Azərbaycanın
qadın hərbi jurnalisti - Əntiqə Qonaq
Deyir ki:- “Bir var alın yazısı, bir də var
özün yazdıqların. Yəni, iradənlə, qətiyyətinlə,
əzminlə, istəyinlə əldə etdiklərin,
qazandıqların. Və bunlar səni taleyini yenidən
yazmağa, dəyişməyə, başqa səmtə
yönləndirməyə, səni özün kimi var
olmağa kömək edir.”
Qarabağda döyüşlər başlayan gündən
dəfələrlə cəbhə bölgələrində,
səngərlərdə olub və torpaqlarımızı
qoruyan könüllülərə, ordu heyətinə mənəvi
dayaq olmağa çalışıb. 1988-1994-cü illərdə
Füzuli, Ağdam, Qubadlı, Laçın, Zəngilan,
Şuşa, Cəbrayıl, Xocalı, Ağdərə, Kəlbəcər,
Qazax, Tovuz və Gədəbəyə dəfələrlə
səfər edib. Şahidi olduğu hadisələr,
döyüşçülərin vəziyyəti, problemləri
ilə bağlı yazılarını, canlı
döyüş hekayətlərini çoxsaylı mətbu
orqanlarda dərc etdirib. Hospitallarda müalicə olunan
yaralı əsgər və zabitlərimizə, şəhid
ailələrinə baş çəkib,
qayğılarını bölüşüb...
Əməkdar jurnalist, yazıçı Zemfira Məhərrəmli
yazır: “Onun imzasını və səsini ilk dəfə
radio dalğalarından dinlədim. Çox maraqlı və rəngarəng
müəllif verilişləri vardı.
Tanışlığımız isə Respublika Qadınlar Cəmiyyətində
oldu. Hər ikimiz ölkənin ictimai həyatında
iştirak edir, bu qurumun mətbuat xidmətində ictimai əsaslarla
fəaliyyət göstərirdik. Fəal qadınlarla bərabər
dəfələrlə ön cəbhədə
döyüşən hərbçilərimizə sovqat - ərzaq,
geyim əşyaları, müxtəlif gündəlik tələbat
malları aparırdıq. Onlarca şəhid ailəsini himayəyə
götürərək onların problemlərini əlaqədar
təşkilatlar qarşısında qaldırır və həllinə
nail olurduq. Müharibənin ağrı-acısını bu
günə qədər qəlbində daşıyan yüzlərlə
insanla, ailələrlə dostluq əlaqələrini davam
etdirir, nisgilli insanların xeyir-şərində yanlarında
olmağa çalışırıq. Qocalar və uşaq evlərinə,
internatlara, əqli zəif uşaqlara baş çəkərək,
onlara maddi və mənəvi dəstək olurduq. Bu, bizim birgə
fəaliyyətimizdən kiçik bir ştrixdir.”
Bəli, bugünki söhbətimin qəhrəmanı
Əməkdar jurnalist Əntiqə xanım Qonaqdır. O,
1959-cu il yanvarın 21-də Xaçmaz rayonunun Maqsudkənd kəndində
anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsini, 2010-cu ildə isə Hüquq
fakültəsinin qiyabi bölməsini fərqlənmə
diplomu ilə bitirib. Tələbəlik illərindən
başlayaraq Azərbaycan Televiziya və Radio Verilişləri
Komitəsinin “Gənclik verilişləri baş
redaksiyası”nda müəllif proqramları ilə dinləyicilərin
və tamaşaçıların qarşısına
çıxıb. "Magistral" qəzetində korrektor, müxbir,
"Həyat" qəzetində baş müxbir,
"Biznes" qəzetində şöbə müdiri,
"Azərbaycan" qəzetində müxbir işləyib,
"Ana" müstəqil qadın qəzetinin təsisçisi
və baş redaktoru olub. 2001-2017-ci illərdə Azərbaycan
Respublikası Baş Prokurorluğu Hüquqi təminat və
informasiya idarəsinin mətbuat xidmətində
çalışıb...
