Milli Parklarımız turizmin
inkişafı üçün potensial iqtisadi imkanlar deməkdir
11 yanvar - Dünya Qoruqlar və Milli Parklar
Günüdür
Bu tarixin xüsusi mühafizə olunan təbiət ərazilərinə
həsr edilməsi təsadüfi deyil.
Belə ki, 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə
Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal
gölü üzərində Barquzin Dövlət Qoruğu
yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət
Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən
qeyd olunur.
Azərbaycanda da ölkənin nadir təbiətinin
qorunması məsələlərinə böyük diqqət
yetirilir.
Bu məqsədlə ölkəmizdə 10 milli park, 10
dövlət təbiət qoruğu və 24 dövlət təbiət
yasaqlığı fəaliyyət göstərir. Azərbaycanda
ilk qoruq 1925-ci ildə yaradılmış Göygöl
Dövlət Təbiət Qoruğudur.
Ölkəmizdə xüsusi mühaifəzi olunan ərazilərin
yaradılması və onların vaxtaşırı genişləndiirlməsi
problemi dövlətin diqqət mərkəzindədir.
Xüsusi mühafizə olunan təbiət əraziləri Azərbaycan
respublikasının milli sərvətidir və xüsusi
ekoloji, elmi, mədəni və estetik dəyərə malikdir.
“Xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında” Azərbaycan Respublikasının
Qanununa görə Azərbaycan Respublikasının ərazisində
məqsədindən, mühafizə rejimindən və istifadə
xüsusiyyətlərindən asılı olaraq xüsusi
mühafizə olunan təbiət əraziləri
aşağıdakı növlərə ayrılır:
dövlət təbiət qoruqları, o cümlədən
biosfer qoruqları; milli parklar; dövlət təbiət
yasaqlıqları; təbiət parkları; ekoloji parklar; təbiət
abidələri; zooloji parklar; nəbatat bağları və
dendroloji parklar; müalicə-sağlamlaşdırma yerləri
və kurortlar. Bunlar içərisində Dövlət Təbiət
qoruqları, Milli Parkları və Dövlət təbiət
yasaqlıqlarının xüsusi çəkisi daha böyükdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin
yaradılması istiqamətində işlər davam etdirilir,
digər tərəfdən mövcud olanların əraziləri
genişləndirilir. Ümumiyyətlə, xüsusi mühafizə
olunan təbiət əraziləri sayı azalmaqda və nəsli
tükənməkdə olan bitki və heyvan növlərini
qorumağa hesablanıb.
Ötən il 44 gün davam edən Vətən
müharibəsində Rəşadətli Ordumuz möhtəşəm
Qələbə qazandı. 30 ilə yaxın bir müddətdə
işğalda olan torpaqlarımız erməni tapdağından
azad olundu. Ermənilər bu illər ərzində həmin
torpaqlarda vandalizm aktları törədib, bütün tarixi
abidələri, məscidləri, yaşayış
binalarının, evlərin əksəriyyətini
dağıdıb, meşələri kəsib, qırıb,
yandırıblar. Təəssüf ki, Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü nəticəsində həmin
torpaqlarda olan böyük əhəmiyyətə malik
xüsusi mühafizə olunan təbiət ərazilərində
- Bəsitçay və Qaragöl dövlət təbiət
qoruqları, Arazboyu, Laçın, Qubadlı və
Daşaltı dövlət təbiət
yasaqlıqlarının ərazilərində olan qiymətli ağac
və digər nadir biomüxtəliflik nümunələri
işğalçı ordunun tapdağına məruz qalaraq məhv
edilib.
