Almaniya-Azərbaycan
münasibətlərinin böyük perspektivləri var
Dünən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Almaniya Federativ Respublikasının
Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla
çıxış edib, jurnalistlərin suallarını
cavablandırıblar.
Yerli politoloqlar bu səfərin hər iki ölkə
üçün böyük əhəmiyyət kəsb
etdiyini söyləyiblər.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib
ki, Almaniya-Azərbaycan münasibətlərinin böyük
perspektivləri var və bu perspektivlər tarixə söykənir:
"Lakin təəssüf ki, son dövrlərdə
bu münasibətlərdə müəyyən bir soyuqluq
yaranmışdı. Bu, Almaniyanın xarici siyasətdə
Fransanın mövqeyindən çıxış etməsi ilə
əlaqədar idi. Ancaq Almaniya Prezidenti Frank-Valter
Ştaynmayerin Azərbaycana səfəri, yeni bir səhifənin
açılmasına və Almaniyanın Azərbaycan
münasibətlərini obyektiv şəkildə qiymətləndirməsinə
imkan verə bilər. Bu da öz növbəsində, əlaqələrin
daha da inkişafına yol açar".
Onun sözlərinə görə, əgər tarixə
nəzər salsaq, görərik ki, ATƏT-in Minsk Qrupunun
yaradılmasında, Türkiyənin Azərbaycan tərəfindən
həmsədr təyin edilməsi təklifi qəbul edilmədikdə,
ulu öndər Heydər Əliyev Almaniyanın həmsədr
olmasını təklif etmişdi. Lakin buna da razılıq
verilməmişdi. Buna baxmayaraq, tarixən Almaniya ilə Azərbaycan
arasında müəyyən bir etimad mühiti mövcud olub.
Bu səbəbdən, indiki mərhələdə, Almaniya-Azərbaycan
münasibətlərini yeni bir səhifədən başlatmaq
üçün yaxşı perspektivlər mövcuddur. Bu, həm
iqtisadi, həm siyasi, həm də mədəni və humanitar
sahələrdə geniş imkanlar yaradır.
O, qeyd edib ki, Azərbaycanın qərb bölgəsində
almanların uzun müddət məskunlaşması və bu
günə qədər bəzi ərazilərdə alman izlərinin
qalması, iki ölkə arasında yeni bir münasibət
qurmaq üçün yaxşı zəmin yaradır:
"Almaniya bu istiqamətdə addımlar atmağa qərar
verib, Azərbaycan isə hər zaman bu münasibətlərin
inkişafında maraqlı olub. Son dövrlərdə ticarət
mübadiləsinin artması, enerji
daşıyıcıları ilə bağlı
qarşılıqlı əlaqələrin dərinləşməsi,
Almaniyanın Avropanın ən böyük iqtisadiyyatı
olması və müasir texnologiyalarla zəngin
iqtisadiyyatı, eləcə də maşınqayırma sənayesindəki
potensial, Almaniya-Azərbaycan münasibətləri
üçün əlverişli perspektivlər təqdim
edir".
Deputat qeyd edib ki, bu səfərdən sonra Almaniya-Azərbaycan
münasibətlərində yeni bir başlanğıc
yaranacaq və iki ölkə arasında əməkdaşlıq
daha da dərinləşəcək.
İqtisadçı Eldəniz Əmirovun fikrincə,
son illərdə Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələr
əhəmiyyətli dərəcədə inkişaf edib. Bu əlaqələr
həm ticarət, həm də investisiya sahəsində
müsbət tendensiyalar göstərir. Bir milyardın
altında oaln ticarət dövriyyəsi 2013-cü ildə 2,1
milyard dollar, 2014-cü ildə isə özünün tarixi
rekordunu yeniləyərək 2,6 milyard dollara çatdı.