Təbiətcə çox məsuliyyətli
adamdır. Maraqlandığı mövzunu diqqətlə
araşdırmasa sakitləşmir. Emosional və
çılğındır. Azadlığına məhdudiyyət
qoyulmasını xoşlamır. Xüsusi xarakterə malik
insandır. Olduqca qərarlıdır və əldə etmək
istədiklərinə mütləq sahib olur. Bu xüsusiyyətlərini
uzun müddət onu tanıyan dostları yaxşı bilirlər.
Hər kəslə yaxşı yola getməyi bacarır.
Mehriban və dostcanlıdır. Elə bu səbəbdən də
yaxınları, tanışları tərəfindən
çox sevilir...
Zemfira xanım Məhərrəmli onun haqqında daha
sonra deyir: “Gözəl dostdu, sadiq yoldaşdı, dərddaşdı,
xeyirxah insandı Əntiqə Qonaq. Həmişə
qarşısındakını özündən öndə
bilib, onun problemini, dərdini özününküləşdirib.
Buna görə də çox vaxt öz çətinliklərini
belə unudub. Köməyə ehtiyacı olan insanların
vaxtında yanında olmaq, onlara bacardığı kimi
yardım etmək, qəlbindən keçən ən ülvi
arzuları bildirmək. Nə gözəlmiş, elə
deyilmi? Əntiqə deyir ki, bir qadın kimi, ailə qurmaq, təmənnasız
sevgiylə övladlarına bağlı ana olmaq bir borcdur.
Bunlarla yanaşı, həm də
əsas olan cəmiyyətdə tutduğun mövqe və
sağlam düşüncənlə dövlətinə və
xalqına verdiyin xeyirdir.”
Cəmiyyətdə məntiqi davranışı ilə
tanınır. Heç kimin işinə, şəxsi həyatına
qarışmağı sevmir. Təbiiliyi sevir və bununla ətrafdakıları
özünə heyran etməyi bacarır. Çox səxavətlidir,
necə deyərlər, bəzən bədxərclik də
edir. Daxilində liderlik ruhu yaşadır. Bu ruhun sayəsində
bir çox işlərdə uğur qazanır. İş həyatına
gəldikdə isə yeniliklərə açıqdır.
Ümumi işlərdə bacarıqlı, nizamlı və
intizamlıdır. Xoşu gəlmədiyi insanlarla ünsiyyətdə
olmağı xoşlamır...
"Müharibələr həmişə dəhşətləriylə,
faciələriylə, səfalət və
xarabalıqlarıyla, ölüm və itkiləriylə,
ağrı-acılarıyla, viranəlikləriylə, ürəklərdə
açdığı əbədi yaraları ilə
müşaiyət olunub. Müharibənin canlı şahidi
olmaq normal yaşam alışqanlıqlarını bircə
anda unutnaq deməkdi. İllər boyu özün
üçün, doğmaların üçün
yaratdığın düzənin bircə anda pozulması deməkdi.
Canının bir parçası olan əzizlərinin bircə
anda, gözünün qarşısında məhv olması
deməkdi. Keçmişinin, bu gününün, gələcəyinin
bircə anda yox olması deməkdi. Arzularının, xəyallarının
alt-üst olması deməkdi. Havasızlıq deməkdi,
boğulma deməkdi, yaşaya-yaşaya ölmək deməkdi,
həm də ölmək istədiyində ölə bilməməkdi,
çarəsizlik, ümidsizlik… deməkdi."- söyləyir.
Bu il onun üçün yubiley ilidir. Yanvarın 21-də
Əntiqə xanımın 65 yaşı tamam olur. Bu
münasibətlə onu təbrik edir, möhkəm can
sağlığı, yaradıcılıq uğurları
arzulayıram...
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2024.-25 yanvar(¹3).- S.15.