Azərbaycanın COP29-la bağlı fəaliyyəti yüksək qiymətləndirilir

 

 

 

BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsi çərçivəsində qurumun Baş Qərargahında COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan qlobal təşəbbüslər ilə bağlı yüksək səviyyəli paralel tədbir təşkil edilib.

COP29 Sədrliyinin ev sahibliyi ilə baş tutan görüşdə BMT-nin ixtisaslaşmış təşkilatları, beynəlxalq inkişaf banklarının, üzv dövlətlərin yüksək vəzifəli şəxsləri və BMT-nin İqlim Dəyişikliyi Konvensiyasına tərəf olan dövlətlərin heyətləri, diplomatlar, siyasətçilər, vətəndaş cəmiyyəti üzvləri və özəl sektorun təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edən COP29 üzrə Baş danışıqçı, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 fəaliyyət gündəliyinə daxil olan qlobal təşəbbüslər barədə qonaqlara ətraflı məlumat verib. O çıxışında bildirib ki, COP29 Sədrliyinin fəaliyyət gündəliyi iqlim sahəsində bütün əsas istiqamətlər boyu irəliləmək kimi ambisiyalı səyləri təmsil edir və enerji, maliyyə, kənd təsərrüfatı, su, şəhərlər, insan inkişafı, eləcə də iqlim və sülhün qarşılıqlı əlaqəsi kimi bir sıra əsas prioritetləri ehtiva edir. Onun sözlərinə görə, maliyyə iqlim fəaliyyətinin mühüm icra mexanizmidir.

Azərbaycanlı diplomat COP29 Sədrliyinin fəaliyyət gündəliyinə daxil olan 14 təşəbbüs barədə geniş məlumat verib. O, COP29 təşəbbüslərinin iqlim fəaliyyətinə önəmli töhfə verəcəyini bildirib. COP29 Sədrliyinin qlobal təşəbbüslərinin hazırlanması prosesində göstərdikləri dəstəyə görə BMT-nin ixtisaslaşmış təşkilatlarına təşəkkür ifadə edən Baş danışıqçı çıxış sözü həmin təşkilatların yüksək rütbəli nümayəndələrinə verib.

Tədbirdə çıxış edən təşkilatın yüksək rütbəli nümayəndələri aidiyyəti sahələr üzrə COP29 Sədrliyinin qlobal təşəbbüslərinin əhəmiyyətini vurğulayıb və onların icrasına dəstək ifadə ediblər.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib. Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunə göstərməyə hazır olduğu vurğulanıb, bütün ölkələr, təşkilatlar, xeyriyyə qurumları və maliyyə təsisatlarının və hər bir fərdin bu mühüm missiyada COP29 Sədrliyinə qoşulmasına, sürətli və qətiyyətli hərəkət etməsinə çağırış edilib.

Tədbirin davamında nümayəndə heyətlərinin sualları ətraflı cavablandırılıb. COP29 Sədrliyinin fəaliyyət prioritetlərinin irəliləməsi, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin birləşdirilməsi üçün əməkdaşlıq və tərəfdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Uzunmüddətli Enerji Saxlama Şurasının (LDES Council) baş direktoru və Qlobal Bərpa Olunan Enerji Alyansının (Global Renewables Alliance) sədri Julia Souder deyib ki, “COP29 komandası bərpa olunan enerjinin nə qədər kritik olduğunu nümayiş etdirdi. Azərbaycanın COP29-la bağlı fəaliyyətini yüksək qiymətləndiririk”.

Xanım Julia bildirib ki, COP29 tərəfdaşları iş birliyi baxımından uğurlu fəaliyyət aparır və COP29 Sədrliyinə ciddi hazırlaşır:

“Biz həqiqətən COP29-u böyük həyəcanla gözləyirik. Qlobal Bərpa Olunan Enerji Alyansı dövlət və özəl tərəfdaşları ilə birlikdə COP29 Prezidentinin artıq qeyd etdiyi təşəbbüs əsasında əlaqələri inkişaf etdirməyə çalışır. Xüsusilə, enerjinin saxlanması və ehtiyatların qorunması ilə bağlı məqsədlərimiz var. Vaşinqtonda keçirilən tədbirdə COP29 komandası bərpa olunan enerjinin nə qədər kritik olduğunu nümayiş etdirdi və buna görə Azərbaycanın COP29-la bağlı fəaliyyətini həqiqətən yüksək qiymətləndiririk. Mən də COP29 sammitində Bakıda olacağam və bunun üçün çox həyəcanlıyam.

Mən COP29-un COP30 üçün uğurlu olacağını düşünürəm və birlikdə əməkdaşlıq etməyin yüksək nəticələr verəcəyindən əminəm. Bunun uğurlu nəticələrinin olmasını görmək istəyirik. Biz tərəfdaşlarla iqlim dəyişikliyi və bunun fəsadlarını aradan qaldırmaq üçün tələb olunan vəsaitin əldə olunması və infrastruktur baxımından nəticələr əldə etmək məqsədi ilə fərqli sahələrdə birlikdə işləməliyik. COP29 bu mövzuda bizə köməklik edəcək”.

J. Souder Azərbaycanın bərpa olunan enerji resursları ilə zəngin olduğunu xüsusi vurğulayıb: “Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Biz iqlim maliyyəsi haqqında danışarkən dünyada bərpa olunan enerji mənbələrinin müəyyən olunması və keçid iqtisadiyyatında olan ölkələrdə, bütün dünyada bu enerjidən istifadənin əlçatan olması barəsində düşünməliyik. Mütləq bu mövzuda fəaliyyətlər də aparmalıyıq”.

Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol isə “X” sosial şəbəkəsindəki hesabında yazıb ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) metan emissiyaları probleminin həllinə təkan verəcək.

“Mən COP29-un prezidenti Muxtar Babayevin iştirakı ilə bu gün səhər yüksək profilli tədbirin metanla bağlı öhdəliklərin həyata keçirilməsinə həsr olunmuş iclasının açılışına qatılmaqdan məmnunam. Biz hökumət və sənaye təşəbbüslərinin metan emissiyaları probleminin həllinə göstərdiyi kömək və COP29-un buna əlavə təkan verə biləcəyi ilə bağlı səmərəli müzakirələr apardıq", - o bildirib.

Artıq daxildə möhtəşəm tədbirlər bağlı hazırlıqlar başa çatmaq üzrədir. Rəsmilər əhəmiyyətli görüşlər keçirir, gedişatla bağlı mühüm açıqlamalar verirlər.

Baş nazir Əli Əsədov Nazirlər Kabinetində keçirilən 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində deyib ki, cari ildə dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq tədbirlərindən biri olan COP29-un noyabr ayında Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun bariz nümunəsidir.

Baş nazir bildirib ki, tədbirin Azərbaycana xas yüksək səviyyədə, mükəmməl şəkildə təşkil ediləcəyinə əmindir: “Hökumət üzvlərinin çoxu müvafiq Təşkilat Komitəsinin üzvləridir. Bütün hökumət üzvləri rəhbərlik etdikləri nazirlik və digər qurumların üzərilərinə düşən tapşırıqların icrasına şəxsən cavabdehdirlər. Bu istiqamətdə sıx və əlaqəli şəkildə işləməlidirlər”.

COP29-un Prezidenti Muxtar Babayev BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində “Qlobal Bərpa Oluna Bilən Enerji Sammiti 2024”də çıxışı zamanı deyib ki, “COP28-də BƏƏ Konsensusu vacib nailiyyət əldə edib və qarşıda duran fəaliyyət üçün güclü zəmin yaradıb.

O bildirib ki, enerji keçidlərinə dair çağırışları yerinə yetirmək üçün gələcəyin bərpaolunan enerji sistemləri sürətlə genişləndirilməlidir. “COP29 Fəaliyyət Gündəliyi enerjiyə böyük diqqət yetirir və biz Dubayda qəbul edilmiş qərarlar əsasında bərpaolunan enerjiyə keçidin həyata keçirilməsini sürətləndirmək üçün bir sıra təşəbbüslər hazırlamışıq. Yaşıl Enerji Zonaları və Dəhlizlər Bəyannaməsi investisiyaları təşviq etmək, iqtisadi artımı stimullaşdırmaq və bərpaolunan enerjinin inkişafı sahəsində regional əməkdaşlığı təşviq etmək məqsədi daşıyır. Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi çərçivəsində əsas məqsəd qlobal enerjinin saxlanılması potensialını 2022-ci il ilə müqayisədə altı dəfə artıraraq 2030-cu ilə qədər 1500 giqavata çatdırmaqdır. O, həmçinin şəbəkələrə investisiyaların həcmini artırmağı və 2040-cı ilə qədər enerji şəbəkəsinə 80 milyon kilometrdən çox əlavə etməyi öhdəsinə götürür. Bu, bərpaolunan enerjinin effektiv saxlanması və etibarlı ötürülməsi üçün adekvat saxlama qabiliyyətinin və şəbəkələrin dayanıqlığının təmin edilməsində vacib olacaq”,- deyə COP29 Prezidenti deyib.

Muxtar Babayev, həmçinin Hidrogen Bəyannaməsi barədə məlumat verərək bildirib ki, bu təşəbbüs təmiz hidrogen və onun törəmələri üzrə qlobal bazarın potensialından istifadəni təmin etmək məqsədi daşıyır. Onun sözlərinə görə, sadalanan təşəbbüslər BƏƏ Konsensusunun həyata keçirilməsində növbəti addımların bir hissəsini atmaq məqsədi daşıyır: “Bu təşəbbüslər həm də COP29 Sədrliyinin ambisiyaları artırmaq və fəaliyyətə təkan prioritetlərini dəstəkləyir. Ambisiyaları artırmaq üçün biz bütün tərəfləri 2025-ci ilin fevral ayına qədər 1,5 dərəcəyə uyğunlaşdırılmış Milli Müəyyən edilmiş Töhfələri təqdim etməyə çağırırıq”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dövlət Vergi Xidməti ilə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) birlikdə keçirdiyi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxışı zamanı deyib ki, COP29-un fəaliyyət gündəliyində yer alan əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılmasıdır.

M.Cabbarov bildirib ki, iqlim maliyyəsində mövcud olan boşluqların aradan qaldırılmasında bu Fond mühüm rol oynaya bilər. Fondun kapitalının əsasən qalıq yanacaq istehsal edən ölkələr, eləcə də neft, qaz və kömür hasilatı ilə məşğul olan şirkətlər tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.Nazir qeyd edib ki, fondun fəaliyyətə başlaması üçün ilkin olaraq 1 milyard ABŞ dolları məbləğində kapital toplanması və ən azı 10 donor ölkənin fonda qoşulması planlaşdırılır ki, fikrimizcə, COP29 çərçivəsində bu məsələ əsas müzakirə mövzularından biri olacaq.

 

Cavid

Xalq Cəbhəsi .- 2024.- 26 sentyabr (¹34).- S.13.