Tamaşaçı məhəbbəti
Bir vaxtlar aktyorları
ölkə miqyasında bədii filmlər, teletamaşalar məşhurlaşdırırdısa,
indi bunu geniş tamaşaçı kütləsinin xüsusi
maraqla izlədiyi seriallar əvəz edib. Bu gün sizə
müxtəlif seriallardan tanıdığınız, teatr və
kino aktrisası, xalq artisti Pərvanə Qurbanova haqqında
söhbət açmaq istəyirəm. Pərvanə xanım
2 aprel 1965-ci ildə dünyaya gəlib. Orta təhsilini
başa vurduqdan sonra, 1981-ci ildə Gəncə Dövlət
Dram teatrında fəaliyyətə başlayıb. Burada o,
böyük sənətkarlardan- Ələddin Abbasov, Rəmziyyə
Veysəlova, Sədayə Mustafayeva, Məmməd Bürcəliyev,
Zülfüqar Baratzadə kimi görkəmli sənətkarların
əhatəsində olub, onlardan dərs alıb, teatrın
sirrlərini öyrənib. İndiyədək bu teatrın səhnəsində
yüzdən çox əsərdə rol oynayıb...
Deyir ki:- “15 yaşımdan, düz 45 ildir ki, Gəncə
teatrında işləyirəm. Gözümü açandan təsadüfən
sənətin içinə düşmüşəm.
İnşaatçılar sarayına fortepiano kursuna gedirdim.
Böyük rejissorumuz rəhmətlik Hilal Həsənovun orda
dram dərnəyi vardı. Yeni il şənliyi
keçirilirdi, orda sülh göyərçinini oynamaq
üçün qız axtarırdılar. Hilal müəllim
dedi ki, evdən icazə al, gəl. İstəmirdim, direktorumuz
deyəndə ki, kim səhnəyə çıxıb oynasa,
onu bir il müddətinə imtahanlardan azad edəcəm,
çox sevindim. Onda anam artıq yox idi, atama dedim, icazə
verdi. Nə isə, səhnəyə çıxıb
şeirimi dedim və hamı məni qucaqlayıb
öpürdü, alqışlar susmurdu. Məni
maraqlandıran bir o idi ki, imtahanlardan azad olacam. Sonra o dərnəkdən
uzaqlaşa bilmədim. Səməd Vurğunun “Komsomol
poeması”nı hazırlayırdılar, mənə Humay
rolunu verdilər. Gəncə teatrından sənətkarlar gəlmişdilər
tamaşamıza. Teatrın baş rejissoru Yusif Bağırov,
Məmməd Bürcəliyev, Bakıdan da teatr aktyorları gəlmişdilər.
Ən yaxşı qız ifaçı kimi mənə
mükafat verdilər. Yusif Bağırov məndən
soruşdu ki, qızım, teatra gəlmək istəyərsən?
Dedim, yox. Dedi, maaş alacaqsan, səhnədə böyük sənətkarlarla
oynayacaqsan. Razılaşmadım. Atamı da itirəndən
sonra, çox çətin oldu. Evdə iki qardaşım və
mən qalmışdıq, yaşamalı idik axı.
Qardaşım da əsgərlikdə idi. Axırda getdim,
özüm xahiş etdim ki, məni işə
götürün. Götürdülər, belə
başladı peşəkar səhnədə yolum. İnsanlar
var, öz həyat yollarında oldu-olmadı əzabkeşliklərini,
əziyyətlə həyat yaşadıqlarını sərgiləyib,
ondan istifadə edirlər. Mən məktəbdə oxuyurdum,
atamın vəfat etdiyini heç kimə demədim ki, bilməsinlər,
kiminsə mənə yazığı gəlməsin...”
Teatr Xadimləri İttifaqının üzvü,
“Qızıl Dərviş” mükafatı laureatıdır. On
iki il ard-arda Prezident Mükafatına layiq görülüb...
“Ölkəmizdə ilk çəkilən seriallarda mən
də rol almışam. Buna görə rejissor Rövşən
İsaxa təşəkkür edirəm. Uzun illərdir ki, Gəncə
Dövlət Dram Teatrında işləyirəm. Gəncədə
tanınmağıma baxmayaraq, seriallardan sonra daha da məşhurlaşdım.
Amma ilk çəkildiyim film 1992-ci ildə "Xocalı
harayı" filmi olub.”- söyləyir.
Bəli, Pərvanə Qurbanovanın milli kino sahəsində
xidmətləri az olmayıb. Onun çəkildiyi filimlərdən
"Sarı gəlin", “Acılar bitməz”, “Cavad xan” filmlərini,
o cümlədən “Pərvanələrin rəqsi”, “Döngələr”,
“Toy gecəsi”, “Yuxu kimi” və “Köhnə çamadanlar”
adlı teleserialları nümunə göstərmək olar...
Deyir ki:- “Ata-anasız qaldığıma görə
ali təhsil ala bilmədim. Ancaq bu gün özünü bilməyən,
ümumiyyətlə sənətdən xəbəri olmayan,
ali təhsil alıb təsadüfən teatra düşən
istedadsız insanları görəndə təsəlli
tapıram. Əlbəttə, ali təhsilim olsaydı daha
yaxşı olardı. Amma nə etmək olar, qismət
deyilmiş...”
Gəncəni çox sevir. Bakıya köçməyə
dəfələrlə imkanı yaransa da Gəncəni tərk
etməyib. Gəncədən ayrı qala bilmədiyini,
söyləyir. Elə bilir ki, Gəncədən uzaq
düşsə, kökü susuz qalan ağac kimi tez quruyar...
“Övlad kimi də yarım qalmışdım,
qadın kimi də. 15 yaşından üzərinə valideyn
yükünü götürüb çəkən
qızcığaz nə zaman rahat nəfəs ala bildi ki...
İndi də balamıza “burda belə etmə, belə məsləhətdir”-
deyirik. Mənə bunları deyənim olmadı, özüm
yıxılıb, özüm durdum həyatda. Heç əlimdən
tutanım, “qorxma, qalx” deyənim də yox idi. Aktrisa
olmağın da çətinliyi üstəlik.
Üst-başımın köhnəliyini də üzümə
vuranlar olurdu aktrisa həmkarlarımdan. “Belə gözəl-göyçək
qız nimdaş palto içində” deyən aktrisaya
dönüb “təzə gödəkçəniz sizə
çox yaraşır, mübarəkdir” demişəm.
İndi bu yaşımda bəlkə onu bacarmaram. Çox
şükür hər günə...”- söyləyir.
Bəli, həyat çox qəribədir. Kimisinə cənnət
səfasını yaşadır, kimisinə də cəhənnəm
əzabı çəkdirir. Amma nə yaxşı ki, yaman
günün ömrü az olur. Bəlkə də, məhz bu
qeyrətinə, qatlaşdığı çətinliklərə
görə, Allah Pərvanə xanımı
mükafatlandırıb, onu sənətin zirvəsinə
qaldırıb, tamaşaçı məhəbbəti
qazandırıb…
Aprelin 2-si xalq artisti Pərvanə Qurbanovanın
yubileyidir. Onu bu münasibətlə təbrik edir, möhkəm
can sağlığı, yeni-yeni uğurlar arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025. -3 aprel(¹12).- S.15.