Qüdrət Həsənquliyev:
"İranın bombalanması böyük faciəyə yol
aça bilər"
Ədalət, Hüquq, Demokratiya (ƏHD)
Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev
partiyanın mətbuat xidmətinin suallarını
cavablandırıb.
Teleqraf müsahibəni təqdim edir:
- Qüdrət bəy, hazırda
insanlarımızı ən çox düşündürən
məsələlərdən biri ABŞ-nin İranı
bombalamaqla hədələməsi və buna
hazırlaşmasıdır. Bunun başvermə ehtimalı nə
qədərdir?
- Trampa İsrail dövlətinin və diasporunun
güclü təsiri var. Həm İsrail, həm də
ABŞ İran rəsmilərinin açıqlamalarına
istinad edərək İranın nüvə dövlətinə
çevrilməsini İsrailin mövcudluğuna ciddi təhlükə
hesab edirlər. Ona görə də bunun
qarşısının alınması üçün
ABŞ İranla ikitərəfli danışıqlar tələb
edir. İran isə çoxtərəfli danışıqlara
hazır olduğunu bildirsə də, ikitərfli
danışıqlara razılaşmır. Tramp beynəlxalq
birlik tərəfindən ABŞ-nin Ukraynada görsənən
gücsüzlüyünü, səbəbindən
asılı olmayaraq, ört-basdır etmək
üçün İranı bombalaya bilər. İnanıram
ki, bunun qarşısını almaq üçün Azərbaycan
və Türkiyə, İranın bizə münasibətindən
asılı olmayaraq, nələrsə etməyə
çalışır.
Dünən Azərbaycan Respublikası Prezidentinin
İran prezidenti ilə telefon danışığı oldu.
İranın bombalanması böyük maddi və insani təlafata,
proqnozlaşdırılması çətin olan faciəvi
hadisələrə yol aça bilər. Ona görə vətəndaşlarımızın
soydaşlarımızın da yaşadığı qonşu
ölkədə baş verənlərə görə narahat
olması başadüşüləndir. İranın dini lideri
müdriklik nümayiş etdirib Prezident Pezeşkianı
müdafiə etməli, ABŞ ilə ikitərəfli
danışıqlardan çəkinməməli, müharibədən
yayınmalıdır. İran özünü haqlı
sayırsa, danışıqların hansı formatda
keçirilməsinin əhəmiyyəti yoxdur,
danışıqlar beynəlxalq birlik üçün
açıq həyata keçirilməlidir ki, ABŞ xalqı
da kimin haqlı olduğunu görsün. ABŞ 1994-cü ildə
Ukraynanın nüvə silahından imtinası
qarşılığında onun təhlükəsizliyinə
dair çoxtərəfli Budapeşt memorandumunu
imzalamışdı, daha doğrusu Ukraynanı buna məcbur
etmişdi. Nə oldu? Öhdəliyini yerinə yetirməyəcəksə,
sazişin neçə tərəfli olmasının heç
bir dəyəri yoxdur. İndiki halda isə nəticəsi bəlli
olan döyüşə girmək qəhrəmanlıq
sayılmaz.
- İranın bombalanması bu ölkədə rejim dəyişikliyinə
yol aça bilərmi?
- ƏHD Partiyası həmişə qanla rejim dəyişikliyinin
əleyhinə olub. SSRİ-nin dağılmasından sonra Azərbaycan
da daxil olmaqla Şərqi Avropada, ərəb dövlətlərində
baş verənlər göstərdi ki, qanlı və ya rəngli
inqilablar yolu ilə baş verən rejim dəyişikliyi
xalqların ümidlərini bir qayda olaraq nəinki
doğrultmur, hətta böyük xəyal
qırıqlığına uğradır, xalqın
özünə inamını sarsıdır. Cəmiyyətin
inkişafı, təkamül yolu demoktratik seçkilərə
və bu yolla rejim dəyişikliyinə gətirib
çıxarmalıdır. ABŞ İraqı,
Əfqanıstanı işğal edib trilyonlarla dollar vəsait
xərcləsə də, on illər ərzində həmin
ölkələrdə demokratik, hüquqi dövlət qura
bilmədi. ABŞ İranda hakimiyyəti dəyişib ərəb
ölkələrindəki kimi özünə yaxın bir
rejim yaratmağı düşünə bilər. Proseslərin
necə inkişaf edəcəyini indidən söyləmək
çətindir. Ümid edək, Allaha dua edək ki, İran
dövləti daxili və xarici siyasətində dəyişikliklərə
və beləliklə də orda yaşayan xalqların
inkişafına və rifahına yol açacaq ciddi islahatlara
getsin, müharibədən və inqilablardan yayınmaq
mümkün olsun.
Xalq Cəbhəsi .- 2025. -3 aprel(№12).- S.3.