“Golden FEMI” beynəlxalq
kinofestivalının mükafatına layiq görülən azərbaycanlı
aktyor...
Onunla eyni süfrədə əyləşmək
başqa bir aləmdir. Elə ki, danışmağa
başladı, səsinin ahəngi, söhbətindəki
şirinlik hamını sehirləyir. Hər kəs onu diqqətlə
dinləməyə çalışır...
Deyir ki,- “Orta məktəbdə oxuduğum illərdə
müəllimlərim məndə aktyorluq istedadını
görüb, məktəbdə fəaliyyət göstərən
dram dərnəyinə üzv yazılmağımı təkidlə
məsləhət görürdülər. Mən də
yazıldım və müxtəlif səhnəciklərdə
rollar ifa etməyə başladım. Gördüm ki, pis
alınmır, məktəbin bütün kollektivi məni
aktyor kimi qəbul edirdi. Qərar verdim ki, məktəbi bitirəndən
sonra sənədlərimi aktyorluğa verim və bu ümidlə
də o dövrün İncəsənət İnstitutuna qəbul
olundum. Xoşbəxtlikdən institututda müəllimim Həsənağa
Turabov oldu. Artıq birinci kursda oxuyanda məni konolara dəvət
edirdilər və “Babamızın babasının babası”
filmində rol alıb çəkildim. Beləliklə, peşəkar
aktyorluq həyatım başlandı...”
Həsən Əbluc, Səməndər Rzayev,
Əlabbas Qədirov, Kamal Xudaverdiyev, Yaşar Nuri, Səyavuş
Aslan və digər ölməz sənətkarlarla tərəf-müqabili
olduqca, onlardan sənətin incəliklərini öyrənib.
İnstitutu bitirdikdən sonra təyinatla Sumqayıt
teatrına yollanıb. 1986-cı ildən 1989-cu ilədək
orada çalışıb. 1989-cu ilin aprel ayından isə
Akademik Milli Dram Teatrında işləyir. Həmin dövrdə
akademik teatra düşmək hər istedadlı aktyora qismət
olmurdu. Bunun üçün, necə deyərlər, gərək
bəxtin də gətirəydi. Bəli, xalq artisti Sabir Məmmədovun
bəxti əvvəldən gətirib. O, 24 yanvar 1961-ci ildə
Qazax rayonunun Poylu kəndində aktyor kimi dünyaya gəlib.
Orta məktəbi Ağstafada bitirdikdən sonra
ömrünü incəsənətə- teatra
bağlayıb. İndiyədək əlliyə yaxın səhnə
əsərində, iyirmi beşdən yuxarı filmdə
müxtəlif obrazlar yaradıb. Ondan yuxarı filmin səsləndirilməsində
(dublyaj) iştirak edib...
“İstedad Allahın
insana vergisidirsə, cazibə Allahın mükafatıdır.
İkincisi olmayanda insan məzmunsuz olur. Elə adam var ki,
savadlıdır, amma maraqsızdır, hər mövzuda
söhbət edə bilsə də, onunla birlikdə olanda
sıxılırsan. Adam da var, səni özünə cəzb
edə bilir, ürəyini tilsimləyir. Aktyorda da əsas olan
cazibədir, istedad sonra gəlir. Cazibə olmasa, aktyoru aktyordan
heç nə fərqləndirə bilməz...”- söyləyir.
Ona 2002-ci ildə “Azərbaycan Respublikasının əməkdar
artisti”, 2022-ci ildə “Azərbaycan Respublikasının xalq
artisti” fəxri adları verilib. Uzun illər ardıcıl
olaraq hər il Prezident mükafatı alıb. “Cəfər
Cabbarlı”, “Qızıl Dərviş” mükafatlarına
layiq görülüb. Yeganə azərbaycanlı aktyordur ki,
ona ən yaxşi kişi roluna görə, Bolqaristanın
Sofiya şəhərində keçirilən “Golden FEMI” beynəlxalq
kinofestivalının ən yüksək mükafatı təqdim
olunub...
Səsinin ahəngi bənzərsiz olduğundan bir
sıra əcnəbi film qəhrəmanları məhz onun səsi
ilə yadda qalıblar. Yaxşı yadımdadır, xarici seriallar
necə deyərlər, Azərbaycana təzə-təzə
ayaq açanda milyonlarla tamaşaçını ekrana
bağlayan da məhz həmin səs olub.
Unutmamısınızsa, "Tikan və
qızılgül" serialı Katarina və Petruçonun
sevgisindən bəhs edirdi. O vaxt Sabir Məmmədovun filmin qəhrəmanı
Petruçonu səsləndirdiyi həmin serial Azərbaycan
tamaşaçısının sevə-sevə izlədiyi
filmlərdən biri idi...
Deyir ki,- “Dünya kinosu ulduzlarını səsimizdə
Azərbaycan tamaşaçısına
çatdırırıq. Bu çox böyük məsuliyyətdi.
İkincisi, dilimizin inkişafı üçün bu çox
vacibdi. Bir aktyor kimi yetişmək üçün də, onun
formalaşması üçün də dublyaj çox gərəklidi.
Yəni səhnədə tamaşaçı ilə canlı
ünsiyyətdə olmaq bir başqa, kinoda oynamaq bir başqa,
dublyaj estetikası isə, ümumiyyətlə, tamam fərqlidi.
Bütün bunların hamısını bir yerdə cəmləmək
üçün aktyordan böyük məharət tələb
olunur.”
Umumiyyətlə, xalq artisti Sabir Məmmədov
haqqında, onun parlaq istedadından çox danışmaq
olar. Yanvarın 24-də 63 yaşı tamam olur. Məqsədim,
onu bu münasibətlə təbrik etmək, möhkəm can
sağlığı arzulamaqdır.
Yeni yaşı mübarək olsun!
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2024.-25 yanvar(¹3).- S.15.