Lakin, 2017-ci il, pandemiya ilini istisna etmək şərti ilə,
bu əlaqələrin ən aşağı səviyyəyə
düşdüyü dövr oldu; həmin il ticarət
dövriyyəsi yalnız 867 milyon dollar olub: “Son zamanlarda isə
göstəricilər müsbət inkişaf etməyə
başladı. 2025-cü ilin yanvar-fevral aylarında Azərbaycan
ilə Almaniya arasında ticarət əməliyyatlarının
həcmi 485 milyon dolları keçdi. Bu isə 180 faiz, yəni
əvvəlki ilin eyni dövrü ilə müqayisədə
2,8 dəfə artım deməkdir. Əsasən Azərbaycan,
Almaniyaya 284,9 milyon dollar dəyərində məhsul ixrac edib.
Bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə
5 dəfə çoxdur. Almaniya, Azərbaycanın ümumi
ixracının 5,98%-ni təşkil edərək 5-ci ən
böyük ticarət tərəfdaşı olub”.
O, qeyd edib ki, hesabat dövründə Almaniyadan Azərbaycana
olan idxal 200,4 milyon dollar olub ki, bu da illik müqayisədə
76,3% artım deməkdir. Bu statistika ölkələr
arasında iqtisadi əlaqələrin güclənməsinin
göstəricisidir.
İnvestisiya sahəsində də nəzərəçarpan
irəliləyişlər müşahidə olunub.
Almaniyanın Azərbaycana qoyduğu birbaşa xarici
investisiyalar 2024-cü ildə 75,3 milyon dollar olub və bu, əvvəlki
illə müqayisədə 2,83 dəfə artıb.
2024-cü ildə Azərbaycanın ümumi xarici sərmayələri
isə 7,05 milyard dollar təşkil edib, bu da 5,83% artım deməkdir:
“Almaniya prezidenti Frank-Valter Steynmaterin Azərbaycana səfəri
hər iki ölkəni iqtisadiyyatına, xüsusilə də
ticarət və investisiya sahəsinə, eləcə bu əlaqələrin
gələcək inkişafına təsir göstərə
bilər. Çünki, bu cür səfərlər ölkələr
arasında ticarət mübadiləsinin artmasına, yeni
investisiya layihələrinin həyata keçirilməsinə
və biznes mühitinin daha da
yaxşılaşdırılmasına təkan verir”.
Politoloq Elşən Manafovun fikrincə, Almaniya Avropada
Azərbaycanın ən vacib siyasi və iqtisadi tərəfdaşlarından
biridir. Hazırda Almaniya Azərbaycanın xarici ticarət tərəfdaşları
arasında 8-ci yerdə qərar tutub. Dövlətlər
arasında ümumi ticarət dövriyyəsinin həcmi
keçən il 1 milyard 249 milyon dollardan yuxarı olmuşdur.
Almaniyanın Azərbaycanda qeydiyyatdan keçmiş 249
şirkəti var ki, onlardan 166-sı hazırda aktiv fəaliyyət
göstərir. Bunların arasında “Siemens”, “Mercedes-Benz” kimi
məşhur şirkətlər də mövcuddur.
“Almaniya ilə ticari-iqtisadi sahədə münasibətlərimiz
xüsusilə enerji təhlükəsizliyi sahəsində
daha önəmlidir. Cənubi Qafqaz dövlətləri
sırasında ticari dövriyyənin həcminə görə
Almaniya ilə münasibətlərdə Azərbaycan ilk yerdədir.
Almaniya ilə diplomatik münasibətlərimiz 1992-ci
ildə qurulsa da, münasibətlərdə mahiyyət
etibarı ilə yeni mərhələnin əsası
ümummilli lider H.Əliyevin 1996-cı ildə Almaniyaya rəsmi
səfəri zamanı qoyulmuşdur. Prezident İ.Əliyevin
2004–2023-cü illər arasında bu ölkəyə etdiyi iki
rəsmi və on bir işgüzar səfər münasibətləri
yüksək səviyyəyə çatdırmış,
qarşılıqlı faydalı əməkdaşlıq
xarakteri kəsb edib.
Almaniya Avropa Birliyinin iqtisadi baxımdan iki ən
güclü dövlətindən biridir və Avropa ölkələri
ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi
üçün Azərbaycana böyük imkanlar vəd edir”.
Xalq Cəbhəsi .- 2025. -3 aprel(¹12).- S.5.