Onun əsərləri vətənə
məhəbbət duyğusu təlqin edir
Bu gün Xalq rəssamı Altay Hacıyevin anadan
olmasının 94-cü ildönümü tamam olur.
Azərbaycan incəsənətinə adını
yazdıran isimlərdən biri də müasir Azərbaycan təsviri
sənətinin tanınmış nümayəndəsi, Xalq rəssamı
Altay Hacıyevdir.
Altay Əmir oğlu Hacıyev 1931-ci il aprelin 2-də
Bakı şəhərində anadan olub. O, 1951-ci ildə
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbini bitirdikdən sonra bir müddət respublika nəşriyyatlarında
kitabların bədii tərtibatı üzrə rəssam
işləyib, 1954–1959-cu illərdə isə Kiyev Dövlət
Rəssamlıq İnstitutunun Qrafika fakültəsində təhsil
alıb. 1959-cu ildən etibarən beynəlxalq və respublika əhəmiyyətli
sərgilərin iştirakçısı olan Altay Hacıyev
1960-cı ildə SSRİ Rəssamlar İttifaqının
üzvlüyünə qəbul edilib. O, 1962–1967-ci illərdə
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat
Komitəsinin baş rəssamı vəzifəsində
çalışıb. Altay Hacıyev dəzgah və kitab
qrafikası rəssamı kimi Azərbaycan rəngkarlığının
inkişafında səmərəli xidmətlər göstərib
və milli təsviri sənətin inkişafına töhfələr
vermiş sənətkarlardandır. Müxtəlif janr və
mövzularda çoxsaylı əsərləri ilə
geniş şöhrət qazanmış rəssamın
fırçasının məhsulu olan tablolar həmişə
özünün yaddaqalan kompozisiya həlli, işlənmə
üslubu və rəng zənginliyi ilə səciyyələnib.
Tarixi-mədəni irsə və milli dəyərlərə
ehtiram sənətkarın yaradıcılığının
leytmotivini təşkil edib.
Dünya rəssamlıq ənənələrini
lazımınca mənimsəmiş Altay Hacıyev uzun illər
kitab qrafikası, tərtibatı və illüstrasiyası sahəsində
uğurla fəaliyyət göstərib. Kitablara çəkdiyi
rəngli illüstrasiyalar sənət nümunələri
olaraq rəssamın Azərbaycanın zəngin xalq
yaradıcılığı xəzinəsinə dərin bələdliyini
özündə təcəssüm etdirir. Onun
yaratdığı silsilə lövhələrdə insan əməyinin
əzəməti, zəhmətə inamın təntənəsi
və gələcəyə ümid rənglərin ən incə
çalarlarında ifadəsini tapıb. Altay Hacıyev Azərbaycan
xalqının yetirdiyi görkəmli şəxsiyyətlərin
unudulmaz obrazlarını məhz qədim miniatür sənətimizə,
ədəbi-mədəni fikir tariximizə və çoxəsrlik
ənənələrimizə bağlılığı sayəsində
tam dolğunluğu ilə canlandırmağa müvəffəq
olub. Bu əsərlər böyük bədii-estetik təsir
qüvvəsinə malik olub, vətənə məhəbbət
duyğusu təlqin edir və gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyəsində əhəmiyyətli rol
oynayır.
Altay Hacıyev yalnız kitab qrafikası ilə kifayətlənməyib,
rəngkarlıq sahəsində də
fırçasını sınaqdan çıxarıb. Rəngkarlıq
əsərlərinin ana xəttini isə şanlı
keçmişimiz, tarixi şəxsiyyətlərimiz və zəngin
mənəviyyat xəzinəmizin tərənnümü təşkil
edib. "Xalqımızın ulduzları" silsiləsindən
olan "Tomris", "Məhsəti Gəncəvi",
"Sara Xatun", "Xurşudbanu Natəvan", "Tuti
Bikə", "Aşıq Pəri", "Ağa Bəyim
Ağa" və b. əsərləri diqqətəlayiq sənət
nümunələridir.
Rəssamın əsərləri Azərbaycan Milli
İncəsənət Muzeyində, Azərbaycan Dövlət
Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və
nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.
Rəssamın bir neçə fərdi sərgisi
açılıb. Onun 1987-ci ildə qrafika əsərlərinin,
1991-ci ildə "Natəvan-Şuşa", 2001-ci ildə isə
"Xalqımızın ulduzları" adlı tematik, eləcə
də 2006-cı ildə 75 illik yubiley sərgiləri təşkil
edilib.
Altay Hacıyevin yaradıcılığı yüksək
qiymətləndirilib. O, 1982-ci ildə Əməkdar rəssam,
2002-ci ildə Xalq rəssamı fəxri adlarına layiq
görülüb. 1995-ci ildə "Humay" mükafatı
ilə təltif olunub.
Görkəmli rəssam 2019-cu ildə vəfat edib.
Xalq Cəbhəsi .- 2025. -3 aprel(№12).- S.16.