Ordumuzun işğaldan azad etdiyi ərazilərdə 43
min hektara yaxın xüsusi mühafizə olunan 2 dövlət
təbiət qoruğu, 4 dövlət təbiət
yasaqlığı olub. Təbii ki, onların yenidən bərpası
nəzərdə tutulub. Hazırda həmin ərazilərdə
təbiətin mövcud vəziyyəti ilə bağlı
qiymətləndirmə işləri aparılır. Ümumiyyətlə
isə ölkəmizdə 10 dövlət təbiət
qoruğu, 24 dövlət təbiət yasaqlığı, 10
milli park fəaliyyət göstərir. Xüsusi mühafizə
olunan təbiət əraziləri isə ölkənin
ümumi ərazisinin 10,3 faizini təşkil edir.
Yeri gəlmişkən, işğaldan əvvəl
Qarabağda milli park olmayıb. Artıq qanunvericilik milli
parkların yaradılmasına imkan verir. Buna görə də
Qarabağda yeni milli parklar yaradılacaq. Yaxın gələcəkdə
oradakı yaşıl ormanlar - gözəl meşələrimiz
göz oxşayacaq, istirahət guşələrinə
çevriləcək.
İşğaldan azad olunmuş ərazilərdəki
təbiət qoruğu və yasaqlıqların vəziyyəti
heç də ürəkaçan deyil. Avropanın yeganə
təbii çinar massivindən ibarət olan Bəsitçay
qoruğundakı ağacların yarıdan çoxu kəsilib
məhv edilib. Qaragöl qoruğunun da böyük bir hissəsi
qurudulub. Yasaqlıqların ərazisində olan meşə sahələrinin
minlərlə hektarının kəsildiyi qeydə
alınıb. Bunlar həmin ərazilərdə davamlı tədbirlərin
görülməsini vacib edir.
Təbiət abidələri də xüsusi mühafizə
olunan obyektlər hesab olunur. Qarabağ ərazisində 152 təbiət
abidəsi qeydə alınıb. Orada yaşı 450, 500, hətta
2000 il olan ağaclar var idi ki, onların əksəriyyəti vəhşi
ermənilər tərəfindən kəsilib,
daşınıb və məhv edilib. Gələcəkdə
vandallardan müvafiq təzminatın tələbi
üçün hazırda qiymətləndirmə işləri
aparılır.
Prezident İlham Əliyev 2021-ci il yanvarın 6-da ilin
yekunlarına həsr olunmuş videoformatda keçirilən
müşavirədə bu məsələyə də toxunaraq
deyib: “Azad edilmiş torpaqlarda, eyni zamanda, dövlət təbiət
qoruqları və yasaqlıqlar olub. Mən bu məlumatı da
Azərbaycan xalqına çatdırmaq istəyirəm.
Laçın rayonunda Qaragöl Dövlət Təbiət
Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var
idi, tamamilə məhv edilib, talan olunub və bütün
ağaclar qırılıb. Zəngilan rayonunda Bəsitçay
Dövlət Təbiət Qoruğu 1974-cü ildə ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
yaradılıb. Bu, Avropada unikal meşə sayılır və
burada nadir çinar ağacları var idi. Bu qoruq 107 hektarı
əhatə edib, indi isə cəmi 42 hektarı qalıb. Bu,
erməni vəhşiliyinin növbəti təzahürüdür.
Bu, onu göstərir ki, onlar başa düşürdülər
və bilirdilər ki, bu torpaqlarda müvəqqəti oturublar.
Onlar bizim evlərimizi dağıdıblar, tarixi abidələrimizi
dağıdıblar, məscidlərimizi dağıdıblar,
meşələrimizi də dağıdıblar. Nadir
çinar meşəsindən cəmi 42 hektar qalıb. Oraya da
mütləq bir qrup ezam olunmalıdır, yerində təftiş
aparılmalıdır və bu qoruq bərpa edilməlidir.
Qubadlı Dövlət Təbiət Yasaqlığı 1969-cu
ildə yaradılıb, 1988-ci ildə sahəsi 8500 hektar olub,
2020-ci ildə 6923 hektar. Yəni, 1577 hektar
dağıdılıb, talan edilib. Daşaltı Dövlət
Təbiət Yasaqlığı 1981-ci ildə Heydər
Əliyev tərəfindən yaradılmışdır.
