Məğlubedilməz
alim...
Onunla söhbət zamanı siyasət, hava haqqında
danışmağına dəyməz. Söhbət xatirinə
söhbət edən insanlardan deyil. Onu düşündürən
mövzular haqqında danışmağa səy göstərsəniz,
bəlkə də ayaq saxlayıb sizi dinləyər.
Kobudluqdan, kəskin ifadələrdən xoşu gəlmir. Ondan
həyat yolu ilə maraqlanmağına da dəyməz, onsuz da
danışan deyil. Bəlkə də bundan irəli gəlir
ki, onun tərcümeyi halına bütövlükdə
heç bir yerdə rast gəlmək olmur...
Deyir ki,- “Hazırda çoxları iddia edirlər ki,
guya ziyalılarla cəmiyyət arasında böyük
uçurum var, lakin mən belə düşünmürəm.
Ziyalı təbəqəsi sadəcə efir, televiziya vasitəsi
ilə deyil, auditoriyalarda, müxtəlif toplantılarda,
gündəlik həyat tərzində də insanlarla ünsiyyətdə
olur. Ziyalılar və gənclər arasında
görüşlər keçirilməsi ünsiyyətin tam səmimi
və uğurlu qurulması üçün heç də
vacib şərt deyil. Əsas odur ki, ziyalının
mövqeyi, düşüncələri, onun əməlləri
ilə üst-üstə düşsün və cəmiyyətin
tərəqqisinə xidmət etsin. O zaman ziyalının
düşüncələri gənclərə örnək
olacaq. Hər hansı bir şüarla, tribunadan
danışıb, bəyanatlar verməklə, gənclərin
zehninə istədiyin fikri təlqin etmək mümkün
deyil. Çünki gənc elə qüvvədir, özü
qavrayıb düşünür, qərar verir. Bu,
bütün zamanlarda belə olub...”
Adi həyatda olduğu kimi iş həyatında da
mübarizdir. Sakit həyatı xoşlamır. Çox məhsuldar
xanımdır, öhdəliklərini vicdanla yerinə yetirməkdən,
bildiklərini xalqa çatdırmaqdan zövq alır. Səmimiyyət
və dürüstlük onun üçün vacib amillərdəndir.
Hissləri və intuisiyası güclü olduğu
üçün qarşısındakı insanın daxili aləmini
görməyi bacarır...
“Sovet dönəmində ziyalılarımız ideoloji
çərçivə daxilində fəaliyyət göstərən
şəxslər olub. Onlar imkanları daxilində bu və ya
digər məsələdə millətin, xalqın mövqeyi
ilə bağlı səy göstəriblər. Çox zaman
bu ziyalıların həyatı bahasına başa gəlib, cəzalandırılması
ilə nəticələnib. Amma bütövlüklə həmin
ziyalıların fəaliyyətinin üzərindən xətt
çəkmək cəmiyyətin sivil düşüncə
tərzinə fayda gətirməyəcək. İstənilən
məsələdə qərəzlə hərəkət etmək
obyektiv nəticəyə gətirib çıxarmır. Bunu
anlamasaq, gələcəkdə də eyni səhvləri etməli
olacağıq. Gənclər düşünsün ki, mən
bu gün obyektiv təhlil edə bilmirəmsə, gələcəyimi
necə düzgün planlaşdıra bilərəm?..”-
söyləyir.
Mükəmməl xasiyyətə
malik olduğu üçün araşdırmaları da
maraqlıdır. Həddən ziyadə realistdir, onu
boş-boş xəyallarla, iddialarla fikrindən döndərmək
mümkün deyil. Və heç vaxt ram edə bilməyəcəyi
məqsədlərin arxasınca getmir. Elə ona görə də
ən nifrət etdiyi məsələlərdən biri də
qeyri-müəyyənlikdir. Bu səbəbdən də hədəfə
doğru planlı şəkildə irəliləyir...
Deyir ki,- “Azərbaycan gəncliyi bilgilənməyə
laqeyd deyil. Mən də sosial şəbəkələrdən
istifadə edirəm və gəncləri də izləyirəm.
