramaturqla birgə qısaldıb gətirdi səhnəyə.
Səməd Vurğun "Fərhad və Şirin”də
dramaturgiyanı artıq xeyli mənimsəmişdi. Bu o demək
deyil ki, Ədil İsgəndərov Səməd Vurğuna qələm
tutmağı öyrədib.
Dramaturgiya çətin janrdır. Ədil İsgəndərovla
Səməd Vurğunun işlədiyi variantı Tofiq
Kazımov ömründə tamaşaya qoymazdı. Mehdi Məmmədov
da o cür. Ədil İsgəndərovdan sonra iki rejissorun
adını inamla çəkə bilərəm ki, onlar
öz dramaturqlarını yetişdirdilər. Gənc Tamaşaçılar
Teatrında Zəfər Nemətov Rauf İsmayılov, İsgəndər
Coşqun, Yusif Əzimzadə, Əfqan, Firudin Ağayev kimi
müəlliflərlə səylə işlədi və onlar
oldular bu teatrın dramaturqu. Tofiq Kazımov dramaturqlardan
İlyas Əfəndiyev, Sabit Rəhman, Anar, Əkrəm
Əylisli ilə birgə işlədi və gözəl
tamaşalar hazırladı. Mən inanmıram ki, yaxşı
pyesi teatr geri qaytarsın. Sadəcə, bu gün rejissorla
teatrın qarşılıqlı, ehtiramlı, inamlı əlaqəsi
itib. Bu gün çox yazan dramaturqlardan biri Əli
Əmirlidir. Mən Akademik teatrda ədəbi hissə
müdiri işləyəndə onun pyesini bəyənməyib
qaytarmışam. O da təmkinlə mənim iradlarıma qulaq
asıb.
Sonralar Əlinin dramaturji
yaradıcılığını təbliğ edənlərdən
biri də mən olmuşam. Mənim fikrimcə, onun Akademik
Teatra ilk gətirdiyi "Meydan” əsəri zəif idi. Amma
"Ağqoyunlular və Qaraqoyunlular”, "Köhnə ev”,
"Varlı qadın” maraqlı əsərlərdir.
"Messenat”ı bəyənməmişəm”,-deyir...
Sürətlə işləmək qabiliyyəti onu
vunderkində çevirib. Yüzdən çox kitabın
müəllifidir. Azərbaycanda onun qədər kitabı nəşr
olunan müəllif hələ ki, yoxdur. Bu sırada birinci yeri
o, tutur. Qəlbi yumşaq adamdır, əl tutmağı,
yardım etməyi xoşlayır. Maraqlı həmsöhbətdir,
mütaliəsi o qədər güclüdür ki, hər bir
söhbəti yeni bir məntiq, yeni bir məna kəsb edir.
İçi dolu, niyəti saf, məzmunlu adamdır. Məram və
məqsədi gün kimi aydındır. Bildiklərini öyrətmək,
insanları maarifləndirmək, xalqa, millətə xidmət
etmək onun həyat kredosudur. Nöqsanlara göz
yummağı bacarmır. Bir teatrşünas kimi ürək
ağrısı ilə onları dilə gətirir...
Deyir ki,“doğrudur, son illər Azərbaycanın əksər
teatrları əsaslı şəkildə yenidən qurulub,
müasir texnika və texnologiya, işıq, səs sistemləri
ilə təchiz edilib. Binaya daxil olanda, məşq və qrim
otaqlarını, butafor, rekvizit sexlərini gəzəndə,
tamaşaçı salonunda əyləşəndə
qürur duyursan. Bunu Bakıda keçirilən beynəlxaq
konfranslara gələn qonaqlar da gizlətmirlər, gözəlliyi
sevinclə etiraf edirlər. Çox təəssüf ki,
teatrların yaradıcılıq prosesi texnikanın və
texnologiyanın imkanlarından qat-qat aşağıdır. Bəzi
teatrlarımızın güclü və səriştəli
cərrahiyyə əməliyyatına ehtiyacı var. Bir qrup
teatrlarımız isə ciddi terapevtik müalicəyə
möhtacdır və onların sağlam sabahına ümid
daha çoxdur. Çox-çox təəssüf ki,
reanimasiyada güclə "nəfəs alan”
teatrlarımız da var...”
Sentyabrın 8-i teatrşünas-tənqidçi,
jurnalist, əməkdar incəsənət xadimi, sənətşünaslıq
doktoru, professor İlham Əziz oğlu Rəhimlinin 75
yaşı tamam olur. Onu yubileyi münasibətilə təbrik
edir, möhkəm cansağlığı arzulayıram...
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2024.-12 sentyabr ¹(32).- S.15