1988-ci ildə 400 hektar sahəsi var idi, hazırda 350 hektardır.
Burada da 50 hektar dağıdılıb. Laçın Dövlət
Təbiət Yasaqlığı 1961-ci ildə
yaradılıb, 1988-ci ildə 7500 hektar sahəsi var idi.
Hazırda 4457 hektar qalıb, 3043 hektar ermənilər tərəfindən
məhv edilib. Zəngilan rayonunda Arazboyu Dövlət Təbiət
Yasaqlığı 1993-cü ildə yaradılıb, sahəsi
1700 hektar idi. Hazırda cəmi 135 hektar qalıb. Yəni, 1565
hektar məhv edilib. Bu məlumat “Azərkosmos” tərəfindən
“Azərsky” peykindən götürülüb və mənə
təqdim edilib. Ona görə bir daha deyirəm ki, oraya
xüsusi qruplar ezam edilməlidir, yerində baxmalıdır və
bu da sənədləşdirilməlidir, bunun dəymiş
ziyanı da hesablanmalıdır və Ermənistanın
növbəti ekoloji terroru kimi qeydiyyata alınmalıdır”.
Ölkəmizdə yeni milli parkların
yaradılması, mövcud qoruqlara milli park statusunun verilməsi
nəzərdə tutulub. Həmin istiqamətdə Ekologiya və
Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlərin
görülməsinə başlanılıb. Burada əsas məqsəd
uzun müddət qoruq statusu olmuş, qapalı ekosistemə
sahib olan ərazilərə vətəndaşların, turistlərin
səfərinin təşkil olunmasıdır. İlisu
Dövlət Təbiət Qoruğunun milli parka çevrilməsi
istiqamətində Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən işlər görülür. Həmçinin
Göygöl Milli Parkının statusunun publik hüquqi şəxsə
dəyişdirilməsi ilə bağlı təkliflərə
baxılır. Bununla yanaşı, Qobustanda palçıq
vulkanlarının olduğu ərazilərdə geoloji
parkların yaradılması planlaşdırılıb və
həmin istiqamətdə tədbirlər davam etdirilir.
2022-ci ildə milli parklara il ərzində ümumilikdə
276 min 703 nəfər turist səfər edib. Parklara gələnlərin
əksəriyyətini yerli turistlər təşkil etsə də,
ziyarətçilər arasında çoxlu sayda xaricilər də
olub. Ən çox turist qəbul edərək ilk
üçlükdə yer alan milli parklar Göygöl,
Şahdağ və Abşeron milli parklarıdır.
Azərbaycanda Milli parklar xüsusi ekoloji, tarixi, estetik
və digər əhəmiyyət daşıyan təbiət
komplekslərinin yerləşdiyi və təbiəti
mühafizə, maarifçilik, elmi, mədəni və digər
məqsədlər üçün istifadə olunan ərazilərdir.
Dövlət təbiət qoruqlarından fərqli olaraq Milli
parkların hüdudlarına ayrı-ayrı hallarda digər
torpaq istifadəçilərinin və mülkiyyətçilərinin
torpaq sahələri daxil edilə bilər.
Milli parklarımızın hər birinin özünəməxsus
zəngin bioloji müxtəlifliyi əhalinin ekoloji maariflənməsində
böyük əhəmiyyət daşıyır. İnsanlar
Milli Parklarımızın bioloji resurslarının, zəngin
flora və faunasının ətraf mühitə müsbət
təsir göstərdiyinin, əhalidə ruh yüksəkliyi
yaratdığının, onlara müsbət enerji verdiklərinin
şahidi olub bu tarixi sərvətin, zənginliklərin qorunub
saxlanılmasının həyati vacibliyini dərk edirlər.
Milli Parklarımız turizmin inkişafı üçün də
potensial iqtisadi imkanlar deməkdir.
Cavid
Xalq Cəbhəsi .- 2024.-11 yanvar(¹1).- S.9.