Müşahidələrimə görə, deyə bilərəm
ki, gənclərimiz nəinki bilgi almağa meyllidir, hətta o
bilgini paylaşaraq maarifçilik fəaliyyəti göstərməkdə
də aktivdirlər. Sosial şəbəkələrdə
yayılan məlumatlar içərisində çoxlu elektron
kitablar, məqalələr də yer alr. İstifadəçilər
maraqlı materialları paylaşır və öz
dostlarına oxumağı tövsiyə edir. Amma mən yaşlı
nəslin nümayəndələri arasında belə
nümunələrə rast gəlmirəm. Ona görə, bu
gün kitabı tək klassik formada oxumağın informasiya mənbəyi
olduğunu demək düzgün olmaz. Kitabları alıb
oxumaq da lazımdır, lakin texnologiyanın inkişafı sayəsində
ağırlıq elektron kitablara düşüb. Maddi
baxımdan da bu kitablar sərfəli olduğundan gənclər
elektron kitablara üstünlük verirlər...”
Həm də çox emosionaldır. Amma
duyğularını gizlətməyi bacarır. Özünə,
biliyinə çox güvənir. Kənardan sərt və
amansız görünür, amma göründüyü qədər
də nəcib, mülayim və nəzakətli
xanımdır...
“Hər bir Azərbaycan vətəndaşı
özünün müstəqil dövlətə sahib
olmağı ilə fəxr etməlidir. Çünki Yer
üzündə yaşayan bütün xalqların dövləti
olmaq xoşbəxtliyi yoxdur. Amma Azərbaycan xalqı xoşbəxt
xalqdır ki, onun müstəqil dövləti var və biz
müstəqil dövlətin vətəndaşlarıyıq.
Bu, müstəqil cümhuriyyətdən yaranan bir tarixdir.
Çünki Azərbaycan dövlətçiliyinin tarixi
çox qədimdir - e.ə. III minillikdən gələn bir
tarixdir. Amma Azərbaycan ərazisində dövlətçiliyimizin
varisliyi zaman-zaman yadelli işğalların nəticəsində
kəsilibdir. Bütün bunlara baxmayaraq, Azərbaycan
böyük bir imperiya yaradan dövlət olub. XV əsrin sonu
– XVI əsrin əvvəli Səfəvilər dövləti
yaranıb. Bu dövlətin əsasını Azərbaycanəsilli
sülalə qoyub. Yəni zəngin bir dövlətçilik
tariximiz var. Ən qürurlusu da ondan ibarətdir ki, 105 il
öncə bütün türk dünyasında ilk türk
cümhuriyyətini 1918-ci il 28 Mayda Azərbaycan xalqı qurub.
105 ildir ki, respublika quruluşunda yaşayırıq.
Düzdür, 23 aydan sonra birbaşa Sovet Rusiyasının hərbi
müdaxiləsinin nəticəsində müstəqil dövlətçiliyimizə
son qoyuldu, amma yenə də Azərbaycan Respublikası sovetlər
formasında, müttəfiq dövlətlər statusunda öz
varlığını saxladı. 1991-ci ildə isə
dövlət müstəqilliyini bərpa edəndə
özünü Azərbaycan Cümhuriyyətinin varisi kimi bərpa
etdi. Bunlar çox qürurverici tarixdir”.- söyləyir.
Ölkədə cümhuriyyət tarixini mükəmməl
bilən nadir alimlərdən biri də odur. Uzun illər bu
mövzunu araşdırıb, necə deyərlər, gecəsini
gündüzünə, gündüzünü gecəsinə
qatıb. Dövlət İdarəetmə Akademiyasının
Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə
doktorudur. “Azərbaycan Respublikasının əməkdar
müəllimi” fəxri adına layiq görülüb. "Nəriman
Nərimanov – ideal və gerçəklik" kitabının,
40-dan çox elmi məqalənin, "Azərbaycan Xalq
Cümhuriyyəti ensiklopediyası" iki cildliyində isə
200 məqalənin və 7 elmi toplunun tərtibçilərindən
biridir. Türkiyə və Bakıda keçirilmiş xeyli
beynəlxalq konfransların iştirakçısı olub.
“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası
araşdırmalar jurnalının 14-cü sayından
jurnalın “Tarix, Arxeologiya və Antropologiya” üzrə
redaksiya heyətinin üzvüdür...
Bəlkə də bu yazını növbəti ad
günündə qələmə alsaydım, lap yerinə
düşərdi. Məni tələsdirən, haqqında
söhbət açdığım Firdovsiyyə xanım
Əhmədovanın Cümhuriyyət tarixinin və eləcə
də inqilabdan sonrakı Azərbaycanın
araşdırılmasında göstərdiyi misilsiz xidmətləri
oldu. Və bu yolda məğlubedilməz bir alim kimi müvəffəqiyyətlə
addımlamaqdadır. Ona bu fədakarlığına görə
ehtiram göstərməyə borcluyuq...
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2024.-18 yanvar(¹2).- S.15