Baba Vəziroğlu- 70
Bəlkə də sözlərinə musiqi bəstələnməsəydi
Baba Vəziroğlunun şairlik taleyi elə də parlaq
olmazdı. Onu yaddaşımızda yaşadan, ürəklərimizə
gətirən nəğməyə çevrilən şeirləri
oldu...
"Mən heç vaxt ictimai fiqur olmaq istəməmişəm.
Bir az özümə qapalı adamam, həmişə istəmişəm
ki, sakitcə başımı aşağı salım öz
işimlə məşğul olum, dərdimi çəkim,
sevincimi yaşayım. Amma birdən gəlib şöhrət
tapdı məni, məşhur insan oldum. Ona görə bu, məndən
asıl olmayıb. Və profilimə uyğun olmayan hansı
verilişdə, tədbirdə məni
görürsünüzsə, bilin ki, bu ancaq müsəlmançılıqdan
irəli gəlir, mən ürək qıra bilmirəm.
Əlbəttə, bəzən yalan danışmalı oluram.
Nə yaxşı ki, mobil telefonlar məkan bildirmir, bəzən
verilişin adını eşidəndə deyirəm ki,
İsmayıllıdayam gələ bilmirəm. Amma nə qədər
etsəm də alınmır. Nə mövqeyimə, nə
profilimə, nə də ictimai yerimə dəxli olmayan o
verilişlərdə məcburən iştirak edirəm.
Üzüm yumşaqdır, lətifəsi sizdən uzaq nə
yaxşı ki, mən qadın olmamışam, Allah bilir,
sorağım haradan gələrdi. Amma narazı da deyiləm
bu mənada. Qoy, mənim lap hörmətim düşsün,
qoy desinlər onun orada nə işi var, amma kiminsə ürəyini
qırmaqdan yaxşıdır. Mən ürək
qırmağın düşməniyəm…"- söyləyir.
Çox xarizmatik adamdır. Özünəməxsus
xüsusiyyətləri var. Sakit adam təəssüratı
yaratsa da, əslində çox coşqun təbiətlidir.
Deyib gülməyi, zarafatı xoşlayır.
Deyir ki,- "İstəyirəm ki, mən öləndə
şəhərin ən bahalı yerində, dənizə
panoramı olan bir yerdə dəfn etsinlər.
Ətrafımızda uzaq Qvineyadan gətirilmə həmişəyaşıl
sərv ağacları nazlansın, Skandinaviya bülbülləri
cəh-cəh vursun, başım üstündə sal
Yunanıstan qranitindən abidəm ucalsın..."
Qibtə olunası zənginlik içində
yaşamayıb, amma etiraf edir ki, keçmişinə nəzər
salanda mənəvi baxımdan çətinliklərlə
dolu, çox maraqlı, rəngarəng və zəngin bir
ömür yaşayıb. Bunun üçün
özünü xoşbəxt sanır. Nə keçmişin
xiffətini çəkir, nə də gələcəyə
tələsir. Bu gününü elə yaşayır ki,
xoş xatirələrlə dolu bir keçmişə
çevrilə bilsin və o dünyaya alnıaçıq
getsin. Gələcək haqqında çox düşünməyə
qorxur, məşhur filmdə deyildiyi kimi, Allahı
güldürmək istəyirsənsə, gələcək
planlarından danış. Keçmişin xiffətini çəkmək
bədniyyət adamların peşəsidir- söyləyir. Gələcək
haqqında çox düşünməyi xəyalpərəstlik
əlaməti hesab edir. Praqmatik və realist adamdır...
"Pisniyyətli adamın bircə yaxşı
sözünə də bəzən aldana bilirəm, xeyirə,
yaxşılığa xidmət edən şairəm. Odur ki,
gözümdə hamını yaxşı görmək istəyi
bəzən uğursuzluqla nəticələnir. Həyat məni
öyrədə bilməyib, yəqin ki, hələ kifayət
qədər böyüməmişəm. Nə yaxşı
ki, böyüməmişəm, içimdəki
uşaqlıq saflığının kiçik bir ərazisini
də olsa, qoruyub saxlaya bilmişəm. Aldana-aldana
yaşayırıq və deyəsən insan oğlu
aldanmağı sevir ki, ondan hasil olan nəticə sayəsində
müdrikləşə bilsin. İnsan ömür boyu
özündən nağıllar uydurur və özünü
həmin nağıllara inandırmağa
çalışır. Bilir və dərk edir ki, hardasa bunların
hamısı yalandır, amma həyat bunsuz maraqsız, bəlkə
də yaşamaq mümkünsüz olar."- söyləyir…
Bəli, bizi yaşamağa vadar edən, içimizdə
həyat eşqi yaradan xəyallarımızda qurduğumuz
nağıllardır. Guya belə etsək, elə olar, elə
etsək belə. Amma fərqinə varmırıq ki,
Allahın öncədən bizim üçün
yazdığı ssenarinin oyunçularıyıq...
Yanvarın 10-da nasir, şair, tərcüməçi,
kinodramaturq, əməkdar incəsənət xadimi,
"Şöhrət" ordenli Baba Vəziroğlunun 70
yaşı tamam oldu. Ona möhkəm cansağlığı,
firəvan həyat, yaradıcılıq uğurları
arzulayırıq.
Çox yaşa, ŞAİR!
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2024.-11 yanvar(№1).- S.15.